Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-334/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08.08.1988-ci ildə Qubadlı rayonu, Xudular kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Xudular kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 1 saylı Peşə Liseyinin inzibati binasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 14.02.2022-ci il tarixdə təxminən saat 21:45 radələrində Təqsirləndirilən şəxs ilə keçmiş arvadı Zərərçəkmiş şəxs arasında yaşadığı ünvanda şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu əl və təpiklə keçmiş arvadı Zərərçəkmiş şəxs bel nahiyyənin dərialtı hematoması, boyun nahiyyəsinin qançırları xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Aybəniz ilə 2011-ci ildə rəsmi ailə həyatı qurmuş, lakin 2021-ci ilin noyabr ayında onunla rəsmi qaydada boşanmışdır. Birgə nigahlarından 2012-ci ildə Orxan Məhərrəmli, 2013-cü ildə Leyla Məhərrəmli dünyaya gəlmişdir. Lakin Aybənizlə evli olduqları dövrlərdə aralarında münaqişələr yaranmışdır. Sonradan isə Aybəniz ondan rəsmi qaydada boşanmaq üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Aybənizə 150 manat alimet borcu ödəyir. 14.02.2022-ci il tarixdə yaşadığı ünvanda olan zaman Aybəniz ilə aralarında alimentə görə münaqişə yaranmışdır. Həmin vaxt Aybəniz anası Leylanı təhqir edərək onun üzərinə tərəf getməyə başlamış, o da Aybənizin bu hərəkətlərindən əsəbləşmiş əli ilə onun boğazından tutaraq itələmiş, həmin vaxt Aybəniz qapının kənarına dəymişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyməyinə səbəb onun münaqişə vaxtı anasinı təhqir etməsi, onun üzərinə getməsi olmuşdur. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı ünvanda döymüşdür. Zərərçəkmiş şəxs döyən zaman orada anası Şahid olmuş, Zərərçəkmiş şəxs boğaz nahiyəsindən əli ilə vurub itələyən zaman sonuncu qapıya dəymiş və xəsarət almışdır. Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə olmaqla davam etmiş, hadisə vaxtı səs-küy yaranmamış, ətrada hər hansı digər şəxslər olmamış, həmçinin münaqişəyə kənar şəxslər müdaxilə etməmişlər. Hadisə vaxtı Aybənizin boğazindan əli ilə vuraraq itələmiş, həmin vaxt Aybənizin bel nahiyyəsi qapıya dəymişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır, onunla 2011-ci ildə rəsmi ailə həyatı qurmuş, lakin 2021-ci ilin noyabr ayında onunla rəsmi qaydada boşanmışdır. Birgə nigahlarından 2012-ci ildə Orxan Məhərrəmli və 2013-cü ildə Leyla Məhərrəmli dünyaya gəlmişdir. Zaur birgə yaşadıqları dövrdə tez-tez münaqişələr yaratdığından ondan boşanmışdır. Zaur aliment ödəyir. 14.02.2022-ci il tarixdə təxminən saat 21:45 radələrində yaşadığı ünvanda olan zaman Zaur anası Şahid ilə birlikdə onlara gəlmişdir. Zaur anası Leyla ilə onlara gəldikdən sonra onunla məhkəmə icraçısına şikayət etdiyinə görə münaqişə yaratmış, ondan barışıq etməyi tələb etmişdir. Lakin onların bu istəyinə qarşı çixdığından həmin vaxt Zaur onun boğazından tutub sıxmış, daha sonra onu yerə yıxaraq təpik ilə bel nahiyəsinə vuraraq onu döymüşdür. Həmin vaxt Zaurun anası Leyla onları aralamışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyməsinə səbəb aliment borcunu ödəmədiyinə görə onun barəsində məhkəmə icraçısına şikayət etməyi olmuşdur. Təqsirləndirilən şəxs onu yaşadığı ünvanda döymüş, onu döyən zaman evdə Zaurun anası Leyla və azyaşlı övladları olmuşdur. Təqsirləndirilən şəxs onun boğaz və belinin sağ tərəf nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsla aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə zamanı səs-küy yaranmamış, ətrafdan hər hansı şəxslər gəlməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona vurulmuş maddi zərəri tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildidərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli, 223 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Bel nahiyyəsinin dərialtı hematoması, boyun nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla şəxsin özünün göstərdiyi 14.02.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını və souncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 535 saylı, 16.02.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Qubadov rayon İHB-nın Qubadlı şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 17.02.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.03.2022-ci il tarixli (iş № 1(060)-334/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-334/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-334/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver