Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-337/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Xüsusi ittihamçı X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə hazırlıq iclasının 1(060)-337/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması hissəsi məhkəmənin icraatına qəbul edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkəməyə verilmiş, xüsusi ittiham qaydasında şikayətin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması hissəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X9 ilə 2019-cu il tarixdə sosial şəbəkə vasitəsilə tanış olmuşlar. Ailə qurmaq niyyəti ilə görüşmüşlər. Aralarında münasibət yaxşı olduğundan ümumi Şəfayə Şıxəliyevaya və onun qardaşı X10 13200 manat pul vermişdir. Lakin sonradan pulu qaytarmaqdan imtina etmişlər. Dəfələrlə pulunu geri tələb etsə də, pulunu qaytarmaqdan imtina etmişdir, onun və onun azyaşlı qızının ünvanına şərəf və ləyaqəti alçaldan nalayiq söyüşlər istifadə etmiş, ölüm ilə hədələmişdir. Belə ki, 08 fevral 2022-ci il tarixdə X6 ona məxsus +994 50-991-98-98 mobil telefon nömrəsindən Vatsap mesajlarında onun qızına qarşı qəbuledilməz, şərəfini alçaldan mesajlar yazmışdır. 13 fevral 2022-ci il tarixdə Pirşağı-Kürdəxanı yolunun kənarında yerləşən icarəyə götürdüyü şirniyyat sexinin yanında Şəfayə Şıxəliyevanı, Rasim adlı şəxsi (həyat yoldaşı) əvvəl tanımadığı 4 qadın ilə piyada keçəndə o, onlara yaxınlaşıb bildirmişdir ki, anası xəstədir və onun pulunu hissə-hissə də olsa qaytarmağını xahiş etmişdir. Bundan sonra Şəfayə Şıxəliyeva yolun kənarında marşrut dayanacağında duran şəxslərin yanında və yolun kənarında duran “Kamaz” sürücülərinin yanlarında ucadan hamının eşidə biləcəyi tərzdə nalayiq ifadələri publik şəkildə işlədərək onu təhqir edərək şərəfini və ləyaqətini alçaltmışdır. Daha sonra onun üstünə cummuş, onu üz nahiyyəsindən vurmuş, üzünu-gözünü cırmaqlamışdır. Sonra onu dolamaq niyyəti ilə 14 fevral 2022-ci il tarixdə Şəfayə Şıxəliyeva “Kamış” adlı şəxslə danışıqlarını Vatsap mesajlarını skrin edərək ona göndərmişdir. Həmin o mesajlardan görünür ki, “nə söyüşlər söymüşəm, sillə vurdum ona.” Doğrudan da onu 13 fevral 2022-ci il tarixdə tanımadığı kütlə içində təhqir etmiş, həmçinin bu məlumatları paylaşaraq nalayiq ifadələr işlədərək internet informasiya ehtiyatında onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Onda məcbur qalıb pul tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə iddia ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək 12000 manat pul və 100 manat dövlət rüsumu cavabdeh X2 tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda da o, qanunsuz əməllərini davam etdirir, məhkəmənin qətnaməsini icra etmir. Vatsap mesajlarındadn da göründüyü kimi Şəfayə Şıxəliyeva publik şəkildə yüksək səslə kütləvi çıxışında onun və anasının ünvanına nalayiq söyüşlər söymüş, şərəf və ləyaqətini alçaltmışdır. Xüsusi ittihamçı X8 məhkəmə araşdırması zamanı şikayətdə göstərdiklərini təsdiq etdi və bildirdi ki, X9 onun və anasının ünvanına nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini təhqir etmişdir. O Şəfayə ilə sosial şəbəkədə ailə qurmaq məqsədi ilə tanış olmuş, ona 13200 manat pul vermişdir, hələ də həmin pul ona qaytarılmamışdır. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi də qəbul olunmuşdur. X9 onun və ailəsinin şəfər və ləyatəqini alçaltmışdır. X9 onunla yazışmalarında bu hərəkətlərə yol vermiş, həmin yazışmaları ikisindən başqa heç kim oxumamışdır. O digər bir xanımla olan yazışmasını da ona skrin edib atmışdır. Həmin yazışmada da onu söydüyünü təsdiq etmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 bildirdi ki, göstərilən ifadələri həqiqətən işlətmişdir. Ancaq həmin ifadələri işlədərkən həmin zaman orada heç kim olmamışdır. Onunla sosial şəbəkədə ailə qurmaq məqsədilə tanış olmuşdur. Onunla birlikdə Laçın univermağına gedərək uşağa pal-paltar almışlar. Bundan sonrra o Səyyərə bildirmişdir ki, onlarda alınmır. O söyüşləri kütlə olan yerdə yox, tək olarkən onun üzünə söymüşdür. Digər xanımla yazışmanı da başqa şəxslərə yox, yalnız onun özünə göndərmiş, həmin yazışmada təhqir olmamışdır. Artıq başqa şəxslə evlidir, X8 onun bu evliliyini pozmaq istəyir, ərə getdiyindən onunla bağlı şikayətlər edir. Bütün bunları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi X4 göstərdiklərinin nəzərə alınmasını və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 12000 manat pulun və 100 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş votsapp yazışmalarından (tərəflər bu yazışmaların olduğunu qəbul edirlər) görünür ki, tərəflər arasında yazışmalar olmuş, bu yazışmalarda nalayiq ifadələrdən, alçaldıcı sözlərdən istifadə edilmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində şikayət verilmiş şəxs xüsusi ittihamçı X3 əvvəllər sosial şəbəkədə tanış olduğu şəxsdir. X5 Şəfayə sosial şəbəkədə ailə qurmaq adı ilə 2019-cu il tarixdə tanış olmuşlar. İlk əvvəl aralarında münasibətləri yaxşı olduğundan ona 13200 manat pul vermişdir, lakin sonradan onunla arasında münasibətlər pozulmuşdur. Həmin vaxtdan sonra münasibətləri pisləşmiş, aralarında məhkəmə çəkişmələri də olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 12000 manat pulun və 100 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Hadisə də məhz pul mübahisəsi ilə bağlı, pulun qaytarılmaması səbəbindən, ikisinin arasında baş vermişdir. X9 xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələri işlədərkən yanlarında başqa şəxslərin olması, iki və daha çox şəxsin yanında həmin ifadələrin işlədilməsi, X1 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsuüsi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması barədə heç bir sübut yoxdur. İfadələr qarşılıqlı mübahisə zamanı, təklikdə, həmçinin bir-biri ilə yazışmalarda işlədilmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübut olunmur və ona bəraət verilməlidir. Çünki təhqir xarakterli məlumatların ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. X4 xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələri iki və daha çox şəxsin yanında, kütləvi çıxışda, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında işlətməsi təsdiq edilmir. Eyni zamanda, X4 xüsusi ittihamçını söyməsi barədə başqasına verdiyi məlumat da cinayət kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə qeyd etməyi zəruri sayır ki, vətəndaşların şərəfini, şöhrətini və işgüzar nüfuzunu qorumaq hüququ onların konstitusiya hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının (bunan sonra, Konstitusiya) 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri xüsusi ittihamçının təqdim etdiyi sübutlar əsasında qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X4 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetrilmədiyinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-337/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-337/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver