Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-338/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, “xxxx” MMC-də elektrik işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03.04.2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 2-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs başından əl zərbəsi ilə vuraraq, ona “təpə-alın nahiyyəsinin dərialtı hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2007-ci ildə o, Mehbarə ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları vardır. Ailə həyatı qurduqları vaxt Mehbarə ilə münasibətləri normal olmuş, lakin son 4-5 ildir ki, aralarında mübahisələr baş verir. Mehbarə bir qadın kimi evdə nə ona, nə də ki, uşaqlara normal diqqət göstərmir, evdə uşaqların yanında ona hörmətsizlik edərək hər sözə cavab qaytarırdı. 03.04.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində o, yaşadıqları evin mətbəxində oturan zaman Mehbarə özözünə deyinməyə başlamış və ona nalayiq sözlər deyərək dəhlizə çıxmışdır. O, Mehbarənin arxasınca dəhlizə çıxmış və ondan söyməsinin səbəbini soruşduqda, Mehbarə əlindəki fincanda olan şirəni onun üzərinə atmışdır. O, da Mehbarənin çiyinlərindən tutub, onu əli ilə itələyərək yerə yıxmışdır. Həmin vaxt Mehbarənin əlində olan kompot şüşəsi sifətinə dəyərək xəsarət almışdır. Sonra Mehbarə yerdən duraraq getmişdir. O, zərərçəkmiş şəxslə barışmağa cəht etmiş, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışığa cəht etməsini, himayəsində iki azyaşlı uşğının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2007-ci ildə o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları vardır. Ailə həyatı qurandan Vüqar mütəmadi olaraq evdə yersiz münaqişələr yaratmış, lakin o, ailəsinin dağılmaması səbəbindən polisə şikayət etməmişdir. 03.04.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində Vüqar yaşadıqları evin mətbəxində oturaraq yemək yeyən zaman stolun üzərində olan kompot şüşəsindən özünə bir fincan kompot süzmüş və əli sulu olduğu üçün boş kompot şüşəsi əlindən sürüşərək stolun üzərinə bərk düşmüşdür. O, mətbəxdən çıxan zaman dəhlizdə Vüqar arxadan onu paltarından tutaraq özünə tərəf çəkmiş, sonra qarşısına keçərək hər iki çiyinlərindən tutaraq onu silkələyib, nə üçün şüşəni bərk stolun üzərinə atdığını soruşmuşdur. Vüqar onu silkələyən zaman sağ əlində olan fincandakı kompot Vüqarın üzərinə dağılmışdır. Vüqar da onun qəsdən bunu etdiyini fikirləşərək, yumruqla onun sifətindən, başından vuraraq, çənəsinin altını çırmaqlamışdır. Azyaşlı uşaqları Vüqarı arxadan tutmuşlar və Vüqar təpiklə onun qarnından vurmuşdur. O, uşaqları ilə öz otağına keçmiş və Vüqar da sakitləşərək mətbəxə keçmişdir. O, 07.04.2021-ci il tarixdə Vüqarın onu döyməsi ilə bağlı ərizə ilə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışmadığını və sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 07.04.2021-ci il tarixli, 372 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı nahiyyənin qançırı və sıyrığı, boyun nahiyyəsinin sıyrığı, sol kürək və burun nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, müayinədən 3-4 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 03.04.2021-ci il tarixdə əl ilə yetirilən zərbələrin təsiri nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə-sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı nahiyyənin qançırı və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərərvurmaya aiddirlər, boyun nahiyyəsinin sıyrığı, sol kürək və burun nahiyyəsinin qançırı isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin, Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil, həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha çox inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-07.08.2008-ci il təvəllüdlü X1 və 20.02.2013-cü il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.04.2021-ci il tarixli (iş № 1(060)-338/2021) qərarını icra edərək, 27.04.2021-ci il tarixli 415 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), işlə ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qır iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-338/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-338/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver