Məhkəmə qərarları › İş №1(060)-338/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-338/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-338/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd Dərəsi, Bağlar massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 1,514 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 11 noyabr 2021-ci il tarixdə, saat 23:55 radələrində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin qarşısında saxlanılaraq 3-cü Polis Bölməsinin inzibati binasına aparılmış və 3-cü Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi 1,514 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd Dərəsi, Bağlar massivi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır və təxminən 2 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini saxlandığı gündən təxminən bir ay əvvəl tanış olduğu, özünü ona İran vətəndaşı Nadir kimi təqdim edən şəxsdən əldə edərək qəbul etmişdir. O, qəbul etməkdən ötrü narkotik vasitə heroin istədikdə həmin şəxslə razılaşdığı kimi “Whatsapp” platforması vasitəsilə İran vətəndaşına zəng edib narkotik vasitə heroin istəmiş və həmin şəxsin dediyi yerlərə gedərək narkotik vasitəni götürüb qəbul etmişdir. Narkotik vasitənin pulunu da həmin şəxsin göndərdiyi kartlara yükləmiş, sonra həmin kartların fotoşəkilini telefonundan silmişdir. 11 noyabr 2021-ci il tarixdə, saat 23:55 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin qarşısında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımasından şübhələndiklərinə görə həmin şəxslərlə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aparılacağını bildirmişlər. O, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gətirilmişdir. Orada xidməti otaqda onu oraya gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibində saxladığı sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Təhqiqatçı həmin bükümü açıb baxaraq narkotik vasitə heroin olmasını aşkar etmişdir. Cinayət xarakterli digər əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Onunla aparılan sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə heroini bir ay əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşı Nadir onun üçün təxminən 7-10 gün qabaq göndərmiş, onun fokoşəkilini göndərdiyi karta 40 manat pul köçürüb qəbul etməkdən ötrü Bakı şəhəri, Yeni Ramana qəsəbəsində yerləşən “Akasya” restoranından təxminən 30 metr aralıda dərzi dükanının küncündə qoyulduğu yerdən götürmüş və öz istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Polis Bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır. Himayəsində 03 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 11.11.2021-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olundu. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 3-cü PB-nin CA üzrə kiçik inspektorları: polis serjantı Samid Mehdiyevdən, polis serjantı Şahid4 və KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında 11.11.2021ci il tarixdə, saat 23:55-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Aygün” mərasim evinin qarşısında olan zaman onu saxlamışlar, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O da heç bir müqavimət göstərmədən onlarla 3-cü PB-nə gəlmişdir. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təq dim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş ona təqdim olunmuşdur. Baş təhqiqatçı Səbuhi Dadaşov bir daha saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş etmişdir. Bu zaman onlara təxirə salınmaz əməliyyat məlumatı daxil olduğundan xidməti otağı tərk etməli olmuşlar və daha sonra əməliyyat qrupana daxil olmadığı üçün qayıtmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən özü 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni, sol cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan qara rəngli, “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni tutulduğu gündən təxminən 01 ay əvvəl sosial şəbəkədə tanış olduğu Nadir adlı İran İstəndaşının ona göndərmiş olduğu kart hesabına 40 manat köçürdükdən sonra İran vətəndaşının ona əvvəlcədən “Whatsapp” platformasında konum atmaq üsulu ilə bildirdiyi Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən “Akasya” restoranından təxminən 30 metr aralıda olan dərzi dükanın küncünə qoyulduğu yerdən götürdüyünü və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-də dəftərxana müdiri Şahid2 tərəfindən şəxsi axtarış keçirildi və üzərindən 04 ədəd beş qəpik, 02 ədəd on qəpik və 01 ədəd qara rəngli tibbi maska aşkar olunsa da, xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdı. Həmin 01 ədəd şəffaf rəngli sellofan büküm baş təhqiqatçı Səbuhi Dadaşov tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə kiçik inspektorları, polis serjantı Samid Mehdiyev, polis serjantı Rusal İşgəndərov və Sumqayıt ŞPİ-nin 3-cü PB-da dəftərxana müdiri Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 Aytən Faiq qızına əvvəlcə özünü təqdim edir. Sonra baş təhqiqatçı X12 Şahverdiyevaya qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, saxlanmasında və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirir. Həmin vaxt 3-cü PB-nin əməkdaşları özlərini həmin əxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim edilir. Baş təhqiqatçı Səbuhi Dadaşov saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən özü 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni, sol cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan qara rəngli, 'Samsung” markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni tutulduğu gündən təxminən 01 ay əvvəl sosial şəbəkədə tanış olduğu Nadir adlı İran vətəndaşının ona göndərmiş olduğu kart hesabına 40 manat köçürdükdən sonra, tutulduğu gündən təxminən 07-10 gün əvvəl İran vətəndaşının ona əvvəlcədən “Whatsapp” platformasında konum atmaq üsulu ilə bildirdiyi Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən “Akasya” restoranından təxminən 30 metr aralıda olan dərzi dükanının küncünə qoyulduğu yerdən götürdüyünü və öz şəxsi istifadəsi ücün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin dəftərxana müdiri Şahid2 tərəfindən şəxsi axtarış keçirilir və üzərindən 04 ədəd beş qəpik, 02 ədəd on qəpik və 01 ədəd qara rəngli tibbi maska aşkar olunsa da, xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Həmin 01 ədəd şəffaf rəngli sellofan büküm baş tədqiqatçı Səbuhi Dadaşov tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddə elektron tərəzidə çəkilir, maddənin çəkisinin 1,64 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 127 kiylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Məhkəmə-kimyəvi ekspertizasının 12.11.2021-ci il tarixli, 6/5006 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,514 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,514 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,464 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05.02.2022-ci il tarixli, 543 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,464 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə tutulmuş, 13.11.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşaq vardır: 20.02.2013-cü təvəllüdlü Şahverdiyev Qəhrəman oğlu, 19.01.2015-ci il təvəllüdlü X2 və X3. İş materiallarında olan 3 saylı MKS tərəfindən verilən 18.02.2022-ci il tarixli, 99 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, səmimi etirafını, əməlindən peşman olmasını və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarətinə altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 11.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 (dörd) gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt Şəhər Probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 1,464 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarətinə altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi, Bağlar massivi ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,464 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar