Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-339/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 , təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı var, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdə saat 07:44 radələrində etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Azərbaycan prospektində “Cəfər Cabbarlı” adına mədəniyyət evinin qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və sonuncunun “Başın küt travması. Sağ alın-təpə-ənsə sümüyünün kəllə əsnasına keçən sınığı. Baş-beyinə qansızma. Üz-sklet sümüklərinin çoxqəlpəli sınığı, sağ baldırın aşağı 1/3-nin açıq sınığı. Sağ qaş nahiyyəsinin, sağ ənsə nahiyyəsinin yaraları. Hər iki gözətrafının qançırı, alının sol hissəsinin, alının sağ hissəsinin, sağ almacıq nahiyyəsinin sıyrıqları” kimi dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri alması nəticəsində “Başın küt travması nəticəsində baş beyinə qansızma” xəsarətlərindən hadisə yerində ölməsi ilə bağlı, eləcə də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq hadisədən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs yardım göstərməməklə və onu avtomobillə vurduğu barədə müvafiq orqanlara xəbər verməməklə yol-nəqliyyat hadisəsi yerindən yayınmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. O, 20.01.2021-ci il tarixdə saat təxminən 07:44 radələrində idarə etdiyi “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman “Cəfər Cabbarlı” kulubunun qarşısına çatanda yolun mərkəzində aşağıya əyilmiş vəziyyətdə piyada olduğunu görüb həmin piyadanı vurmamaq üçün sükanı sola “Cəfər Cabbarlı” kulubu istiqamətinə döndərib yolun əks tərəfinin kənarında saxlamış və avtomobildən yerə düşmüşdür. O, həmin vaxt dostu Cavidə səsli mesaj göndərib həmin yerə çağıran zaman Azərbaycan prospekti ilə üzü Bakı küçəsi istiqamətində yüksək sürətlə hərəkət edən qara rəngli “Toyota Camry” markalı avtomobilə bənzətdiyi avtomobil yolun mərkəzində uzanmış vəziyyətdə olan həmin piyadanın üzərindən keçərək saxlamadan “Əşya Bazarı” istiqamətinə hərəkətinə davam etmişdir. Həmin avtomobil yüksək sürətlə hərəkət etdiyindən o, avtomobilin dövlət qeydiyyat nişanını görməmiş, həmin vaxt orada olan tanımadığı şəxsə avtomobilin nömrəsinə bax deyə söyləmiş, lakin həmin şəxs avtomobilin nömrəsini görmədiyini bildirmişdir. Sonra həmin şəxs ona vurulan piyadanı avtomobilinə mindirməyini söyləmiş, lakin həmin piyada qanın içində olduğundan ona piyadanı xəstəxanaya aparmağın heç bir mənası olmadığını bilirmişdir. Həmin şəxs “103” xidmətinə zəng etdiyini söyləmiş və ona da zəng vurmağını təklif etmiş, lakin, həmin şəxs “103” ə zəng etdiyi üçün o, təkrar zəng vurmağa lüzum bilməmişdir. Bundan sonra həmin yerdən polis avtomobili keçdiyini görüb həmin avtomobili saxlatdırmış və həmin polis avtomobili yolu bağlamış, bir qədər sonra isə X15 avtomobili hadisə yerinə yaxınlaşmış, lakin həmin vaxt artıq piyada vəfat etmişdir. O, orada olan polis əməkdaşlarına yaxınlaşaraq qara rəngli “Toyota Camry” markalı avtomobilə bənzətdiyi avtomaşının həmin piyadanı vuraraq qaçdığını söyləmişdir. Həmçinin, hadisə 20.01.2021-ci il tarixdə saat 07:44 radələrində Azərbaycan prospektində “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısında baş vermiş, həmin vaxt avtomobilində tək olmuş, hadisə baş verən zaman orada yolun kənarında bir nəfər oğlan dayanmış, sonra isə iki nəfər qadının “Məclis evi” tərəfdən olan ağaclıqdan çıxaraq yolu piyada keçməsini görmüş, həmin vaxt yol boş olduğu üçün o, idarə etdiyi avtomobillə yolun mərkəzi ilə hərəkət etmiş, telefonla dostu Cavidə və anasına səsli mesaj göndərib yola baxan zaman təxminən həmin piyadaya 2-3 metr məsafə qalmış onu üzü “Mərasim evi” istiqamətində aşağıya əyilmiş vəziyyətdə görüb hadisənin qarşısını almaq üçün dərhal sükanı sola doğru döndərib əks yolun kənarında avtomobili saxlayıb aşağı düşmüş və dərhal dostu Cavidə səsli mesaj göndərib həmin yerə çağıran zaman qara rəngli “Toyota Camry” markalı avtomobilə oxşatdığı avtomobil həmin piyadanın üzərindən keçmiş, o idarə etdiyi avtomobil ilə həmin piyadanı vurmamış, avtomobili saxlayıb yerə düşən zaman həmin piyadanı yerə uzanmış vəziyyətdə görmüş, həmin piyada onun avtomobilinin ona toxunması səbəbindən ölməmiş, belə ki, ifadəsində qeyd etdiyi qara rəngli “Toyota Camry” markalı avtomobilə oxşatdığı sonradan isə “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bildiyi avtomobil onun üzərindən keçdiyi üçün ölmüş, çünki həmin avtomobil keçdikdən sonra həmin piyadanın başından qan axmağa başlamış, həmin vaxt o avtomobildən düşərək qorxduğu üçün tez dostu Cavidə səsli mesaj göndərib köməyə çağırmış, onun idarə etdiyi avtomobilində köhnədən yaranmış qabaq buferində kiçik çatlar, alın şüşəsində çat, arxa sol buferində sürtülmüş izlər olmuş, o, həmin piyadanın üzərindən qara rəngli avtomobilin keçməsini dəqiq görmüş və həmin vaxt piyadanın üzərindən keçən zaman möhkəm səs gəlmiş, hadisədən sonra o, həmin piyadaya yaxınlaşmamış, eləcə də onun əşyalarına özü və ətrafda olan şəxslər toxunmamış, onun yanında ağ rəngli sellofan torbası olmuş, hadisə olan anda o, dostu Cavidə səsli mesaj yazaraq “Cəfər Cabbarlı” kulubunun yanında avtomobil piyadanı vurduğunu bildirmiş, başqa heç kimə məlumat verməmiş, o, avtomobili təxminən həmin piyadanın olduğu yerdən H.Əliyev prospekti istiqamətində 1-2 metr qarşıda yolun əks tərəfinin kənarında saxlamış, hadisə baş verdikdən təxminən 2-3 dəqiqə sonra hərəkətə maneçilk törətməmək üçün avtomobilini həmin yerdən götürərək yolun kənarında yerləşən “C.Cabbarlı klubu”nun yan tərəfində saxlamış, hadisədən əvvəl spirtli içi və ya narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı heç bir təqsirinin olmadığını, buna baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şiakayət və tələbinin olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını, əks halda isə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır, anası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsində xadiməçi işləmiş və hər səhər həmin YDM-nə işə getmişdir. 20.01.2021-ci il tarixdə səhər saat 09 radələrində o, yaşadığı evdə olan zaman mobil nömrəsinə polisdən zəng olunaraq anasını avtomobil vurması bildirilmiş və Sumqayıt şəhər X15 Xəstəxanasına gəlməsi xahiş edilmiş, o dərhal həmin xəstəxanaya yaxınlaşmış, orada ona məlum olmuşdur ki, anası Zərərçəkmiş şəxs səhər saatlarında yaşadığı Sumqayıt şəhəri 5-ci məhəllədən çıxaraq işə gedən zaman Sumqayıt şəhəri Azərbaycan prospektində “Cəfər Cabbarlı” adına mədəniyyət evinin qarşısında yolu keçərkən avtomobil onu vurmuş və anası hadisə yerində vəfat etdiyindən meyiti müayinə olunması üçün Sumqayıt şəhər MEM-nə aparılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi zərər tam olaraq ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil AD 653458 nömrəli qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur, həmin avtomobili “B” kateqoriyalı AB 652881 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. O, 20.01.2021-ci il tarixdə saat təxminən 07:40 radələrində idarə etdiyi “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə işlədiyi Sumqayıt şəhər Qaz İstismar sahəsinə getmiş, həmin vaxt onunla birlikdə işləyən həyat yoldaşı Şahid2 və iş yoldaşı Ərəstun Şirinov da onun avtomobilində olmuşdur. O, idarə etdiyi avtomobil ilə Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Bakı küçəsi istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman “Cəfər Cabbarlı” kulubunun qarşısına yaxınlaşanda onunla qarşı-qarşıya tünd göy rəngli “Mercedes C” markalı avtomobilin uzaq işıqları yanıqlı vəziyyətdə onun yolunda dayandığını görüb avtomobilinin sürətini azaltmış, həmin avtomobil geriyə hərəkət edərək yolun “Cəfər Cabbarlı” kulubu tərəfində axtomobilini saxlamış və işıqlarını söndürmüş, o asta sürətlə onun yanından keçən zaman yolun əks istiqamətində, mərkəzində sola doğru təxminən bir metr məsafədə yolun “Mərəsim evi” tərəfində əynində qara rəngli paltar olan piyadanın yerə uzanmış vəziyyətdə olduğunu görmüş, həmin vaxt “Mercedes C” markalı avtomobil dayandığı üçün, həm də işə tələsdiyinə görə “Mercedes C” markalı avtomobilin sürücüsünün ona köməklik göstərəcəyini zənn edib hərəkətinə davam edərək işə getmişdir. Sonradan təxminən 20.01.2021-ci il tarixdə saat 12 radələrində işdə olan zaman onun istifadəsində olan 055 991-91-14 mobil nömrəsinə zəng gəlmiş, özünü polis əməkdaşı kimi təqdim edən Şahin adlı şəxs ondan harada olmağını soruşmuş, o, işdə olduğunu söyləmiş və polis əməkdaşına iş yerini bildirmiş, sonra polis əməkdaşları iş yerinə gəlmişlər, orada onun avtomobilinə baxdıqdan sonra müvəqqəti duracağa aparmışlar, onu isə Polis İdarəsinə dəvət etmişlər və o da polis idarəsinə getmişdir. Polis əməkdaşları ona verdikləri suala cavab olaraq bildirmişdir ki, həmin hadisəni 20.01.2021-ci il tarixdə saat təxminən 08:44 radələrində görmüş, avtomobilində həmin vaxt həyat yoldaşı Xatirə Hüseynova və iş yoldaşı Ərəstun Şirinovdan başqa kimsə olmamış, oradan keçən zaman onunla qarşı-qarşıya yolun sağ kənarında dayanmış tünd göy rəngli “Mercedes C” markalı avtomobildən başqa heç bir avtomobil olmamış, eləcə də həmin vaxt kənarda o heç kimi görməmiş, “Cəfər Cabbarlı” kulubunun qarşısına yaxınlaşan zaman onunla qarşıqarşıya tünd göy rəngli “Mercedes C” markalı avtomobilin uzaq işıqları yanıqlı vəziyyətdə onun yolunda dayandığını görüb avtomobilinin sürətini azaltmış, “hətta bu neyniyir bizim üstümüzə sürür deyə” söyləmiş, həmin avtomobil geriyə hərəkət edərək yolun Cəfər Cabbarlı klubu tərəfində üzü H.Əliyev prospekti istiqamətində avtomobilini saxladığını və işıqlarını söndürdüyünü, o asta sürətlə onun yanından keçən zaman yolun əks istiqamətində, yəni yolun mərkəzindən sola doğru təxminən bir metr məsafədə yolun “Mərasim evi” tərəfində əynində qara rəngli paltar olan piyadanın yerə uzanmış vəziyyətdə olduğunu görmüş, o, avtomobili ilə həmin piyadanın üzərindən keçməmiş, eləcə də toxunmamış, həmin piyada onun yolunda olmamış, əks yolda olmuş və yerə uzanmış vəziyyətdə olan həmin piyadadan təxminən 3-4 metr kənardan keçmişdir. Təqsirləndirilən şəxs göstərdikləri yalan və böhtan olmuş, sonuncu öz məsuliyyətini onun üzərinə atmaq üçün bu cür bildirmiş, o, həmin yerdən keçən zaman tünd göy rəngli “Mercedes C” markalı avtomobilin sürücüsü avtomobilini saxladıqdan sonra avtomobildən düşməmiş və sonuncunun avtomobilində sərnişin olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Azərbaycan prospektində yerləşən “Araz L” şirkətində sürücü işləyir. Həmin şirkətə məxsus olan ağ rəngli “Ford Transıt” markalı ** CV *** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. O, idarə etdiyi “Ford Transıt” markalı ** CV *** dövlət qeydiyyat nömrəli avtomobil ilə hər səhər işə gedəndə onunla birlikdə işləyən işçilər onun işə getdiyi yola çıxırlar və o, iş yoldaşlarını da avtomobil ilə işə aparır. 20.01.2021-ci il tarixdə idarə etdiyi “Ford Transıt” markalı ** CV *** dövlət qeydiyyat nömrəli avtomobil ilə işə gedən zaman Sumqayıt şəhəri Azərbaycan prospekti ilə üzü Bakı küçəsi istiqamətində hərəkət edib saat təxminən 07:45 radələrində “C.Cabbarlı” klubunun qarşısında onu gözləyən şirkətin işçilərini götürən zaman klubun qarşısında bir nəfər piyadanın yolun H.Əliyev prospektinə gedən hissəsində yəni yolun mərkəzindən təxminən 1 metr “Məclis evi” istiqamətində yerə uzanmış vəziyyətdə olduğunu görmüş, o həmin piyadanın olduğu yerdən bir qədər qabaqda yolun sağ kənarında “C.Cabbarlı” klubu tərəfində idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt onu klubun qarşısında gözləyən şirkətin işçiləri Əminə və Xalidə idarə etdiyi avtomobilə əyləşmiş, avtomobildə Rəşada yer olmadığı üçün o avtomobilə əyləşə bilməmiş, həmin vaxt ona iş yoldaşları həmin qadını avtomobil vurduğunu bildirmişdir. Həmin piyadanı hansı avtomobil vurmasını o, özü görməmiş, lakin iş yoldaşları həmin hadisənin onun oraya gəlməyindən az öncə baş verdiyini bildirmişdir. O, qarşısında hərəkətdə olan hər hansı avtomobilin həmin piyadanın üzərindən keçməsini görməmiş, həmin piyada qarşıqarşıya nəqliyyat axını ayıran düz xəttin H.Əliyev prospekti istiqamətində olmuş, yəni orada yol kifayət qədər enli olduğu üçün Bakı küçəsi isiqamətində hərəkətdə olan avtomobilin yolun əks istiqamətinə çıxmasına ehtiyac yoxdur, bundan başqa onun qarşısında hərəkətdə olan hər hansı avtomobil həmin piyadanın üzərindən keçsəydi onu görə bilərdi, lakin belə bir hal olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən “Araz L” şirkətində qablaşdırcı işləyir, işləri hər səhər saat 08:00-da başladığından saat 07:55-də işdə olurlar və istirahət günləri istinsa olmaqla hər gün saat 07:45 radələrində “C.Cabbarlı klubu”nun qarşısına gəlirlər və oradan iş yoldaşları Tahirin idarə etdiyi avtomobil ilə iş yerinə gedirlər. 20.01.2021-ci il tarixdə iş yoldaşı Şahid4 ilə birlikdə işə getmək üçün yaşadığı Sumqayıt şəhəri 18-ci məhəllə ərazisi ilə piyada “C.Cabbarlı” adına mədəniyyət evinin qarşısına gələn zaman saat təxminən 07:45 radələrində 18-ci məhəllə ərazisində yerləşən “Məclis evi”nin yanına çatanda Azərbaycan prospekti ilə “Əşya bazarı” tərəfdən üzü H.Əliyev prospekti istiqamətində hərəkətdə olan markasını bilmədiyi tutqun rəngli avtomobil yolu piyada “C.Cabbarlı” adına mədəniyyət evi tərəfdən “Məclis evi” tərəfə keçən qadını yolun mərkəzində vuraraq təxminən 4-5 metr gedib yolun “C.Cabbarlı” adına mədəniyyət evi tərəfində dayanmış, həmin vaxt piyada asfalta çırpılmış, həmin hadisəni gördükdən sonra halı pisləşdiyi üçün iş yoldaşı Əminənin köməkliyi ilə yolu C.Cabbarlı adına mədəniyyət evi tərəfə keçmişlər, sonra iş yoldaşları Tahir idarə etdiyi avtomobili ilə gələrək “C.Cabbarlı” adına mədəniyyət evinin qarşısında saxlamış, onlar Əminə ilə həmin avtomobilə əyləşib işə getmişlər. Həmin vaxt piyadanın üzərindən hər hansı avtomobil keçməsini görməmiş, hadisə baş verən zaman iş yoldaşı Əminə onun sol tərəfində olmuş, hadisə isə onun dayandığı yerdən sağ tərəfdə təxminən 10-15 metr məsafədə baş vermiş, o hadisəni görən kimi dərhal qışqırmış, bundan sonra Əminə həmin hadisəni görmüş, daha sonra isə o bərk qorxduğu üçün Əminənin başı onu sakitləşdirməyə qarışmışdır. Hal-hazıradək şahidi olduğu həmin hadisə yadına düşəndə həyacanlanır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən “Araz L” şirkətində fəhlə işləyir, işləri hər səhər saat 08:00-da başlayır, hər gün saat 07:45 radələrində “C.Cabbarlı klubu”nun qarşısına gəlirlər və oradan onlarla birlikdə işləyən iş yoldaşlarının avtomobil ilə iş yerinə gedirlər. 20.01.2021-ci il tarixdə iş getmək üçün yaşadığ evdən çıxaraq “C.Cabbarlı” adına mədəniyyət evinin yanına gəlmiş, orada klubun məhkəmənin binası tərəfində dayanıb əlində olan mobil telefonu ilə məğul olarkən saat təxminən 07:44 - 07:45 radələrində sol tərəfindən tormoz səsinə bənzər səs eşidib həmin istiqamətə baxan zaman “Mercedes” markalı, tünd göy rəngli avtomobilin üzü Heydər Əliyev prospekti istiqamətinə yolun “C.Cabbarlı” adına mədəniyyət evi tərəfində dayandığını və həmin avtomobilin dayandığı yerdən təxminən 3-4 metr geridə, Bakı küçəsi istiqamətində yolun mərkəzində bir nəfər piyadanı uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxt “Mercedes” markalı avtomobilin yanında bir nəfər orta boylu oğlanın yaxınlığında olan başqa oğlandan təlaşlı şəkildə nömrəsini gördün deyə soruşduğunu eşitmiş, lakin həmin vaxt o tormoz səsi eşitdikdən sonra həmin istiqamətə baxan zaman orada “Mercedes” markalı avtomobildən başqa avtomobil görməmişdir. Bundan sonra iş yoldaşı Tahir idarə etdiyi “Ford” markalı avtomobil ilə gələrək klubun qarşısında saxlamış, həmin vaxt iş yoldaşları Əminə və Xalidə Tahirin idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə ona yer olmadığı üçün işə 8 nömrəli sərnişin avtobusu ilə getmişdir. Həmin vaxt yerə uzanmış vəziyyətdə olan piyadanın üzərindən hər hansı avtomobil keçdiyini və ya onu vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2018-ci ildən 2021-ci ilin fevral ayının 15-dək Sumqayıt şəhəri, Zavodlar ərazisində yerləşən "xxxx" MMC-də operator işləmiş, həmin MMC-də iş hər səhər saat 08:00-da başlayıb, 17:00-da bitmiş, 20.01.2021-ci il tarixdə yaşadığı evdən çıxıb saat 07:40 radələrində həmişəki kimi avtobusla işə getmək üçün Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisi ilə piayada C.Cabbarlı klubunun yanı ilə hərəkət edərkən həmin klubun yanından keçib Azərbaycan prospektinə çatanda yolun klub tərəfində, kənarında üzü H.Əliyev prospekti istiqamətində dayanmış “Mercedes C” markalı avtomobilin yanında bir nəfər orta yaşlı dolu bədən quruluşlu oğlanın uca səslə “üstündən keçdi, üstündən keçdi” söylədiyini eşidib yola baxanda bir nəfər yaşlı qadının yolun mərkəzindən “Məclis evi” istiqamətinə təxminən bir metr məsafədə yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və ona yaxınlaşmış, o həmin “üstündən keçdi, üstündən keçdi” sözlərini söyləyən oğlana qadını avtomobilinə mindirərək xəstəxanaya aparmağı təklif etmiş, lakin həmin oğlan aparmadığı üçün o, istifadəsində olan (055) 557-14-48 mobil nömrəsi ilə “103” xidmətinə zəng vurub hadisə baş verən yerə təcili tibbi yadım çağırmışdır. Bir iki dəqiqə sonra həmin oğlana “103” xidmətinə zəng vurduğunu söyləyib, onun da zəng etməsini xahiş etmiş, lakin həmin oğlan ona “sən zəng vurmusan da gələcək” deyə cavab vermişdir. O, yenidən “103” xidmətinə zəng vurub hadisə baş verən yerə təcili tibbi yadım çağırmış, bir neçə dəqiqə sonra üzərinə növbətçi hissə yazılmış polis avtomobili həmin yerdə saxlamış və yolu bağlamış, daha sonra isə X15 avtomobili həmin yerə yaxınlaşmış və həmin piyadaya baxaraq vəfat etdiyini bildirmişdir. Bundan sonra o, 8 nömrəli sərnişin avtobusuna əyləşib işə getmişdir. Həmin piyadanı hansı avtomobil vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis kapitanı Şahid8 ifadəsində göstərdi ki, 20.01.2021-ci il tarixdə saat 07:50 radələrində Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısında yol nəqliyyat hadisəsi baş verməsi və sürücünün hadisə yerindən yayınması barədə ona məlumat verilmiş, dərhal o hadisə baş verən yerə yaxınlaşmışdır. Hadisə yerinə gedəndən sonra məlum oldu ki, bir nəfər qadını “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısında yolu piyada keçən zaman avtomobil vurmuş və sonuncu hadisə yerində vəfat etmişdir. Orada baş vermiş hadisə barədə maraqlanan zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs idarə etdiyi “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman həmin piyadanı yolun ortasında dizi üstə aşağıya əyilmiş vəziyyətdə görüb avtomobilini saxladığını, həmin vaxt Azərbaycan prospekti ilə üzü Bakı küçəsi istiqamətində yüksək sürətlə hərəkət edən qara rəngli “Toyota Camry” markalı avtomobilə bənzətdiyi avtomobilin həmin piyadanın üzərindən keçərək “Əşya bazarı” istiqamətində hərəkət etdiyini söyləmişdir. Həmin vaxt hadisə yeri özünü hadisə şahidi kimi təqdim edən həmin sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd etdiyi avtomobilin müəyyən edilməsi istiqamətində Sumqayıt şəhəri Azərbaycan prospekti ilə Heydər Əliyev prospektlərinin kəsişməsində və Azərbaycan prospekti ilə Bakı küçələrinin kəsişməsinə quraşdırılmış “Təhlükəsiz şəhər” kameralarına baxış keçirilən zaman həmin vaxt qeyd olunan yerdən “Toyota Camry” markalı avtomobil keçmədiyi, həmin vaxt oradan yalnız qara rəngli “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil keçdiyi müəyyən edildimiş və həmin avtomobilin sürücüsü dindirilməsi üçün Sumqayıt ŞPİ-nin İŞ-nə təqdim edilmiş, eləcə də sonuncunun avtomobili müvəqqəti duracağa yerləşdirilmişdir. Eyni zamanda “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan “İsuzu” markalı 8 nömrəli sərnişin avtobusuna quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilən zaman “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan prospektində yolun əks istiqamətində kənarında, yəni yolun C.Cabbarlı klubun tərəfində üzü Heydər Əliyev prospekt istiqamətində dayandığı müəyyən edilmiş, lakin, o hadisə yerinə yaxınlaşan zaman həmin avtomobil C.Cabbarlı klubunun yanında dayanmışdır, halbuki həmin avtomobil əvvəlki dayandığı yerdə, yəni Azərbaycan prospektinin kənarında dayanan zaman hərəkətə heç bir mane yaratmadığı həmin görüntülərdən müşahidə olunmuşdur. Həmçinin, tərəfindən hadisə şahidlərinin müəyyən edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, hadisə baş verən zaman orada olan Şahid3 həmin piyadanın yolu keçən zaman Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan avtomobil vurduğunu görmüş, həmçinin həmin piyadanın üzərindən hər hansı avtomobil keçmədiyini bildirmiş, sonuncu dindirlməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə təqdim edilmişdir. Bundan əlavə istinaq üçün əhəmiyyət kəsb edə biləcək məlumat verən bir neçə şəxs müəyyən edilərək dindirlməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də sürücü-polis nəfər vəzifəsində xidmət edir. 20.01.2021-ci il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-də əməliyyat qrupunda xidmətdə olarkən saat təxminən 07:30 radələrində idarə etdiyi “Mercedes Citan” markalı Sumqayıt ŞPİ 1-ci PB-nin növbətçi hissəsinin avtomobili ilə Sumqayıt ŞPİ-yə sənədləri verib geri qayıdan zaman saat təxminən 07:50-də Sumqayıt şəhəri Azərbaycan prospektində “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısına çatanda bir nəfər piyadanı avtomobil vurduğunu görüb idarə etdiyi avtomobili saxlamış, həmin vaxt bir nəfər orta boylu dolu bədən qurluşlu şəxs həyacanlı vəziyyətdə və təşviş içində ona yaxınlaşıb avtomobili ilə yolu bağlamağını xahiş etmiş, o, idarə etdiyi avtomobil ilə yolu bağlamış və həmin şəxsdən özü nə səbəbə hazıradək yolu bağlamadığını soruşmuş, həmin şəxs “birdən məndən şübhələnərlər” deyə bildirmiş, ona səndən nə səbəbə şübhələnməlidirlər ki, deyə sual etdikdə, o “olar da elə bilərlər piyadanı mən vurmuşam” deyə cavab vermişdir. Həmin şəxsdən piyadanı hansı avtomobil vurduğunu soruşduqda həmin şəxs piyadanı qara rəngli dövlət qeydiyyat nişanını görmədiyi avtomobil vurduğunu və saxlamadan üzü “Əşya bazarı” istiqamətində hərəkətini davam etdirdiyini bildirmişdir. O, həmin şəxsdən avtomobilinin hansı olduğunu soruşmuş, sonuncu “C.Cabbarlı adına mədəniyyət evi”nin yan tərəfində dayanmış tünd göy rəngli “Mercedes C 180” markalı avtomobilini ona göstərmişdir. Daha sonra X15 avtomobili həmin yerə yaxınlaşmış, sonra isə YPX əməkdaşları və əməliyyat-istintaq qrupu hadisə yerinə gəlmiş və bundan sonra o, 1-ci PB-yə getmişdir. O, idarə etdiyi avtomobil ilə 20.01.2021-ci il tarixdə saat 07:44-də Azərbaycan prospekti ilə hərəkətdə olarkən “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısından keçən zaman yolun mərkəzində aşağıya əyilmiş vəziyyətdə hər hansı piyada görməmiş, belə bir hal olsaydı görə bilərdi. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin İŞ-də müstəntiq vəzifəsində xidmət edir. 20.01.2021-ci il tarixdə saat 07:50 radələrində Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısında yol nəqliyyat hadisəsi baş verməsi və sürücünün hadisə yerindən yayınması barədə ona məlumat verilmiş, dərhal o hadisə baş verən yerə yaxınlaşmışdır. Hadisə yerinə gedəndən sonra məlum oldu ki, bir nəfər qadını “C.Cabbarlı adına mədəniyyət evi”nin qarşısında yolu piyada keçən zaman avtomobil vurmuş və sonuncu hadisə yerində vəfat etmişdir. Orada baş vermiş hadisə barədə maraqlanan zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs idarə etdiyi “Mercedes C 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman həmin piyadanı yolun ortasında dizi üstə aşağıya əyilmiş vəziyyətdə görüb avtomobilini saxladığını, həmin vaxt Azərbaycan prospekti ilə üzü Bakı küçəsi istiqamətində yüksək sürətlə hərəkət edən qara rəngli “Toyota Camry” markalı avtomobilə bənzətdiyi avtomobilin həmin piyadanın üzərindən keçərək “Əşya bazarı” istiqamətində hərəkət etdiyini söyləmişdir. Həmin vaxt hadisə yeri özünü hadisə şahidi kimi təqdim edən həmin sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd etdiyi avtomobilin müəyyən edilməsi istiqamətində Sumqayıt şəhəri Azərbaycan prospekti ilə Heydər Əliyev prospektlərinin kəsişməsində və Azərbaycan prospekti ilə Bakı küçələrinin kəsişməsinə quraşdırılmış “Təhlükəsiz şəhər” kameralarına baxış keçirilən zaman həmin vaxt qeyd olunan yerdən “Toyota Camry” markalı avtomobil keçmədiyi, həmin vaxt oradan yalnız qara rəngli “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil və ağ rəngli sedan markalı avtomobillərin keçməsi müəyyən edilmiş, “Chevrolet Epica” markalı avtomobilin sürücüsü müəyyən edilərək istintaq şöbəsinə gətirilərək izahatı alınmış, lakin ağ rəngli sedan markalı avtomobilin dövlət nömrə nişanı hava nəmişlik olduğundan oxunmadığı üçün həmin avtomobilin sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin “Təhlükəsiz şəhər” kameralarına baxış keçirilərkən ağ rəngli sedan markalı avtomobilin Sumqayıt şəhər Azərbaycan prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan “İsuzu” markalı 8 nömrəli sərnişin avtobusunun arxasınca getdiyi müəyyən edilmiş, avtobusun sürücüsü isə həmin yerə çatarkən artıq piyadanın vurulmasının şahidi olduğunu bildirdiyi üçün həmin ağ rəngli sedan markalı avtomobilin dövlət nömrə nişanını və sürücüsünü müəyyən etmək əhəmiyyət kəsb etməmişdir. O, həmin hadisə ilə bağlı hadisənin şahidlərinin ifadələrini almış və hadisənin əsas şahidləri öz xətləri ilə izahatlarını yazmışdırlar. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 oğlu ifadəsində göstərdi ki, o 20 ildən çoxdur ki, Təqsirləndirilən şəxs tanıyır, dostluq münasibətləri vardır. O da Yasin kimi taksi fəaliyyəti ilə məşğuldur. 20.01.2021-ci il tarixdə səhər saat 07 radələrində Yasin ilə görüşüb taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Əşya bazarı”nın yanına getmişlər. Orada Yasin anasının təqaüdünü almaq üçün bankomata getmiş və bir neçə dəqiqədən sonra ona “VhatsApp” vasitəsi ilə səsli mesaj göndərərək anasının təqaüdünün köçürüldütünü və təqaüdü götürməyə getdiyini demiş və ardınca ona həmin günü saat 07:44 radələrində “VhatsApp”la səsli mesaj göndərərək “tez bura gəl maşın adam vurdu” demişdir. O dərhal Yasinin getdiyi istiqamətə gedən zaman Sumqayıt şəhəri, Azərbaycan Prospektində, C.Cabbarlı kulubunun qarşısında adamların toplaşdığını görüb həmin istiqamətə getmişdir. Ora çatanda bir nəfər piyadanın yolun ortasında təxminən 1 metr “mərasim evi tərəfində” yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bir az sonra hadisə yerinə polis və X15 avtomobilləri gəlmişdir. Yasin ona demişdir ki, avtomobili ilə hərəkətdə olan zaman həmin qadın onun qarşısına çıxmış, o avtomobilini sola qaçıraraq həmin qadını vurmamışdır. Lakin, qarşıdan gələn qara rəngli avtomobil həmin qadının üstündən keçmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 20.01.2021-ci tarixli, 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması. Sağ alın-təpə-ənsə sümüyününü kəllə əsnasına keçən sınığı. Baş-beyinə qansızma. Üz-sklet sümüklərinin çoxqəlpəli sınığı, sağ baldırın aşağı 1/3-nin açıq sınığı. Sağ qaş nahiyyəsinin, sağ ənsə nahiyyəsinin yaraları. Hər iki gözətrafının qançırı, alının sol hissəsinin, alının sağ hissəsinin, sağ almacıq nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinə edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 20.01.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sedan tipli nəqliyyat vasitəsinin təsiri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarətlər qısa müddətdə alındığından xəsarətlərin yetirilmə ardıcıllığı haqqında fikir söyləmək çətindir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərəçəkmiş xəsarətləri alarkən bükülmüş vəziyyətdə olmuş, bədənin sağ hissəsi hərəkətdə olan nəqliyyat vasitəsinə tərəf yönəlmiş və ilk zərbəni sağ baldır və baş nahiyyəsindən almışdır. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin avtomaşının onun üzərindən keçməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin nəqiyyat vasitəsinə toxunmadan yol örtüyünə yıxılması nəticəsində əmələ gəlməsi istisna edilir. Zərərçəkmiş şəxs paltarlarında asfalt döşəmə üzərində sürünmə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat ekspertizasının 17.03.2021-ci il tarixli, 8/548 saylı rəyindən görünür ki, “Mercedes Benz 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən yayındığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə trasoloji ekspertizasının 12.02.2021-ci il tarixli, 8/166 saylı rəyindən görünür ki: Təqdim edilmiş “Mercedes Benz 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperində olan zədələr hər hansı bərk və bərk olmayan predmetlə, maneyə ilə kontakda olması, dəyməsi nəticəsində yarana bilər. Lakin, zədə kənarında xüsusi əlamətlər aşkar edilmədiyindən həmin zədənin piyada ilə (insanla) kontakda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “Mercedes Benz 180” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində olan zədə öz formasına, morfoloji qurluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə, maneə ilə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür. Belə predmetə daş, metal və sair aiddir. Təqdim edilmiş “Chevrolet Epica” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı bir zədə və alt hissəsində piyadanın (insanın) üzərindən keçməyə xarakterik xüsusi ələmatlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 20 yanvar 2021-ci il tarixli, 363 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (20.01.2021-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 29.03.2017-ci il tarixdən 29.03.2027-ci il tarixədək qüvvədə olan AE029411 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. ADN seriyalı 436029 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 180” minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu X3 tərəfindən 23.03.2020-ci il tarixdə təsdiq edilmiş 7E-3080 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X7, “Mercedes Benz 180” minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 23.09.2021-ci ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə eyni zamanda şahid Cavid Niyazovun Təqsirləndirilən şəxsla aralarındakı dostluq münasibətini nəzərə alaraq həmin şahidin ifadəsinə tənqidi yanaşaraq həmin ifadənin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilməsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə düzgün tövsif olunmuş və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları-2014-cü il təvəllüdlü X5 və 2016-cı il təvəllüdlü X12 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə və 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 3 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirli bilinsin və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 3 ədəd CD disklər cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-339/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-339/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver