Məhkəmə qərarları › İş №1(060)-339/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-339/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-339/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qram və 0,392 qram, ümumi təmiz çəkisi 0,738 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 09 dekabr 2022-ci il tarixdə saat 17:55-də Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayon 49 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılmış şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qram və 0,392 qram, ümumi təmiz çəkisi 0,738 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən təxminən 1 ilə yaxındır ki, istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 gün qabaq Bakı şəhərində adını və kimliyini bilmədiyi şəxsin kart hesab nömrəsinə 30 manat pul yollamış və həmin şəxs ona bildirmişdir ki, Bakı şəhər ərazisində dediyi ünvandan gedib 2 ədəd bükümdə narkotik vasitə heroin götürərsən. O da həmin şəxsə pulu ödədikdən sonra həmin şəxsin dediyi ünvana getmiş, orada 2 ədəd bükümdə narkotik vasitə heroin götürmüş və üzərində saxlamışdır. 09 dekabr 2022-ci il tarixdə təxminən saat 17:55 radələrində yaşadığı evin qarşısında tanışı, taksi sürücüsü fəaliyyəti ilə məşğul olan Arzu ilə birlikdə olan zaman bir neçə polis əməkdaşı onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sol yan cibindən özünə məxsus “Kent” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutuya baxış zamanı özünə məxsus 2 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən “Samsung A 12” markalı mobil telefon aşkar olunmuş və götürülmüşdür. Həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddələr narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, nənəsi ilə birlikdə yaşayır, ayrı heç kimi yoxdur, nişanlıdır, yaxın zamanda toyu olacaqdır, buna görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin NMB-nın, baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 09 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5şayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin, NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşı Şahid2 iştirak etmişdir. xx.xx.2022- ci il tarixdə saat 17:55 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 49 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yanında sonradan kimliyini bildiyi X3 olduğundan həmin şəxsi də polis idarəsinə dəvət etmişlər. Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Namiq Ağayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan şalvarın sol yan cibində saxlamış olduğu “Kent” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutuya baxış zamanı qutunun içərisində 2 ədəd bükümdə narkotik vasitə olan “heroinə” bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş maddələr narkotik vasitə heroindir, ona məxsusdur, həmin narkotik vasitəni saxlanılmamışdan 1 gün qabaq Bakı şəhərindən tanımadığı şəxsin kart hesabına 30 manat yolladıqdan sonra dediyi ünvandan gedib götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində “Samsung A12” markalı mobil telefon aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin ayaqqabı silən və 2 manat 40 qəpik pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşı Şahid2 eyniməzmunlu ifadə verərək digər Şahid1 ifadəsini təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:55-də Sumqayıt şəhəri, 10-cu mikrorayon, ərazisində yerləşən 49 saylı yaşayış binasının qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs də, özü əynindəki qara rəngli şalvarının sol yan cibində saxlamış olduğu KENT markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində 2 ədəd sarımtıl rəngli sellofan bükümlərin olduğu görünür. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzə maddələrin olduğu aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələr hər birinin çəkisinin sarımtıl rəngli sellofan ilə birlikdə 0,45 qram və 0,46 qram, həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin sarımtıl rəngli sellofanlar ilə birlikdə 0,91 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdmlaraq Azərbaycan respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş Samsung A 12 markalı mobil telefon götürülmüş, ayaqqabı silən, 2 manat 40 qəpik pul isə əhəmiyyət kəsb etmədiyindən Özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 6/6981 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qram, 0,392 qram, ümumi təmiz çəkiləri 0,738 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 və 2 №-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 16 saylı MKS-nin 1441 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş üzrə əməliyyat tapşırığı verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə, saat 17:55 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 49 saylı yaşayış binasının qarşısında olan zaman narkotik vasitə üzərində gəzdirməkdə və istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibində saxlamış olduğu “Kent” markalı siqaret qutusunun içindən 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0, 738 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən olunmamışdır. O, yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olur, aşkar edilərək götürülmüş 2(iki) ədəd bükümdə narkotik vasitə heroini də qəbul etməkdən ötrü üzərində saxlamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 7587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış təmiz çəkisi 0,638 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə çəkilmiş videoçəkiliş maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doxsan manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,638 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə tutulmuş, 11 dekabr 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdən 11 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 15-i tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doxsan manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,638 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar