Məhkəmə qərarları › İş №1(060)-339/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-339/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-339/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri. ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən obyekti satıb və pulunu qaytaracağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən «Levent» yaşayış kompleksi, bina 10, 298 saylı mənzildə həmin günün məzənnəsinə uyğun olaraq 2550 manat ekvivalentində 1500 ABŞ dolları etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 2550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından 2016-cı il buraxılışlı «Nissan Nord» markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 16:05-də ünvan 3 ünvanda yerləşən «Yasəmən» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **********135528 saylı «Leo bank» hesab kartına göndərdiyi 2.000 manat, bir neçə dəqiqədən sonra saat 16:08-də eyni ödəmə terminalı vasitəsilə onun **********135528 saylı «Leo bank» hesab kartına göndərdiyi 2.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs ümumilikdə 4.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən satacağı obyektin daşınmaz əmlak xidmətində sənəd işlərinin həll olunması barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən «Levent» yaşayış kompleksi, bina 10, 298 saylı mənzildə mobil tətbiq vasitəsilə Leobank kartından xx.xx.2024-cü il tarixdə saat 12:49-da onun **********135528 saylı «Leo bank» hesab kartına göndərdiyi 500 manat və xx.xx.2024-cü il tarixdə saat 19:43-də onun **********135528 saylı «Leo bank» hesab kartına göndərdiyi 22,30 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs ümumilikdə 522,30 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin iyun ayında tik-tok sosial şəbəkəsində tanış olmuşdur. O, «Akula 009» profili ilə Ayselin «Miray 777» profilinə yazmış, öz adını Emin kimi təqdim etmiş, bir müddət yazışdıqdan sonra bir-birilərinə mobil nömrələrini verib əlaqə saxlamışlar. Həmin ərəfədə bibisi Məkkə ziyarətinə getmiş, oradan ona gətirdiyi təsbeh və gümüş üzüyü Ayselin övladına hədiyyə etmək istəmiş, bir müddətdən sonra Aysel onu evinə dəvət etmiş, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ayselin yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsində «Levent» yaşayış kompleksində yerləşən mənzilinə getmişdir. Orada olan zaman söhbət tik-tokda Ayselə izləyicilər tərəfindən göndərilən «şir»lərdən düşmüş, Aysel «kimsəsiz baba» adlı izləyicinin ona xeyli «şir»lər göndərdiyini və həmin şəxsin onun olubolmadığını soruşanda o, özündən həmin izləyicinin özü olduğunu demiş, Aysel ona göndərdiyini deyib «şir»lərdən əldə etdiyi 1500 ABŞ dollar pulu gətirib göstərərək ona qaytara biləcəyini demişdir. Onun həmin vaxtı borcları olduğundan düşünmüşdür ki, Ayseldən bir bəhanə ilə həmin pulu götürsün, ona görə də Ayselə özündən yaşadığı həyətini satdıqdan sonra pulunu qaytaracaqdır deyərək həmin 1500 ABŞ dolları ona verməsini demiş və Aysel həmin pulu ona vermişdir. Ayseldən aldığı 1500 ABŞ dollarını öz maddi problemlərinə xərcləmiş, satacağı heç bir obyekt və ya torpaq sahəsi olmamış, düşünmüşdür ki, nə vaxtsa pul tapsa Ayselə hissə-hissə qaytarar və ya Aysellə münasibət qursa ondan pulu istəməz. Bu səbəbdən də, Aysellə ünsiyyətdə olduğu zaman subay olduğunu və onunla ailə qurmaq istədiyini, hazırda bir qədər borcu olduğunu, həyəti satıb borclarını ödədikdən sonra onunla ciddi münasibətdə olacağını demişdir. Bir müddət keçdikdən sonra 2024-cü ilin avqust ayında Aysel özünə avtomobil almaq istədiyi barədə söhbət açmış, o, özündən Ayselə həyəti satdıqdan sonra ona hədiyyə olaraq «Lexus» markalı avtomobil alacağını dedikdə Aysel razılaşmamış, öz pulu ilə özünə avtomobil alacağını, 9-10 min manat pulu olduğunu demişdir. Həmin vaxtı maddi sıxıntıları olduğundan özündən Ayselə Gürcüstan Respublikasında tanışının olduğunu, oradan ona ucuz qiymətə istədiyi avtomobil gətizdirə biləcəyini demişdir. Bu sözündən sonra Ayseldə maraq oyanmış, özünə «Nisssan Nord» avtomobil istədiyini demiş, o, özündən Ayselə 2016-cı il buraxılışlı «Nissan Nord» markalı avtomobili Bakıya gətizdirə biləcəyini, avtomobilin pulu və gömrük rəsmiləşdirməsindən sonra ümumi 6.000 manata başa gələcəyini, gələcəkdə özü sərfəli olduğu üçün daha baha qiymətə sata biləcəyini, ona avtomobil alıb gətizdirmək üçün ilkin olaraq 4000 manat pul verməyini demiş və razılaşmışlar ki, avtomobili Ayselə təhvil verdikdən sonra ona əlavə 2500 manat verəcəkdir. O, da həmin vaxtı sosial şəbəkələrdə axtarıb tapdığı Gürcüstanda avtomobil alqı satqısı ilə məşğul olan özünü Həmid kimi təqdim edən şəxsə 2016-cı il buraxılışlı «Nissan Nord» markalı avtomobillə maraqlandığını deyərək ona fotoşəkillər göndərməsini demiş və həmin fotoşəkilləri Ayselə göndərşdir. Aysel fotoşəkillərdə olan göy rəngi «Nissan Nord» markalı avtomobili bəyənmişdir. O, Ayselə pulu ona məxsus hesab kartına göndərməsini demiş, Aysel də onun **********135528 saylı «Leo bank» hesab kartına ümumilikdə 4.000 manat pul göndərmişdir. Belə ki, ödəniş qəbzində onun əsl ad, soyad və ata adını görüb bu barədə ondan soruşmuş, o, əsl adı Etibar olduğunu, dost-tanışlar onu Emin kimi çağırırlar demiş, lakin bir qədər sonra sonra Aysel ona zəng edərək adını «Google» da maraqlanıb onun sosal şəbəkələrdə aktrisa Mehriban Xanlarova və digərlər barəsində pulla bağlı qalmaqallarını gördüyünü deyərək avtomobil istəmədiyini bildirib, ona göndərdiyi pulu geri istəmiş, o, da artıq Ayseldən aldığı 4000 manat pulun 2000 manatını özünün bəzi problemlərinə xərcləmiş, bunu Ayselə bildirməmiş, ona görə də özündən Ayselə artıq pulun 2000 manatını avtomobil alışı ilə bağlı Gürsüstandakı tanışına göndərdiyini, Ayselə qalan 2000 manatı göndərə biləcəyini demiş və 2000 manat pulu Ayselə qaytarmışdır. Bundan sonra Aysel ondan pulunu tələb etmiş, o, da Ayselə səbrli olmasını, onun üçün nə olursa olsun avtomobil gətizdirəcəyini demişdir. Lakin Aysel üçün avtomobil gətizdirməklə bağlı heç bir iş görməmiş, həmçinin pul da tapa bilməmiş, çalışırmış ki, Aysellə münasibətini düzəltsin ki, ona yola versin və vaxtaşırı əlaqə saxlayırmış. Maddi sıxıntıları bitmədiyindən bundan sonra da özündən Ayselə satacağı obyektin daşınmaz əmlak xidmətində sənəd işi və övladma məktəbli forma və ləvazimatlar almaq adı ilə ona pul göndərməsini xahiş edib, həyətini satdıqdan sonra qaytaracağını demişdir Aysel də onun «Leobank» hesab kartına 150 manat, 22 manat 30 qəpik, 500 manat pul göndərmişdir. Əslində onun övladı yoxdur. Bir müddətdən sonra Aysel ondan pullarını tələb etməyə başlayanda möhlət istəmiş, lakin pul tapa bilmədiyinə görə aralarında mübahisələr baş vermişdir. Sonradan bilmişdir ki, Aysel ondan polisə şikayət etmişdir. Ayseldən aldığı həmin pulları öz maddi problemlərinə xərcləmiş, bu barədə Ayselə bildirməmiş, düşünürmüş ki, sonradan hissə-hissə özünə qaytarar, ya da münasibət qursa ondan pulu istəməz. Ayselə verdiyi vədlərlə bağlı heç bir iş görməmişdir. Həmin ərəfədə bərk maddi sıxıntıları olmuşdur, özündən həmin vədləri Ayselə verməsəydi ondan pul ala bilməzdi. Ayseldən pulları özü almış, həmin pullardan heç kimə verməmiş, həmin pulları almağı da ona heç kim deməmişdir. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs qalan 1700 manatı da ödəməyə hazır olmasını və ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, təqdim olunmuş qəbzlərə və whatsapp yazışmalarına baxış keçirilməsi haqqında protokol, əməliyyat tapşırığına verilmiş cavab və digər istintaq sənədləri ilə kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında tiktok sosial şəbəkəsində «Akula 009» istifadəçisi Emin adı ilə tanımış, Etibar özünü ona Emin adı ilə təqdim etmişdir. Belə ki, ilk olaraq Etibar onun «Miray 777» səhifənin izləyicisi olduğunu yazaraq bildirmiş, həmçinin onun üçün Məkkədən gətirilən təsbehi ona və gümüş üzüyü oğluna hədiyyə etmək istədiyini bildirmiş və bundan sonra aralarında ünsiyyət yaranmış, o, ***-***-**-** saylı şəxsi mobil nömrəni Etibara vermiş və bundan sonra əlaqə saxlamışlar. Bir müddətdən sonra Etibar ona zəng edərək Şüvəlan qəsəbəsində xərçəng xəstəsi olan bir nəfər cavan oğlana görə müalicəyə pul yığmaq üçün tik-tokda öz səhifəsində paylaşmağını təklif etmiş, lakin o, razılaşmamış, Etibara bu işlərlə məşğul olan şəxslərin əksəriyyətinin dələduz olduğunu, vətəndaşların mərhəmətindən istifadə edib pullarını ələ keçirdiklərini, əgər xəstəyə pul lazımdırsa o, özünə aid imkanı qədər köməklik edə biləcəyini demişdir. Etibar heç bir söz deməmiş və xəstəyə dair ondan pul da istəməmişdir. Bir müddətdən sonra xx.xx.2024-cü il tarixdə Etibar ona zəng edərək ona təsbeh və oğluna gümüş üzük vermək üçün Sumqayıt şəhərində məkan yerini ona göndərməyini demiş, o, Etibara məkan yerini whatsappda göndərmiş, həmin gün axşam saatlarında Etibar onun yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsində «Levent» yaşayış kompleksində yerləşən mənzilinə gəlmiş, lakin əliboş gəlmişdir. Söhbət zamanı bir müddət əvvəl onun səhifəsinə özünün «kimsəsiz baba» adlı profildən ona «şir» göndərdiyini dedikdə, yadına düşmüş və Etibara inanaraq nahaq yerə ona göndərdiyini, ona göndərilən bütün «şir»lərin pulunu onsuzda xərcləmədiyini, əgər istəyirsə ona göndərdiyi «şir»lərdən əldə etdiyi ümumilikdə 1500 ABŞ dolları pulu özünə qaytara biləcəyini demişdir. Həmin vaxtı Etibar demişdir ki, Şüvəlanda dəniz kənarında olan obyektin satışı ilə məşğuldur, sənədlərə pul lazımdır, ona 1500 ABŞ dolları pulu verməyini, obyekti satdıqdan sonra qaytaracağını söyləmişdir. O, da Etibarın danışığına inanmış və evində 1500 ABŞ dollarını Etibara vermişdir. Həmin gün Etibar saat 02 radələrinə kimi onun evində qalmış sonra da getmişdir. Bir müddətdən sonra Etibar onu sevdiyini, həyat yoldaşı vəfat etdiyini və onunla ailə qurmaq istədiyini, hazırda bir qədər borcu olduğunu, dediyi obyekti satıb borclarını ödədikdən sonra onunla ciddi münasibətdə olacağını demişdir. O, da normal insan kimi Etibara inanmışdır. Belə ki, Etibarla ünsiyyətdə olan zaman Etibar ona whatsappda «Lexus» markalı avtomobil fotoşəklini göndərib ona almaq istədiyini demiş, lakin o, razılıq verməmiş, ciddi münasibətləri olduqda ala biləcəyini, hazırda isə öz vəsaiti ilə «Nissan Nord» markalı, daha az sərfiyyatlı avtomobil almaq niyyətində olduğunu söyləmişdir. Bu sözündən sonra Etibar tanışlarının vasitəsilə buradan da ucuz Gürcüstandan ona gömrük rəsmiləşdirməsi ilə birlikdə 6000 manata həmin avtomobildən Bakıya gətizdirə biləcəyini demişdir. Etibar ondan öncədən aldığı 1500 ABŞ dolları da həmin avtomobilin alışına sərf edəcəyini demişdir. Razılaşmalarına əsasən o, Etibara gətizdirəcəyi avtomobilin alışına görə ilkin olaraq 4.000 manat pul verməli imiş. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Yasəmən» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalından saat 16:05-də 2000 manat və saat 16:08-də 2000 manat pulu Etibara öncədən ona fotoşəklini göndərdiyi **********135528 saylı «Leo bank» kart hesabına göndərmişdir. Elə həmin vaxtı ödəniş qəbzində Təqsirləndirilən şəxs olduğunu görüb bu barədə ondan soruşduqda demişdir ki, özüdür, əsl adı Etibardır, dost-tanışları onu Emin kimi çağırırlar. O, da dərhal Təqsirləndirilən şəxs adını «Google»da və digər sosial şəbəkələrdə maraqlanıb onun sosial şəbəkələrdə aktrisa Mehriban Xanlarova və digərlər barəsində pulla bağlı qalmaqallarını görüb Etibara zəng edərək bu barədə demiş, Etibar bəhanələr gətirməyə başlamışdır. O, Etibara avtomobil alışı üçün göndərdiyi ümumi 4.000 manat pulu geri qaytarmasını tələb etmiş, Etibar həmin gün saat 17:37-də 2.000 manat pulu ona **********833042 saylı kart hesabına qaytarmış, qalan 2.000 manat pulu isə artıq avtomobil alışı ilə bağlı Gürsüstana göndərdiyini, narahat olmamağını, nahaq yerə ondan şübhələndiyini, ona avtomobili gətizdirib doğru insan olduğunu ona sübut edəcəyini söyləmişdir. Etibar elə tonda danışırmış ki, ona inanmaq məcburiyyətində qalırmış. Bir neçə gündən sonra Etibar satacağı obyektin daşınmaz əmlak xidmətində sənəd işləri ilə bağlı ondan pul istəmiş, o, da Sumqayıt şəhərində yaşadığı ünvanda öz **********833042 saylı «Leo bank» kartından Etibarın **********135528 saylı «Leo bank» kart hesabına xx.xx.2024-cü il tarixdə saat 12:49-da 500 manat və xx.xx.2024-cü il tarixdə saat 19:43-də 22,30 manat göndərmişdir. Belə ki, bir müddətdən sonra Etibardan avtomobil barədə soruşduqda, Etibar ona müxtəlif bəhanələr gətirərək yubatmış, o, hiss etmişdir ki, Etibar onu aldadır, hər dəfə bir yalan danışır, ona görə də Etibara verdiyi bütün pulları qaytarmasını tələb etmiş, həmçinin Etibar barədə yaşadığı ərazidə maraqlandıqda məlum olmuşdur ki, onun heç bir satdığa çıxardığı obyekti və ya torpaq sahəsi, həmçinin heç bir övladı da yoxdur, eyni zamanda xaricdən avtomobil gətizdirmək işləri ilə məşğul olmur, əksinə çoxlu insanların da müxtəlif adlarla pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Etibarın onun etibarından istifadə edərək müxtəli adlarla pullarını ələ keçirib qaytarmadığını görüb barəsində polisə şikayət etmişdir. Etibar ondan ümumilikdə 7072,30 manat pul almışdır. Etibara verdiyi puldan müəyyən hissəsini qaytarmış, qaytarmadığı pulun miqdarı 1700 manat olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Müxtəlif bəhanələrlə onun pulunu verməmişdir. Onun həbs edilməsinə razı olduğunu bildirmişdir. Cinayət işinin 38-ci vərəqində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da saxlanılmışdır. Cinayət işinin 67-68-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-nin PB-ə gətirilmişdir. Cinayət işinin 104-105-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi nəzərə alınmış və MSY-dən azad edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs “mpay” ödəniş sistemi vasitəsilə X1 hesabına 4000 (dörd min) manat pul ödəmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “leobank” vasitəsilə X1 hesabına 500 (beş yüz) manat pul ödəmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “leobank” vasitəsilə X1 hesabına 22.30 (iyirmi iki manat 30 qəpik )ödəmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “leobank” vasitəsilə X1 hesabına 150 manat (yüz əlli ) ödəmişdir. Cinayət işinin 16-cı vərəqində olan xx.xx.2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş pulların qəbzlərinə və Təqsirləndirilən şəxs ilə aralarında whatsapp yazışmalarına keçirilən baxış zamanı - Təqsirləndirilən şəxs ****68135528 saylı hesab kartına xx.xx.2024-cü il tarixdə saat 16:05də ünvan 3 ünvanda yerləşən «Yasəmən» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsilə 2.000 manat, həmin tarixdə saat 16:08-də eyni ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ****68135528 saylı hesab kartına 2000 manat, xx.xx.2024cü il tarixdə saat 12:49-da Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Leobank kartından onun Təqsirləndirilən şəxs **********135528 saylı «Leo bank» hesab kartına 500 manat, xx.xx.2024-cü il tarixdə saat 19:43-də Təqsirləndirilən şəxs **********135528 saylı «Leo bank» hesab kartına 22,30 manat pulun göndərilməsi, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tic-toc və whatsappda pulla bağlı yazışmaları, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi gətizdirəcəyini təklif etdiyi «Nissan Note» markalı avtomobil fotoşəkillərin olması müəyyən olunmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilsin. Cinayət işinin 81-83-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 182.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsindən 178.2.2-ci maddəsinə tövsif edilmiş. Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 il 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə təyin edilmiş cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “PashaPay” qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 1900 manat, xx.xx.2025-ci il tarixdə isə 100 manatı Zərərçəkmiş şəxs kart hesabına köçürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs 500 yüz manat ödəmiş, nəticədə sonuncu tərəfindən ona 1700 (min yeddi yüz) manat ödənilməmiş maddi ziyan qalmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə təkrarən törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, dəymiş ziyanı əhəmiyyətli dərəcədə qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, ağırlaşdırıcı halların isə olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 178.2.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 yanvar 2025-ci il tarix, saat 17:10-dan, 18 yanvar 2025-ci il tarix, saat 18:45-dək, 26 mart 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya idarəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Zərərçəkmiş şəxs izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 4 saata görə 24 (iyirmi dörd) manat həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat, ümumilikdə 134 (yüz otuz dörd) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 yanvar 2025-ci il tarix, saat 17:10-dan, 18 yanvar 2025-ci il tarix, saat 18:45-dək, 26 mart 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsindən mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 134 (yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar