Məhkəmə qərarları › İş №1(060)-34/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-34/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-34/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,685 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 16 may 2023-cü il tarixdə saat 15:05 radələrində həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci məhəllə Sumqayıt şəhər Bələdiyyəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 15:41 radələrində orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş halda 01 (bir) ədəd bükümdə 0,685 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, 7 saylı yataqxana, otaq 55-də yaşayır. Hal-hazırda heç bir əmək fəaliyəti ilə məşğul olmur. Əvvəllər bir neçə dəfə ayrı-ayrı vaxtlarda oğurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayəti ilə məşğul olduğuna görə məhkum olunmuş, sonuncu dəfə oğurluq etdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonradan amnistiya qərarına əsasən cəzası 01 (bir) il azaldılmışdır. Həmin cəzanı bir ildən yuxarı müddətdir çəkib başa çatdırmışdır. Uzun illərdir narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Heroini ineksiya yolu ilə damarlarına vurur. Narkotik vasitələrdən aludəçiliyinə görə bir neçə dəfə Bakı şəhərində əvvəllər Zığ qəsəbəsində yerləşən dispanserdə müalicə olunmuşdur. 15 may 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yeni Yasamal ərazisində olan zaman əvvəllər onunla narkoloji dispanserdə müalicə almış, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə təsadüfən görüşmüşdür. Həmin şəxslə söhbət zamanı üzərində 01 (bir) bükümdə narkotik vasitə “kakos” adlanan heroin olduğunu bildirərək 15 (on beş) manata satdığını bildirmişdir. Bədənində ola biləcək ağrıları kəsmək üçün narkotik vasitə əldə edib qəbul etmək istəmiş, üzərində 11 (on bir) manat pul olduğunu bildirərək “kakos”u ona verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan 01 (bir) ədəd bükümdə heroini ona vermişdir. Bundan sonra həmin şəxs uzaqlaşıb getmişdir. O da Sumqayıt şəhərinə qayıtmışdır. Həmin narkotik vasitə heroin də əynində olan qara rəngli şalvarın cibində olmuşdur. Səhəri gün saat 15:05 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin yaxınlığından keçən zaman 02 (iki) nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadənin müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Ruslan Mustafazadə müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Ruslan Mustafazadənin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 11 (on bir) manat pul qarşılığında aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. İstər saxlanılan zaman, istərsə də polis şöbəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Əməlindən peşman olmasını, QİÇS xəstəliyindən əziyyət çəkdiyini və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı xüsusi rütbəsi daşıyır. Sumqayıt şəhəri, 14-cü məhəllə, 7 saylı yataqxana, otaq 55-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 16 may 2023-cü il tarixdə Vasif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Vasif adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə ŞPİ-ninCAŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 15:05 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nə gətirmişlər. ŞPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra ŞPİ-nin X2 ekspert kriminalisti X4 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni çıxararaq “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirərək, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və tutulduğu gün Bakı şəhərində onunla birlikdə dispanserdə müalicə olunan üzlə tanıdığı, lakin adını bilmədiyi şəxsdən 11 (on bir) manat pul müqabilində əldə etdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmişdir. Vasif Metiyevdən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılarq möhürlənmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra X6 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim edir və sonuncu həmin bildirişlə tanış olur. X6 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin çıxarıb “kakos” olduğunu bildirir. X6 kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirir. Təhqiqatçı həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Bakı şəhərində onunla xəstəxanada müalicə alan üzlə tanıdığı, lakin adını bilmədiyi şəxsdən 11 (on bir) manat pul müqabilində əldə etdiyini və özü istfadə edərək ağrılarını kəsmək üçün əldə etdiyini bildirmişdir. X8 hansı müdət ərzində narkotik vasitə qəbul etməsini soruşduqda sonuncu təxminən 10 ildir narkotik vasitə qəbul etdiyini bildirdi. X6 Təqsirləndirilən şəxs üzərində başqa hansısa qanunla qadağan edilmiş əşya olub-olmamasını soruşduqda sonuncu üzərində hər hansı qanunla qadağan edilmiş əşya olmadığını bildirir. X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də hər hansı əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilmir. X11 Mehtiyevdən aşkar edilmiş bükümə baxış keçirən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilir. Daha sonra həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilir və çəkisinin 1,04 qram olması müəyyən edilir. Daha sonra aşkar edilərək götürülmüş həmin kütlə təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq DİNnin 124 saylı möhürü ilə möhürlənib götürülür. Zərfin üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi Ruslan Mustafazadə tərəfindən imzalanır. X6 iştirakçılardan aşkar edilərək götürülmüş kütlənin qablaşdırılmasma etiraz olubolmadığını soruşur. İştirakçılar heç bir etirazları olmadığını bildirir. Vəkil Ruslan Mustafazadə üzərindən aşkar edilmiş narkotik vasitənin kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin vasitənin özünə məxsus olduğunu bildirir. Vəkil Ruslan Mustafazadə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və döyülmə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs hər hansı bir təzyiq və ya döyülmə faktı olmadığını bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli, 6/2839 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,685 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,685 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,635 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 31 may 2023-cü il tarixli, 3360 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,685 qram narkotik vasitə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,635 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 731 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5). İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətlərindən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qutardığı üçün Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin X1 daxil olan 19 iyun 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi şəxsi və ya mənbənin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halları və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,685 qram narkotik vasitə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,635 qram heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 55.00 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,635 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 55.00 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar