Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-343/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 5/17A, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumilikdə 0,846 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 05.02.2021-ci il tarixdə saat 16:58-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi Kapitalbank Arenanın qarşısında ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli kiçik sellofan torbada 01 ədə içərisində 0,454 qram çəkidə və 01 ədəd içərisində 00,392 qram çəkidə sellofan bükümlərdə ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ümumilikdə 0,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xeyli müddətdir ki, səhhətində ağrılar olduğundan narkotik tərkibli maddələr qəbul edir. 05.02.2021-ci il tarixdə, saat 16:56-da Sumqayıt şəhəri, S. Vurğun küçəsi “Kapital Arenanın” qarşısından keçərkən iki nəfər polis geyimində, üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitənin qanunsuz əldə etməkdə və gəzdirmədə şübhəli olduğunu bildirmişlər. Bundan sonra ona hüququ və vəzifələri barədə bildiriş təqdim olunmuş və bildirişlə tanış olmuş, daha sonra şübhəli şəxs kimi saxlanıldığı və üzərində şəxsi axtarış keçiriləcəyi, lakin saxlanıldığı yerdə şərait olamdığını və ona görə də PB-nə getməyin vacib olduğu izah edilmiş, buna etiraz etməmiş onlarla birlikdə PB-nə getmiş, PB-nə çatana kimi video çəkiliş dayandırlmmış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə polis əməkdaşları ilə birlikdə gəlmişlər. Bölmədə ona üzərində qanunsuz olan saxlaya biləcəyi əşya olub-olmadığı sual verilən zaman sol cibində saxladığı kiçik şəffaf rəngli sellofan torbada içərisində olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli kristal maddəni və 5 ədəd ağ rəngli üzəri göy zolaqlı kağız bükümdə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində tanımadığı şəxsdən ümumilikdə 40 manata məbləğə almışdır. Həmin maddəni və marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra sənədləşmə aparılmış, protokol tərtib olunmuş, protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Özü hər gün istifadə etdiyi üçün narkotik vasitə olan «marixuananı» bükümlərə ayırmış və yarısını həmin vaxt artıq istifadə etmişdir, həmin narkotik vasitələrdən heç kimə satmamış və ya hədiyyə verməmişdir. 05.02.2021-ci il tarixdə üzərində aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddələrdən başqa heç bir yerdə gizli saxlamamışdır. Törətdiyi əməldən peşmandır, xahiş edir barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2019-cu il tarixdən Sumqayıt ŞPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, 05.02.2021-ci il tarixdə "Həsrət " adlı şəxsin narkotik vasitələri daşınması, saxlanması və istifadə edilməsi barəsində CAŞ-nə məlumat daxil olmuşdur. Ona görə də, "Həsrət" adlı şəxsin müəyyən edilməsi üçün tərəfindən 05.02.2021-ci il tarixdə "əməliyyat axtarış tədbirlərinin keçirləməsinə dair " qərar qəbul edilmişdir. 05.02.2021-ci il tarixdə Həsrət adlı şəxs Sumqayıt şəhəri "Kapital arena" adlı ərazidə saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3ylə Sumqayıt ŞPİ-nin 4-cü PBnə gətirilmişdir. Həsrət özü üzərində narkotik vasitə olduğunu demişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatıçısı, Kənan Hacıyev orada ona hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin onun üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli kiçik sellofan torbanın içərsindən iki ədəd bükümdə olan şəffaf rəngli sellofan bükümdə narkotik maddəyə bənzər ağ rəngli kristal maddəni və 5 ədəd ağ rəngli üzəri göy zolqalı kağız bükümün içərsindən yaşıl kütləni təqdim etmiş həmin paketdə nə olduğunu soruşarkən isə saxlanılmış şəxsin həmin bükülülərin 5 ədədin içində yaşıl rəngli narkotik vasitə olan marixuana olduğunu və digər isə bir ədəd bükülüdə ağ rəngdə olan kütləni "şüşə" olduğunu, 05.02.2021-ci il tarixdə səhər saatlarında "Binəqədi" rayonu Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata aldığını demiş və şəxsi istifadəsi üçün üzərində saxladığını, eləcə də üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərində aşkar edilmiş narkotik vasitə olan marixuanaya yaşıl rəngli kütlə elektron tərəzidə çəkilmiş, daha sonra narkotik vasitə olan marixuanaya oxşar kütlə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiklərini təsdiq etdi. İstintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 də Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli kiçik sellofan torbada 01 ədə içərisində 0,454 qram çəkidə və 01 ədəd içərisində 00,392 qram çəkidə sellofan bükümlərdə ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ümumilikdə 0,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələri təqdim etmiş, ona məxsus olduğunu söyləmiş, onları 05.02.2021-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən ümumilikdə 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i. v 25-26) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7/157 saylı 06.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs.....5 ədəd kağız bükümün içərisində..." yazıları və imzalar olan kağız paketdəki 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,299 qram, 0,329 qram, 0,278 qram, 0,299 qram, 0,277 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1,482 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər.(i.v 36) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/533 saylı 06.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün nömrə 128" dairəvi möhür əksi, "Vətəndaş Təqsirləndirilən şəxs şəxsi ....." sözləri və imzalar qeyd edilmiş kağız zərfdə olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,454 qram, 0,392 qram ümumi təmiz çəkisi 0,846 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir.(i.v 40-41) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-49/2021 saylı, 07.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 05.05.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.(i.v 71-72) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 16.02.2021-ci il tarili tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(i.v 77- 78, 102-106) İş materiallarında olan "Maddi sübut kimi tanıma haqqında" 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd sellofan torbada içərisində ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,382 qram narkotik vasitə-marixuana və 0,766 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 89) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 10.02.2021-ci il tarixli 489 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 03.2020-ci il tarixdən "narkomaniya" diaqnozu ilə qeydiyyatdadır.(i.v 91) İş materiallarında olan məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması təsdiq edilmişdir.(i.v 99-100) İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Cavadovun 18.04.2021-ci il tarixli, 1248 saylı məktubundan görünür ki, 14.02.2020-ci il tarixdə Azərbaycan Respublikası C-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 10 ay 17 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 01 ay 09 gün təşkil edir.(i.v 101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11.03.2021-ci il tarixli 748 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop madə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 107-108) İş materallarında olan 1 saylı MKS-nin 14.04.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 110) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 07.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana Sumqayıt ŞPİ-nin 4-cü PB-də elektron tərəzidə çəkilən miqdarla məhkəmə-kiyəvi ekspertizası keçirilərkən tərəzidə çəkilən miqdarı arasındakı fərq, tərəzi fərqi kimi qiymətləndirilmiş və məhkəmə-kimyəvi ekspertizası keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə iki ədəd bükümdə psixotrop maddənin 0,846 qram çəkisi əsas götürülmüşdür. Cinayət işi üzrə içərisində "0074" adlı 05.02.2021-ci ildə çəkilmiş, 984366 kb həcmində fayl olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmışdır.(i.v 118-122) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,382 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 01 (bir) il 01 (bir) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası 06 ay 19 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,382 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-343/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-343/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver