Məhkəmə qərarları › İş №1(060)-343/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-343/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-343/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret qutusuna yerləşdirilmiş 01 ədəd kağız bükümdə təmiz çəkisi -0,441 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 17 yanvar 2022-ci il tarixdə saat 00:10 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında piyada hərəkətdə olduğu zaman saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olub qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitələrdən təxminən 2-3 ildir ki istifadə etmişdir. Narkotik vasitələri Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. 16 yanvar 2022-ci il tarixdə saat 23 radələrində şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşmış, həmin şəxsdən ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılığa əsasən həmin şəxsdən 10 manata şəxsi istifadəsi üçün 01 ədəd kağız bükümdə narkotik vasitə heroin almışdır. Əldə etdiyi narkotik vasitəni üzərindəki 01 ədəd siqaret qutusuna yerləşdirib əynindəki gödəkcənin sağ yan cibinə qoymuş və həmin şəxsdən uzaqlaşmışdır. Evə getməyərək əldə etdiyi narkotik vasitə heroini sakit bir yerdə istifadə etmək üçün 17 yanvar 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarsısı ilə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər, o, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmiş, polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkcənin sağ yan cibində 01 ədəd siqaret qutusunun içində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki gödəkcənin sağ yan cibində 01 ədəd siqaret qutusuna yerləşdirilmiş halda saxladığı 01 ədəd kağızı bükümü təqdim edib, həmin bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 01 ədəd kağız bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 0,98 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Ona daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdi. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 17 yanvar 2022-ci il tarixdə, saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş Təqsirləndirilən şəxs də əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusu və alışqan təqdim etmişdir. Təhqiqatçı tərəfindən siqaret qutusunun içinə baxdıqda orada çoxsaylı siqaret dənələri və 01 ədəd kağız büküm olduğu müəyyən edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0,98 qram olmuşdur. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış, götürülməmişdir. Təqdim olunmuş 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu siqaret dənələri ilə birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 16 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdı. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X5 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 18.01.2022-ci il tarixli diskə baxış küçirilməsi haqqında protokoldan görünür ki, 17 yanvar 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında saxlanılmış Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Rəşad Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan çıxardaraq təqdim etmiş, 01 ədəd siqaret qutusuna baxdıqda siqaret qutusunun içində siqaret dənələri və 01 ədəd kağız büküm olmuş, həmin bükümün içində “kakos” olduğunu Təqsirləndirilən şəxs demiş, bükümün içinə baxdıqda həmin kütlənin, yəni narkotik vasitə heroinin təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, kütlənin bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,98 qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ona məxsus olduğunu, 16.01.2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmadığını bildirmiş, daha sonra üzərindən aşkar olunmuş 01 ədəd alışqanın və siqaret dənələri ilə birlikdə 01 ədəd siqaret qutusunun Təqsirləndirilən şəxs qaytarıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 6/286 saylı saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -0,441 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-0,441 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,391 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2022-ci il tarixli 403 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-16.03.2017-ci il təvəllüdlü X4 və 14.08.2014-cü il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 18.01.2022-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,391 qram qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2022-ci il tarixli (iş № 1(060)-343/2022) qərarını icra edərək, 09 mart 2022-ci il tarixli 430/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,391 qram qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar