Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-346/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 17-ci mikroraon ev 32 mənzil 3-də qeydiyyatda olan, Abşeron rayonu Üzümçülük massivi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,352 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:15-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Əhməd» kafesinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 6,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:15-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Əhməd» kafesinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, o da özünü təqdim etmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını deyib, ona üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə həmin bölməyə getmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxardıb onlara təqdim etmiş, ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata almışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Narkotik vasitəni aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 30 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni özü istifadə edəcəkdi, narkotik vasitəni almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. O hüquqlarını bilir, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 23:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Əhməd” kafesinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Elşad Məmmədov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Səadət Vəliyevanı təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanın təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşduqda, o həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkar edilmiş 01 ədəd cib dəsmalı, 01 ədəd açar, 02 ədəd siqaret qutusu, 01 ədəd tibbi maska və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan mariuxana tərəzidə çəkilərək, qablaşdırılmışdır. Daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri polis serjantı Şahid3 də Şahid1 ifadəsinə oxşar ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış və götürmə barədə" və “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 23:15-də Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Əhməd” kafesinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Elşad Məmmədov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Səadət Vəliyevanı təqdim edir, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxardıb təqdim edir. Ondan həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkar edilmiş 01 ədəd cib dəsmalı, 01 ədəd açar, 02 ədəd siqaret qutusu, 01 ədəd tibbi maska və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır.Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan mariuxana tərəzidə çəkilərək, qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/52 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,352 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 447 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 6,302 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in xx.xx.2022-ci il tarixli, 350-2268İ-3222 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 11 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,302 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 6,302 qram çəkidə narkotik vasitə marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə tutulmuş, 20 yanvar 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 6,302 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-346/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-346/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver