Məhkəmə qərarları › İş №1(060)-347/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-347/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-347/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1995-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx.xx.1997-ci ildə Gədəbəy rayonu, Göyəlli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışları X7, X3, X10, X9, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məsələni aydınlaşdırması səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi taxta parçası ilə Zərərçəkmiş şəxs1 sağ əlinin üstünə bir neçə dəfə vuraraq sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematomasından ibarət xəsarətlər yetirib sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları X7, X3, X10, X9 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrindlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məsələni aydınlaşdırması səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zavodun giriş qapısının yanında Zərərçəkmiş şəxs2 ayağının sağ tərəfinə iki dəfə təpiklə vuraraq, sonuncuya sağ dizin çapıq toxumaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X7, X11, X2, onun qardaşı X3, X10, X9, Təqsirləndirilən şəxs2 tanıyır, onlar Xəzri yaşayış massivində yaşayırlar. O, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ətrafından metal yığaraq aparıb satıb çörək pulu edir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o Ceyhun Hüseynquliyev, Qardaşxan Ağayev ilə birlikdə zavodun ətrafında metal yığarkən zavodun ərazisindən kimsə ona tərəf daş atıb, ana söyüşü söyərək nalayiq ifadə işlətmişdir. Qardaşxan da həmin şəxsi söymüşdür. Həmin vaxt sonradan adının İlham kimi bildiyi şəxs hasara yaxınlaşıb «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Qardaşxan başını hasarın arasından çıxarıb baxmışdır ki, həmin İlham adlı şəxsin yanında adını sonradan bildiyi Elnur adlı şəxs və daha bir neçə nəfər də var. Onlar çox olduğuna görə çıxıb oradan getmişlər. Daha sonra onlar Qardaşxanla birlikdə qərara almışlar ki, sözügedən zavoda gedib həmin şəxslərlə məsələni aydınlaşdırsınlar. Bu məqsədlə 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrində o Qardaşxan, Ceyhun, onun qardaşı Cavidan, Nicat, Xəyal, Peyman Həşimov, Təqsirləndirilən şəxs2 və digər tanımadığı şəxslərlə birlikdə "xxxx" ASC-yə getmişlər. Onlar Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə gəlib zavodun arxa tərəfindən hasarı aşıb zavodun ərazisinə keçmişlər. Zavodun ərazisinə keçərkən o yerdən taxta parçası götürmüş, digərlərinin isə əllərinə nəsə götürüb-götürmədiklərini, əllərində nəsə olub-olmadıqlarını görməmişdir. Həmin vaxt görmüşdür ki, zavodun ərazisində olan adını sonradan bildiyi Elnur və onun yanında olan İlham adlı şəxslər onları görüb üzərlərinə gəlmiş, onlar da onların üstünə getmişlər. Həmin vaxt Ceyhun Hüseynquliyev qaçaraq tullanıb təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 dəfə vurmuş, Elnur da yerə yıxılmışdır. Daha sonra Nicat Muxtarov və X14 yerdə olarkən onun sifət nahiyəsinə təpiklə vurmuşlar. Elnur yerdə olarkən üzünü əlləri ilə müdafiə edərkən, o əlindəki taxta parçası ilə onun sağ əlinin üstünə bir neçə dəfə vurmuşdur. Daha sonra Elnurun yanında olan İlham adlı şəxsin zavodun çıxışına tərəf qaçdığını görmüşdür. Həmin vaxt Qardaşxan Ağayev da onun arxasınca qaçaraq zavodun giriş qapısına tərəf getmiş və onlar da onun arxasınca qaçmışlar. O zavodun giriş qapısından çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs2 darvazadan bir qədər aralıda yerə yıxılmış vəziyyətdədir, Nicat Muxtarov onu təpiklə bir dəfə vurub uzaqlaşmış, Zərərçəkmiş şəxs2 yerdə uzanlıqlı vəziyyətdən durub yerdə oturmuşdur. Daha sonra Ceyhun İlhama yaxınlaşıb təpiklə ayağının sağ tərəfindən bir dəfə vurduqdan sonra ondan aralaşmış, Peyman da İlhama yaxınlaşıb sol əli ilə İlhama yumruq zərbəsi endirmiş, Mobil özü də İlhama yaxınlaşıb 2 dəfə təpik zərbəsi ilə onun ayağının sağ tərəfinə vurmuşdur. Yanında olan başqa tanımadığı şəxslərdə İlhamı vurmuşlar. Cavidan və Xəyalın İlhamı vurduğunu görməmişdir. Həmin vaxt kimsə qışqırmışdır ki, polis gəlir, o da digər uşaqlarla birlikdə İlhamdan ayrılaraq yenidən zavodun ərazisinə daxil olub arxa tərəfdən qaçıb getmişlər. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X7, X11, X2, onun qardaşı X3, X10, X5 tanıyır. Onlar onun yaşadığı Xəzri yaşayış massivində yaşayırlar, qonşudurlar. 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən dükana tərəf getmişdir. Həmin vaxt görmüşdür ki, tanışları X7, X2, onun qardaşı X3, X10, X11, X9, Təqsirləndirilən şəxs1 və başqa tanımadığı şəxslər yoldan keçirlər. O görmüşdür ki, onlar əsəbidirlər. Həmin vaxt Qardaşxandan hara getdiklərini soruşduqda, hamısı demişlər ki, "xxxx" ASC-yə dalaşmağa gedirlər. O onlardan nə baş verdiyini soruşduqda, Qardaşxan və Ceyhun ona demişlər ki, bir az əvvəl "xxxx" ASC-nin ərazisindən metal yığarkən orada kimsə onları görüb ana söyüşü söymüş, bu səbəbdən onlarla dalaşmağa gedirlər. O da başqa heç nə soruşmamış, onlara qoşulub getmişdir. Onlar Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə gəlib zavodun arxa tərəfindən hasarı aşıb zavodun ərazisinə keçmişlər. Təqsirləndirilən şəxs1 onun yanında olduğu üçün zavodun ərazisinə keçərkən yerdən taxta parçası götürdüyünü görmüşdür. Digərlərinin isə əllərinə nəsə götürübgötürmədiklərini, əllərində nəsə olub-olmadıqlarını görməmişdir. Onun özünün isə əlimdə heç nə yox idi. Həmin vaxt görmüşdür ki, zavodun ərazisində olan adını sonradan bildiyi Elnur və onun yanında olan İlham adlı şəxslər onları görüb üzərlərinə gəlir. Onlar da onların üstünə getmişlər. Həmin vaxt Ceyhun Hüseynquliyev qaçaraq tullanıb təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 dəfə vurmuş, Elnur da yerə yıxılmışdır. Elnur yerdə olarkən üzünü əlləri ilə müdafiə edərkən Təqsirləndirilən şəxs1 taxta parçası ilə onun sağ əlinin üstünə bir neçə dəfə vurmuşdur. Daha sonra Elnurun yanında olan İlham adlı şəxsin zavodun çıxışına tərəf qaçdığını görmüşdür. Həmin vaxt Qardaşxan Ağayev da onun arxasınca qaçaraq zavodun giriş qapısına tərəf getmiş və onlar da onun arxasıyca qaçmışlar. O zavodun giriş qapısından çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs2 darvazadan bir qədər aralıda yerə yıxılmış vəziyyətdədir. O özü İlhama yaxınlaşıb 2 dəfə təpik zərbəsi ilə onun ayağının sağ tərəfinə vurmuşdur. Yanında olan uşaqlarda İlhamı vurmuşlar. Lakin kimin İlhamı vurduğunu dəqiq xatırlamamışdır. Cavidan və Xəyalın İlhamı vurduğunu isə görməmişdir. Həmin vaxt kimsə qışqırmışdır ki, polis gəlir, o da digər uşaqlarla birlikdə İlhamdan ayrılaraq yenidən zavodun ərazisinə daxil olub arxa tərəfdən qaçıb getmişlər. O hadisə vaxtı Elnuru vurmamış, döyməmiş, heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən peşman olduğunu, zərəçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2020-ci ilin fevral ayından halhazıradək Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Onların MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmayə yatırdığı üçün o 04.05.2020-ci il tarixdən hal-hazıradək həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirdir. Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o ASC-nin ərazisində olarkən Şahid1 tərəfindən ona məlumat gəlmişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. O ondan harada olduğunu soruşmuş, Rövşən də ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə Rövşənin dediyi yerə getmişlər. Həmin gün qohumu Zərərçəkmiş şəxs2 elə-belə onunla görüşmək üçün yanına gəlmişdir, o həmin ASC-də işləmir. O Zərərçəkmiş şəxs2lə birlikdə Rövşənin yanına tərəf getdikdə, görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb, o tərəfdən onlara tərəfə daş atırlar. O Rövşənə «uşaqdılar onlara baş qoşmayın» sözünü demişdir. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt o görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. O da onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin giriş qapısından çıxıb Sumqayıt şəhəri 2-ci PB-nin yanında yerləşən "xxxx" çörək bişirilən sexə getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. O da İlham, Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb söhbət etmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt o, onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. O da özünü müdafiə edərək onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyi Cavid və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan ad və soyadını bildiyi X7 cibindən bıçaq çıxardaraq İlhamın arxasınca qaçmışdır. Hamı onu vurduqdan sonra onun yanından aralanıb İlhamın arxasınca qaçmışlar. O yerdən ayağa qalxmışdır. O ayağa qalxanda görmüşdür ki, yanında olan həmin şəxslərdən qalan bir nəfər şəxs də İlhamın arxasınca qaçmaq istəyərkən onu tutub saxlamış və onlar əlbə-yaxa olmuşlar, o onun ayaq nahiyəsinə təpiklə vurmuş, yerdən əyilib daş götürmək istəyəndə daş əlinə keçməmiş, ona atdığı yumruq, təpiklər ona dəyməmişdir. O da yerdən qalxıb qaçıb getmişdir. O da onların arxasınca qaçaraq ASC-nin ərazisindən çölə çıxmışdır. Həmin vaxt o görmüşdür ki, Qardaşxan əlində bıçaqla İlhama tərəf gedib ona fənd işlətmiş, İlham üzü üstə yerə yıxılmışdır. İlham yerdə olarkən bel üstə çevriləndə onu döyən şəxslər bu dəfə onun üstünə hücum çəkib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, taxta parçası, dəmir alətlə, dəmir zəncirlə baş nahiyələrinə vurmuşlar. Orada kimsə Qardaşxana demişdir ki, bıçaqla İlhamı vurmasın. O da vurmamışdır. İlhamı döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Hadisə vaxtı baş nahiyəsindən, sağ əlinin üstündən, sifətinin sağ tərəfindən xəsarət almışdır. Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncuların barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmaya yatırdığı üçün qohumu Elnur həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirmiş, Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. O da arada-bir onun iş yerinə gedib-gəlir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o Zərərçəkmiş şəxs1 iş yerində olarkən Şahid1 tərəfindən Zərərçəkmiş şəxs1 məlumat gəlmişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. Elnur ondan harada olduğunu soruşmuş, o da ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O qohumu Zərərçəkmiş şəxs1la birlikdə Rövşənin dediyi yerə getmişlər. O Zərərçəkmiş şəxs1la birlikdə Rövşənin yanına tərəf getdikdə görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb o tərəfdən onlar tərəfə daş atırlar. Elnur Rövşənə demişdir ki, uşaqdılar onlara baş qoşmasın. Həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb onlara baxmışdır. O onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra Elnur onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin ərazisindən çıxıb getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. Elnur onların yanına gəlmiş və o, Elnur Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb xeylaq söhbət etmişlər. Saat 14:30 radələri olardı onlar orada olarkən görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O Elnurla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt Elnur onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuş, o da onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyim Cavidan və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onu baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan həmin şəxslər Elnurun üzərindən aralaşaraq onun üstünə hücum etməyə başlamışlar, o qaçaraq zavodun giriş qapısına tərəf getmişdir. Qardaşxan adlı şəxs cibindən bıçaq çıxardaraq onun arxasınca qaçmışdır. Qardaşxan ona çataraq ona arxadan ayağından fənd işlətmiş, o da üzü üstə yerə yıxılmışdır. Daha sonra o bel üstə çevrilmiş və Qardaşxan və onun yanında olan şəxslər ona yaxınlaşaraq yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə, baş nahiyəsinə taxta və dəmir parçası ilə vurmuşlar. O iki əlini üzünə tutduğundan konkret olaraq baş nahiyəsinə kimin vurduğunu görə bilməmişdir. Həmin vaxt görmüşdür ki, Qardaşxan əlində bıçaqla onu vurmaq istədikdə, orada kimsə Qardaşxana bıçaqla onu vurmamasını dediyi üçün, o da onu bıçaqla vurmamışdır. Onu döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncular barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin idarə heyətinin üzvüdür. 26.10.2020-ci il tarixdə saat 13 radələrində zavodun ərazisində yerləşən yarımsitansiya ərazisində olarkən görmüşdür ki, 3 nəfər tanımadığı şəxs zavodun ərazisinə daxil olub ərazidən metal yığırlar. O onlara yaxzınlaşıb burada nə etdiklərini soruşmuşdur. Onlar da ona «müəllim olmazki özümüz üçün işləyirik» sözünü demiş, o da ona «olmaz bura zavodun ərazisidir, qeyri-qanuni daxil olmusunuz» cavabını vermişdir. Daha sonra onları kənarlaşdıran vaxt ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirən Zərərçəkmiş şəxs1 zəng edib həmin şəxslər barədə məlumat verib yanına dəvət etmişdir. Zərərçəkmiş şəxs1 gələnə kimi onlar zavod ərazisindən çıxmışlar, lakin zavodun darvazasının çöl hissədən arxasında dayanmışlar. Bir neçə dəqiqədən sonra Elnur qohumu Zərərçəkmiş şəxs2lə birlikdə yanına gəlmişlər. Elnur ondan onların harada olduğunu soruşmuş, o da ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. Həmin şəxslər hasarın o tərəfindən onlara tərəf daşa atmağa başlamışlar. O bir az kənara çəkilib dayanmışdır. Həmin vaxt Elnur ona «uşaqdılar onlara baş qoşmayım» sözünü demişdir. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyim Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra onlar ASC-nin giriş qapısına tərəf getmişlər. O İlham, Elnurla birlikdə ASC-nin giriş qapısının yanında dayanıb söhbət etmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. Elnur İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onun belində zədə olduğu üçün onlardan ayrılıb zavodun idarəetmə binasındakı otağına getmişdir, çünki başa düşmüşdür burada dava olacaq, onun da beli ağrıyır, davaya o da girişsə zədə ala bilir. Bir neçə dəqiqədən sonra o, hadisə yerinə qayıtdıqdan görmüşdür ki, ara sakitləşib, Elnurla İlhamın üst başları isə tozun içindədir. Onlardan nə baş verdiyini soruşduqda demişlər ki, bir az əvvəl zavoda daxil olan şəxslərlə aralarında dava-dalaş olmuş, həmin şəxslər onları döymüşlər. Daha sonra hadisə barədə polisə müraciət olunmuşdur. Hadisə vaxtı və ondan əvvəl, yəni saat 13 radələrində onu heç kim döyməmiş və döymək istəməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayından Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-də söküntü işlərində fəhlə işləmişdir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində uşaqlarlarla nahar edən vaxt 3 nəfər tanımadığı şəxs zavodun ərazisinə daxil olub ərazidən metal oğurlamaq istəyən zaman ASC-nin idarə heyətinin üzvü Şahid1 onları görüb zənd edib Zərərçəkmiş şəxs1 məlumat vermişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamış, həmin şəxslər onu döymək istəyirlər. Elnur ondan onların harada olduğunu soruşmuş, o da ona demişdir ki, ASC-nin arxa qapısı tərəfdədir. Daha sonra Elnur qohumu Zərərçəkmiş şəxs2lə birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt onlar görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb o tərəfdən onlar tərəfə daş atırlar. Elnur demişdir ki, uşaqdılar onlara baş qoşmasınlar. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona « gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra onlar ASC-nin giriş qapısına tərəf getmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. Elnur İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt Elnur onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü Elnurun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Elnur da özünü müdafiə edərək onu təpiklə vurmuş, onlar əlbə-yaxa olmuşlar. Daha sonra hamısı Elnurun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələrinə yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan ad və soyadını bildiyi X7 cibindən bıçaq çıxardaraq İlhamın arxasınca qaçmışdır. Hamı Elnuru vurduqdan sonra onun yanından aralanıb İlhamın arxasınca qaçmışlar. Elnur yerdən ayağa qalxmışdır. O ayağa qalxanda görmüşdür ki, onun yanında olan həmin şəxslərdən qalan bir nəfər şəxs də İlhamın arxasınca qaçmaq istəyərkən Elnur onu tutub saxlamış və onlar əlbə-yaxa olmuşlar, Elnur onun ayaq nahiyəsinə təpiklə vurmuş, o da yerdən əyilib daş götürmək istəyəndə daş əlinə keçməmiş, ona atdığı yumruq, təpiklər ona dəyməmişdir. O da yerdən qalxıb qaçıb getmişdir. Elnur da onun arxasınca qaçaraq ASC-nin ərazisindən çölə çıxmışdır. Onlar da çölə çıxmışlar. Həmin vaxt o görmüşdür ki, Qardaşxan əlində bıçaqla İlhama tərəf gedib ona fənd işlətmiş, İlham üzü üstə yerə yıxılmışdır. İlham yerdə olarkən bel üstə çevriləndə Elnuru döyən şəxslər bu dəfə onun üstünə hücum çəkib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, taxta parçası, dəmir alətlə, dəmir zəncirlə baş nahiyələrinə vurmuşlar. Orada kimsə Qardaşxana demişdir ki, bıçaqla İlhamı vurmasın. O da vurmamışdır. İlhamı döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1339 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması, sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla, 26.10.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə - sağ əlin arxa səthinin İİ-İİİ- İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni, sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 13.11.2020-ci il tarixli, 1416 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ dirsəyin və sağ dizin çapıq toxumalarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş video görüntülərdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 "xxxx" ASC-nin ərazisində dayanıblar. Həmin vaxt onların qarşısına zavodun arxa giriş tərəfindən zavodun ərazisinə daxil olan X7, X10, X3, onun qardaşı X2, X11, X9, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və istintaqla şəxsiyyəti araşdırılan digər şəxslər gəlir. Zərərçəkmiş şəxs1 bir qədər onlar tərəfə gedərək dayanır. Həmin vaxt Ceyhun Hüseynquliyev qaçaraq tullanıb təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 dəfə vurur. Elnur yerə yıxılır. Daha sonra Nicat Muxtarov və X14 yerdə olarkən onun sifət nahiyəsinə təpiklə vururlar. Elnur yerdə olarkən üzünü əlləri ilə müdafiə edərkən şəxsiyyəti istintaqla araşdırılan əynində qırmızı köynək, göy şalvar, başında qara kepka olan və əlində taxta parçası olan şəxs isə taxta parçası ilə onun sağ əlinin üstünə bir neçə dəfə vurur. Şəxsiyyəti istintaqla araşdırılan digər dəri qara gödəkçəli, qara şalvarlı, boz köynəkli, üzü saqqallı şəxs isə Elnuru təpiklə vurur. Cavidan Hüseynquliyevin əlində taxta parçası olsa da, Xəyal Həsənli ilə birlikdə heç kimi vurmur, əksinə dalaşanları ayırır. Qardaşxan Ağayev üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 üstünə getdiyindən, Zərərçəkmiş şəxs2 qaçaraq zavodun giriş qapısına tərəf gedir və digər şəxslər onların arxasıyca qaçır. Zərərçəkmiş şəxs2 zavodun giriş qapısının darvazasından bir qədər aralıda yerə yıxılmış vəziyyətdədir və Nicat Muxtarov onu təpiklə bir dəfə vurub ondan uzaqlaşır. Zərərçəkmiş şəxs2 yerdə uzanlıqlı vəziyyətdən durub yerdə oturur. Daha sonra Ceyhun və Cavidan Zərərçəkmiş şəxs2 yaxınlaşır, Zərərçəkmiş şəxs2 yenidən yerə uzanır. Ceyhun İlhamı təpiklə ayağının sağ tərəfindən bir dəfə vurduqdan sonra ondan aralaşır. Cavidan isə İlhamı vurmadan dayanır. Daha sonra Peyman yaxınlaşır sol əli ilə İlhama yumruq zərbəsi endirir. Şəxsiyyəti istintaqla araşdırılan qara vodolazka, açıq qara rəngli şalvarlı üzü tüklü oğlan 2 dəfə təpik zərbəsi ilə İlhamın ayağının sağ tərəfinə vurur. İlhamı vuran şəxslər onu vurduqdan sonra yenidən zavodun ərazisinə daxil olur. Videogörüntüdə Cavidan və şəxsiyyəti istintaqla araşdırılan şəxsin əlində taxcta parçasının, Qardaşxanın əlində isə bıçağın olması görünür, başqa alət və əşyanın olması müəyyən edilmir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri onların özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar törətdikləri cinayətə görə cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələr təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını və onlara qarşı heç bir şikayətlərinin və ya tələblərinin olmadığını bildirdilər. Cinayət işinin materiallarında olan Sumqayıt ASAN xidmət mərkəzi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli arayışdan görtünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Sumqayıt ASAN xidmət mərkəzi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli arayışdan görtünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 30.03.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman üzərindəki Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun törətdiyi cinayətin ictimai təhlukəliliyini dərk etməklə islah yolunda olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onun cəzasını yüngülləşdirən halları, yəni törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, törətdiyi cinayət əməlinin xarakterini, onun ailə şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunması mümkündür. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini qanuni, ədalətli və şəxsiyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə 05.03.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin olunmamış və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş və ibtidai istintaq orqanı tərəfindən həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 həbsdə olduğu 01 (bir) gün müddət ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 və Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli (iş № 1(060)-347/2021) qərarını icra edərək, müvafiq olaraq 30.04.2021-ci il tarixli 440 və 441 saylı orderlərə əsasən vəkil Müdafiəçi2 və Müdafiəçi3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəkilləri təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 hər birinin göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar