Məhkəmə qərarları › İş №1(060)-347/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-347/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-347/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, tibb bacısı kimi fəaliyyət göstərən, məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən ünvanda ailə məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs ənsə nahiyyəsinin sol hissəsinin dərialtı hematoması, sol saidin arxa səthinin yuxari 1/3nin 3 (üç) ədəd, sol saidin aşağı 1/3-nin ön səthinin 2 (iki) ədəd, boyun sağ yan səthinin aşağı 1/3 sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan "YÜNGÜL" zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu il tarixdə həyat yoldaşı Ramil birinci həyat yoldaşının ona xəyanət etməsindən sonra onunla boşanmışdır. 2020-ci il tarixdə Ramil ilə o rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan 6 ay sonra Ramil “COVİD-19” xəstəliyinə yoluxduğundan vəfat etmişdir. 10.02.2022-ci il tarixdə məhkəmə icraçıların vasitəsi ilə Ramilin birinci həyar yodaşı Ülviyyə iki övladı ilə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən mənzilə köçürülmüşdür. Həmin mənzildə Ramilin anası Qalina qalır. O, Ramil ilə ailə həyatı qurduqdan sonra həmin mənzilə gəlin köçmüşdür. Qalina həmin evi satmaq istədiyinə görə öz əşlayarını evdən çıxartmışdı, daha sonra isə alqı-satqı omadığından 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində onlar əşlayarı qaytarmaq qərarına gəlmiş, bu zaman o Qalinaya kömək edib əşyalarını aparmaq istədiyində Ülviyyənin anası Şükufa Qalinanı evə buraxmış, ona isə kobud surətdə “sən kimsən evə girisən, çıx çölə” demişdir. Bu zaman ona Ramilin yoldaşı olduğunu desə də, sonuncu onu evdə əl zərbələri ilə boğazından, üzündən vurub itəliyərək çölə çıxartmağa çalışmış, bu zaman o evdən çıxmamışdır, Şükufa isə Ramilin və onun ünvanına nalayiq ifadələr işlədib üzərinə gəlmiş, bu zaman o əsəbiləşib Şükufanın əlindən vurub itələmiş, Şükufa isə öz müvazimətini saxlaya bilməyib divara dəymiş və yıxılmışdır. O şükufanı vurmamışdır, itələmişdir. Əksinə, Şükufa onu vurmuşdur. Bundan sonra Şükufa səs-küy salıb azyaşlı nəvələrindən polis çağırmalarını istəmişdir. O və Qalina isə heç bir şey etməyib ordan uzaqlaşmışlar. Cinayət əməli törətmədiyindən barəsindəki cinayət işi üzrə ona bəraət verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsindən görünür ki, qızı Ülviyyə ilə Ramil 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, onların birgə nikahlarından iki övladları dünyaya gəlmişdir, 2019-cu il tarixdə qızı ilə Ramil arasındakı nikah pozulmuş, Ramil 2020-ci il tarixdə Pərvanə adlı qadınla ailə həyatı qurmuş, sonra Ramil “COVİD-19” xəstəliyinə yoluxduğundan vəfat etmişdir.Uzun məhkəmə çəkişmələrindən sonra 10.02.2022-ci il tarixdə Ülviyyə iki övladı ilə birlikdə Ramil ilə nikah dövründə tikdirdikləri Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən mənzilə köçürülmüşdür.Həmin mənzildə Ramilin anası Qalina qalırdı, Qalina onlardan xəbərsiz evi satmış, evi alan adamlar Ülviyyənin həmin mənzilə köçürüldüyünü gördükdən sonra mənzili almaqdan imtina etmişlər. Ramilin anası Ülviyyənin orda qalmasını istəmir. Ülviyyə Bakı şəhərində xəstəxanada tibb bacısı kimi işlədiyi üçün qızı işdə olduğu zaman iki azyaşlı nəvəsinə o baxır. 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində qapı döyümüş, o qapının döyüldüyünü eşidən zaman nəvəsinə gedib qapını açmış, həmin zaman Pərvanə içəri keçib qapını niyə ev yiyəsinə açmadığını sorumuş, o isə cavabında açdığını bildirmişdir. Pərvanə onun üzərinə gələrək əşyalarını çıxartmalarını, onların o mənzildə yaşamaqlarına iman verməyəcəklərini deyərək, gözləmədiyi anda əl zərbələri ilə onun başından, qolundan, üzündən vurmuş, saçından yolaraq onu divara vurmuş, zərbənin təsirindən o yerə yıxılmışdır. Qalinanın Pərvanənin üzərinə qışqırmasından sonra Pərvanə ondan uzaqlaşmışr və Qalin ilə birlikdə çıxıb getmişlər. O, Pərvanəni vurmamışdır. Halhazırda isə təqsirləndirilən şəxlə barışmır, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, 2019-cu il tarixdə oğlu Ramil birinci həyat yoldaşı Ülviyyənin ona xəyanət etməsindən sonra onunla boşanmışdır. 2020-ci il tarixdə Ramil ikinci dəfə Pərıvanə ilə ailə həyatı qurmuş, bu nikahlarından 6 ay sonra isə Ramil “COVİD-19” xəstəliyinə yoluxduğundan vəfat etmişdir. 10.02.2022-ci il tarixdə məhkəmə icraçıların vasitəsi ilə Ramilin birinci həyar yoldaşı Ülviyyə iki övladı ilə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən mənzilə köçürülmüşdür. Həmin mənzildə o tək qalırdı. Həmçinin qeyd etmişdir ki, oğlu Pərbanə ilə ailə həyatı qurduqdan sonra o da həmin mənzilə gəlin köçmüşdür. O həmin evi satmaq istədiyinə görə öz əşyalarını evdən çıxartmış, daha sonra isə alqı-satqı olmadığından 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində gəlini Pərvanə ilə özünün əşyalarını qaytarmaq üçün evə qayıtmaq qərarına gəlmişlər, Pərvanə ilə birlikdə evə getdikdə Ülviyyənin anası Şükufa onu evə buraxmış, Pərvanəyə isə kobud surətdə “sən kimsən evə girisən, çıx çölə” demişdir. Pərvanə ona Ramilin yoldaşı olduğunu desə də, Şükufa onu evə buraxmayıb əli ilə itələyərək çölə çıxartmağa çalışmış, Şükufa isə Ramilin və onların ünvanına nalayiq ifadələr işlədib Pərvanənin üstünə gəldikdə Pərvanə əsəbiləşib əli ilə Şükufanın əlindən vurub itələmiş, bu zaman Şükufa müvazimətini saxlaya bilməmiş və yerə yıxılmışdır. Hadisə zamanı Şükufa Pərvanəyə sillə vurmuş və onun qulağından sırğası yerə düşmüşdür, Pərvanə isə Şükufanı vurmamışdır. Bundan sonra isə Şükufa səs-küy salıb azyaşlı nəvələrindən polis çağırmalarını istəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, Ramil ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, onların birgə nikahlarından iki övladları dünyaya gəlmişdir, 2019-cu il tarixdə aralarındakı rəsmi nikah pozulmuş, Ramil 2020-ci il tarixdə Pərvanə adlı qadınla ailə həyatı qurmuş, bu nikahlarından 6 ay sonra isə Ramil “COVİD-19” xəstəliyinə yoluxduğundan vəfat etmişdir. Ramil ilə ayrıldıqdan sonra o anası ilə yaşamışdır. Uzun məhkəmə çəkişmələrindən sonra 10.02.2022-ci il tarixdə onun iki övladı ilə birlikdə Ramil ilə nikah dövründə tikdirdikləri Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən mənzilə köçürülmüşdür. Həmin mənzildə Ramilin anası Qalina qalırdı, Qalina onlardan xəbərsiz evi satmış, evi alan adamlar onun həmin mənzilə köçürüldüyünü gördükdən sonra mənzili almaqdan imtina etmişlər. Onun Ramilin anasının orda qalmasına heç bir etiraz etməmişlər, lakin Ülviyyənin orda qalmasını istəməmişdir. O, Bakı şəhərində Diaqnostika Mərkəzində tibb bacısı kimi işlədiyi üçün işdə olduğu zaman iki azyaşlı övladına anası baxır. 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində anası ona zəng edərək Qalina və Pərvanənin evə gəldiklərini, Pərvanənin münaqişə yaradaraq əl zərbələri ilə onun başından, qolundan, üzündən vurmuş, saçından yolaraq onu divara vurmuş, zərbənin təsirindən o yerə yıxılmışdır. Bundan sonra isə o, 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.02.2022-ci il tarixli 237 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.02.2022-ci il tarixli 240 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol hissəsinin dərialtı hematoması, sol saidin arxa səthinin yuxari 1/3-nin 3 (üç) ədəd, sol saidin aşağı 1/3-nin ön səthinin 2 (iki) ədəd, boyun sağ yan səthinin aşağı 1/3 sıyrıqları aşakr edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 17.02.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, ekspert rəyi və materiallda digər sənədlərlə tam sübuta yetirilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi istinsa edildiyindən həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 13 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə edərək sonradan çəkişməsi, onu əli ilə itələməsi, lakin sonuncuya xəsarət yetirməməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin araşdırılan hallar və toplanmış sübutlarla uzlaşmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir.Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, cərimə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05.03.2022-ci il tarixli (iş № 1(060)-347/2022) qərarını icra edərək, 10.03.2022-ci il tarixli 439/2022 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Təqsirləndirilən şəxs onun hüquqlarının başqa müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyindən, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Sumqayıt şəhər Məhkəməsinin 11.03.2022-ci il tarixli (iş № 1(060)-347/2022) qərarını icra edərək, 15.03.2022-ci il tarixli 349 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar