Məhkəmə qərarları › İş №1(060)-348/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-348/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-348/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli hökmü dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs aldatma və etibarından sui-istifadə etməklə sonuncuya məxsus 2005-ci il istehsallı, AD №475459 saylı qeydiyyat şəhadətnaməsi olan “Audi A4” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilini 11500 (on bir min beş yüz) manat məbləğində dəyərləndirib və yeni avtomobil gətirməsi üçün əlavə olaraq 500 (beş yüz) manat yol pulu verəcəyi halda Zərərçəkmiş şəxs 5-6 gün ərzində Gürcüstan Respublikasından istehsal ili daha yeni olan “Hyundai Sonata” markalı avtomobil gətirəcəyinə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 21 noyabr 2020-ci il tarixdə 500 (beş yüz) manat pulunu və 23 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 13–cü mikrorayonda yerləşən Notariusun qarşısında 11500 (on bir min beş yüz) manat dəyərində olan “Audi A4” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilini alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 12000 (on iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Şahid vasitəsilə tanımış, beləki o, Rəşidlə 2018-2019-cu il tarixlərdə hərbi xidmətdə olmuş, xidmətdən gəldikdən sonra da onunla münasibəti davam edib, bir neçə dəfə də onların yaşadığı Siyəzən rayonuna qonaq getmişdir. 2020ci ilin təxminən noyabr ayında bir neçə yerə borcu olduğundan təcili surətdə həmin borcları bağlamaq məcburiyyətində olmuş, elə həmin ərəfələrdə Rəşidlə söhbət əsnasında Rəşid ona atasına məxsus 2005-ci il qara rəngli **-EF-*** dövlət qeydiyyat nişanlı “Audi 4” markalı avtomobilin artıq köhnəldiyini, dəyişmək istədiklərini demiş, o da Rəşidə özünün də avtomobil alqı-satqısı ilə məşğul olduğunu, istəyirsə həmin avtomobili götürüb satıb puluna Gürcüstandan “Hundai Sonata” markalı avtomobil gətirməyini söyləmişdir. Rəşid ona atası ilə məsləhətləşib xəbər edəcəyini demiş, o da həmin avtomobili alıb sataraq borclarını bağlamağı, bir az müddət qazanıb, sonra əlinə pul düşdükdə onlara maşın alacağını fikirləşmişdir. Sonra Rəşid ona atasıyla danışdığını, avtomobili neçəyə götürəcəyini soruşmuş, o da onlarla avtomobili 11500 (on bir min beş yüz) manata razılaşmışdır. O, onların ona tam inanmadıqlarını gördükdə onlara tam arxayın olmalarını, avtomobili satıb, 5-6 gün ərzində də yeni avtomobil gətirəcəyini demiş, onlara əlavə olaraq yol xərci kimi də 500 manat vermələrini bildirmiş, onlar da razılaşmışdır. Ona təcili 500 manat pul lazım olduğu üçün 21.11.2020-ci il tarixdə Şəmsiyə tanışı X3 məxsus kartı göndərərək 500 manat yol pulunu həmin karta göndərmələrini demiş, Şəmsi də ona onsuzda avtomobili şəhərə gətirəcəyini, həmin vaxtı yol pulunu da verməsini demiş, lakin ona yol pulunun indi lazım olduğunu deyərək israr etmiş, sonra o, dostuna məxsus karta 500 manat pulu vurmuş, o da həmin 500 manat pulu borcuna vermişdir. Sonra o, Şəmsiyə zəng edərək avtomobili Sumqayıt şəhərinə gətirmələrini söyləmiş, Şəmsi 23.11.2020-ci il tarixdə Sumqayıt şəhərinə gələrək onunla Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariusda görüşmüş Şəmsi ona avtomobillə bağlı baş etibarnamə vermişdir. O Şəmsiyə arxayın olmasını, 5-6 günə yeni avtomobili gətirəcəyini demişdir. O, Şəmsi ilə ayrıldıqdan sonra verəcəyi borclar olduğu üçün həmin avtomobili Bakı şəhərində əvvəlcədən tanımadığı, hazırda adını xatırlamadığı şəxsə baş etibarnamə verərək ondan 6000 manat pul götürmüş, bir aydan sonra həmin şəxsə 7500 manat verərək avtomobili götürməli olmuş, həmin 6000 manatdan verməli olduğu borcları vermiş və qalan pulu da xərcləmişdir. 5-6 gün keçdikdən sonra Şəmsi ona zəng edərək avtomobilin nə olduğunu, gəlmədiyini soruşduqda o, Şəmsiyə avtomobilin gəldiyini, hazırda “Meyvəli” bazarının yanında yerləşən Gömrük idarəsində olduğunu yalandan demişdir. Sonradan Şəmsiyə deyəcək sözü və bəhanəsi olmadığından onun telefonlarına cavab verməmiş, sonra da Şəmsi yenidən zəng etdikdə ona avtomobilin gəldiyini, gömrükdə problem çıxdığını, bir müddət gözləməyini demişdir. O, müddət qazanaraq bir aydan sonra pulu qaytararaq “Audi”ni götürməyi, ən pis ehtimalda Şəmsinin avtomobilini qaytarmağı fikirləşmiş, lakin bir aydan sonra pul tapa bilmədiyindən avtomobili geri ala bilməmiş, Şəmsi və oğlu Rəşid də ona mütamadi zəng edərək daha yeni avtomobili istəmədiklərini, ya pulu, ya da avtomobili qaytarmağı demişlər. O hər dəfə ayrı-ayrı bəhanələr demişdir. Sonradan Şəmsi ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs 500 manat pulu 21.11.2020-ci il tarixdə dostu X1 atmasını demiş və o da həmin karta göndərmiş, ona məxus **-EF-*** dövlət qeydiyyat nişanlı “Audi 4” markalı avtomobili isə 11500 manat pula razılaşmışlar və onunla 23.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariusda görüşmüşlər və Şəmsi ona baş etibarnamə verərək avtomobili də ona vermiş, yanlarında heç kəs olmamış, ondan avtomobili və 500 manat pulu almaqda məqsədi borclarını bağlamaq olmuşdur. Təqsirləndirilən şəxs oğlu hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərərdən məhkəmənin gedişatında 900 manat nağd və 100 manat isə zərərçəkmiş şəxsə məxsus karta yüklədiyini, qalq məbləği isə hazırda ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu Rəşid vasitəsilə tanımışdır. X4 Ümid birlikdə hərbi xidmətdə olublar. Xidmətdən sonra oğlu ilə Ümidin münasibətləri davam edib, bir neçə dəfə Ümid onlara qonaq gəlmişdir. Ümid oğluna dəqiq harda işlədiyini deməmiş, gündə bir yerdə işlədiyini söyləmişdir. Sonuncu dəfə oğlu ona Ümidin avtomobil alqı-satqısı ilə məşğul olduğunu demişdir. Onun 2005-ci il buraxılışlı qara rəngli **-EF-*** dövlət qeydiyyat nişanlı “Audi 4” markalı avtomobil olmuşdur. Avtomobili dəyişmək istədiklərindən oğlu Rəşid 2020-ci ilin noyabr ayında ona əsgər yoldaşı Ümidin avtomobil alqı-satqısı ilə məşğul olduğunu, ona istəsə Gürcüstan Respublikasından ili təzə “Hundai Sonata” markalı avtomobil gətirə biləcəyini demişdir. O, oğluna yeni avtomobil almaq istəmədiyini demiş, lakin Rəşid ona artıq avtomobilin köhnəldiyini, təzəsini almaq lazım olduğunu söyləmiş, sonra özü də Ümidlə bu barədə danışmış, Ümid onlara məxsus “Audi”ni götürüb satacağını, sonra Gürcüstana gedərək avtomobili 5-6 gün ərzində gətirəcəyini bildirmişdir. O, Ümidə tam inanmasa da razılaşmış və Ümidlə də avtomobili 11500 manata razılaşmışdır. Ümid həmçinin ona yol xərci kimi 500 manat da verməyini demiş və o da razılaşmışdır. Ümid 21.11.2020-ci il tarixdə ona X3 məxsus kart göndərərək 500 manatı həmin karta göndərməyini demiş, o da Ümidə onsuzda avtomobili vermək üçün şəhərə gələcəyini, həmin vaxtı 500 manatı da verəcəyini söyləmiş, lakin Ümid ona israr edərək pulu həmin günü karta vurmağını demiş, o da həmin vaxtı Ümiddən şübhələnmiş, lakin onlarla çörək kəsdiyinə görə onu aldatmayacağını fikirləşmiş və yaşadığı Siyəzən rayonunda aparatdan onun göndərdiyi karta 500 manat pul vurmuşdur. Onlar 23 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 13cü mikrorayonda yerləşən notariusda görüşmüşlər, o, Ümidin adına baş etibarnamə verərək avtomobili də ona vermiş, Ümid də ona arxayın olmağını, 5-6 günə avtomobili gətirəcəyini söyləmişdir. 5-6 gün keçdikdən sonra Ümiddən xəbər çıxmadığına görə ona zəng edərək avtomobilin nə olduğunu soruşmuş, Ümid də ona avtomobilin gəldiyini, gömrükdə olduğunu, Bakı şəhərində yerləşən “Meyvəli” bazarının yanında olan Gömrük idərəsinə gəlməyini demiş, o da ora getmiş, lakin Ümid ora da gəlməmiş və telefonlarına da cavab verməmişdir. Ondan sonra o, yenidən Ümidlə əlaqə saxladıqda ona həmin avtomobillə bağlı gömrükdə problem çıxdığını, bir müddət də gözləməyini demişdir. O, artıq Ümidin onu aldatdığını anlamış və ona öz avtomobilini, ya da pulunu qaytarmağını söyləmiş, Ümid ona avtomobili satdığını, bir az gözləməyini, sonra “Hundai Sonata” markalı avtomobili gətirəcəyini söyləmiş, ona hər dəfə ayrı-ayrı bahənələr gətirərək avtomobili ona gətirməmişdir. O, sonra Ümidin haqqında maraqlandıqda onun heç ümumiyyətlə avtomobil alqı-satqısı ilə məşğul olmadığını, bir çox adamı da onun kimi aldadıb ya avtomobilini aldığını, ya da ki pulunu aldığını, barəsində Sumqayıt şəhər Məhkəməsində dələduzluqla cinayət işinin də olduğunu eşitmişdir. Sonra artıq Ümidin ona ümumiyyətlə avtomobil gətirmək və ya almaq fikrinin olmadığını, onu aldatdığını anlamış və onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə 21.11.2020-ci il tarixdə onun göndərdiyi karta yaşadığı Siyəzən rayonundan 500 manat pul göndərmiş, daha sonra isə 23.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, 13 mikrorayon ərazisində yerləşən notariusun qarşısında özünə məxsus **-EF-*** dövlət qeydiyyat nişanlı “Audi 4” markalı avtomobili 11500 manat hesablanmaqla avtomobili ona vermiş, pulu göndərdikdə və avtomobili ona verdikdə yanında heç kəs olmamış, dələduzluq nəticəsində ona ümumi 12000(on iki min) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəmənin gedişində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 12000 manat maddi zərərdən 900 manat ödənildiyini, lakin qalıq məbləği hələ də ödəmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, ifadəsində atası Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Apellyasiya Məhkəməsinin 1105)-453/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsini 06.07.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli hökmü dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin 13.10.2021-ci il tarixli 3464 №li məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsini 06.07.2021-ci il tarixli qərarı ilə ilə ona təyin olunmuş 01 il 04 ay 12 müddətə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş hissəsi 01 il 01 ay 14 gün təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Sumqayıt Apellyasiya Məhkəməsini 06.07.2021-ci il tarixli qərarı çıxarılmazdan əvvəl, yəni 2020-ci ilin noyabr ayında törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri tətbiq edilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsini 06.07.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş 01 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 01 ay 14 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 06 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri qaydasında qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli (iş № 1(060)-348/2021) qərarını icra edərək, 06 may 2021-ci il tarixli 462 saylı orderə əsasən vəkil Nümayəndə onun vəkili təyin etmişdir. Müdafiəçi Nümayəndə məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 04 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 01 ay 14 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar