Məhkəmə qərarları › İş №1(060)-348/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-348/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-348/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 6 №li Birləşmiş Şəhər Xəstəxanasında anestezioloq-reanimatoloq vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Belə ki, o, peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş «həkim-anestezioloq-reanimatoloqun nümünəvi vəzifə Təlimatı»nın 7 və 24.1-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2021 -ci il tarixdə saat 18:30-da «sağ bazu sümüyünün yuxarı 1/3nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol bazu oynağının travmatik çıxığı» diaqnozu ilə işlədiyi xəstəxanaya daxil olmuş xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində 10 avqust 2021-ci il tarixdə sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığın osteosintezi cərahhiyyə əməliyyatı ilə əlaqədar aparılan intubasiya zamanı narkoz verilərkən diqqət və ehtiyatlılıq göstərməyərək endotraxeal trubkanı səhv qoyaraq dilin kökünü travmatik zədələmiş, tənəffüs yollarının qanla tutulmasının sonuncunun ölümünə səbəb olacağına lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda görməmiş və nəticəsini aradan qaldırmamış, bununla da Zərərçəkmiş şəxs tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiyadan 10 avqust 2021-ci il tarixdə saat 11:20-də Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında ehtiyatsızlığından ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 124.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2010-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2020-ci illərdə Topçubaşov adına X11 Anesteziologiya və Reanimatologiya ixtisasi üzrə rezidentura təhsili almışdır. Bu illər ərzində Covid 19-la mübarizəyə qoşulan həkimlərdən biri olmuş və 44 günlük ikinci Qarabağ döyüşlərində qazilərə xidmət göstərmişdir. 2020-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayına qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasında Covid 19-la mübarizə çərçivəsində həkim anestezioloq və reanimatoloq vəzifəsində çalışmışdır. Daha sonra məcburi təyinatla 2021-ci ilin fevral-iyul ayları arasında Bakı şəhər Təcili və X5 Stansiyasinda həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir. O, xx.xx.2021xx.xx.2021 tarixlərində Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasında həkim anestezioloq -reanimatoloq vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixindən etibarən X7 (Məlikov adına 6 saylı BŞX) həkim anestezioloq-reanimatoloq olaraq Acil şöbəsinin həkimi vəzifəsində işləmiş və iş saatları 12 saatlıq rejimlə bəzən gündüz bəzən gecə növbələri olmuşdur. 19 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt TTYX-nın Reanimasiya şöbəsinə sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri, sol bazu oynağının travmatik çıxığı diaqnozu ilə qəbul edilmişdir. Zərərçəkmiş şəxs 03 gün Reanimasiya şöbəsində müalicə olunduqdan sonra 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində travamatologiya şöbəsinə keçirilmişdir. Zərərçəkmiş şəxs 10 avqust 2021-ci il tarixə kimi travmatologiya şöbəsində müalicə almışdır. 10 avqust 2021-ci il tarixdə saat 04:20-də xəstənin vəziyyəti qəflətən ağırlaşdığından növbətçi anestezioloq-reanimatoloq kimi o və növbətçi travmatoloq Şahid3 tərəfindən travmatologiya şöbəsində xəstəyə baxmış, xəstənin vəziyyəti çox ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülmüşdür. Zərərçəkmiş şəxs reanimasiya şöbəsinə köçürülərkən vəziyyəti aqonal olmuş, huşu komada, dəri və görünən selikli qişaları sianotik, tənəffüsü pozulmuş, tənəffüsün dəqiqəlik sayı 30, ağciyərlərin auskultasiyası zamanı yaş xırıltılar eşidilmiş, orta və aşağı paylarda tənəffüs zəif eşidilmiş və saturasiya isə 70 % temperatur 38.2 dərəcə olmuşdur. Nəbzi bir dəqiqə 130 vurğu, arterail təzyiq 60/40 mrn cs, göz bəbəkləri genəlmiş, qanı yumşaq olmuşdur. Onun tərəfindən xəstəyə reanimatoloji yardım göstərilmiş, Zərərçəkmiş şəxs intubasiya edilərək süni tənəffüs aparatına qoşulmuş, venadaxili infuziya aparılmış və hormanol preaparatlar, vazopressorlar vena daxilinə yeridilmişdir. Göstərilən reanimatoloji yardımlardan sonra Zərərçəkmiş şəxs halında nisbi yaxşılaşma qeyd edilmişdir. Arterail təzyiq 85/50, nəbz 110 vurğu, qanda saturasiya 91 % olmuşdur. Saat 09:20 də baş həkimin müavini Mirnazir, travmatologiya şöbəsinin müdiri Şahid2 və onun tərəfindən xəstəyə təkrar baxış keçirilmişdir. Döş qəfəsinin rentgeni, burun udlaqdan Covid 19 infeksiyasi ilə əlaqədar yaxma götürülməsi qərara alınmışdır. Neyrocərrah tərəfindən baş-beynin KT müayinəsi məsləhət görülmüş, lakin KT aparatı işləmədiyi üçün müayinə aparmaq mümkün olmamışdır. xx.xx.2021 ci ildə səhər saatlarında çəkilən ağciyər rentgenoqrammasına əsasən ağciyər şəkli güclənmiş, hər iki ağciyərin aşağı payları kölgələnmişdir. Müqayisə üçün əvvəlki rentgen müayinəsi xx.xx.2021-ci ildə çəkilmiş, ağciyərin şəkli güclənmiş, sinuslara uyğun bölgələr rentgendə kəsildiyi üçün təkrar müayinə məsləhət görülmüşdür. Saat 09:30-da xəstəni şöbə müdiri Sarvan Hacıyevə təhvil verib növbəni bitirmişdir. Zərərçəkmiş şəxs sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3nin qapalı yerdəyişən sınığı xəsarətləri, sol bazu oyanğının travmatik çıxığı xəsarətləri ağırlaşaraq xəstə komaya düşmüş və aqonal vəziyyətdə reanimasiya şöbəsinə daxil olmuşdur. Bu kimi hallarda xəstələrdə ağ ciyər arteriyalarının və digər orqanların emboliyası müşahidə olunur və nəticədə xəstə ağırlaşaraq ölümə səbəb olur. Zərərçəkmiş şəxs üzərində hər hansı cərrahiyyə əməliyyat aparılmamış, narkoz verilməmişdir. Xəstə aqonal koma vəziyyətdə reanimasiya şöbəsinə daxil olmuş həmin vaxt tənəffüs çatışmazlığı aşkar edildiyi üçün intubasiya olunmuş və suni tənəffüs aparatına qoşulmuşdur. İntubsiyadan əvvəl saturasiya 70 % olduğu halda reanimasiyon tədbirlərdən sonra 91 % kimi yüksəlmişdir. İnstubasiyadan sonra ağciyərlər auskultasiya olunmuş, hər iki yuxarı payda tənəffüs səsləri normal eşidilmiş, aşağı və yuxarı paylarda isə zəif eşidilmişdir. Auskultasiya zamanı tənəffüs səsləri yaş və xırıltılı eşidilmişdir. İntubasiya ilk cəhddən icra olunmuşdur. Həmçinin xəstənin ağız boşluğu və qırtlaq qapağının üzərində irinli maye müşahidə olunmuş, buna görə xəstənin ağız boşluğu sanasiya olunmuşdur. Üz maskası ilə xəstəyə süni tənəffüs verilmiş, daha sonra intubasiya olunmuşdur. İntubasiya zamanı qırtlaq yarığı aydın görünmüş və endotraxeal boru gözlə aydın şəkildə görülərək qırtlaq yarığından keçirilmişdir. Prosesdən sonra qarın boşluğunda şişkinlik müşahidə olunmamışdır. Növbədə olduğu müddət ərzində xəstənin ağız boşluğunda və endotraxeal borunun daxilində qan və qan izləri müşahidə olunmamışdır. Özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmşdir. Ailədə yeganə qazanc gətirən odur, başqa işləyən şəxs yoxdur. Göstərilənləri və ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsinin işin halları ilə bağlı göstərdikləri, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və tədqiq edilmiş digər iş materialları ilə təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, 1980ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun bacısıdır, bacısı Nəsiət Xəlilov ilə ailə həyatı qurmuşdur. X10 1998-ci ildə ölmüşdür. 1999-cu ildən etibarən bacısı Rəxşəndə ünvan 2 ünvanında yaşamışdır. Rəxşəndə 20 ildən çox müdddətdə Sumqayıt şəhər, Təmizlik Departamentində xadimə işləmişdir. xx.xx.2021-ci ildə oğlunun səhhətində problem olduğundan Lənkəran şəhəri, Havaza kəndində tanışı Dilşad həkimin yanına müayinəyə aparmışdır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində bacısı ona zəng edərək Sumqayıt şəhər, 10-cu mikrorayon ərazisində yolun kənarında dayandığı zaman onu maşın vurduğunu və tez xəstəxanaya gəlməyini xahiş etmişdir. O, təxminən 2 saat ərzində Sumqayıt Təcili tibbi yardım xəstəxanasına getmişdir. 10 avqust 2021-ci il tarixdə o, evdə olarkən arvadı Gülnarə ona zəng edərək Rəxşəndənin vəziyyətinin ağır olduğunu bildirmişdir. O, dərhal Sumqayıt TTYX-na gəlmiş və bacısının reanimasiya şöbəsində vəfat etdiyini bilmişdir. Bacısının meyitinə ekspert tərəfindən baxış keçirilmişdir. Meyit ona təhvil verildikdən sonra Lənkəran şəhərində dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 1984-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1985-ci ildən etibarən Sumqayıt şəhər TTYX-da travmatoloq, 2018-ci ildən isə travmatologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. İş vaxtı saat 09:00-da başlayıb axşam saat 15:00-dək davam edir. 2018-ci ildə Səhiyyə nazirliyində sertifkasiyadan keçmişdir. Vəzifəsi tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması, həmçinin travmatoloji cərrahi müdaxilələrin aparılmasından, travmatologiya şöbəsinin ümumi işlərinə rəhbərlik etməkdən ibarət olmuşdur. 19 iyul 2021-ci il tarixdə Sumqayıt TTYX-nın Reanimasiya şöbəsinə Zərərçəkmiş şəxs Xeyirulla qızı sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri, sol bazu oynağının travmatik çıxığı diaqnozu ilə qəbul edilmişdir. Xəstə 03 gün Reanimasiya şöbəsində müalicə olunduqdan sonra 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində travamatologiya şöbəsinə keçirilmişdir. Zərərçəkmiş şəxs Xeyirulla qızı 10 avqust 2021-ci il tarixə kimi travmatologiya şöbəsində müalicə almışdır. Travmotologiya şöbəsində müalicə üçün təyinat verilmiş, sınıq nahiyyələri gips langeti ilə immobilizasiya olunmuş, rentgen müayinələri aparılmış və xəstə cərrahi əməliyyata hazırlanmışdır. Cərrahi əməliyyatdan öncə yəni, 09 avqust 2021-ci il tarixdə anestezioloq-reanimatoloq Şahid1 Zərərçəkmiş şəxs baxış keçirmiş və rengten müayinəsinin olunması məsləhət görülmüşdür. Zərərçəkmiş şəxs rentgen müayinəsi aparılmış, müayinə zamanı müəyyən olunmuşdur ki, ağciyər şəkli güclənmiş, ürəyin sol mədəciyi hipertrofıyalı, sinuslar isə sərbəst olmuşdur. 10 avqust 2021ci il tarixdə Zərərçəkmiş şəxs vəziyyəti pisləşdiyindən saat 04:40-da reanimasiya şöbəsinə köçürülmüş və suni nəfəs aparatına qoşulmuşdur. Göstərilən reanimasyon tədbirlərə baxmayaraq xəstədə 10 avqust 2021-ci il tarixdə saat 11:20-də bioloji ölüm baş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs Xeyirulla qızının meyiti Sumqayıt şəhər meyitxanasına göndərilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş və 1995-ci ildən etibarən Sumqayıt şəhər TTYX-da Reanimasiya şöbəsində həkim vəzifəsində, 1997-ci ildən isə Reanimasiya Şöbəsinin müdiri vəzifəsində işləyir. İş vaxtı saat 09:00-da başlayıb axşam saat 18:00-dək davam edir. 2021-ci ilin ortalarında Səhiyyə Nazirliyində sertifkasiyadan keçmişdir. Vəzifəsi tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması, həmçinin reanimasiya şöbəsinin ümumi işlərinə rəhbərlik etməkdən ibarət olmuşdur. 19 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Xeyirulla qızı Sumqayıt TTYX- nın Reanimasiya şöbəsinə sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri, sol bazu oyanğının travmatik çıxığı diaqnozu ilə qəbul edilmişdir. Zərərçəkmiş şəxs 03 gün Reanimasiya şöbəsində müalicə olunduqdan sonra 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində travamatologiya şöbəsinə keçirilmişdir. Zərərçəkmiş şəxs Xeyirulla qızı 10 avqust 2021-ci il tarixə kimi travmatologiya şöbəsində müalicə aldıqdan sonra 10 avqust 2021-ci il tarixdə saat 04:20-də Zərərçəkmiş şəxs vəziyyəti qəflətən ağırlaşmış, növbətçi anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs və növbətçi travmatoloq Şahid3 tərəfindən Zərərçəkmiş şəxs baxılmış, vəziyyəti çox ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülmüşdür. Zərərçəkmiş şəxs Reanimasiya şöbəsinə köçürülərkən xəstənin vəziyyəti aqonal olmuş, huşu komada, dəri və görünən selikli qişaları sianotik, tənəffüsü pozulmuş, tənəffüsün dəqiqəlik sayı 30, saturasiya isə 70 % olmuşdur. Nəbzi bir dəqiqə 130 vurğu, arterail təzyiq 60/40 mm cs, göz bəbəkləri genəlmiş, qarnı yumşaq olmuşdur. Növbətçi anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs reanimatoloji yardım göstərilmiş, xəstə intubasiya edilərək süni nəfəs aparatına qoşulmuş, venadaxili infuziya aparılmış və hormanol preaparatlar, vazopressorlar vena daxilinə yeridilmişdir. Həkimlər tərəfindən göstərilən reanimatoloji yardımlardan sonra Zərərçəkmiş şəxs halında nisbi yaxşılaşma qeyd edilmişdir. Onun aıterail təzyiq 85/50, nəbz 110 vurğu, qanda saturasiya 91 % olmuşdur. Saat 09:30-da Zərərçəkmiş şəxs onun tərəfindən baxılmış, halı çox ağır, huşu koma 3-cü dərəcə səviyyəsində olmuşdur. Bəbəklər genəlmiş, işığa reaksiya mənfi, qanda saturasiya 80 %, nəbz 132 vurğu olmuşdur. İntensiv müalicə davam etdirilmiş, xəstə suni tənəffüs aparatına qoşulmuş vəziyyətdə olmuşdur. Venaadaxili infuziya aparılmış və hormanol preaparatlar, vazopressorlar vena daxilinə yeridilmişdir. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstədə 10 avqust 2021-ci il tarixdə saat 11:20-də bioloji ölüm baş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs Xeyirulla qızının meyiti Sumqayıt şəhər meyitxanasına göndərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2017-ci ildən Sumqayıt şəhər TTYX-da travmatoloq həkim işləyir. 10 avqust 2021-ci il tarixdə növbədə olduğu zaman həmin xəstəxananın travmatologiya şöbəsində müalicə alan Zərərçəkmiş şəxs 10 avqust 2021-ci il tarixdə saat 04:20 radələrində vəziyyəti qəflətən ağırlaşmış o və növbətçi anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs baxılmış, vəziyyəti çox ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülmüşdür. Həmin vaxt xəstənin vəziyyəti aqonal olmuş, huşu komada, dəri və görünən selikli qişaları sianotik, tənəffüsü pozulmuşdur. Göz bəbəkləri genəlmiş, qarnı yumşaq olmuşdur. Xəstə reanimasiya şöbəsinə köçürüldükdən sonra həmin xəstəyə həmin şöbənin həkimləri tibbi yardım göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər TTYXda baş həkimin müavini vəzifəsində işləyir. 19 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Xeyirulla qızı Sumqayıt TTYX- nın Reanimasiya şöbəsinə sağ bazu sümüyünün yuxarı 1/3nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri, sol bazu oynağının travmatik çıxığı diaqnozu ilə qəbul edilmişdir. Zərərçəkmiş şəxs 03 gün Reanimasiya şöbəsində müalicə olunduqdan sonra 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində travamatologiya şöbəsinə keçirilmişdir. Zərərçəkmiş şəxs Xeyirulla qızı 10 avqust 2021-ci il tarixə kimi travmatologiya şöbəsində müalicə aldıqdan sonra 10 avqust 2021-ci il tarixdə saat 04:20-də vəziyyəti qəflətən ağırlaşmış növbətçi anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs və növbətçi travmatoloq Şahid3 tərəfindən Zərərçəkmiş şəxs baxılmış, vəziyyəti çox ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülmüşdür. Zərərçəkmiş şəxs Reanimasiya şöbəsinə köçürülərkən xəstənin vəziyyəti aqonal olmuşdur. Növbətçi anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs reanimatoloji yardım göstərilmiş, xəstə intubasiya edilərək süni nəfəs aparatına qoşulmuş, venadaxili infuziya aparılmış və hormanol preaparatlar, vazopressorlar vena daxilinə yeridilmişdir. Həkimlər tərəfindən göstərilən reanimatoloji yardımlardan sonra Zərərçəkmiş şəxs halında nisbi yaxşılaşma qeyd edilmişdir. Şöbədə intensiv müalicə davam etdirilmişdir. Xəstə suni tənəffüs aparatına qoşulmuş vəziyyətdə olmuşdur. Venaadaxili infuziya aparılmış və hormanol preaparatlar, vazopressorlar vena daxilinə yeridilmişdir. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstədə 10 avqust 2021-ci il tarixdə saat 11:20-də bioloji ölüm baş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs Xeyirulla qızının meyiti Sumqayıt şəhər meyitxanasına göndərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş ekspert X3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 11:20-də xəstə Zərərçəkmiş şəxs Xeyirulla qızında bioloji ölüm baş vermişdir. Bundan sonra, meyitin tibbi ekspertizasının aparılması ona həvalə olunmuş və həmin meyti müayinə etmişdir. Zərərçəkmiş şəxs Xeyirulla qızının meyitində məhkəmə-tibbi müayinə zamanı xəsarətlər və tibbi prosedurlarla əlaqədar dəyişiklik aşkar olunmuşdur. Həmin xəsarətlər və tibbi prosedurlarla əlaqədar dəyişiklik bunlardan ibarət olmuşdur: Sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı çəp yerdəyişən sınığı, sağ bazu sümüyünün anatomik boynunun sınığı və bazu sümüyü başının çıxığı, sol qamış sümübaşının çıxığı, sol qamış sümüyünün yuxarı 1/3-nin ikiqat yerdəyişən sınığı, sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol baldırın və sol bazunun sıyrıqları, dilin kökünün tramatik zədələnməsi ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiyası kimi xəsarətlər və tibbi prosedurlarla əlaqədar dəyişiklik aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlirdi və yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Dilin kökünün travmatik zədələnməsi ilə əlaqədar tənəffüs yollarının qanla tutulması ölümündən az əvvəl tibbi proseduralar zamanı narkoz verilərkən endotraxeal trubkanın təsirindən yarandığından bu hal sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Zərərçəkmiş şəxs Xeyirulla qızının ölümünün bilavasitə səbəbi onun üzərində aparılan intubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi nəticəsində tənəffüs yollarının qanla tutulması baş vermiş aspirasion asfıksiya olmuşdur. Buna məsul şəxs həkim anestezioloq-reanimatoloqdur. Zərərçəkmiş şəxs Xeyirulla qızının meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində anesteziyada istifadə olunan "Propofol" adlı dərman preparatı aşkar edilmişdir. Zərərçəkmiş şəxs Xeyirulla qızının ölümü 11:20-də Sumqayıt şəhər TTYX-da baş vermişdir. Zərərçəkmiş şəxs daxili müayinəsi zamanı tərəfindən sonuncunun dilin kökünün tramatik zədələnməsindən başqa daxili orqanlarının zədələnməsi və qanaxması aşkar edilməmişdir. Həmçinin meyitin daxili müayinəsi zamanı zərərçəkmiş şəxsdə trombaembaliyaya dair hər hansı bir əlamət aşkar etməmiş, ölümün səbəbi rəydə qeyd etdiyi kimi intubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi nəticəsində tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiya olmuşdur. Meyitin daxili müayinəsi zamanı da mədəsinin qanla dolmasını aşkar etmiş, bu da dil kökünün travmatik zədələnməsinin nəticəsində olmuşdur. Zərərçəkmiş şəxs Xeyirulla qızının meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində anesteziyada istifadə olunan "Propofol" adlı dərman preparatı aşkar edilməsi də onun əməliyyata hazırlıq mərhələsini göstərir. Tərəfindən verilmiş rəyi təsdiq edir və daxili müayinə zamanı nə aşkar etmişdirsə o halı da qeyd etmişdir. İş materiallarında olan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 97 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində məhkəmətibbi müayinə zamanı sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı çəp yerdəyişən sınığı, sağ bazu sümüyünün anatomik boynunun sınığı və bazu sümüyü başının çıxığı, sol qamış sümübaşının çıxığı, sol qamış sümüyünün yuxarı 1/3-nin ikiqat yerdəyişən sınığı, sol aşıqbaldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol baldırın və sol bazunun sıyrıqları, dilin kökünün tramatik zədələnməsi ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiyası kimi xəsarətlər və tibbi prosedurlarla əlaqədar dəyişiklik aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Dilin kökünün travmatik zədələnməsi ilə əlaqədar tənəffüs yollarının qanla tutulması ölümündən az əvvəl tibbi proseduralar zamanı narkoz verilərkən endotraxeal trubkanın təsirindən yarandığından bu hal sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi " sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığının ostesintezi" cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılan intubasiya zamanl narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi nəticəsində tənəffüs yollarının qanla tutulması baş vermiş aspirasion asfıksiya olmuşdur. Buna məsul şəxs həkim anestezioloq-reanimatoloqdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində anesteziyada istifadə olunan "Propofol" adlı dərman preparatı aşkar edilmişdir. Zərərçəkmiş şəxs ölümü 11:20-də Sumqayıt şəhər TTYX-da baş vermişdir. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 936/KEŞ saylı rəyi ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər TTYX-da Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021 -ci il tarixdə saat 18:30-da xəstəxananın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol bazu oynağının travmatik çıxığı" diaqnozu düzgün təyin edilmişdir. Sol bazu oynağı blokada edilmiş, bazu çıxığı yerinə salınmış, sol aşağı ətraf budun yuxarı 1/3-dən arxa gips langeti ilə təsbit olunmuşdur. Həkim-travmatoloq ətrafları gipsə yerləşdirilmiş, cərrahın baxışı keçirilmiş və müvafiq təyinat verilmişdir. xx.xx.2021 -ci il tarixdə xəstənin üzərində ümumi anesteziya altında sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığın osteosintezi cərrahiyyə əməliyyatının icrası qərara alınmışdır. İntubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi nəticəsində tənəffüs yollarının qanla tutulması baş vermiş və bununla əlaqədar göstərilmiş intensiv reanimasion tədbirlərə baxmayaraq xx.xx.2021 -ci il tarixdə saat 11:20-də xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi "Sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığın osteosintezi cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılan intubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi ilə əlaqədar tənəfflis yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiya"-nın olduğu müəyyən edilmişdir ki, bununla da icra edilmiş intubasiyanın qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bu da Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs Sumqayıt şəhər TTYX-nm həkimi anestezioloq-reanimatoloqdur. İş materiallarında olan tibb işçilərinin peşə fəaliyyətinə dair təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 681 saylı rəy ilə ilə müəyyən olunmuşdur ki, “Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb "Sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığının osteosintezi cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılan intubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiya"nın olduğu müəyyən edilmişdir. Belə ki, intubasiyanın qusürlu texniki icrası ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Bu da Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 7 və 24.1-ci bəndlərinin təlimat qaydalarına uyğun olmamışdır. Buna da cavabdeh şəxs Sumqayıt şəhər TTYX-nın həkim anestezioloq-reanimatoloqu Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirməmiş, belə ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı müəyyən edilmiş qüsur, yəni dilin kökünün travmatik zədələnməsi intubasiya zamanı endotraxeal trubkanın düzgün yeridilməməsinə dəlalət edir, bu da aspirasion asfıksiyaya və sonda ölümə gətirib çıxarmışdır. Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-da aparılmış müvafiq müayinələr onun vəziyyətinə və Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli Qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunması, istintaq zamanı dindirilmiş şəxslərin ifadələrinin, məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 97 №-li rəyinin, komisyon məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 936/KEŞ saylı rəyinin, təkrar komisyon məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 681 saylı rəyinin və iş üzrə əldə edilmiş sənədlərin mötəbər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı”nın 6, 8 və 9-cu bəndlərinə əsasən həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. Mövcud qaydalara və standardlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadəsində göstərilənlərə tənqidi yanaşır və hesab edir ki, o, məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Belə ki, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla tam təkzib olunaraq onun törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin ehtimallar əsasında zərərçəkmiş şəxsin ölümünə səbəb kimi trombaembaliyanı göstərib buna dair meyitin daxili müayinəsini aparmayan mütəxəssis rəyi məhkəməyə təqdim edilsə də, iş üzrə keçirilmiş məhkəmə tibb ekspertiza rəyləri ilə zərərçəkmiş şəxsin ölümünə səbəbin intubasiya zamanı narkoz verilərkən endotraxeal trubkanın səhv qoyulması səbəbindən dilin kökünün travmatik zədələnməsi nəticəsində tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiya olması tam sübuta yetirilmiş və ekspert rəyi meyitin daxili müayinəsinə əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Eyni Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yenə eyni Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, yuxarıda qeyd olunan halların məcmusunu nəzərə almaqla işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Eyni zamanda, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi əlavə cəzanın tətbiq edilməsi məqsədə müvafiq deyil və Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar