Məhkəmə qərarları › İş №1(060)-349/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-349/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-349/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi, Dövlət ittihamçısı – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-nin Bakı Qida Fabrikində anbardar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Təzə Kotec yaşayış massivi, 20-ci məhəllə, P.Hüseynov küçəsi 114 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində, BC kateqoriyalı, AE 017442 seriyalı sürücülük vəsiqəsi əsasında, baş etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «VAZ 2106» markalı, **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Sumqayıt şəhər İcra Hakimiyətinin qarşısından Sumqayıt Şəhər Mərkəzi Poçt istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitələrinin, yükün xüsusiyyətini və vəziyyətini, yol və metereoloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsinin müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tədbir görməyərək həmin küçədə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və nəticədə ona ehtiyyatsızlıqdan açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün frontal sinusunun ön və arxa divarlarının, hər iki əng sümüyünün, bunun sümüyünün yerdəyişən, sol qamış sümüünün iç kondilusunun natama, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli qapalı yerdəyişən sınıqları, göz qapaqlarının hematoması, sağ qaş nahiyyənin, alt dodağın sol hissəsinin yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, hadisə törətdiyi “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olsa da o, həmin avtomobili baş etibarnamə əsasında idarə edir. Belə ki, 12.12.2021-ci il tarixdə saat 21:00 radələrində o, idarə etdiyi avtomobillə Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı yolla Mərkəzi Poçt istiqamətində hərəkətdə olarkən, “Karvan” ticarət mərkəzi tərəfdən dairədən sola dönmüş və piyada keçidindən keçən piyadaya yol vermişdir. Sonra o, sürətini artırıb hərəkətə davam edən zaman, zərəçəkmiş şəxs olan Zərərçəkmiş şəxs yolun sağ tərəfindən onun hərəkət istiqamətinə doğru, yəni onun yoluna tərəf qaçdığını görmüş və həmin anda maşını sola tərəf qaçırdıb əyləci basmışdır. Lakin o, hadisədən qaça bilməmiş və Zərərçəkmiş şəxs idarə etdiyi maşının sağ qabaq tərəfi ilə vurmuşdur. Həmin şəxsin başı maşının ön şüşəsinə dəymiş və o, yerə yıxılmışdır. Həmin vaxt onun yanında qabaq oturacaqda xalası oğlu Şahid1 əyləşmişdir. Onlar maşından düşmüş və küçədən keçən şəxslərin köməkliyi ilə həmin şəxsi maşınına qoyub Sumqayıt şəhər TTYX-na aparmışlar. O, vurduğu şəxsi xəstəxanaya aparıb orada həkimə həmin şəxsi maşınla vurduğunu bildirmişdir. Sonra isə DYP-nin əməkdaşları xəstəxanaya gəlmiş və o, polis əməkdaşlarına özünü təqdim edərək, hadisənin necə baş verdiyini danışmışdır. Daha sonra polis əməkdaları onu sərxoşluq müayinəsinə aparmışlar. O, törətdiyi əməldən peşman olduğunu, hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim etdi. İş üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 12.12.2021-ci il tarixdə axşam saatlarında o, bacanağı ilə işdən çıxdıqdan sonra Sumqayıt şəhəri «Kolxoz bazarı» adlanan yerdə birgə yemək yemiş və o, spirtli içki qəbul etmişdir. Bundan sonra onlar ayrılmış və o, piyada yaşadığı evə tərəf getməyə başlamışdır. O, Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyərkən qəflətən bir avtomobil onu vurmuşdur. Bundan sonra o, heç bir şeyi xatırlamayır. Lakin 3 gün sonra o, xəstəxanada ayılmış və Məhəmməd adlı şəxs tərəfindən maşınla vurulduğunu öyrənmişdir. Yaxınları ona bildirmişlər ki, Məhəmməd hadisədən sonra onu xəstəxanaya aparmışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışdığını və şikayəti olmadığını bildirmiş, həmçinin bu barədə ərizə təqdim etdi. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Belə ki, 12.12.2021-ci il tarixdə saat 21:00 radələrində o, Məhəmmədlə birlikdə onun idarə etdiyi “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bazar tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı yolla Mərkəzi Poçt istiqamətində hərəkət edirmişlər. Həmin vaxt o, qabaq oturacaqda əyləşmiş və telefonla oynayırmış. Məhəmməd Karvan Ticarət mərkəzi tərəfdən hərəkət edib dairədən sola dönmüş və piyada keçidindən keçən piyadaya yol vermişdir. Sonra Məhəmməd sürətini artırıb hərəkətə davam edən zaman, bir nəfər orta yaşlı kişi yolun sağ tərəfindən qaçaraq avtomobilin qarşısına çıxmış və Məhəmməd maşını sola tərəf qaçırsa da piyada onun əyləşdiyi tərəfdən maşının qabaq şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Məhəməd dərhal maşını saxlamış və onlar birlikdə düşüb həmin şəxsə yaxınlaşmışlar. Onlar küçədən keçən şəxslərin köməkliyi ilə həmin şəxsi maşına uzadıb Sumqayıt şəhər TTYX-na aparmışlar. Məhəmməd orada həkimə həmin şəxsi maşınla vurduğunu bildirmişdir. Daha sonra DYP-nin əməkdaşları xəstəxanaya gəlmiş və Məhəmməd onlara da özünü təqdim edərək hadisəni olduğu kimi danışmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPXT-da inspektor vəzifəsində işləyir. Belə ki, 12 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində o, xidmət apararkən Növbətçi Hissədən «Çinar» efir vasitəsi ilə Sumqayıt şəhəri, Azərbaycan prospektində, Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almışdır. Bununla əlaqədar o, 2033 çağırışlı avtopatrulla hadisə yerinə yaxınlaşmış və müəyyən etmişdir ki, artıq piyadanı vurmuş avtomobilin sürücüsü piyadanı Sumqayıt şəhər TTYX-na aparıb. Bu səbəbdən o, xəstəxanaya getmiş və həmin vaxt sürücü də orada olmuşdur. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu və idarə etdiyi «VAZ-2106» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısından Mərkəzi Poçt istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan piyadanı vurduğunu bildirmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsinə aparılmış və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Daha sonra sürücü hadisə ilə bağlı izahat vermək üçün Sumqayıt ŞPİ-nə aparılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 21.02.2022-cı il tarixli 8/3365 saylı rəyindən göründüyü kimi, «VAZ-2106» markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 22.01.2022-ci il tarixli 100 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün frontal sinusunun ön və arxa divarlarının, hər iki əng sümüyünün, burun sümüyünün yerdəyişən, sol qamış sümüünün iç kondilusunun natama, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli qapalı yerdəyişən sınıqları, göz qapaqlarının hematoması, sağ qaş nahiyyənin, alt dodağın sol hissəsinin yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 12.12.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 12.12.2021-ci il tarixli 11223 №-li aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluqu vəziyyəti yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 06.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş 24.01.2022-ci il tarixli 302-377-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən məhrum edilənlər sırasında yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır xəsarət almasına səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl məhkəmə istintaqı zamanı özünün verdiyi və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə verilmiş ittihama görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, hazırkı cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsi ilə əlavə edilmiş Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə görə bu Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Qeyd olunan Qanunun 2.7-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 356, 358-ci maddələrini rəhbər tutub, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət işi üzrə icraata xitam verilməklə o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olub-olmamasının araşdırılması üçün material Sumqayıt Şəhər Polis İdarəsinə göndərilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar