Məhkəmə qərarları › İş №1(060)-350/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-350/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-350/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası, Laqodexi rayonu, Qaval kəndində anadan olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gürcüstan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Sumqayıtçay ərazisində fərdi evdə müvəqqəti qeydiyyatla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən icarə əsasında işlətdikləri təndirxanada arvadı Ulduz Velıeva ilə Zərərçəkmiş şəxs mübahisə edən zaman sonuncunun Şahid3 vuraraq sağlamlığa zərərvurmayan xəsarət yetirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyyəsindən 1 dəfə yumruq zərbəsi ilə vuraraq ona üst dodağın şişkinliyi, qançırı-yarası, alt çənənin İ-İİ-İİİ dişlərin diş ətinə qansızma ilə nəticələn xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, həyat yoldaşı Ulduz və nəvəsi Mahir ilə birlikdə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fərdi evdə kirayədə yaşayır, evlərinin yaxınlığında həyat yoldaşı təndir çörəyi və qutab bişirir hər ikisi birlikdə orada qutab çörək satışı ilə məşğul olurlar. Ətrafda tanınırlar, münasibətləri hamı ilə yaxşıdır. 22.11.2020-ci il tarixdə saat 21 radələrində işlətdiyi obyektin mağaza hissəsində həyat yoldaşı isə təndir olan hissədə olmuş, bu zaman oradan səs-küy eşidib o da təndir olan yerə getmişdir. Orada həyat yoldaşının yaxınlıqda yaşayan Eldar adlı şəxsə sakit olmasını söyüş söyməməsini dediyini, Eldarın isə söyüş söydüyünü görmüşdür. Həyat yoldaşı çörək bişirdiyi yerdən ayağa qalxaraq bir əlində oxlov ilə Eldarı itələyərək, təndirdən çölə çıxartmışdır. O da həyat yoldaşına köməklik edib Eldarı aralaşdırıb çölə çıxartdıqda, Eldar Ulduz ilə tutaşaraq, Ulduzun əlində olan oxlovu dartmışdır. O, Eldarı itələyərək təndirxanadan çıxartmaq istədikdə Eldar yumruqla sol qulaq nahiyyəsindən vurduqda o, özünü itirmiş və bir qədər geri getmişdir. Rasim adlı şəxs Eldarı aralaşdırıb özü ilə aparmışdır. Ulduz ilə təndirxana tərəfə getdikdə Eldar arxadan qaçaraq yaxınlaşıb Ulduzun kürək nahiyyəsindən təpiklə vuraraq onu yerə yıxmış, Ulduza nalayiq sözlər deməyə davam etmişdir. Buna görə də o, əsəbləşərək və Eldar həyat yoldaşına pozğun dediyi üçün yumruqla ağız nahiyyəsindən bir dəfə vurmuşdur. Mübahisə təxminən 20 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada təndirxanada işləyən Rasim və Səyyaf adlı qonşular var idi, dava başladıqdan sonra Eldarın bacısı, bacısı oğlu və bacısının həyat yoldaşı həmçinin qardaşı Qoşqar eləcə də yaxınlıqdakı binada olan bəzi sakinlər mübahisə yerinə gəlmişlər. Hadisə olan vaxtı o, Eldarı bir dəfə yumruqla vurmuş, bundan sonra onu vurmamış, onun xəsarətləri necə, hansı şəraitdə aldığını bilməmişdir. Bununla da barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakter daşıyır. Onun ibtidai istintaq zamanı özünün, zərərçəkmiş, şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22.11.2020-ci il tarixdə saat 21 radələrində işlətdiyi obyektin mağaza hissəsində həyat yoldaşı isə təndir olan hissədə olmuş, bu zaman oradan səs-küy eşidib o da təndir olan yerə getmişdir. Orada həyat yoldaşının yaxınlıqda yaşayan Eldar adlı şəxsə sakit olmasını söyüş söyməməsini dediyini, Eldarın isə söyüş söydüyünü görmüşdür. Həyat yoldaşı çörək bişirdiyi yerdən ayağa qalxaraq bir əlində oxlov ilə Eldarı itələyərək, təndirdən çölə çıxartmışdır. O da həyat yoldaşına köməklik edib Eldarı aralaşdırıb çölə çıxartdıqda, Eldar Ulduz ilə tutaşaraq, Ulduzun əlində olan oxlovu dartmışdır. O, Eldarı itələyərək təndirxanadan çıxartmaq istədikdə Eldar yumruqla sol qulaq nahiyyəsindən vurduqda o, özünü itirmiş və bir qədər geri getmişdir. Rasim adlı şəxs Eldarı aralaşdırıb özü ilə aparmışdır. Ulduz ilə təndirxana tərəfə getdikdə Eldar arxadan qaçaraq yaxınlaşıb Ulduzun kürək nahiyyəsindən təpiklə vuraraq onu yerə yıxmış, Ulduza nalayiq sözlər deməyə davam etmişdir. Buna görə də o, əsəbləşərək və Eldar həyat yoldaşına pozğun dediyi üçün yumruqla ağız nahiyyəsindən bir dəfə vurmuşdur. Bu zaman orada olan nəvəsi Mahir Eldara qarğış etmiş və Eldar təpiklə onu da vurmuşdur və qolundan tutub fırladaraq kənara itələyib yerə yıxmışdır. Ulduzu yerdən qaldırmaq istədikdə, Eldar təpiklə ayaqlarından vuraraq onu yerə yıxaraq, yenidən yumruqla onun ağız nahiyyəsindən, baş nahiyyəsindən bir neçə dəfə vurmuşdur. O, yenidən ayağa qalxaraq, Eldar ilə tutaşdıqda Eldarın qardaşı Qoşqar da qaçaraq onlara yaxınlaşmış, onu itələyib yerə yıxmış və onları aralaşdırmışdır. Mübahisə zamanı Qoşqar, Eldarın bacısının oğlu və bacısının əri Eldarı aralaşdırıb, evlərinə aparmışlar. Mübahisə təxminən 20 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada təndirxanada işləyən Rasim və Səyyaf adlı qonşular var idi, dava başladıqdan sonra Eldarın bacısı, bacısı oğlu və bacısının həyat yoldaşı həmçinin qardaşı Qoşqar eləcə də yaxınlıqdakı binada olan bəzi sakinlər mübahisə yerinə gəlmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 ildir ki, Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisində yerləşən Dəmiryol yükboşaltma məntəqəsində məskunlaşaraq ailəsi ilə birlikdə orada yaşayır. Zıadkhan adlı şəxsi uzun müddətdir ki, tanıyır, Zıadkhan onların evinin yaxınlığında kafe işlədir. O, vaxtaşırı Zıadkhanın təndirxanasından çörək alır. 22.11.2020-ci il tarixdə saat 21 radələrində Zıadkhanın arvadı Ulduzun işlətdiyi təndirxanaya çörək almaq üçün getmişdir. Həmin vaxt Zıadkhan, Səyyaf, Rasim adlı şəxslər təndirxananın içərisində əyləşib yeyib-içmiş, Səyyaf onu çağıraraq “sən deyə bilərsənmi biz nə qədər torpaqlarımızı geri qaytarmışıq”, dedikdə ona bütün torpaqlarımızı almışıq demiş, “heç bir torpaq almamışıq” demiş. Buna görə Səyyafla aralarında söz mübahisəsi yaranmış, Səyyaf yaxasından əli ilə tutmuş, ona dəfələrlə “səni qandıra bilmərəm” demiş və söyüş söymək istədiyi zaman, sözü yarıda saxlamışdır ki, Ulduz oradadır, Səyyaf yaxasından dartıb onu çölə çıxartmışdır. Bu zaman Ulduz da onlar tərəfə gələrək, əlində olan taxta oxlov ilə sol qolumdan vurmuşdur. O, sağ əlini ataraq oxlovu Ulduzun əlindən almaq istədikdə Ulduzun əri Zıadkhan arxadan ona yaxınlaşaraq kürəyinə taxta ilə daha sonra təndirdən çörək çıxardan dəmir ilə bel nahiyyəsindən vurmuşdur. O, Ulduzun əlindən oxlovu aldıqda Zıadkhan yan tərəfdən kəllə zərbəsi ilə onun ağız nahiyyəsinə vurduqda ağzından qan gəlmişdir. Buna görə də o, Zıadkhanın baş nahiyyəsinə bir neçə yumruq vurmuşdur. Qardaşı Qoşqar da mübahisə olan yerə yaxınlaşmış və onları aralaşdırmışdır. Mübahisə bitdikdən sonra öz evinə getmişdir. Mübahisə təxminən 20-25 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada Rasim və Səyyaf adlı qonşular olmuş, dava başladıqdan sonra qardaşı Qoşqar da gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmır və onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Ulduz Velıeva ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Sumqayıt şəhəri Sumqayıtçay ərazisində həyat yoldaşı ilə birlikdə çörək və qutab mağazası işlədir, həmçinin içərisində olan təndirdə çörək bişirib satır. 22.11.2020-ci il tarixdə saat 21 radələrində işlədiyi mağazada olduğu zaman Səyyaf və Rasim adlı şəxslər mağazaya gəlmiş və ondan qutab alıb evlərinə aparmaq istəmişlər. Qutab tam hazır olmadığından onlara təndirxananın içərisində əyləşməyini demiş və onlar mağazanın içərisində oturub onu gözləyib, öz aralarında söhbət etmişlər. Bu zaman Eldar adlı şəxs də mağazaya yaxınlaşıb əlində pivə butulkası ilə içəri girib çörək istəmiş və Səyyaf və Rasim oturan yerə yaxınlaşıb heç bir səbəb olmadan “siz ermənisiniz” demişdir. Səyyaf ona gülərək, “sənin kefin yaxşıdı deyəsən” demiş. Eldar bu dəfə artıq onların hər ikisinin ünvanına söyüş söyərək, onları təhqir etsə də onlar Eldara fikir verməmişlər. O, Eldara nalayiq danışmamasını demiş və çölə çıxıb getməsinin çöldə nə söyüş söymək istiyir söyməyini demişdir. Eldar “hə yaxşı yaxşı söyməyəcəyəm” desə də bir qədər öz aralarında danışdıqdan sonra, Səyyaf və Rasim adlı şəxslərlə söz mübahisəsi etmiş, əlində telefon tutaraq olanları videoya çəkmişdir. Bir qədər sonra Səyyaf və Rasim ilə söz mübahisəsini davam etdirib, yenə də onlara nalayiq sözlər demiş və o, bu dəfə əlində olan oxlov ilə Eldarın ayağına zarafat kimi asta vuraraq ona “Eldar bura evimdir, çörək qazandığım yerdir, söyüş söymə, mənim ərim gəlib sizin evinizdə söyüş söysə xoşun gələr?” demiş, Eldar isə əlində olan butulkanı göstərərək, “bunu sənə soxaram, pozğunun biri pozğun” dedikdə mən onu itələyərək, təndirxanadan çölə çıxartmışdır. Bu zaman nəvəsi səs-küyə görə ağlamış və həyat yoldaşı Ziyadxan mağazadan onların yanına gəlmiş nə olduğunu soruşduqda ona heçnə dəməsə də Eldar “sənin həyat yoldaşın pozğundur” demiş və buna görə də onu itələyərək, təndirxandan çıxartmışdır. Həmin vaxt əlindən oxlov olmuş, Eldar oxlovu əlindən dartmışdır. Ziyadxan kənardan onlara yaxınlaşıb Eldarı çölə çıxartmaq istədikdə Eldar yumruqla Ziyadxanın qulaq nahiyyəsindən bir dəfə vurmuş, Ziyadxan bir qədər geri getmişdir. Rasim adlı şəxs onu aralaşdırıb bir qədər uzaqlaşdırmış, o, təndirxana tərəfə çevrilərək, telefonu götürüb polisə zəng etmək istədikdə Eldar arxadan qaçaraq təpiklə kürək nahiyyəmdən vurmuş və yerə yıxılmışdır. Eldar yenə də Ziyadxanı söyməyə davam etdiyi üçün Ziyadxan əsəbləşərək, Eldarın ağız nahiyyəsindən yumruqla vurmuş, nəvəsi Mahir Eldarı qarğış etdikdə isə Eldar təpiklə onu da kürəyindən vuraraq qolundan tutub kənara itələyib yerə yıxmışdır. Eldar yenidən Ziyadxanın üzərinə gedərək, yumruqla bir neçə dəfə onun ağız nahiyyəsindən vurmuş və Ziyadxanın ağzından qan axmışdır. Eldarın qardaşı Qoşqar qaçaraq mübahisə yerinə yaxınlaşmış, Ziyadxanı dartıb ayaq ilə dabalaq vuraraq yerə yıxmış və Eldarı tutub kənara çəkmişdir. Səs-küyə gəlmiş Eldarın bacısının həyat yoldaşı və oğlu, eləcə də təndirxanaya yaxınlıqda yerləşən binanın sakinləri Eldarı aralaşdırıb aparmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Sumqayıt şəhər şöbəsinin 23.11.2020-ci il tarixli, 1442 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın şişkinliyi, qançırı-yarası, alt çənənin İ-İİ-İİİ dişlərin diş ətinə qansızma, sağ əlin İİİ-İV-V barmaqlarının, sağ dizin sıyrıqları, sol bel nahiyyəsinin qançırından ibarət bədən xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərdir, küt əşya təsirindən törənmişdir, 23.11.2020-ci il tarixə uyğun gələ bilər. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarından görünür ki, Səyyaf və Rasim adlı şəxslərlə arasında olan söz mübahisəsinin özündə əks etdirən DVD disk sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22.02.2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin xüsusat üzrə cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 14.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat vaxt sərf etmişdir. Ona görə də 66 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1,200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar