Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-350/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyytda olmaqla ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti Qabil kimi məlum olan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 01 (bir) bükümdə təmiz çəkisi 0,397 qram narkotik vasitə olan heroini və 01 (bir) bükümdə təmiz çəkisi 0,395 qram psixatrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022ci il tarixdə saat 21:42 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, Tarix müzeyinin yanında Sumqayıt ŞPİ-nin 3-cü PB-in əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİnin 3-cü PB-ə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) bükümdə təmiz çəkisi 0,397 qram narkotik vasitə olan heroin və 01 (bir) bükümdə təmiz çəkisi 0,395 qram psixatrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, “Tarix” müzeyinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər, ona da özünü təqdim etməsini dedikdə, o da onlara özünü təqdim etmiş, həmin vaxt onlar ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Onu üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-in 3-cü PB-ə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-in 3-cü PB-nə getmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. O həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, onu təqdim etmək təklif olunmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri onlara təqdim etmiş, ondan həmin bükümlərin nə olduğu və onları haradan əldə etdiyi soruşulduqda, o da onlara demişdir ki, həmin bükümlərin birində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamindir, onları Sumqayıt şəhəri Əşya Bazarı adlanan yerdən 26-27 yaşlı Qabil adlı şəxsdən 35 manata almışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq sənədlərə də imza etmişdir. Narkotik vasitəni və metamfetamini aldığı şəxsin adı Qabil olsa da, onun başqa anket məlumatlarını bilməmişdir. Həmin narkotik vasitəni və metamfetamini əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 35 (otuz beş) manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni və metamfetamini özü istifadə edəcəkdir. Həmin narkotik vasitəni və metamfetamini almaqda ona kömək edən olmamış, bunu tək etmiş, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 21:42 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Tarix” muzeyinin yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirirək aidiyyatı üzrə Sumqayıt ŞPİnin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə həmin Polis Bölməsinə getmişdir. Polis Bölməsinə gətirildikdən sonra xidməti otaqların birində video çəkiliş aparılmaqla baş təhqiqatçı Səbuhi Dadaşov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Səbuhi Dadaşov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Orxan Əliyev təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümləri təqdim etmiş, ondan həmin bükümlərin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, Ruslan da demişdir ki, həmin bükümlərin birində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamindir, onları xx.xx.2022-ci il tarixdə saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Əşya Bazarı adlanan yerdən təxminən 2 ilə yaxındır ki tanıdığı 26-27 yaşlı Qabil adlı şəxsdən 35 (otuz beş) manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Ruslan da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan başqa, Ruslanın üzərindən bir neçə ədəd siqaret kötükləri də aşkar olunmuş, lakin əhəmiyyət kəsb etmədiyindən onlar götürülməyərək Ruslana qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid2 da X1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat saat 21:42 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Tarix” muzeyinin yaxınlığında müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət edilmiş sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Səbuhi Dadaşov tərəfindən hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Orxan Əliyev təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümləri təqdim edir. Ondan həmin bükümlərin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, Ruslan da deyir ki, həmin bükümlərin birində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamindir, onları xx.xx.2022-ci il tarixdə saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Əşya Bazarı adlanan yerdən təxminən 2 ilə yaxındır ki tanıdığı 26- 27 yaşlı Qabil adlı şəxsdən 35 (otuz beş) manata şəxsi istifadəsi üçün alıb üzərində saxlayıbdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılır. Bundan başqa, Ruslanın üzərindən bir neçə ədəd siqaret kötükləri də aşkar olunur, lakin əhəmiyyət kəsb etmədiyindən onlar götürülməyərək Ruslana qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/594 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün 127 sayılı” dairəvi möhür əksi ”Təqsirləndirilən şəxs üzərindən ...heroinə bənzər .....metamfetaminə bənzər....” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,397 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (ədəd) ədəd bükümdə təmiz çəkisi 0,395 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi-0,397 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,347 qram. Qeyd: metamfetaminin təmiz çəkisi-0,395 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,345 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 724 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,397 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,347 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,395 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,345 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,397 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,347 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,395 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,345 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5/7, mənzil 37 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,347 qram narkotik vasitə heroin və 0,345 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-350/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-350/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver