Məhkəmə qərarları › İş №1(060)-351/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-351/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-351/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittihamçı X13 və onun nümayəndəsi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Barəsində Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 30.09.1952-ci ildə Qubadlı rayonu, Göyərcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, ailəli, məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2/32, mənzil 45 -də qeydiyyatda olan və həmin ünvanda yaşayan, təqaüdçü X6 və 21.11.1948-ci ildə Qubadlı rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2/32, mənzil 45 -də qeydiyyatda olan və həmin ünvanda yaşayan, təqaüdçü X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X22 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən REAL-MED tibb mərkəzində həkim-stomotoloq işləyir. 27.03.2020-ci il tarixdə, təxminən saat 11-12 radələrində bacısıyla birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Sumqayıt şəhəri Mərkəzi Poçtun qarşısında hərəkət edərkən bacısının keçmiş qaynatası X19 və keçmiş qaynanası X14 parkda olan insanların gözü qarşısında publik şəkildə ucadan hər kəsin eşidə biləcəyi tərzdə tərbiyyəsiz küçə söyüşləri ilə təhqir etməyə və ona qarşı böhtan xarakterli ifadələr işlətməyə başlamışlar. Onları bu qanunsuz əməllərindən əl çəkməyə çağırsa da onlar hər ikisi ətrafda çoxsaylı insanların olmasına baxmayraq söyüş və təhqirlərini eyni zamanda böhtan xarakterli ifadələrini (cinayətkar əməllərini) davam etdirmışlər. X19 və X14 onu xüsusilə ağır cinayətdə ittiham edərək yüksək səslə “Sən Qatilsən” (oğlunu öldürdüyünü hesab edir, halbuki belə bir hadisəyə onun ümumiyyətlə aidiyyatı yoxdur) “Qatil deyilsən sən? Qatilsən, Qatil” deyərək hər kəsin görə biləcəyi və eşidə biləcəyi formada ittiham etmişdir. Daha sonra X14 bacısına uca səslə, hər kəsin eşidə biləcəyi tərzdə nalayiq ifadə deyərək onu hamının yanında təhqir edərək şərəf və ləyaqətini publik şəkildə alçaltmışdır. O və bacısı daha çox təhqirlərə məruz qalmamaq və ərtafda olan insanların onları bu vəziyyətdə görməmələri üçün utandıqlarından kənarda saxladığı avtomobilinə doğru hərəkət etməyə başlasalar da onlar onu və bacısını təqib edərək nalayiq küçə söyüşləri ilə yenidən təhqir edə - edə arxalarınca gələrək parkda yerləşən avtobus dayanacağında yenidən onun anasının ünvanına dəfələrlə nalayiq ifadələr deyərək təkrarən onun şərəf ləyaqətini alçaldan ifadələr işlətməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. O yuxarıda qeyd etdiyi kimi Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən REAL-MED tibb mərkəzində həkim-stomotoloq işlədiyindən Sumqayıt şəhərində demək olar ki, sakinlərin əksəriyyəti onu tanıyır. Həkim işlədiyi müddətdə daim müştərilərin hörmət və ehtiramını qazanmış, öz nüfuzunu, şərəf və ləyaqətini hər zaman qoruyub saxlamışdır, bacısının keçmiş qaynatası X19 və qaynanası X14 tərəfindən təhqir və böhtanlara məruz qalmağı nəticəsində onun şərəf-ləyaqəti nalayiq formada qəsdən alçaldılmış və ona hər kəsin gözü qarşısında xüsusilə ağır cinayət törətməkdə ittiham edərək böhtan atmışlar. Bununla da, Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Sumqayıt şəhəri Mərkəzi Poçtun qarşısında onu ağır cinayətdə ittiham etməklə böhtan atdıqlarına və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqlarına görə X6 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş edir. Xüsusi ittihamçı X22 məhkəmə araşdırması zamanı şikayətdə göstərdiklərini təsdiq etdi və bildirdi ki, X14 və X19 həmişə onu söyüb təhqir etdiklərindən və barəsində əsassız şikayət etdiklərindən onlarla görüşü çəkmişdir. Onlar videoçəkiliş aparılmasından xəbərsiz olmuşlar, amma bacısı Esmira bunu əvvəlcədən bilmişdir. Şikayətdə göstərildiyi kimi X14 və X19 onu qatil adlandırmış, nalayiq ifadələrlə təhqir etmişlər. Xüsusi ittiham qaydasında şikayətdə 21 fevral 2021-ci il tarixi səhvən 27 mart 2020-ci il kimi göstərilmişdir, hadisə 21 fevral 2021-ci il tarixdə baş vermişdir. X6 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində ittiham hökmü çıxarılmasını xahiş edir . Məhkəmə iclasında xüsusi ittihamçı X13 nümayəndəsi vəkil Müdafiəçi3 bildirdi ki, 21 fevral 2021-ci ildə X14 və X19 parkda olan insanların gözü qarşısında publik şəkildə ucadan hər kəsin eşidə biləcəyi tərzdə X16 tərbiyyəsiz küçə söyüşləri ilə təhqir etmiş və ona qarşı böhtan xarakterli ifadələr işlətmişlər. Xüsusi ittiham qaydasında şikayətdə 21 fevral 2021-ci il tarixi səhvən 27 mart 2020-ci il kimi göstərilmişdir. Həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuşdur. Ona görə də, X6 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci və 148-ci maddələri ilə ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X14 bildirdi ki, göstərilən ifadələri həqiqətən işlətmişdir. Ancaq bunları ikilikdə, X13 və onun bacısının onlara qarşı etdiklərinin cavabı olaraq etmişdir, onlar ona nəvəsi ilə görüşməyə mane olmaq üçün hər vasitəyə əl atmışlar, onu bu sözləri deməyə sövq etmişlər. O çəkiliş olduğunu bilməmişdir. X13 və onun bacısının onlara qarşı müxtəlif iddiaları olmuşdur. Bununla bağlı müxtəlif orqanlarda və məhkəmələrdə araşdırmalara cəlb edilmişlər. İndi də mərhum oğlunun yeganə yadigarı olan uşaqla görüşməyə imkan vermirlər. Hazırda ağır xəstədir, güclə hərəkət edir və davamlı müalicələrin, qəbul etdiyi dərmanların hesabına yaşayır, yeganə tələbi nəvəsi ilə görüşmək arzusudur. Məhkəmədən göstərilənləri, göstərilən ifadələri işlətdiyi şəraiti nəzərə almağı və ədalətli qərar verməyi xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X19 bildirdi ki, göstərilən ifadələri həqiqətən işlətmişdir. Ancaq bunları başqalarının yanında işlətməmişdir, orada kənar şəxs olmamışdır, X22 və onun bacısı Esmira arvadını və onu qıcıqlandırmış, bu hadisəni qəsdən yaratmışlar, nəvəsi ilə görüşlərini pozmuş, uşaqla görüşlərinə mane olmuşlar, nəvəsi ilə görüşməyə mane olmaq üçün hər vasitəyə əl atmışlar. O çəkiliş olduğunu bilməmişdir. X13 və onun bacısının onlara qarşı müxtəlif iddiaları olmuşdur. Bununla bağlı müxtəlif orqanlarda və məhkəmələrdə araşdırmalara cəlb edilmişlər. İndi də mərhum oğlunun yeganə yadigarı olan uşaqla görüşməyə imkan vermirlər. Hazırda arvadı X14 ağır xəstədir, güclə hərəkət edir və davamlı müalicələrin, qəbul etdiyi dərmanların hesabına yaşayır. Onlar nəvəsi ilə görüş istəyirlər. Məhkəmədən göstərilənləri, göstərilən ifadələri işlədildiyi şəraiti nəzərə almağı və ədalətli qərar verməyi xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 müdafiəçisi Qulamov X3 Qəmizə Oruc qızının göstərdiklərinin nəzərə alınmasını və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 müdafiəçisi Müdafiəçi2 X11 göstərdiklərinin nəzərə alınmasını və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060-3739/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçılar X19 və X6 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 01 may 2020-ci il tarixli 84 saylı qərarına əsasən, nəvələri – 05 yanvar 2017-ci il təvəllüdlü X17 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə cavabdeh X7 tərəfindən yaradılan maneənin aradan qaldırılması, iddiaçılar X19 və X6 həmin qərara uyğun olaraq nəvələri – 05 yanvar 2017-ci il təvəllüdlü X17 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüquqlarının təmin edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 3 saylı Şəhər Poliklinikasının 200 saylı, 16.05.2021-ci il tarixli arayışından görünür ki, X14 “ÜİX: gərginlik stenokardiyası fs İİİ-İV, infarktdan sonrakı kardioskleroz, Xr QDÇ İİ – mərhələ hipertoniya xəstəliyi, İİ mərhələ” diaqnozu ilə qeydiyyatdadır. Xəstə təkrarən 2021-ci ildə infarkt keçirmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barələrində şikayət verilmiş şəxslər xüsusi ittihamçı X13 bacısı X1 qaynatası və qaynanasıdırlar. X13 bacısı X8 barələrində şikayət verilmiş şəxslərin mərhum oğlu X9 arvadı olmuşdur. Y.Abduləzimov 12.10.2019-cu ildə dünyasını dəyişmişdir. Həmin vaxtdan sonra münasibətləri pisləşmiş, aralarında məhkəmə çəkişmələri də olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060- 3739/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsinə əsasən X7 tərəfindən yaradılan maneənin aradan qaldırılması, X19 və X6 nəvələri – 05 yanvar 2017-ci il təvəllüdlü X17 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüquqlarının təmin edilməsi qət edilmişdir. Hadisə də məhz uşaqla ünsiyyətdə olma ilə bağlı və uşaqla ünsiyyət zamanı baş vermişdir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş diskdəki görüntülər nümayiş olundu. Həmin görüntülərdə parkda X6 və X2 gəlinləri Əbdüləzimova Esmiranın iştirakı ilə nəvələri ilə görüşməsi əks olunmuşdur. Görüntülərdən aydın olur ki, X14 və X19 nəvələri ilə görüşür, Əbdüləzimova Esmira onlara mane olmaq istəyir, onları mübahisəyə çəkir, X4 Rafael Nizamin oğluna müraciət edərək Esmiranı sakitləşdirməsini istəyir, ona “qatil” deyə müraciət edir, Əbdüləzimova Esmira sakitləşmir, mübahisə davam edir, Rafael Eminov gizli videoçəkiliş apara-apara sakit tərzdə mübahisəyə qoşulur, X14 və X19 xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələri işlədirlər. Uşaqla görüş pozulur, Rafael Eminov və bacısı Esmira Əbdüləzimova uşaqla birlikdə avtomobilə minib getmək üçün avtomobilin yanına gəlirlər. X14 və X19 xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələri işlədərkən yanlarında başqa şəxslərin olması, iki və daha çox şəxsin yanında həmin ifadələrin işlədilməsi barədə görüntülərdə heç bir sübut yoxdur. İfadələr qarşılıqlı mübahisə zamanı, təklikdə işlədilmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X6 və X11 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi yoxdur və onlara bəraət verilməlidir. Çünki böhtan və təhqir xarakterli məlumatların ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. X6 və X11 xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələri iki və daha çox şəxsin yanında işlətmələri təsdiq edilmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə qeyd etməyi zəruri sayır ki, vətəndaşların şərəfini, şöhrətini və işgüzar nüfuzunu qorumaq hüququ onların konstitusiya hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının (bunan sonra, Konstitusiya) 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri xüsusi ittihamçının təqdim etdiyi sübutlar əsasında qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X6 və X11 barələrində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X6 və X11 hər birinin ayrı-ayrılıqda əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığına görə onlara bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən X6 və X11 hər birinin ayrı-ayrılıqda əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və onlara bəraət verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilsin. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar