Məhkəmə qərarları › İş №1(060)-351/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-351/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-351/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 oğlunun, Zərərçəkmiş şəxs3, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(060)-313/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə günorta saat 14:00 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, 2/48 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 Tapdıq oğluna məxsus ət dükanının qapısının açıq olmasından və sonuncunun içəridə yatmış olmasından istifadə edərək, qanunsuz içəri daxil olmuş və saxlanc yeri hesab edilən siyirmədə olan 150 (yüz əlli) manat pul vəsaitini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 Tapdıq oğluna 150 (yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" yanacaqdoldurma məntəqəsinə məxus seyini yerləşdiyi, ofisin qapısının açıq olmasından və məntəqə əməkdaşlarının həmin zaman məntəqəyə yaxınlaşan avtomobillərə yanacaqdoldurma ilə məşğul olmalarından istifadə edərək qanunsuz olaraq ofisə daxil olub saxlanc yeri hesab edilən seyfin qapısını açaraq orada olan 422 (dörd yüz iyirmi iki) manat pul vəsaitini gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 422 (dörd yüz iyirmi iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 məxsus 98 saylı dərzi ləvazimatları satılan mağazanın qapısına müqavimət göstərərək qırıb açmaqla qanunsuz içəri daxil olmuş, saxlanc yeri hesab edilən siyirmədə olan 1050 (min əlli) manat pul vəsaitini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 1050 (min əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Səba” ət məhsulları satışı ilə məşğul olan mağazanın giriş qapısının şüşə hissəsini sındırıb qanunsuz olaraq içəri daxil olub və saxlanc yeri hesab edilən siyirmədə olan 1700 (min yeddi yüz) manat pul vəsaitini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 1700 (min yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs6 məxsus “Nağıl” şirniyyat mağazasının plastik qapısını özündə olan vintaçanla sıxıb açmaqla qanunsuz içəri daxil olmuş və saxlanc yeri hesab edilən kassada olan 800 (səkkiz yüz) manat pul vəsaitini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs6 qızma 800 (səkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “20 yanvar” küçəsi, 30-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Vapebox” elektron siqaret mağazasının plastik qapısını özündə olan vintaçanla sıxıb açaraq qanunsuz olaraq içəriyə daxil olub və saxlanc yeri hesab edilən kassada olan 1400 (min dörd yüz) manat pul vəsaitini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 1400 (min dörd yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq, soyğunçuluq cinayət əməllərinə görə məhkum olmuşdur. xx.xx.2023-cü il tarixdə azadlığa buraxılmışdır. Bir müddət özünə iş axtarsa da heç bir yerdə iş tapa bilməmişdir. Belə olduqda müxtəlif mağazalara daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 07 oktyabr 2023-cü il tarixdə o Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində olarkən yaşayış binalarının yaxınlığında yerləşən ət dükanının qapısının açıq olduğunu, dükan sahibinin içəridə yatdığını görmüş və ora daxil olmaq qərarına gəlmişdir. Ətrafa baxaraq heç kimin olmadığını dəqiqləşdirdikdən sonra cəld dükana daxil olmuş və ət doğramaq üçün istifadə olunan dəmir stolun alt hissəsində siyirməni çəkərək oradakı pul vəsaitlərindən 150 manat pulu götürüb cəld oradan uzaqlaşmışdır. Həmin vaxt hərəkətlərinin kamera görüntülərinə düşdüyündən xəbəri olmamışdır. Oğurladığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra növbəti dəfə o, 18 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq şəhər ərazisində dolaşmışdır. Onun məqsədi hər hansı bir obyektə daxil olub oradan pul götürmək olmuşdur. O, piyada irəliləyərək ünvan 2 ünvanında yerləşən "xxxx" yanacaqdoldurma məntəqəsinə yaxınlaşmışdır. Orada işləyən əməkdaşların müştərilərlə maraqlandığını görüb ofisə daxil olmuş, ofisdəki seyfi açaraq oradan bir miqdar pul götürmüşdür. Sonra orada işləyən əməkdaşlardan biri içəri daxil olaraq onun orada nə etdiyini soruşmuş, o, hava soyuq olduğu üçün ora daxil olduğunu bildirmişdir. Sonra digər əməkdaş da içəri daxil olmuş və ondan oranı tərk eməsini tələb etmiş, lakin onlar onun seyfdən pul oğurladığını bilməmişlər. O, sonra götürdüyü pulları saydıqda 422 manat pul olduğunu görmüş və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, növbəti dəfə 28 noyabr 2023-cü il tarixdə saat 09:00 radələrində “Karvan” ticarət mərkəzinə getmiş, həmin ticarət mərkəzində bir qədər dolaşmışdır. Səhər olduğu üçün həmin vaxt ətrafda çox az insan olmuşdur. Ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mağazalar sırasından birinə yaxınlaşmışdır. Ona heç kimin fikir vermədiyini dəqiqləşdirdikdən sonra mağazanın qapısının tutacağından tutaraq özünə tərəf çəkmiş və əlindəki vintaçan vasitəsilə qapını açmışdır. İçəri daxil olaraq stola yaxınlaşmış, stolun siyirməsini açaraq orada olan 50 manatı götürmüşdür. Sonra siyirmənin aşağı hissəsində yer olduğunu görmüş və ora baxdıqda əlavə pul olduğunu görmüşdür. Həmin pulu da götürüb mağazanı tərk etmişdir. Mağazadan çıxarkən onu heç kim görmədiyinə əmin olmuşdur. O, obyektdə kamera olduğunu və hərəkətlərinin qeydə alındığını bilməmişdir. Sonradan götürdüyü pulu saydıqda 1050 manat pul olduğunu müəyyənləşdirmişdir. Bundan sonra o, 02 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Səba” ət məhsulları satılan mağazanın qarşısına gələrək, havanın qaranlıq olduğunu və ətrafda heç kimin olmadığını dəqiqləşdirmişdir. O, dəmir parçası ilə mağazanın giriş qapısının aşağı hissəsinin şüşəsini sındırmış, həmin hissədən içəri daxil olmuşdur. Piştaxtanın arxasına keçərək oradakı əşyaları axtarmış, oradan tapdığı dəftərin arasından bir miqdar pul tapmış, sonra əlavə olaraq siyirmədən yenə bir miqdar pul tapmışdır. Tapdığı pulları götürərək cibinə qoymuş və mağazaya daxil olduğu yerdən bayıra çıxmış və oradan uzaqlaşmışdır. Sonra götürdüyü pulları saydıqda 1700 manat pul olduğunu görmüşdür. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, növbəti dəfə 12 dekabr 2023-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən şirniyyat məhsulları satılan “Nağıl” adlı mağazanın yanından keçərkən mağazanın bağlı olduğunu və içəridə heç kimin olmadığını görmüşdür. O, mağazaya yaxınlaşmış və üzərində olan vintaçan vasitəsilə qapını açaraq içəri daxil olmuşdur. Daha sonra kassa aparatını açaraq orada olan pulları götürmüşdür. Pulları saydıqda 800 manat pul olduğunu görmüşdür. Həmin pulları cibinə qoyaraq oranı tərk etmiş və pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, növbəti dəfə 21 dekabr 2023-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Vapebox” elektron siqaret satılan mağazanın yanından keçərkən obyektin bağlı olduğunu görmüş və ora daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. O mağazanın qapısına yaxınlaşaraq üzərində daşıdığı vintaçan vasitəsilə qapını açmış və içəri daxil olmuşdur. Piştaxtanın arxasına keçərək kassanı axtarmış, oradan bir miqdar pul tapmışdır. Tapdığı pulun bir hissəsini cibinə qoymuş və digər otağa keçmişdir. Həmin otaqda heçnə olmadığını görmüş və yenidən qayıdaraq siyirməni açmış və qalan pulu götürmüşdür. Sonra oranı qapıdan çıxaraq tərk etmişdir. Oğurladığı pulu saydıqda 1400 manat pul olduğunu görmüşdür. Həmin pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, vurulmuş zərər üzrə qismən ödəniş etməsini və üç nəfər zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, video görünütülər və həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdır ki, o, 2023-cü ilin aprel ayından “Vapebox” mağazasında işləyir. Həmin mağaza Sumqayıt şəhəri, “20 yanvar” küçəsi, 30-cu məhəllə ərazisində yerləşir. xx.xx.2023-cü il tarixdə səhər radələrində işə gəldikdə qapının açıq olduğunu görmüş və içəri kiminsə daxil olduğunu anlamışdır. Cəld piştaxtanın arxasına keçərək kassanı açmış və orada olan 1400 manat pul vəsaitinin oğurlandığını aşkar etmişdir. Mağazanın daxili təhlükəsizlik kameralarına baxdıqda təxminən 19-20 yaşlı şəxin həmin gün səhər 07:10 radələrində mağazaya daxil olaraq kassadan pulları oğurladığını görmüş və bu barədə polisə məlumat verərək həmin videogörüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin "xxxx" QSC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Xudayar oğlu ifadəsində göstərmişdır ki, o, 2020ci il tarixdən ünvan 3 ünvanında yerləşən "xxxx" YDM-də rəis vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə səhər saat 06:00 radələrində YDM-nin operatoru X2 ona zəng edərək həmin gün 05:30 radələrində təxminən 19-20 yaşlı cavan bir oğlanın ofisin içərisində gördüklərini, ondan nə üçün ofisə icazəsiz daxil olduğunu soruşduqda, həmin şəxs üşüdüyü üçün ofisə daxil olduğunu bildirmişdir. Həmin şəxsi oradan çıxartdıqdan sonra onlar seyfə baxdıqda 422 manat pulun oğurlandığını aşkar etmişlər. Daha sonra təhlükəsizlik kameralarına baxdıqda az əvvəl ofisdə gördükləri oğlanın seyfə daxil olaraq oradan pul götürdüklərini müəyyən etmişlər. Bu barədə ona zəng edərək məlumat vermişlər. Oğurluq nəticəsində "xxxx" MMC-yə 422 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 Xudayar oğlu onlara dəymiş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Tapdıq oğlu ifadəsində göstərmişdır ki, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 2/48 saylı binanın yan tərəfində yerləşən qəssab mağazası ona məxsusdur. Mağazanın əsas qapısından əlavə içəri həşaratların daxil olmaması üçün tordan əlavə qapı var. 2023-cü ilin oktyabr ayında saat təxminən 13:30 radələrində o mağazanın taxtadan düzətdiyi qapısını örtərək içəridə yatmış, lakin, həmin vaxt mağazanın qapısı açıq olmuşdur. Saat təxminən 14:30 radələrində oyanmış və ət kəsdiyi stolun alt hissəsində yerləşən siyirməni açmışdır. Ora qoyduğu pulları saydıqda 358 manat pul olduğunu görmüş, halbuki siyirmədə 508 manat pul olmalı idi. O, yaxınlıqdakı aptekin kamera görüntülərinə baxdıqda 14:00 radələrində o yatan müddətdə təxminən 19-20 yaşlarında cavan oğlanın içəri daxil olaraq qısa müddət sonra oradan çıxdığını görmüş və bu barədə dərhal polis orqanına məlumat vermişdir. Zərərçəkmiş şəxs1 Tapdıq oğlu məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin aradan qaldırılmasını, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdır ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən 98 saylı mağazada 2016-cı ildən dərzi ləvazimatlarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində mağazanın giriş qapısını bağlayıb yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində mağazaya gəlmiş və mağazanın qapısını açmaq istəyən zaman qapının açıq olduğunu və qapının üzərində müdaxilə izlərinin olduğunu görmüşdür. O, içəri daxil olan zaman mağazanın dağınıq olduğunu, həmçinin piştaxtanın siyirməsində olan 1050 manat pul vəsaitinin oğurlandığını aşkarlamışdır. Dərhal bu barədə polisə müraciət etmişdir. “Karvan” ticarət mağazasının kameralarına baxdıqda xx.xx.2023-cü il tarixdə saat təxminən 09:30 radələrində arıq bədən quruluşlu, gənc oğlanın qapıya müdaxilə edərək qapını açdığını və 1-2 dəqiqə sonra mağazadan çıxaraq oranı tərk etdiyini görmüş və bu görüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin aradan qaldırılmasını, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdır ki, o, 2016-cı il tarixdən “Səba” ət və süd məhsulları satışı həyata keçirən mağazada satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində o mağazanı bağlayaraq evinə getmişdir. Növbəti gün xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində mağazaya gəldikdə mağazanın giriş plastik qapısının şüşəsinin qırıq olduğunu görmüşdür. O, dərhal qapını açaraq içəri daxil olmuş və piştaxtanın altına qoyduğu dəftərin içərisində olan 450 manat və siyirmədə olan 1250 manat pul vəsaitinin oğurlandığını aşkarlamışdır. Bu barədə dərhal polisə müraciət etmişdir. Oğurluq zamanı ona ümumilikdə 1700 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs5 ona dəymiş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdır ki, Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Nağıl” şirniyyat mağazası ona məxsusdur. O. xx.xx.2023-cü il tarixdə şirniyat mağazasının qapısını kilidləyərək evə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər 08:00 radələrində o, mağazaya gəldikdə mağazanın plastik qapısının açıq oğluğunu görmüş, cəld içəri daxil olduqda kassa aparatının açıldığını və orada olan 800 manat pul vəsaitinin oğurlandığını aşkarlamışdır. Dərhal bu barədə polisə müraciət etmiş, daha sonra mağazaya quraşdırılmış daxili kameraya baxdıqda cavan, arıq bədən quruluşlu təxminən 19-20 yaşlı bir nəfər şəxsin mağazaya daxil olaraq kassa aparatını açdığını və orada olan pul vəsaitini götürdüyünü aşkar etmiş və video görüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin aradan qaldırılmasını, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 61-62-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 37-38-ci vərəqələrində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görütülərdən görünür ki, video görüntü 05 dəqiqə 54 saniyədən ibarətdir. Görüntü Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Vapebox” elektron siqaret mağazasında qeydə alınmışdır. Görüntünün 46-cı saniyəsində Təqsirləndirilən şəxs mağazaya daxil olaraq piştaxtanın arxa hissəsinə keçib siyirmələri axtarır. Daha sonra Təqsirləndirilən şəxs qapını açaraq digər otağa keçir. Bir neçə saniyə sonra yenidən Təqsirləndirilən şəxs mağazaya qayıdaraq siyirmələri axtarır və ora qoyulmuş pul vəsaitlərinin bir qismini götürüb sayaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyur. Sonra mağazanın digər otağına keçir və qayıdaraq siyirmədə olan qalan pul vəsaitlərini götürərək cibinə qoyur. Sonra o, mağazanı tərk edir. Cinayət işinin 2-ci cild 39-40-cı vərəqələrində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görütülərdən görünür ki, video görüntü 17 saniyədən ibarətdir. Görüntü Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Nağıl” şirniyyat mağazasına yerləşdirilmiş daxili videokamera vasitəsilə qeydə alınmışdır. Görüntüdə Təqsirləndirilən şəxs mağazaya daxil olaraq kassa aparatının arxasına keçir, bir neçə saniyə sonra isə mağazanı tərk edir. Cinayət işinin 2-ci cild 41-42-ci vərəqələrində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görütülərdən görünür ki, video görüntülər Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzində yerləşdirilmiş video kameralar vasitəsilə qeydə alınmışdır. Video görüntülərdə Təqsirləndirilən şəxs ticarət mərkəzinin dəhlizlərində dolaşır, ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mağazalar bir mağazanın qarşısında dayanır və mağazanın qapısını açaraq içəri daxil olur. Cinayət işinin 2-ci cild 43-44-cü vərəqələrində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görütülərdən görünür ki, video görüntü 59 saniyədən ibarətdir. Görüntü Sumqayıt şəhəri, 34-cü məhəllə 2/48 saylı binanın guirişinə quraşdırılmış video-kamera tərəfindən qeydə alınmışdır. Videogörüntüdə xx.xx.2023-cü il tarixdə saat 14:04 radələrində Təqsirləndirilən şəxs ət dükanına daxil olur və təxminən 30 saniyə sonra ət dükanından çıxaraq oranı tərk edir. Cinayət işinin 2-ci cild cild 92-107-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 04 ədəd DVD disk, Təqsirləndirilən şəxs aid olduğu müəyyən edilmiş 12 ədəd əl-barmaq izinin fraqmentləri əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 2-3-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-630/2023 saylı qərarı ilə 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinmiş, CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il, CM-in 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamılmaqla 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə təqin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadığın məhdudlaşdırılamsı cəzasının iki günü bir gün azadlıqdan məhrum etməyəbərabər tutulmaqla həmin cəzalar qismən toplanılaraq ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-630/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinə əlavə olunmuş Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-630/2023 saylı qərarı ilə 01 il 04 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata düşmüş və cəzanın sonu xx.xx.2024-cü il tarixdə bitir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, vrulmuş zərər üzrə qismən ödəniş etməsini, zərərçəkmiş şəxslərdən üç nəfərin ona qarşı tələb və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə məhkum edlən zaman törətdiyi cinayət əməlini yetkinlik yaşına çatmadığı zaman törətdiyi üçün onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikasının CM-in 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-630/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və şərti cəza müddətində hazırki cinayət işi üzrə əməlləri törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-630/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 04 (dörd) ədəd disk və Təqsirləndirilən şəxs aid olduğu müəyyən edilmiş 12 ədəd əl-barmaq izinin fraqmentləri cinayət işinin materiallarında saxlanılmalı və vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (ədəd) ədəd disk və Təqsirləndirilən şəxs aid olduğu müəyyən edilmiş 12 ədəd əl-barmaq izinin fraqmentləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar