Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-352/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək cəzası 1000 manata endirilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1000 manat miqdarında cərimə cəzasından azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncunun arvadı Şahid1 Baris qızına, baldızı Şahid2 və qohumu Şahid3 2-ci qrup əlilliklə bağlı təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq 25 noyabr 2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən «Shaurma» adlanan restoranda 7500 (yeddi min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddia tələbinin qismən qəbul edərək ifadəsində göstərdi ki, Şahid1 Baris qızını, Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs tanımış, onlarla qohumluq münasibətləri olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Yaşadığı Xaçmaz şəhərində müxtəlif işlərlə, yəni bəzən əkinçilik, bəzən isə alverlə məşğul olaraq dolanışığını təmin etmişdir. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində qohumları Elnarə və Arzu Xaçmaz şəhərinə qaynatası, yəni onların dayısı Ramazanın evinə qonaq gəlmişlər. Orada söhbət edən zaman Arzu və Elnarə əlilliklə bağlı pensiya düzəltdirmək istədiklərini və buna görə hörmət edəcəyini demişlər. O da Elnarə və Arzuya tanışlarının olduğunu və bu işdə onlara köməklik göstərə biləcəyini demişdir. Elnarə və Arzu bir-iki gün Xaçmaz şəhərində qaldıqdan sonra yaşadıqları Sumqayıt şəhərinə getmişlər və onunla əlaqə saxlayacaqlarını demişlər. Elnarə və Arzu Sumqayıt şəhərində olan zaman o, Elnarə ilə telefonla əlaqə saxlamış və Elnarə ona qohumları Esmiranın da əlilliklə pensiya düzəltdirmək istədiyini demişdir. O, da Elnarəyə sənədlərinə baxandan sonra dəqiq söz deyə biləcəyini demişdir. Elnarə isə ona bacısı Arzunun sənədlərini göndərmişdir. O, həmin sənədləri tanıdığı həkimə göstərəndə həmin həkim ona sənədlərə görə pensiya düşdüyünü demişdir. O, da bu barədə Elnarəyə demiş və onlar görüşmək qərarına gəlmişlər. Təxminən 2020-ci ilin noyabr ayının axırlarında o, Elnarə, Arzu və Esmira Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda görüşmüşlər. Elnarə, Arzu və Esmira ona əlillik üçün sənədlərinin surətlərini vermişlər, o, da həmin sənədləri götürüb yaşadığı Xaçmaz şəhərinə gəlmiş və yenə də tanıdığı həkimə göstərəndə həkim ona həmin sənədlərə görə pensiya düşdüyünü demişdir. O, da bundan sonra yenə də Elnarə ilə əlaqə saxlamış və işlərinin düzəlməsi üçün hər birinin 3000 manat pul verməli olduqlarını demişdir. Onlar ilkin olaraq ona hər biri 2500 manat, işləri düzələndən sonra isə əlavə olaraq 300 manat pul verəcəklərini demişlər. Onlar yenə də həmin “Shaurma” restoranında görüşmək qərarına gəlmişlər. Təxminən 25 noyabr 2020-ci il tarixdə günorta saatlarında o, Elnarə, Esmira, Arzu və Elnarənin əri Azayla Sumqayıt şəhərində yerləşən “Shaurma” restoranında görüşmüşlər. Orada Azay ona 7500 manat pul vermiş və o həmin şəxslərə işlərini ən qısa müddətdə düzəldəcəyini demişdir. Həmçinin onlardan notarial qaydada təsdiq edilmiş etibarnamə də almışdır ki, onların adından müvafiq sənədləşmə işlərini apara bilsin. Həmin şəxslərin pensiya məsələsini düzəltmək üçün müxtəlif qurumlara müraciət etsə də işlərini düzəldə bilməmişdir. Həmin müddət ərzində də Azayın ona vermiş olduğu 7500 manat pulun bir hissəsini xurma alverinə, bir hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonralar Elnarə və digərləri ondan işlərinin nə üçün gecikdiyini soruşanda tezliklə düzələcəyini demişdir. Halbuki ümid etmişdir ki, xurma alveri yaxşı gedəndən sonra onların pulunu qaytarar. Lakin alver yaxşı olmadığından Azayın pulunu qaytara bilməmişdir. Azay ona vermiş olduğu pulu tələb edəndə isə vaxt qazanmaq məqsədi ilə Azaya müxtəlif bəhanələr demişdir. Təxminən 25 noyabr 2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 3- cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda Zərərçəkmiş şəxs ona 7500 (yeddi min beş yüz) manat pulu Elnarə, Arzu və Esmiraya 2-ci qrup əlilliklə bağlı pensiya düzəltdirməkdə köməklik göstərməsi üçün vermişdir. Zərərçəkmiş şəxs 7500 manat pulu almaqda məqsədi Elnarə, Arzu və Esmiraya 2-ci qrup əlilliklə bağlı pensiya düzəltməkdə köməklik etmək olmuşdur. Azaydan 7500 manat pulu özü almış və həmin puldan heç kimə verməmişdir. Həmin pulu almasını da ona heç kim deməmişdir. Azaydan həmin pulu alan zaman düşünmüşdür ki, pulun bir hissəsini onların pensiya üçün sənədlərini düzəldən zaman ehtiyac olarsa dövlət rüsumlarına, bir hissəsini də şəxsi ehtiyaclarına xərcləyəcəkdir. Lakin onların işini düzəldə bilmədiyindən və həmin pulu xurma alveri ilə şəxsi ehtiyaclarına xərcələmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərərin 5200 manatını ödədiyini, yerdə qalan 2300 manatını ödəməyə maddi imkanının olmadığını, himayəsində 3 azyaşlı uşağının olduğunu bildirərək mülki iddia tələbinin qismən, yəni 2300 manat hissədə təmin olunması və barəsində yüngül cəza təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasını müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun arvadı Şahid1 dayısı oğludur, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Arvadı Elnarə uzun müddətdir ki, yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyindən müxtəlif xəstəxanalarda bununla bağlı müalicə almışdır. Müalicə zamanı həkimlər onlara demişlər ki, Elnarənin xəstəliyi ilə bağlı İİ qrup əlilliklə pensiya ala bilər. Buna görə də onlar Elnarənin pensiya alması üçün bildikləri lazım olan sənədləri toplamışlar. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Elnarə bacısı Arzu ilə Xaçmaz rayonunda yaşayan dayısı Ramazanın evinə qonaq getmişlər. Oradan gələndən sonra Elnarə ona demişdir ki, dayısının kürəkəni Cəmil ilə orada söhbət edən zaman Cəmilə bu barədə deyib kömək istəmişlər və Cəmil də onlara maraqlanıb kömək edəcəyini demişdir. Həmin vaxt Cəmilə hörmət də ediləcəyini demişdir. Cəmil də onların pensiya işlərini düzəldə biləcəyini bildirmişdir. Sonralar isə Cəmil arvadı Elnarəyə zəng vuraraq sənədlərinin surətini istəmiş, Elnarə də Cəmilə sənədlərin şəkilini atandan sonra Cəmil baxaraq onlara pensiya düzəltdirə biləcəyini demişdir. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Elnarə, Arzu və Elnarənin bibisi qızı Esmira Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda Cəmil ilə görüşmüşlər. Orada Cəmil onların sənədlərinə baxmış və onların hər üçünə də İİ qrup əlillik düzəltdirə biləcəyini bildirmişdir. Həmçinin Cəmil onlara demişdir ki, pensiya ilə bağlı müvafiq sənədlərə görə ona hər biri 3000 manat pul verməlidirlər. Razılığa gəlmişlər ki, ilkin olaraq hər biri Cəmilə 2500 manat, pensiya aldıqdan sonra isə əlavə olaraq 300 manat pul verəcəklər. Esmira və Arzu bu barədə ona bildirib pullarının olmadığını demişlər və ondan xahiş etmişlər ki, onların da əvəzinə hər birinə görə 2500 manat pulu borc olaraq o, versin, pensiya aldıqdan sonra ona qaytaracaqlar. O, da etiraz etməyərək Arzu və Esmira ilə razılaşmışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində o, Arzu, Elnarə və Esmira ilə birlikdə “Shaurma’' restoranında Cəmil ilə görüşmüşlər. O, Arzu, Esmira və Elnarəyə görə Cəmilə ümumilikdə 7500 manat pulu vermişdir. Cəmil pulu aldıqdan sonra onlara vəd vermişdir ki, ən geci 2020-ci ilin fevral ayında onlar artıq pensiya kartlarını almış olacaqlar. Cəmil 2021-ci ilin fevral ayına kimi arabir onlarla əlaqə saxlayıb işlərinin düzələcəyini demiş, lakin Cəmilin dediyi vaxt gəlib çatanda işlərinin yubandığını görüb Cəmil ilə tez-tez əlaqə saxlamağa və işləri barədə maraqlanmağa başlamışlar. Cəmil isə hər dəfə onlara müxtəlif bəhanələr gətirərək işlərinin tezliklə düzələcəyini və pensiya alacaqlarını demişdir. O, Cəmilin onları aldatdığını başa düşüb Cəmil ilə əlaqə saxlayaraq vermiş olduğu pulu tələb edəndə isə əvvəlcə Cəmil həmin pulun 4000 manatını qaytaracağını demişdir. Cəmilin dediyi vaxt keçəndən sonra isə onunla yenə də əlaqə saxlayanda həmişəki kimi Cəmil müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Bir müddətdən sonra isə Cəmil Elnarə, Arzu və Esmiranm tibbi sənədlərini taksi ilə onlara göndərmiş və onlar başa düşmüşlər ki, Cəmil onların sənədlərini heç kimə verməmiş, Cəmilin məqsədi onları aldadaraq onun pulunu ələ keçirtmək olmuşdur. O, dəfələrlə Cəmildən vermiş olduğu pulu tələb etsə də Cəmil onu aldadaraq pulunu qaytarmamışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda Təqsirləndirilən şəxs ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu arvadı Elnarəyə, baldızı Arzuya və Elnarənin qohumu Esmiraya 2-ci qrup əlilliklə bağlı pensiya düzəltdirməkdə köməklik göstərməsi üçün vermiş, həmin pul özünə məxsus olmuşdur. Cəmil həmin pulu onladn alan zaman demişdir ki, həmin pullar yol xərcələrinə və müəyyən sənədlərin toplanması üçün lazım olacaqdır. 7500 manat pulu Cəmilə verən zaman orada o, Elnarə, Arzu və Esmira olmuşdur. Cəmil pulu aldıqdan sonra ən geci 2021-ci ilin fevral ayına kimi onların pensiya işini düzəldəcəyinə vəd versə də onları aldadaraq pulunu ələ keçirtmiş və qaytarmamışdır. Cəmilə verilən pullar ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclaslarının gedişində təqsirləndirilən şəxsin ona vurduğu ziyandan 5200 manatı ədədiyini, qalan 2300 manat pulu isə ödəmədiyini bildirərək mülki iddia tələbinin qismən, yəni 2300 manat hissədə təmin olunaraq təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Baris qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur, Cəmil ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Uzun müddətdir ki, yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı uzun müddət müalicə olunmuş və müxtəlif xəstəxanalardan tibbi sənədlər almışdır. Müalicə zamanı həkimlər ona bildirmişlər ki, xəstəliyi ilə bağlı İİ qrup əlilliklə pensiya ala bilər. Ona görə də pensiya almaq məqsədi ilə bildiyi lazım olan sənədləri toplamışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində bacısı Şahid2 ilə Xaçmaz rayonunda yaşayan dayısı Ramazanın evinə qonaq getmişlər. Orada pensiya məsələsində söhbət düşmüş, Cəmildən kömək istəmiş, hörmət edəcəklərini demiş və həmin vaxt orada olan dayısı Ramazanın kürəkəni Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Xaçmaz rayonunda bütün qohum və tanışları üçün pensiya düzəltmiş, belə işlər onun üçün çətin deyil, həkim tanışları var, eləcə də Xaçmaz rayon xəstəxanasının baş həkimi ilə də yaxın münasibəti vardır. Söhbət zamanı bacısı Arzu da Cəmilə xəstəliyi ilə əlaqədar müalicə aldığını və pensiya düzəltdirmək istədiyini bildirmiş və buna kömək etməsini hörmət də edəcyini demişdir. Cəmil isə onlara bildirmişdir ki, pensiya məsələlərini həll edə bilər, təxminən 2 ay ərzində sənədləşmə işləri gedəcəkdir. Sonra isə bacısı Arzu ilə o, yaşadıqları Sumqayıt şəhərinə qayıtmışlar və orada bibisi qızı Şahid3 ilə söhbət zamanı Esmira da xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istədiyini bildirmişdir. Bundan bir müddət sonra Cəmil ona ***- ***-**-** mobil telefon nömrəsi ilə zəng vuraraq sənədlərinin surətini istəmiş, o, da vatsap tətbiqi ilə Arzunun sənədlərinin şəkilini çəkib Cəmilə göndərmişdir. Cəmil Arzunun sənədlərinə baxan kimi bildirmişdir ki, Arzuya İİ qrup əlillik düşür və bu məsələni həll edə bilər. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Cəmil Sumqayıt şəhərinə gəlmiş və sonuncu ilə razılaşıb səhər saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda görüşmüşlər. Həmin vaxt Cəmil ilə görüşməyə o, bacısı Arzu və Esmira getmişlər. Həmin vaxt onlar hər üçü tibbi sənədlərini Cəmilə göstərmək üçün götürmüşlər. Cəmil onların sənədlərinə baxıb Bakı şəhərində yoxlatdıracağını, dəqiq nəticəsini sonra onlara deyəcəyini bildirmişdir. O, da Cəmilin onlara dedikləri barədə əri Zərərçəkmiş şəxs demişdir. Azay isə işlərinin düzələcəyi təqdirdə əgər lazım olarsa sənədləşmə işlərinə pul verə biləcəyini demişdir. Həmçinin bacısı Arzu və Esmira da pulları olmadığından Azaydan xahiş etmişlər ki, lazım olduğu halda onların da əvəzinə pul versin daha sonra ona qaytararlar. Azay da onlarla razılaşmışdır. Bir neçə gün sonra Cəmil onunla əlaqə saxlayaraq yenədə “Shaurma” adlanan restoranda görüşmələrini istəmişdir. O, Arzu, Esmira və Azay birlikdə “Shaurma” restoranına Cəmil ilə görüşməyə getmişlər. Cəmillə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, onların sənədləri qaydasındadır və hər birinə 2-ci qrup əlillik düşür və buna görə də müvafiq sənədlərin toplanması üçün hərəsi 3000 manat pul verməlidirlər. Onlar Cəmilə həmin məbləğin çox olduğunu bildirib onunla razılaşmışlar ki, ilkin olaraq Cəmilə hər biri 2500 manat, cəmi 7500 manat pul verəcəklər, işləri düzəldikdən sonra isə əlavə olaraq da hər biri Cəmilə 300 manat pul verəcəklər. Bir neçə gün sonra onlar yenə də Cəmil ilə “Shaurma” restoranında görüşmüşlər və orada əri Azay Cəmilə 7500 manat pulu vermişdir. Cəmil pulu aldıqdan sonra onlara vəd vermişdir ki, ən geci 2021-ci ilin fevral ayında onlar artıq pensiya kartlarını alacaqlar. Cəmil 2021-ci ilin fevral ayına kimi arabir onlarla əlaqə saxlayıb işlərinin düzələcəyini demiş, lakin Cəmilin dediyi vaxt gəlib çatanda işlərinin yubandığını görüb Cəmil ilə tez-tez əlaqə saxlamağa və işləri barədə maraqlanmağa başlamışlar. Cəmil isə hər dələ onlara müxtəlif bəhanələr gətirərək işlərinin tezliklə düzələcəyini və pensiya alacaqlarını demişdir. X6rı aldatdığını başa düşüb Cəmil ilə əlaqə saxlayaraq vermiş olduğu pulu tələb edəndə isə əvvəlcə Cəmil həmin pulun 4000 manatını qaytaracağını demişdir. Cəmilin dediyi vaxt keçəndən sonra isə onunla yenə də əlaqə saxlayanda həmişəki kimi Cəmil müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Bir müddətdən sonra isə Cəmil onların tibbi sənədlərini taksi ilə göndərmiş və onlar başa düşmüşlər ki, Cəmil onların sənədlərini heç kimə verməmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda əri Azay qohumu Təqsirləndirilən şəxs ümumilikdə 7500 manat pulu ona, bacısı Arzuya və qohumu Esmiraya 2-ci qrup əlilliklə bağlı pensiya düzəltdirməkdə köməklik göstərməsi üçün vermişdir. Həmin pul əri Azaya məxsus olmuşdur. Cəmil onlara demişdir ki, həmin pul müəyyən sənədləşmə işlərinə görə lazımdır. Əri Azay 7500 manat pulu Cəmilə verən zaman orada o, Arzu və Esmira olmuşdur. Cəmil pulu aldıqdan sonra ən geci 2021-ci ilin fevral ayına kimi onların pensiya işini düzəldəcəyinə vəd versə də onları aldadaraq pullarını ələ keçirtmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 Baris qızının ifadəsinə uyğun ifadə verdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-cı il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının və Xaçmaz Rayon Məhkəməsinin qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək cəzası 1000 manata endirilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1000 manat miqdarında cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni cərimə cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 24 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 13 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində maddi ziyan və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia qismən təmin olunmalıdır. Belə ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu 7500 manat maddi zuiyandan ona 5200 manat ödəniş etdiyini, qalıq maddi ziyanın 2300 manat olduğunu və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 2300 (iki min üç yüz) manat və 95 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli (iş № 1(060)-352/2022) qərarını icra edərək, 15 mart 2022-ci il tarixli 479/2022 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 2300 (iki min üç yüz) manat və 95 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-352/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-352/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver