Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-353/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatşılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixdə, saat 17:50 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 56 nömrəli fərdi həyət evinə gedərək Zərərçəkmiş şəxs ondan boşanmasına etirazını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun kürəyindən əli ilə itələyib yerə yıxıb, sifət nahiyyəsinə yumruqla vuraraq ona burun tənəffüzünün pozulması ilə müşahidə olunan burun sümüyünün tam, nisbi yerdəyişən sınığı, sol təpə gicgah nahiyyənin qançırı-şişkinliyi, boyun və burun nahiyənin qançırı kimi xəsarət yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vumuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2014-cü ildə ailə həyatı qurmuşlar və onların birgə nikahdan 2 övladları olmuşdur. Daha sonra münasibətləri pisləşmiş və onlar 2019-cu ildə boşanmışlar. Buna baxmayaraq onlar eyni evdə, yəni Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 56 saylı fərdi bağ evində yaşamışlar. Getdikcə münasibətləri daha da pisləşdiyindən o, son 4 ay olar ki, evdən çıxmış və kirayə ev tutaraq yaşamışdır. 01.12.2021-ci il tarixdə, təxminən saat 17:50 radələrində o, övladlarına baş çəkməkdən ötrü və aldığı ərzaqları onlara vermək üçün yaşadıqları evə getmiş, o, uşaqlarının yaşadıqları evdə olmadığını görmüş və qaldığı ərzaqları evə qoyduqdan sonra Tutu digər otaqdan çıxmış, o, ərzaq aldığını və uşaqları görmək üçün gəldiyini, həmin gün anasının ad günü olduğundan anasının qəbrini ziyarət etməyə gedəcəyini bildirmişdir. Bu zaman keçmiş həyat yoldaşı Tutu onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, əsəbləşərək Tutunu əliylə itələmiş, nəticədə Tutu yerə yıxılmışdır. O, Tutunun üzü üstə yerə yıxıldığını gördükdən sonra mənzildən çıxıb getmişdir. O, ibtidai istintaq zamanı qızının evdə olmasını bildirsə də həmin vaxt qızı yaşadıqları evdə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal hazırda 2 azyaşlı övladlı ilə ünvan 3 ünvanında yaşayır və İntiqam onun keçmiş həyat yoldaşıdır. İntiqam evə baxmadığından onlar 3 ilə yaxındır ki, rəsmi olaraq boşanmışlar və qeyd etdiyi ünvanda övladları ila tək yaşamağa başlamışdır. Buna baxmayaraq İntiqam ara bir uşaqları görmək bəhanəsi ilə onun yaşadığı evə gəlmişdir. Sonuncu dəfə 01.12.2021-ci il tarixdə, saat 17:00 radələrində o, evdə olduğu zaman uşaqları hələ məktəbdən gəlmədiyindən evin qapısını açıq qoymuşdur. Həmin vaxtı İntiqam onun yaşadığı evə gəlmiş və o, uşaqların evdə olmadığını İntiqama demişdir. Bu zaman İntiqam evin otaqlarını yoxlayıb qurtardıqdan sonra onunla söhbət etməyə başlamış və ona nə üçün ondan boşandığını və onunla yenidən barışmaq istədiyini bildirmişdir. O, da İntiqama evdən çıxmasını bildirən zaman İntiqam onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra onun kürəyindən əli ilə itələmiş və həmin vaxt o, yerə yıxılmışdır. Daha sonra İntiqam onun boğaz nahiyyəsindən tutmuş, yerə yıxılan zaman onun üz nahiyyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmişdir. O, da zərbələrin təsirindən huşunu itirmişdir. Həmin vaxt İntiqam tez evdən çıxıb getmişdir. O, dərhal oğlu Cavidin istifadəsində olan mobil nömrəni yığaraq təcili evə gəlməsini və İntiqamın onu döydüyünü bildirmişdir. Təxminən 10 dəqiqə sonra Cavid evə gəlmişdir. Cavid evə daxil olarkən onun üz nahiyyəsindəki xəsarətləri görərək nə baş verdiyini soruşan zaman o, Cavidə İntiqamın onu vurduğunu demişdir. Bu vaxt qızı Aytac da evə gəlmiş və ondan nə baş verdiyini soruşduqda İntiqamın onu döyərək xəsarət yetirdiyini demişdir. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və övladıları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişlər. Oğlu Cavid və qızı Aytac evdən çıxan zaman İntiqamı küçədə gördüklərini ona demişlər. Hadisə onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ev 56-dakı evində baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmiş və münaqişə vaxtı evdə heç kim olmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmasa da, onun həbs olunmasını istəmədiyini bildirdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, İntiqam onun atası, Tutu isə anasıdır. Valideynləri təxminən 3 ilə yaxındır ki, rəsmi olaraq boşanmışlar. Atası İntiqam anasından boşandıqdan sonra ayda 1-2 dəfə onların yaşadığı evə gələrək tez-tez anası ilə mübahisə etmişdir. Sonuncu dəfə 01.12.2021-ci il tarixdə, saat 18:00 radələrində o, təhsil aldığı Sumqayıt şəhəri, 38 nömrəli tam orta məktəbdən dərsdən qayıdarkən atasının həyətdə telefonla danışa-danışa söyüşlər söydüyünü və evə daxil olarkən anasının sifətindən qan axdığını görmüşdür. Anasından kim tərəfindən döyüldüyünü soruşduqda İntiqamın döydüyünü, kürəyindən itələyərək yerə yıxdığını və sifətinə yumruqla vurduğunu bildirmişdir. Bundan başqa anasının boğazında qançır izlərinin də olduğunu bildirmişdir. Anası ona İntiqamın onu boğmağa çalışdığını da demişdir. Anası onun yanında DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmçinin qardaşı Cavidin də evdə olduğunu və anasını o vəziyyətdə gördüyünü qeyd etmişdir. Həmin vaxt atası İntiqam evə daxil olmuş və anasını yenidən təhqir etməyə başlamışdır. O, atasından niyə anasını döydüyünü soruşduqda İntiqam heç nə deməmişdir. Onlar taksi çağırıb 4-cü PB-nə getmişlər. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, İntiqam onun atası, Tutu isə anasıdır. Valideynləri təxminən 3 ilə yaxındır ki, rəsmi olaraq boşanmışlar. Atası İntiqam anasından boşandıqdan sonra ayda 1-2 dəfə onların yaşadığı evə gələrək tez-tez anası ilə mübahisə etmiş və nalayiq söyüşlərlə təhqir etmişdir. Sonuncu dəfə 01.12.2021-ci il tarixdə, gönorta saatlarında o hazırlıqda olan zaman anası zəng edərək atası İntiqamın onu döydüyünü və tez evə gəlməyini bildirdi. O, hazırlıqdan çıxaraq tez evə gəlmiş, atası İntiqamın həyətdə telefonla danışa-danışa söyüşlər söydüyünü və evə daxil olarkən anası Tutunun sifətindən qan axdığını görmüşdür. Anasından nə baş verdiyini soruşmuş, anası Tutu onu İntiqamın döydüyünü, kürəyindən itələyərək yerə yıxdığını və sifətinə yumruqla vurduğunu bildirmişdir. Bundan başqa anasının boğazında qançır izlərinin olduğunu görmüş, anasından həmin xəsarətlərin necə olduğunu soruşduqda Tutu İntiqamın onun boğazına da əl atdığını demişdir. O, atasından niyə anasını döydüyünü soruşduqda İntiqam heç nə deməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.12.2021-ci il tarixli 1616 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər bardır: Burun tənəffüsünün pozulması ilə müşayiət olunmuş burun sümüyünün tam, nisbi, yerdəyişən sınığı, sol təpə-gicgah nahiyyənin qançlr-şişkinliyi, boyun və burun nahiyyənin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 01.12.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, 29.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli (iş № 1(060)-353/2022) qərarını icra edərək, 15 mart 2022-ci il tarixli 432/2022 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-353/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-353/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver