Məhkəmə qərarları › İş №1(060)-354/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-354/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-354/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkuımluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1(bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, xx.xx.2022-ci il tarixdə, saat 23:45-də Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparılmış və təqdim etdiyi (bir) ədəd təsvir edilən ov bıçağı ondan götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən özlərinə məxsus olan bağa əncir yığmaq üçün getmişdir. Eyni tarixdə, axşam saatlarında 1 ədəd spirtli içki olan 2 litrlik pivə alıb içmiş, saat 23 radələrində bağın həyətində olan dünyasını dəyişmiş atası Cəbiyev İkram Mikayıl oğluna məxsus ov bıçağını götürüb yaşadığı ünvan 1 ünvanına aparmaq üçün əynində olan şalvarın bel hissəsinə qoymuşdur. Sonra yaşadığı ünvana getmək üçün taksi sifariş etmişdir. Taksi ilə yaşadığı ünvana yəni, Sumqayıt şəhəri, 30-cu məhəlləyə çatdıqdan sonra 30-cu məhəllə ərazisində olarkən 2 nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşıb onun harada yaşaması barədə soruşduqda yaşadığı 10 saylı binanı göstərib həmin binada 48 saylı mənzildə yaşadığını bildirmişdir. Polis əməkdaşları ondan spirtli içki qoxusunun gəldiyini hiss edib ondan spirtli içki qəbul edib-etməməsi barədə soruşduqda polis əməkdaşlarına spirtli içki qəbul etdiyini bildirmişdir. Polis əməkdaşları ilə aralarında olan söhbət zamanı üzərində ov bıçağı olduğunu, onu yaşadığı evə aparmaq üçün özünə məxsus olan bağdan götürüb belində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bıçağı onlara təqdim etməyini bildirmiş, öz növbəsində Təqsirləndirilən şəxs bıçağı şalvarının bel hissəsindən çıxarıb onlara təqdim etmişdir. Sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 4-cü PB-nə getmiş, bundan sonra sərxoşluq dərəcəsini müəyyən etmək üçün onu Sumqayıt narkoloji dispanserinə aparmışlar. Orada onun yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan ov bıçağının Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən özlərinə məxsus olan bağın həyətindən götürüb yaşadığı ünvan 3 ünvanına aparmaq üçün əynində olan şalvarın bel hissəsinə qoyduğunu, həmin bıçağın dünyasını dəyişmiş atası Cəbiyev İkram Mikayıl oğluna məxsus olduğunu bildirmişdir. Atası İkram Cəbiyev həmin bıçağı hərbi mağazadan almış, həmin bıçaqla onun cinayət etmək fikri olmamışdır. Polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirməmiş, o özü üzərində olan bıçağı onlara təqdim elmişdir. Təqsirləndirilən şəxs üzərində olan və təhqiqata təqdim etdiyi bıçağın soyuq silah olduğunu bildiyini, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə, saat 23:45 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq cinayətləri ilə bağlı Sumqayıt şəhəri, N. Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində əməliyyat-axtarış tədbirlərində iştirak edərkən bir nəfər şəxsin şalvarının bel hissəsində, köynəyinin altında əşya olmasını vizual olaraq görmüş, həmin əşyanın qanunla dövriyyəsi qadağan olunmuş əşya olması qənaətinə gələrək bu barədə Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin PPXT-nin avtopatrulla xidmət aparan əməkdaşları Şahid1 və Şahid2 onunla əlaqə saxlayıb ona yaxınlaşmışlar. O, Şahid1 və Şahid2 həmin şəxsi göstərdikdən sonra Şahid1 və Şahid2 həmin şəxsə yaxınlaşmışlar. O, kənardan həmin şəxsin polis əməkdaşlarına belindən əşya çıxarıb təqdim etdiyini və onun polis əməkdaşları ilə birlikdə avtopatrula əyləşib getdiyini görmüşdür. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Sumqayıt ŞPİ-nin PPXTnin 1-ci bölüyündə çalışır, xx.xx.2022-ci il tarixdə, saat 23:45 radələrində 9137 çağırışlı avtopatrulla postaçı yoldaşı Sumqayıt ŞPİ-nin PXT-nin 1-ci bölüyünün polis nəfəri Şahid2la birgə xidmət aparan zaman Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən efir vasitəsilə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində bir nəfər şəxsin üzərində qanunsuz əşya saxlamaqda şübhəli olması barədə məlumat alıb həmin əraziyə yaxınlaşmışlar. Növbətçi hissədən Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3la əlaqə saxlamalı olduqları bildirildiyi üçün sonuncu ilə əlaqə saxlamışlar. Şahid3 onlara həmin şəxsi göstərdikdən sonra adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs harada yaşadığını soruşduqda Təqsirləndirilən şəxs yaxınlıqda olan 6/10 saylı binanı göstərib həmin binada 48 saylı mənzildə yaşadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs spirtli içki qoxusunun gəldiyini hiss edib ondan spirtli içki qəbul edib-etməməyini soruşduqda Təqsirləndirilən şəxs spirtli içki olan pivə içdiyini bildirmiş, eyni zamanda profilaktiki söhbət zamanı şalvarının bel hissəsində ov bıçağı olduğunu, onu yaşadığı evə aparmaq üçün özünə məxsus olan bağdan götürüb belində saxladığını bildirmişdir. O, xoşagəlməz hadisələrin baş verməməsi üçün Təqsirləndirilən şəxs həmin bıçağı ona təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs həmin bıçağı təqdim etdikdən sonra onu Sumqayıt 4-cü PByə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getmiş, bıçağı təhqiqata təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər prokurorluğu tərəfindən 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanılmış, ibtidai istintaqın aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-ə göndərilmişdir. (i.v. 1). 31 avqust 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, polis nəfərləri Şahid1, Şahid2 eləcə də hal şahidlərin iştirakı ilə Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri Şahid1 təqdim etdiyi bıçağa baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: bıçaq açılıb-qatlanmayandır, bıçağın dəstəyinin səthində və tiyə hissəsində qara rəngli dəriyə bənzər materialdan üzlük var, bıçağın ümumi uzunluğu 30,5 sm, tiyəsinin uzunluğu 18,5 sm, dəstəyinin uzunluğu 12 sm-dir. Bıçağın tiyəsinin uc hissəsi iti, bir tərəfi kəsicidir. (i.v. 4-5) 31 avqust 2022-ci il tarixli, A/1283 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yüngül dərəcə alkoqol sərxoşluğunda olmuşdur. (i.v.8). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1263 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. (i.v.13-16). 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 62-63, 75). Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyət İctimai Birliyinin 01 fevral 2023-cü il tarixli 08 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. (i.v. 80) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü ddələrinə əsasən 01 il 05 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının tam çəkmişdir. (i.v. 34-35). AR CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, residiv kimi qiymətləndirilməməlidir. Sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə 01 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağının cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin etmiş olacaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd ov bıçağı məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd ov bıçağı məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar