Məhkəmə qərarları › İş №1(060)-355/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-355/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-355/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, İİ qrup əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və ünvan 1 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə, saat 09:30-da yaşadıqları ünvan 1 ünvanında yerləşən evin həyətində arvadı Zərərçəkmiş şəxs səhər yeməyi hazırlamasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun baş nahiyəsinə vurub ona burunun sağ yan səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və alının sol hissəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Onunla 2009-cu ildə ailə həyatı qurmuş, buna baxmayaraq rəsmi nikahları 2011-ci ildə qeydə alınmış, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Birlikdə yaşadıqları müddətdə Könüllə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya pis münasibətləri olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 09:30-da yuxudan ayıldıqdan sonra ona səhər yeməyi veməsi üçün həyat yoldaşı Könülü axtarmağa başlamış, ancaq Könülün evdə olmadığını görüb bundan sonra həyətə çıxdıqda həyat yoldaşı Könülün yaşadıqları evin həyətindəki üzüm ağaclarının aşağı hissələrini budayaraq təmizlədiyini görmüşdür. Bundan sonra ona irad bildirib hələ ağacların budanmasının vaxtı olmadığını bildirib, ona səhər yeməyi verməsini tələb etmiş, Könül isə işini qurtarıb gələcəyini bildirmişdir. Bundan sonra onun cavabından əsəbləşmiş və Könülün üstünə gedərək ondan evə gələrək ona səhər yeməyi verməsini təkrar tələb etmiş, Könül isə ondan uzaq durmasını tələb etdiyindən, aralarında mübahisə yaranmış, Könülün hərəkətlərindən əsəbləşdiyindən bundan sonra əli ilə onun üz nahiyyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Könül isə zəng vurub hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, sonra isə yaşadıqları evin həyətini tərk edərək çıxıb getmiş, ondan şikayət etməməsini tələb etsədə, o buna əhəmiyyət verməmişdir. Aradan bir qədər vaxt keçdikdən sonra izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuş, bundan sonra ona məlum olan hallar üzrə izahat vermişdir. Etdiyi əməldən səmimi olaraq peşmandır, gələcəkdə eyni hərəkətlərə yol verməyəcəyinə söz verir. Hadisə yaşadıqları evin həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt yanlarında kənar şəxs olmamış, hadisə baş verərkən azyaşlı uşaqları məktəbdə olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onunla 14 il əvvəl ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Birlikdə yaşadıqları müddətdə Səbuhi ilə aralarında xırda ailə daxili münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 09:30-da yaşadıqları evin həyətindəki üzüm ağaclarının aşağı hissələrini kəsib təmizləyərkən Səbuhi yanına gələrək, uca səslə ona ağacların hələ budanması vaxtının olmadığını bildirib, bunun əvəzinə ona səhər yeməyi verməyini tələb etmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, Səbuhidən ondan uzaq durmasını tələb etsə də, əksinə Səbuhi üzərinə cumaraq əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyüb bədən xəsarətləri yetirmişdir. İlk dəfə belə bir halla rastlaşdığından, nə edəcəyini bilməmiş, bundan sonra isə zəng vurub hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Səbuhi isə bunu görüb ondan uzaqlaşmış, şikayətinin olmamasını bildirməsini tələb etmişdir. Aradan bir qədər keçmiş yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, bundan sonra həyat yoldaşı Səbuhinin onu döyüb bədən xəsarəti yetirməsi səbəbindən şikayət ərizəsi yazaraq onun barəsində qanuni tədbir görülməsini xahiş etmiş, daha sonra isə hər ikisi izahatlarının alınması üçün polis bölməsinə dəvət edilmişlər. Hadisə yaşadıqları evin həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt yanlarında kənar şəxs olmamış, hadisə baş verərkən azyaşlı uşaqları məktəbdə olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1746 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alının sol hissəsinin dərialtı hematoması, bumun sağ səthinin sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə alının sol hissəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya, digər xəsarət yəni burunun sağ səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi üzrə təyin edilmiş komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından hər ay 15% dövlət nəfmə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-407/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 128-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş “Qeyd” hissəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-407/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 128-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş “Qeyd” hissəsinə əsasən xitam verilmişdir. xx.xx.2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən Məcəllənin 128-ci maddəsinin “Qeyd” hissəsi çıxarılmış və Məcəlləyə 73.2-ci maddə əlavə edilmişdir. Həmin dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yəni, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən başlanmış cinayət təqibinə əvvəllə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmədiyindən, hal-hazırda həmin maddənin müddəalarına əsasən cinayət təqibinə xitam verilməsi üçün maneə mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar