Məhkəmə qərarları › İş №1(060)-356/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-356/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-356/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Sumqayıt şəhəri, TUK zavod qəsəbəsi, ev 3, mənzil 9-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 13:10-da Sumqayıt şəhəri, 5-ci mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən “Dərələyəz” kafesinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 il olar ki, narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı heroin, arada bir isə “şüşə”, “patı” adlandırılan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 13:10 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesinin yaxınlığında olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu 3-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə PB-yə getmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirərkən heç bir etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün əvvəlcədən təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan tünd boz rəngli şalvarın sağ yan kiçik cibində saxladığı 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Aşkar olunmuş büküm açılmış, bükümdə spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin “kakos” olduğunu, aşkar olunmuş maddəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, 20 yanvar dairəsində olduğu zaman tanımadığı şəxsdən 5 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunan 1 ədəd büküm elektron tərəzidə çəkidikdə çəkisinin 0,39 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin əynindəki şalvarın sağ yan cibindən 2 ədəd 5 manatlıq pul əskinası və 10 qəpik pul aşkar olunmuş və aşkar olunmuş əşyalar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. O, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 13:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesinin yaxınlığında o və 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona polis əməkdaşları olduqlarını bildirməklə saxlanılmasının səbəbini izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə 3-cü PB-yə getmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Allahverdiyev özünü təqdim etikdən sonra o və 3-cü PBnin əməliyyat müvəkkili Şahid2, daha sonra isə saxlanılan şəxs Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib, hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, 20 yanvar ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kütləsi tərəzidə çəkildikdə çəkisinin 0,39 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş və videoçəkiliş yekunlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Dərələyəz” kafesinin yaxınlığında tutulmuşdur.(i.v 19) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 61-62) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim edilmiş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Aşkar olunmuş gümüşü rəngli büküm açılmış, bükümdə spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli maddənin kakos olduğunu bildirmişdir. Aşkar olunmuş maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 5 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli kağız ilə birlikdə çəkisinin 0,39 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir.(i.v. 27-28, 74-75) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/160 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar.....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.(i.v. 33-37) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,230 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 65-66) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 169 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v. 72) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 82) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 459 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zaman Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 86-87) İş materiallarında olan 23 saylı MKS-nın 08 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 90) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,230 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 91-95) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-356/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-14212 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,280 qram çəkidə narkotik maddə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,230 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,230 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar