Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-357/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 07 mart 2025-ci il tarixdə saat 17:04-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 64 saylı binanın keçidində saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan cins şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dostları zəng edərək onu çağırmış, sağollaşan zaman ona narkotik vasitə vermişlər. O da həmin narkotik vasitəni üzərində gəzdirərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ilə 12-ci mikrorayon arasında olan bir yerə gedib oturmaq istəmiş, binanın keçidindən keçən zaman polis əməkdaşları tərəfindən tutulmuş, daha sonra üzərinə axtarış keçirən zaman aşkar olunmuş, bölməyə gətirilmiş, bölmədə sənədləşdirilmiş və 48 saat müvəqqəti saxlama yerində qaldıqdan sonra azad olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə “kakos” olmuş, çəkisi təxminən 0,2- 0,3 qram olmuş, həmin narkotik vasitəni 15 manata dostu tanımadıqları şəxsdən almışdır. Daimi narkotik vasitə istifadəçisi deyildir. Müharibə iştirakçısıdır, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa rayonlarında xidmət etmişdir, qazidir, narkotik vasitəni müharibədən gəldikdən sonra istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, uzun müddətdir ki, təxminən 6 aydır ki, fasilələrlə narkotik maddələr qəbul edir. 07 mart 2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 15 manata 1 ədəd şəffav selofan bükümdə heroin almışdır. Həmin heroindən bir qədərini özünə qəbul etmiş, qalanını isə əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. Bir qədər sonra həmin gün saat 17 radələrində Sumqayıt şəhəri, 10-cu mkr, 64 saylı binanın keçidindən keçən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar və videoçəkilişlə özlərini təqdim edib Sumqayıt polis idarəsinin 1-ci polis bölməsinin polis işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərimdə gəzdirməkdə şübhəli olduğumu bildirib onun hüquq və vəzifələrini, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd şəffav selofan bükümdə olan heroini çıxarıb təqdim edərək içərisində içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra üstünün yoxlanılması zamanı əynindəki gödəkcənin sol yan cibindən aşkar olunmuş alışqan, adapter başlığı, gödəkcənin sol iç cibindən sürücülük vəsiqəsi, adapter naqili, 50 qəpik pul. şalvarının sol yan cibindən açar və alışqan özünə qaytarılmış, başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş içərisində heroin olan selofan büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu bükülü ilə birlikdə çəkisi 0,64 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra 1-ci polis bölməsinə gəlmişlər, saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra bölmədə xidməti otaqda təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş heroin olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində 1 ədəd şəffav selofan bükümdə heroin aşkar olunmuş, verilən suallara cavab olaraq selofanda heroin olduğunu və özünə qəbul etmək üçün əldə etdiyini bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, olduğu bükülü ilə birlikdə çəkisi 0,64 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Sonra bununla bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq elmişlər. Üzərindən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini aldığı şəxsi üzdən görsə tanıyır, adını ünvanını və mobil nömrəsini bilmir. Heç kimə narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir.Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 07 mart tarixində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon sakini Rəvan adlı şəxsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda 64 saylı binanın keçidində saxlayaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsinə şübhəli olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsilə üzərinin yoxlanması zamanı narkotik vasitə olan heroin aşkar olunmuş və bölməyə gətirmişlər, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, 07 mart 2025-ci il tarixdə saat 17:05 radələrində əməliyyat müvəkkilləri ilə birlikdə əməliyyat tədbirinə getmişlər. Sumqayıt şəhəri, 10-cu mikrorayon, 64 saylı binanın keçidində şəxsi saxlamış, videoçəkilişlə üzərinə baxış keçirmişlər. Üzərində nə varsa təqdim olunmasını istəmişlər. Şalvarının sağ yan cibində bir büküm kütlə təqdim etdi, Şahid1 tərəfindən qablaşdırıldı və bölməyə gətirildi. Bölmədə yenidən təhqiqatçı tərəfindən üzərinə baxış keçirildi, həmin qab açılaraq içərisinə baxış keçirildi. Şəxs həmin kütlənin onun olduğunu, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 07 mart 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 17:04-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mkr ərazisində yerləşən 64 saylı evin keçid hissəsindən keçməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd şəffav selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, gödəkcəsinin sol yan cibindən aşkar olunmuş alışqan, adapter başlığı, gödəkcəsinin sol iç cibindən sürücülük vəsiqəm, adapter naqili, 50 qəpik pul, şalvarının sol yan cibindən açar və alışqan özünə qaytarılmış, başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyulub çəkildi və çəkisi 0,64 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmıdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə bölməyə gəlmişlər, bölmədə Təqsirləndirilən şəxs saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla bölmə rəisinə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərflə və Təqsirləndirilən şəxsla birlikdə bölmənin təhqiqatçısı,polis leytenantı Nicat İmranlıya təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Rəvan Quliyevdən aşkar olunmuş və təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl Rəvan Quliyevin saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində olan 1 ədəd selofan bükümdə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin selofan bükümdə heroin olduğunu və özümə qəbul etmək üçün, həmin tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, olduğu kağız bükülü ilə birlikdə çəkisi 0,64 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 07 mart 2025-ci il tarixdə, saat 17:04 dəqiqədə Sumqayıt şəhəri, 10-cu mkr ərazisində 64 saylı evin ön hissəsindən arxa tərəfinə keçid hissəsinə saxlanıldı. Təqsirləndirilən şəxs, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxardığı şəffaf sellofan bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroine bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və bükümlə birlikdə 0.64 qram olması müəyyən olundu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və tərəflərindən imzalanaraq götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Üstünü yoxlama zamanı «İphone 13 pro» markalı mobil telefonun videokamerası vasitəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru , polis sejantı Şahid3 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, 64 saylı evin keçidində xx.xx.2025-ci il tarixdə saat 17:04-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan zərf tərəfimdən cırılaraq açıldı, zərfin içərisində 1 (bir) ədəd büküm aşkar edildi, həmin bükümdə tünd qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi, həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, onun çəkisi 0,64 qram oldu. Təqdim edilmiş 1 (bir) ədəd DVD-dəki video materiala müdaxilə edilməsi mümkün olmadığından ayrıca baxış keçirildi. Həmin DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün özünə məxsus olduğunu, onu bu gün, yəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində özü üçün istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirdi. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroine bənzər kütlə və l(bir) ədəd DVD götürülərək qablaşdırıldı. Daha sonra müdafiəçi ona qarşı saxlanılma zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsiri göstərilməsi sualına Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini, narkotik vasitənin ona məxsus olduğunu bildirdi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/37 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN «Zərflər üçün №125» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm; İştirakçılar: 1. Şahid2 /imza/;
2. S.Əsgərov /imza/; 3. G.Cəfərova /imza/; 4. Təqsirləndirilən şəxs /imza/; 5. N.İmranlı /imza/əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.410 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,310 qram heroin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1 bükümdə təmiz çəkisi 0.410 qram narkotik vasitə heroin (ekspertizaya təqdim olunduqdan sonra qalıq 0.310 qr) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntüdə 07 mart 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda təhqiqatçı, polis leytenantı Nicat İmranlı tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində 1 bükümdə heroinə bənzər maddənin olduğu qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan və təhqiqatçıya təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildiyi, zərfin içərisində olan 1 ədəd selofan bükümdə heroinə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin selofan bükümdə heroin olduğunu və özünə qəbul etmək üçün həmin tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini bildirdiyi, həmin maddə elektron tərəzidə çəkildiyi, olduğu kağız bükülü ilə birlikdə çəkisi 0,64 qram olduğu, həmin maddə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qağlaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olundu. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntüdə 07 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mkr ərazisində 64 saylı evin keçidində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd şəffav selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək içərisində heroin olduğunu bildirdiyi, haha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldığı, gödəkcəsinin sol yan cibindən aşkar olunmuş alışqan, adapter başlığı, gödəkcəsinin sol iç cibindən sürücülük vəsiqəsi, adapter naqili, 50 qəpik pul, şalvarının sol yan cibindən açar və alışqan özünə qaytarıldığı, başqa heç bir əşya aşkar olunmadığı. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və çəkisi 0,64 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olundu. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli material üzrə icraata xx.xx.2019-cu il tarixdə CPMnin 39.1.11-ci maddəsinə əsasən xitam edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1521 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk, həmçinin təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmənin videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,410 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 0,310 qram) və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə 150021 nömrəli vəsiqə verilmişdir. - Azərbaycan Vətən Müharibəsi X6 tərəfindən Təqsirləndirilən şəxs 72650 nömrəli vəsiqə verilmişdir. - Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə – heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla medallarla təltif edilməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Sumqayıt şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,310 qram çəkidə narkotik vasitə “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-357/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 625 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, ev 10, mənzil 34 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,310 qram çəkidə narkotik vasitə “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüsalə Qasımova