Məhkəmə qərarları › İş №1(060)-358/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-358/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-358/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, X7 massivində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, o, 02 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində, Sumqayıt şəhəri, X7 Massivi ərazisində, 27 saylı marşuruta qabaq qapıdan daxil olan, əvvəllər tanımadığı, Zərərçəkmiş şəxs, qarşıda qadınların olması səsəbindən avtobusun arxa hissəsinə keçməsini tələb etdikdən sonra Zərərçəkmiş şəxs onun tələbini icra etməməsindən əsəbiləşib 02 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri X7 Massivi ərazisində marşurutun 3-cü dayanacağında avtobusdan düşüb qarşıya keçərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla Zərərçəkmiş şəxs onun əsassız olaraq arxaya keçməsi tələbini icra etməməsini bəhanə gətirərək heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən başı ilə bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə zərbə vurmaqla sonuncuya burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun hər iki gözətrafı nahiyəni tutan qançırı, burnun yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Nihat Ziyatxanlının qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildən artıqdır ki, Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən tikilməkdə olan “Levent city” yaşayış kompleksində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə saat 18:00-da o, işdən çıxaraq piyada Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən köhnə “Nizami” heykəlinin qarşısından evə getmək üçün Sumqayıt şəhərdaxili 27 saylı sərnişin daşıma avtobusuna arxa qapıdan minmişdir. Avtobusda adam sayının çoxluğundan sıxlıq yaranmışdır. Avtobus Sumqayıt şəhəri, Saray körpüsünü keçən kimi 2-ci döngədə yerləşən “Daş bazarı” adlanan ərazidə olan dayanacaqda saxlamış, həmin vaxt qadınların sayının çoxluq təşkil etdiyi avtobusun qabaq qapısından sonradan adını bildiyi, əvvəllər tanımadığı Nihad adlı şəxs minmiş, daha sonra avtobus yoluna davam etmişdir. O, Nihada müraciət edərək qadınların olduğu yerdə dayanmamasını, arxa tərəfə gəlməsini xahiş etmiş, lakin o, onun xahişinə məhəl qoymamış, ona “get işinlə məşğul ol” demişdir. Avtobus növbəti dayanacağa, yəni “Bağlar massivi” ərazisində 3-cü dayanacağa çatıb saxlamış, saat 19 radələrində o, avtobusun arxa qapısından düşüb qabaq qapısından avtobusa yenidən minib Nihada yaxınlaşaraq yenidən qadınlar tərəfdə durmamasını xahiş etmişdir. Həmin vaxt avtobus sərnişinlər düşüb-minməsi üçün dayanmış, lakin Nihad onun sözünə məhəl qoymamış, o da əsəbiləşib sağ əli ilə onun başını özünə tərəf çəkib üz nahiyəsinə, daha dəqiq burnuna başı ilə bir dəfə zərbə endirmişdir. Daha sonra o, Nihadı nə vurmuş, nə də döyməmişdir. Zərbənin təsirindən Nihad üzünü tutub avtobusdan düşmüş, o avtobusdan düşdükdən sonra özü də avtobusun qabaq qapısından düşüb evinə getmişdir. Ondan sonra, nə baş verməsi barədə məlumatı olmamışdır. Ondan başqa Nihada kiminsə irad bildirdiyini və ya onu vurduğunu görməmişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş verib bitmiş, Nihad özü onu vurmamış, xəsarət yetirməmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxs ilə barışığa cəhdlər etməsini və himayəsində anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onunla heç bir ünsiyyəti olmamışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində işdən çıxıb saat 18:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsinə yaxın ərazidə körpünün yanında 27 saylı marşurutda minmək üçün gözləmiş, marşurut gələndə içəridə sərnişin çox olduğunu və arxa qapıda adamların qapıya dayanıb qaldıqlarını görmüşdür. O avtobusa qarşıdan minməyi qərara almışdır. O, avtobusa qarşıdan mindiyi üçün Təqsirləndirilən şəxs başqa bir şəxs də ona irad bildirmiş, “gəl arxa qapıdan min, qabaqdan minmə” sözünü demişdir. O da həmin şəxsə cavab olaraq “arxada yer yoxdu mən qarşıdan minəcəm” demişdir. Həmin vaxt tanımadığı bir nəfər ona “gəl mən sənə arxada yer taparam” sözünü demiş, həmin şəxs qarşıdan gəlib onun qoluna girib onu arxaya tərəf çəksə də onun əlindən çıxıb qarşıdan minmişdir. O qarşıda sərnişin çox olduğu üçün elə avtobusun qapısının yanında qalmışdır. Avtobus saxlayanda o, aşağı düşüb düşənlərə yol vermişdir. İçəridə olan Dəyanət adlı şəxs də, ona bir neçə dəfə “sən dayanacaqda düş səninlə söhbətim var” sözünü demişdir. Dəyanətdən əlavə bir nəfər şəxs də ona vatobusa iradlarını bildirmişdir. O da Təqsirləndirilən şəxs evinin dayanacağında düşəcəyini demiş, hətta içəridə olan xanım sərnişinlərdən bir neçə nəfər də, Dəyanətə irad bildirmişlər ki, “burda nə var, cavan oğlandı yer yoxdu neynəsin”. Saat 19:00 radələrində Sumqayıt şəhəri Qurd dərəsi ərazisində marşurutun 3-cü dayanacağında marşurut dayandıqdan sonra, Dəyanət arxa qapıdan düşüb qarşıya içəri keçib onun yanma gəlmiş və gələn kimi əli ilə onun başından tutub bayıra çıxartmaq üçün dartmış, lakin, o düşməyəcəyini deyəndə qəfildən başı ilə onun burun nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbədən o özünü itirmiş və onun başını qolunun altına salıb məcburi marşurutdan düşürtmüşdür. Onun bu hərəkətinə görə avtobusda olan sərnişinlər ona irad bildirmişlər. O marşurutdan düşəndən sonra başının arxa nahiyəsinə də, bir neçə yumruq zərbəsi dəymiş, həmin vaxt onun başı Dəyanətin qolunun altında olduğu üçün həmin zərbələri kimin vurduğunu görməmiş, ancaq həmin zərbələri birdən artıq şəxsin vurduğunu hiss etmişdir. Dəqiq bilməsə də ehtimal edir ki, Dəyanətlə birlikdə digər şəxs də onu vurmuşdur. Bir neçə zərbədən sonra Dəyanət onu buraxmışdır. Qeyd etdiyi kimi həmin vaxt özünü itirdiyi üçün onu Dəyanəti tək, yoxsa başqa bir şəxslə birlikdə vurmasını dəqiq deyə bilməz. Yalnız, onu deyə bilər ki, avtobusda ona iki nəfər, yəni Dəyanət və başqa bir şəxs irad bildirmişlər, avtobusun qabaq hissəsinə yalnız Dəyanət gələrək onu düşürmək istəmiş, düşmədikdə isə ilk zərbəni vurmuşdur. Sonrakı zərbələri, yəni başına dəyən zərbələri isə Dəyanətik tək, yoxsa digər şəxslə birlikdə etməsini dəqiq görməmişdir. Dəyanət ondan aralandıqdan sonra o burnundan qan gəldiyini görüb dərhal X6 və DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə zamanı avtobusda üzdən tanıdığı şəxslər olsa da, onların kim olmasını dəqiq bilmir. Dəyanətin avtobusdan düşüb qarşıya gəlməsi və içəridə camaatın yanında ona başı ilə zərbə vurub aşağı salıb onu buraxması təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, avtobus sürücüsü işləyir. Nə təqsirləndirilən, nə də ki, zərərçəkmiş şəxsi tanımamış, onlarla heç bir qərəzi olmamışdır. İstintaq zamanı həmin şəxslərin Dəyanət və Nihad adlı şəxs olduğunu bilmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o, 27 saylı marşurutu idarə edərək Sumqayıt şəhəri, Bağlar massivi ərazisində 3 saylı dayanacaqda avtobusu sərnişinlərin düşməsi üçün saxlamışdır. Həmin vaxt avtobusda olan qadınlardan kimsə kimlərinsə dava etdiyini demiş və o, arxaya baxanda bir nəfər burnunu tutub aşağı düşdüyünü görmüşdür. O özü də, avtobusdan aşağı düşüb burnu qanayan şəxsdən nə baş verdiyini, onu kimin vurduğunu soruşmuş, o da ona həmin şəxsin qaçdığını və onu avtobusa qabaqdan mindiyi üçün vurduğunu demişdir. Vurulan şəxs DİN-nin 102 xidmətinə zəng vurub məlumat verəndən sonra o, avtobusa minib oradan uzaqlaşmışdır. Hadisə ani baş verdiyi üçün vurma anını görməmişdir. O, baxanda bir nəfərin burnunu tutub aşağı endiyini görmüş, onu vuran şəxs də, qaçmış, həmin şəxsi görməmişdir. Hadisəyə görə o sükan arxasından düşüb zərərçəkənə baş çəkmiş, sonra onun polisə zəng vurmasını gözləmişdir. Hadisə yerində təxminən marşurut 10 dəqiqə ləngimişdir. Hadisəyə görə bəzi sərnişinlərdən də, aşağı düşən olub zərərçəkənin halı ilə maraqlananlar olmuş, o yoluma davam edəndə təkrar avtobusa minmişlər. Həmin vaxt avtobusda video müşahidə kamerası qurulmamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs başqa kimin xəsarət yetirdiyini görməmiş, o özüm Nihaddan soruşanda, sonuncu onu vuran şəxsin qaçdığını demişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 1639 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun hər iki gözətrafı nahiyəni tutan qançırı, burnun yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXna müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının: 2-ci bəndində qeyd edilir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-nin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 05 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, altı il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdən 06 mart 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 14 may 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar