Məhkəmə qərarları › İş №1(060)-358/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-358/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-358/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə, 01 avqust 1986-cı ildə Siyəzən rayonu, Zarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0.246 qram olan ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 mart 2025-ci il tarixdə saat 15:40 radələrində o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A nömrəli binanın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən sol əlindəki «Samsung» markalı mobil telefonun qoruyucu örtüyünün altından (kabura) 01 ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə əvvəlcə özünü təqsirli bilib, ifadə verərək göstərdi ki, o, üç ildən çoxdur ki, narkotik vasitələrdən istifadəni dayandırmış, lakin dövlət tərəfindən müəyyən edilmiş Narkoloji Dispanserdə qeydiyyata düşərək mütəmadi olaraq orada müalicəvi metadon suyu qəbul edirmiş. O, tutulan gün Sumqayıt şəhərinə qaynatasının yaşadığı ünvana gəlmiş və “Cavid” ticarət mərkəzinin qarşısında 3 il əvvəl onunla birlikdə reablitasiyada müalicə almış tanışını görmüş və həmin vaxt onun daxilindən narkotik vasitə qəbul etmək keçmiş, həmin şəxsdən soruşarkən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. O, həmin şəxsdən bir büküm narkotik vasitə almış və telefonunun arxasına qoyaraq, qaynatasının yaşadığı ünvana doğru hərəkət edərkən polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları ondan özünü təqdim etməsini tələb etmiş və o, özünü təqdim etmişdir. Polis əməkdaşları onu Sumqayıt şəhərində 41-ci məhəllədə 5-ci binanın qarşısında saxlamışlar. Onu təxminən 3 ay əvvəl polis əməkdaşları saxlamış, saxlanılarkən üzərində 1 büküm zərə bükülmüş formada narkotik olmuş, həmin narkotiki pulsuz almış, sonuncu dəfə bir il yarım əvvəl narkotik vasitələrdən istifadə etmişdir. Aldığı narkotiki də istifadə edə bilməmiş, polis əməkdaşları onu tutarkən o üzərindəki narkotiki könüllü təqdim etmişdir. O, istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. O, günortaya yaxın saxlanıldığını, binanın yaxınlığında saxlanıldığını və saxlanılarkən yanında heç kim olmadığını bildirdi. Həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki xəsarət yetirilməmişdir. Həmin gün üzərində olan xəsarətlər tutulmamışdan iki gün əvvəl yıxılarkən əmələ gəlmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, video çəkilişə baxıldığı zaman Təqsirləndirilən şəxs çəkiliş zamanı göz altı nahiyyəsində olan qaraltının, saxlanılarkən polis əməkdaşları tərəfindən yetirildiyini, əslində o, saxlanılarkən üstündə narkotik vasitə olmadığını, Narkoloji Dispanserdə metadon suyu qəbul etdiyini və sonra təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Şaurma” restoranının qarşısında küçədə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və 5-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə onu döyərək, yenidən başqa əraziyə yəni, ünvan 2 ünvanın qarşısına apararaq orada çəkiliş aparmaqla onu tutmuş və polis tərəfindən qoyulmuş narkotiki yenidən onun mobil telefonunun arxasından götürmüşlər. Yenidən polis bölməsinə gətirərək onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və sənədləşmə aparmışlar. Hazırda o, ona qarşı sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi, onun ittihamda göstərilən yerdə deyil başqa yerdə saxlanıldığını, üzərindən aşkar edilmiş maddənin ona məxsus olmadığını bildirdi. Bu səbəbdən o, saxlanılarkən ərazidə olan müşahidə kameralarının görüntülərinin götürülməsini və özünə məxsus mobil telefonun anten dairəsinin müəyyən edilməsini xahiş etmişdir. O, anasınını ankoloji xəstə olmasının və ona tək başına baxdığını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəməyə qədər icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Tutulduğu gün günorta saatlarında o, Sumqayıt şəhəri, ərazisində yerləşən «Cavid» Ticarət Mərkəzinə gəlmişdir. O, orada olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmək istədiyini bilmişdir. O, ona psixotrop maddə olan metamfetamin «şüşə» verə biləcəyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. O, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 15:40 dəqiqədə o, Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A nömrəli binanın yaxınlığında piyada hərəkətdə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki. o. narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əlindəki Samsung markalı mobil telefonun qoruyucu örtüyünün (kabura) altında olan 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan həmin maddəni haradan aldığını soruşduqda o, həmin bükümü günorta saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən «Cavid» Ticarət Mərkəzində olarkən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,35 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Eləcə də ona məxsus mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçıya polis əməkdaşları tərəfindən təqdim olunmuş 02 ədəd zərfə baxış keçirilmişdir. Təhqiqatçı 1-ci zərfi açmişdır. Zərfin içərisindən ağ rəngli siqaret kağızma bükülmüş bükümdə olan ağ rəngli kristallik maddı olduğu aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, o, həmin bükümü günorta saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən «Cavid» Ticarət Mərkəzində olarkən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra həmin büküm yenidən elektron tərəzidə çəkilmiş və çəkisi 0,36 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etmədim. Sonra üzərimdən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə psixotrop maddə yenidən zərfə qoyularaq qablaşdırıldı. Sonra təhqiqatçı 2-ci zərfi açdı. Zərfdə mənə məxsus mobil telefon var idi. Telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən yenidən qablaşdırıldı və möhürləndi. Bundan sonra psixotrop maddənin məndən aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edildi. Tərtib edilmiş protokolu biz imzalarımızla təsdiq etdik. Mən saxlanılarkən və Polis Bölməsində olarkən mənə qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixdə o, Siyəzən rayonu ərazisində futbol oynayarkən öz ehtiyyatsızlığından yıxılıb üz nahiyyəsindən xəsarət almışdır. Xəsarət alması ilə bağlı heç kimdən tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2025-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis leytenantı Şahid3, 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 və KTB-nin ekspertkriminalisti, polis mayoru X1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin məlumat əsasında saat 15:40 radələrində Sumqayıt şəhəri, məhəllə 41A ərazisində yerləşən, 5A nömrəli binanın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış və onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs də özünü təqdim etməsi təklif edilmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edib, ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdi. Təqsirləndirilən şəxs əlindəki mobil telefonun qoruyucu örtüyünün altından bir ədəd bükümü çıxarıb təqdim etmiş və onun təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, aşkar olunmuş bükümün içərsindəki maddənin psixotrop maddə olan metamfelamin olduğu və onu saxlanıldığı gün günorta saatlarında Sumqayıt bazarının yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunsuz heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və qablaşdırılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist panasonik markalı videokamera ilə çəkiliş aparmış, təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bir daha ona izah etmişlər. Müdafiəçinin ştirakı ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim olunmuş zərflər açılmış və baxış keçirilmişdir. Büküm elektron tərəzidə çəkilmiş və 0,36 qram olduğu müəyyən edilmişdir. Sonra həmin büküm yenidən qablaşdırılmış və möhürlənmiş, sonra 2-ci büküm açılmış və telefona baxış keçirildikdən sonra yenidən qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, üzərindən aşkar olunmuş psixotrop maddəni saxlanıldığı gün günorta saatlarında Sumqayıt şəhər bazarı yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2025-ci il tarixli 20/51 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində; AR DİN “Arayışlar üçün № 242” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm kütlə; Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: /imza/ E.Mirzəyev; Tərtib etdi: /imza/ Z.Ağayev” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,246 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19 mart 2025-ci il tarixli 1713 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan sonra Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:45-də Sumqayıt ŞPİ-nin X6 azad edilmiş və barəsində “polisin nəzarətin altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında məhkəmənin sorğusuna əsasən fərdi sahibkarlar “Şaurma №1”, “Fəxri” market, həmçinin Sumqayıt ŞPİnin 5-ci Polis Bölməsindən və Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş cavablardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün, yəni 08 mart 2025-ci il tarixə aid olan video müşahidə kameralarının görüntülərinin saxlanma müddəti keçdiyi üçün həmin görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməməsinə dair ziddiyyətli ifadəsinin işin faktiki hallarına uyğun olmadığı üçün tənqidi yanaşaraq hesab edir ki, bu onun bu ifadəsi özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Ona görə də onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi işin faktiki hallarına daha uyğun olduğu üçün həmin ifadəni sübüt kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0.246 qram olan ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 mart 2025-ci il tarixdə saat 15:40 radələrində o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A nömrəli binanın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən sol əlindəki «Samsung» markalı mobil telefonun qoruyucu örtüyünün altından (kabura) 01 ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən halları, cəzanə ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar onun anasının ankoloji xəstə olması və oğlunun himayəsində olmasıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Sumqayıt Şəhər Narkoloji Dispanserində müalicə aldığını və bu səbəbdən mütəmadi olaraq Sumqayıt şəhərinə gəlib qayıtdığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təyin ediləcək cəzanın icrası ilə bağlı onun üzrəinə vəzifə qoyularkən ərazi hüdudları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Siyəzən rayonunun və müalicə aldığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,196 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 60 (altımış) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək tutulduğu iki gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Siyəzən rayonunun və müalicə aldığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,196 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 60 (altımış) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar