Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-359/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 1\5, mənzil 30da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 19.30 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə 3\46 ünvanında yerləşən “Lider” marketin içərisində olan saxlanc otağına açıq qapıdan qanunsuz daxil olaraq saxlanc otağında asılqanda olan vət. Zərərçəkmiş şəxs2 məxsus qara rəngli qış gödəkçəsinin içəri sol cibindən 700 manat pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 3\52 ünvanında yerləşən “Oriflame” dükanına daxil olaraq dükanda kimsənin olmadığından istifadə edərək dükanın kassa aparatının yanında masanın üstünə qoyulmuş dəyəri 25 manat olan bir ədəd açıq qırmızı rəngli süni dəri materialdan pul kisəsini içərisində olan 1000 manat pul ilə bir yerdə, həmin pul kisəsinin altında açıq şəkildə qoyulmuş 50 manat pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1075 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023- cü il tarixdə axşam saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Lider” adlı marketə oğurluq məqsədilə daxil olmuş, marketin içində ayrıca qapısı olan saxlanc otağına yaxınlaşmış, qapısının kilidinin olub olmadığını, açıq olub olmadığını yoxlamış, qapının kilidinin açıq olmasını görüb ətrafa olan bir neçə nəfər şəxsin diqqətlərinin onda olmadığından əmin olub, həmin otaqda daxil olub asılqandan asılı vəziyyətdə qara rəngli bir gödəkçənin cibindən pulu götürüb cibinə qoyub oradan uzaqlaşmışdır. Sonra götürdüyü pulunu 700 manat olduğunu bilmişdir. Pulu şəxsi tələbatına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən üzərində “Oriflame” yazısı olan dükana daxil olmuş, görmüşdür ki, dükanın içi boşdur, heç kim yoxdur. Dükanda kassa aparatına yaxınlaşmış, kassa aparatının alt hissəsində pul kisəsi görmüş, dərhal həmin pul kisəsini və həmin pul kisəsinin altında olan 50 manat pulu götürüb dükandan çıxmışdır. Sonradan pul kisəsinin içində 1000 manat pul olduğunu müəyyən etmiş, pul kisəsini isə zibilə atmış, hara atdığını da xatırlamır. Həmin pulları şəxsi tələbatına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18.30 radələrində qardaşı X4 məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Lider” adlı marketə gəlmiş, Marketə daxil olandan sonra qardaşı və işçilərlə görüşəndən sonra əynindəki qara rəngli qış gödəkçəsini çıxararaq marketin içərisində olan paltardəyişmə otağında asılqandan asmışdır. Daha sonra marketdə qardaşı Rauf ilə oturaraq xeyli söhbət etmiş, təxminən 19.30 radələrində ona pul lazım olduğu üçün paltardəyişmə otağına keçib gödəkçənin içəri sol cibindən pul götürmək istədiyi zaman pullarının cibində olmadığını görmüşdür. Cibində 05 ədəd 100 manatlıq, 02 ədəd 50 manatlıq və 100 manat xırda pullar olmuşdur. O, dərhal marketin nəzarət kameralarına baxmış və saat 19.20-19.23 radələrində marketə daxil olan təxminən 40 yaşlarında, əynində göy cins şalvar, qara rəngli papaqlı gödəkçəsi olan kişinin paltardəyişmə otağına daxil olaraq qış gödəkçəsinin sol iç cibində olan 700 manat pulu oğurladığını aşkar etmişdir. O, həmin kamera görüntülərini polisə təqdim etmişdir. 700 manat onun özünə məxsusdur, maddi ziyan onun özünə dəymişdir, Ona dəymiş ziyan ödənilməmişdir, pulun ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 3\52 ünvanında yerləşən “Oriflame” dükanı onun özünə məxsusdur, həmin dükanı özü işlədir. xx.xx.2023-cü il tarixdə yenə dükanda olmuş, saat təxminən 17 radələrində bir neçə dəqiqəlik dükanı boş qoyub qonşu dükana keçmiş, qayıdıb geri gələndə görmüşdür ki, dükanda kassa aparatının alt hissəsində nağd ödənişləri qoyduğu süni dəri materialdan olan açıq qırmızı rəngli pul kisəsi, həmin pul kisəsinin altında qoyduğu 50 manat pul yerində deyil. Həmin pul kisəsində hadisə baş verməmişdən əvvəl 1000 manat pul olmuşdur. Həmin vaxt dükanda heç kim olmadığından məcbur olub dükanın kamerasına baxmış görmüşdür ki, orta boylu, təxminən 40 yaşlarında bir kişi dükanın kassa olan yerinə yaxınlaşıb, masanın üstündə qoyduğu pul kisəsini, pul kisəsinin altında qoyduğu pulları götürüb oradan uzaqlaşmışdır. O, bundan sonra dərhal baş vermiş hadisə barədə yoldaşı X2 demiş, o da bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin baş vermiş hadisə ilə bağlı kamera görüntülərini polisə təqdim etmişdir, həmin hadisəni törədən şəxsi tanımır. Dükan özünə məxsusdur, dükandan oğurlanan 1050 manat pul və pul kisəsi də özünə məxsusdur. Pul kisəsini də bir neçə aydır ki, 25 manata almışdır. Maddi ziyan ona dəymişdir, dəymiş ziyan ödənilməmişdir, pulun ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərtib etdiyi xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 19.30 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə 3\46 ünvanında yerləşən “Lider” marketin içərisində olan saxlanc otağından asılqanda olan vət. Zərərçəkmiş şəxs2 məxsus qara rəngli qış gödəkçəsinin içəri sol cibindən 700 manat pul oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli könüllü təqdim etmə və DVD disklərin götürülməsi barədə protokoldan göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğurluq görüntülərini əks etdirən videodiskləri polisə təqdim etmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 3\52 ünvanında yerləşən “Oriflame” dükanında kassa aparatının yanında masanın üstünə qoyulmuş içərisində 1000 manat pul ilə bir yerdə pul kisəsi və həmin pul kisəsinin altında qoyulmuş 50 manat pul oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)- 5669/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya haqqında qərarın 6.1 bəndinə əsasən azad edilmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 2.3-cü bəndi ilə azad edilmişdir. Bundan başqa Nəsimi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 234.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon Məhkəməsinin 4(001)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin məcəllənin 177.2.3 və 177.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuş, barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, “Lider” marketdən və “Oriflame” dükanından oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. O, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində “Lider” marketdə saxlanc otağında olan gödəkçənin cibindən pulu, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində “Oriflame” dükanından kassa aparatının yanında olan pul kisəsi ilə birlikdə pulu oğurlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o, diskdə görüntüdə olan şəxs özüdür, hər iki hadisəni özü tək törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1 və 180cı maddələrin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli könüllü təqdim etmə və DVD disklərin götürülməsi barədə protokola əlavə edilmiş DVD disklər madii sübut kimi qiymətləndirilmiş, iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” İş materiallarından görünür ki, Əliyev X8 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin davamlılığını, təkrarlanmasını, əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 02 (ədəd) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 359/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 422 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 19 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-359/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-359/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver