Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-36/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxx 1995-ci ildə Rusiya Federasiyasının Kurqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : 21 fevral 2021-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs ictimai yer hesab olunan Sumqayıt şəhəri, Betonzavod ərazisindəki Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncu tanışı Şahid2 ilə aralarında olan telefon məsələsi ilə bağlı sözlə mübahisə edərkən onlara yaxınlaşaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçməyən deşilmiş -kəsilmiş yarası, sol əlin ovuc səthinin kəsilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221-3.-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 2021-ci ilin fevral ayından tanıyır. Belə ki, o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən tanışı Şahid2 məxsus «Tunel» çay evində tanış olmuşdur. Həmin çay evində gecələr gözətçi işləmişdir. 18.02.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində çay evində olarkən Əfqan oraya gəlmişdir. O, Ramili axtarmışdır. Əfqan təpiklə kafenin qapısını vurmağa başlamışdır. O, Ramilin kafedə olmadığını bildirmiş, Əfqanı sakitləşdirməyə çalışmış və çıxıb getməsini istəmişdir. Onlar sözlə mübahisə etmişlər. Əfqanın getmədiyini gördüyü üçün özü çıxıb getmiş və yaşadığı evdən özü üçün yemək götürüb qayıtmışdır. Kafeyə qayıdanda görmüşdür ki, Əfqan yoxdur. Səhəri gün isə o, Bakı şəhərinə getmişdir. 20.02.2021-ci il tarixdə saat 15:00 radələrində Ramilin yaşadığı evə getmiş, Ramillə görüşəndə Ramil demişdir ki, kimsə onun idarə etdiyi «Niva» markalı avtomobilin dövlət qeydiyyat nömrələrini açıb aparmışdır. O, Ramilə bildirmişdir ki, bir gün əvvəl Əfqan kafeyə gəlib onu soruşmuşdur və onunla mübahisə etmişdir, yəqin maşının nömrələrini də o, açmışdır. Bundan sonra Ramil Əfqana zəng etmiş və ona demişdir ki, müşahidə kamerasına baxmış və maşınının nömrələrini onun açdığını görmüşdür. Əfqan maşının nömrələrini açdığını etiraf etmişdir. Ramil ondan maşının nömrələrini qaytarmasını tələb etmiş, Əfqan isə Ramilə onda olan mobil telefonu qaytarmağını bildirmiş, bundan sonra o da nömrələri qaytaracağını demişdir. Bu vaxt Əfqan telefonda Ramilin və onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Əfqan onu söydüyü üçün o da onu söymüş və onlar saat 02:00 radələrində Əfqanın yaşadığı ünvana getmişlər. Onlar oraya çatdıqdan sonra Əfqan gəlmişdir. Əfqan gələn kimi Ramilin üstünə cummuşdur və onlar mübahisə etməyə başlamışlar. Ramil ondan nömrəni, Əfqan isə mobil telefonunu istəmişdir. Bu vaxt o, Əfqandan onun anasını və bacısını nə üçün söydüyünü soruşmuşdur. Bu vaxt Əfqan belindən bıçaq çıxardıb onun üstünə gəlmişdir. O, Əfqanın onu bıçaqla vuracağını görmüş, özünü müdafiə etmək üçün bıçağı onun əlindən fırladıb almış və həmin anda bıçaqla Əfqanın sinə nahiyyəsinə yüngül formada vurmuşdur. O, bıçağın Əfqanın sinəsinə dəydiyini hiss etmiş və buna görə də bıçağı orada yerə atıb qaçaraq oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Əfqan ondan şikayət etmişdir. Mübahisə zamanı Əfqan ona heç bir xəsarət yetirməmişdir. Bundan başqa onun Əfqandan şikayəti olmadığı üçün MTE-dən keçmək istəməmişdir. Onların mübahisəsi təxminən üç-beş dəqiqə davam etmişdir. Mübahisə zamanı kənarda bir neçə nəfər olsa da o, onları tanımamışdır. Hal-hazırda Əfqanın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Digər tanışı Şahid2 adlı şəxsdən sadə «Nokia» markalı telefon almış, lakin həmin telefon işləməmiş, buna görə ona telefonu dəyişib ona başqa yeni işlək vəziyyətdə olan telefon verməyi demişdir. Şahid2 ona bir gün sonra gəlib telefonu götürməsini bildirmişdir. Ramili bir gün gözləsə də, ondan bir xəbər çıxmamış, buna görə də Ramilə zəng etmişdir. Ramil ona özü xəbər edəcəyini bildirmişdir. O, Ramilin onu aldatdığını hiss etmiş, əsəbiləşib Şahid2 yaşadığı küçəyə getmişdir. Onun «Niva» markalı avtomobili küçədə olmuşdur. 20.02.2021-ci il tarixdə saat 05:00 radələrində onun telefonunu tez qaytarsın deyə Ramilin maşınının arxa nömrəsini açıb özündə saxlamaq istəmişdir. Lakin o, nömrəni aça bilməmiş, yaşadığı evə getmişdir. 21.02.2021-ci il tarixdə saat 01:00 radələrində yaşadığı evə gəlmiş, yaşadığı küçəyə çatdıqda Şahid2 maşını onların küçəsinə döndüyü görmüş, maşına yaxınlaşıb Şahid2 telefonunu soruşmuşdur. Ramil isə cibindən köhnə bir telefon çıxarıb ona vermiş, Ramilin ona verdiyi telefonun düymələrinin olmadığını görmüş, Ramilə “bu nə telefondur?” deyə iradını bildirmişdir. Bu sözdən sonra onların arasında mübahisə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs maşında əyləşmişdir. Onların mübahisə etdiyini görüb maşından düşüb onlara tərəf gəlmişdir. O, Şahid2la mübahisə edərkən Təqsirləndirilən şəxs onun üstünə bıçaq çıxartmışdır. O, yerdən daş götürüb ona tərəf atmaq istəyərkən küçədən keçən tanımadığı bir-iki nəfər onlara yaxınlaşıb onları aralışdırmışlar. Təqsirləndirilən şəxs əlində bıçaqla ona yaxınlaşıb sinə nahiyyəsinə vurmaq istəyərkən o, sol əli ilə bıçağın kəsici yerindən tutmuş, bıçaq sol əlinin ovuc hissəsini kəsmişdir. Bundan sonra Ramil yenidən bıçaqla onun sol sinə nahiyyəsindən vurmuş, Təqsirləndirilən şəxs onu vurduqdan dərhal sonra qaçıb getmişdir. Səsinə qardaşı Xəqani də küçəyə çıxmış, o qardaşına bıçaqla vurulduğunu bildirmişdir. Şahid2 maşınına əyləşib getdikdən sonra PPX maşını gəlmiş, sonra isə Təcili Tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. Orada əməliyyat olunmuş, ərizə yazaraq Təqsirləndirilən şəxs şikayət etmişdir. O, Təqsirləndirilən şəxs söyməmiş, mübahisə zamanı əlində bıçaq olmamış, Ramil onun əlindən bıçaq almamışdır. Şahid2 ifadəsində qardaşı Xəqaninin ona məxsus maşını sürüb həyətlərinə saldığını və 02 (iki) ədəd telefonu götürdüyünü bilirsə də, belə bir şey olmamışdır. Hadisə gecə olduğu üçün küçəyə heç kim çıxmamış, onları aralaşdıran iki nəfər tanımadığı şəxs isə təsadüfən küçədən keçən şəxslər olmuşdur. Qardaşı Xəqani küçəyə çıxdıqdan sonra Təqsirləndirilən şəxs qaçıb getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs 10.11.2021-ci il tarixli ərizəsindın görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X3 qarşı heç bir çikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 5-6 ay olar tanıyır. Əfqan onun işlətdiyi kafeyə gəlib getmiş, Təqsirləndirilən şəxs isə onun işlətdiyi kafedə ona kömək etmişdir. Əfqan ondan təxminən 15 manat dəyərində olan sadə “Nokia” markalı telefon almışdır. Sonradan Əfqan ona bildirmişdir ki, telefonun mikrafonu işləmir. O, Əfqana telefonu gətirməyini düzəltdirib qaytarcağını demiş, başqa işləri olduğu üçün həmin gün Əfqanla görüşə bilməmişdir. 18.02.2021-ci il tarixdə Əfqan onun işlətdiyi kafeyə gələrək obyektin qapısını təpiklə vurub onu soruşmuşdur. Təqsirləndirilən şəxs bu barədə zəng edib ona məlumat vermiş, Əfqana zəng edib nə üçün belə etdiyini soruşmuş, Əfqan ona telefonunu düzəltdirmək üçün söz verməsini deyəndə o Əfqana təzə telefon alıb verəcəyini demişdir. 20.02.2021-ci il tarixdə səhər saatlarında o, obyektə gələndə idarə etdiyi “Niva” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa nömrəsinin yerində olmadığını görmüş, qonşusunun evinin müşahidə kamerasına baxıb nömrəni Əfqanın açdığını görmüşdür. Günorta saatlarında Ramil onlara gəlmiş, o Əfqana zəng edib nə üçün maşınının nömrəsini açdığını soruşmuş, Əfqan nömrəni açdığını etiraf etmişdir. Əfqan ona bildirmişdir ki, onun telefonunu gətirdikdən sonra maşının nömrəsini qaytaracaqdır. O, onunla razılaşmış və Əfqanın yaşadığı ünvana getmişdir. Onlar telefonla danışan zaman Əfqan onun və Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər işlətmişdir. Ramil Əfqanın onu söydüyünü eşitmişdir. Əfqan qapının qarşısında onunla söhbət etmişdir. Bu vaxt Əfqan onun maşınında Ramili görmüşdür. Əfqan onun maşınına tərəf qaçıb Ramilə tərəf getmiş, Ramil maşından düşmüşdür. Həmin vaxt Əfqanın əlində bıçaq olmuşdur. Onların aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Onlara tərəf gedib dalaşmalarına mane olmaq üçün aralaşdırmaq istəmiş, yaxınlaşanda Əfqanın sinə nahiyyəsində qan, Ramilin əlində isə bıçaq olduğunu görmüşdür. Ramil Əfqanı vurduqdan sonra qaçıb getmişdir. iş materiallarinda olan məhkəmə-tibbi ekspertizasinin 03.04.2021-ci il tarixli, 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarasi, sol əlin ovuc səthinin kəsilmiş yarası xəsarətləri vardır. Həmin xəsarət deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, zərərçəkmişin Sumqayit şəhər TTYX-yə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 21.02.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasina səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan görünür ki, 04.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 18 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Suqmayıt şəhər 4-cü Polis Bölməsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirlərinə baxmayaraq cinayətin aləti olan bıçaq və hadisənin digər şahidlərini müyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 03.07.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin tərkibi olmadığından, Zərərçəkmiş şəxs və Şahid2 əməllərində isə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından onların barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün qismən etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altina vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 ay (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-36/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-36/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver