Məhkəmə qərarları › İş №1(060)-360/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğlunun, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 3-cü mkr, ev 11/8, mənzil 57-də yaşayan, Azərbaycan Respublikası CM-in 263- 1.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Sotanzadə Ağalar Əjdər oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sotanzadə Ağalar Əjdər oğlu Sumqayıt şəhər Məhkəməsinin 12.04.2019-cu il tarixli, 3(60)-1534/20219 saylı qərarına əsasən 06 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına baxmayaraq sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2105” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 yanvar 2021-ci il tarixdə axşam saat 22:30 radələrində Sumqayıt şəhəri, “Çerkassi” küçəsi ilə “Ü.Hacıbəyov” küçəsindən üzü “Sülh” küçəsi istiqamətində saatda 80 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib idarəetməni itirərək Sumqayıt şəhəri, Çerkassi küçəsi, “Zəngəzur” avtoservisin qarşısında yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Passat” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində sərnişin Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sağ mil sümüyünün distal ucunun qapalı sınığı, sağ diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərərvurmaya aid xəsarət yetirmiş, eyni zamanda həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Passat” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyatsızlıqdan ümumilikdə 2230 (iki min iki yüz otuz) manat və Zərərçəkmiş şəxs2 istifadəsində olan “Vaz 2105” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1115 (min yüz on beş) manat maddi ziyan vurmuşdur. Bununla da Sotanzadə Ağalar Əjdər oğlu Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğlu, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Vaz 2105” markalı avtomobil almaq istəmişdir. 17.01.20221-ci il tarixdə axşam saat 20 radələrində “Turbo.az” internet saytında 2850 manata satışa çıxarılan ağ rəngli Vaz 2105 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin elanını görüb avtomobilin sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi sahibinə zəng etmiş, o da telefona cavab verib demişdir ki, avtomobil Abşeron rayonu Saray qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən “Əhsən” marketin qarşısındadır. O, onunla razılaşıb həmin ünvana getmiş və orada avtomobilin sahibi Ruhid ilə görüşüb həmin avtomobilə baxmış, aralarında olan söhbət zamanı avtomobili 2700 manata alqı-satqı etməyi razılaşmışlar. O, ona demişdir ki, maşını sürüb yoxlasın, sonra o, sükanın arxasına əyləşmiş, avtomobilin sahibi Ruhid isə qabaq oturacaqda əyləşmiş, o həmin avtomobili idarə edib yoxlamaq istəmişdir. Bunun üçün o, 17.01.2021-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə Ü.Hacıbəyov küçəsindən üzü Sülh küçəsi istiqamətində təxminən 80 km/saat surətlə sürüb avtomobilin texniki vəziyyətini yoxlamaq istəmşdir. O, Vaz 2105 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 80 km/saat sürətlə hərəkət edən zaman qəfil idarəetməni itirmiş və yolun sağ kənarında dayanmış “Volkswagen Passat” markalı avtomobilə dəymiş və bu vaxtı o və avtomobilin sahibi Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, «Vaz-2105» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili etibarnamə ilə sahiblik etmişdir. 17.01.2021-ci il tarixdə avtomobili satmaq üçün axşam «Turbo.az» internet saytında 2850 manata satışa elan vermişdir. Bir nəfər Ağalar adlı şəxs onun mobil telefonuna zəng edərək maşını almaq istəmiş, o da ona demişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən «Əhsən» marketin yanına gəlsin. Təxminən 1 saatdan sonra o, Saraya gəlmiş və orada danışıb maşını 2700 manata alqı-satqı etməyi razılaşmışlar. Ağalar ona maşının pulunu verməsi üçün və maşını həyətində saxlaması üçün onunla getməsini demiş, buna görə də o, sükan arxasında, özü isə qabaq oturacaqda əyləşmişdir. Beləliklə onlar 17.01.2021-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsindən üzü Sülh küçəsi istiqamətində təxminən 80-90 km/saat surətlə hərəkət edən zaman Ağalar qəfil idarəetməni itirərək yolun sağ kənarında dayanmış “Volksvagen Passat” markalı avtomobilə dəymiş və həmin vaxt o və Ağalar xəsarət almışlar. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “Volksvagen Passat” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili etibarnamə ilə idarə edir. O həmin avtomobili həmişə işlədiyi “Zəngəzur” servizin qarşısında saxlayır. 17 yanvar 2021ci il tarixdə axşam saat 22:30 radələrində işdə olarkən, avtomobili də həmişə olduğu kimi orada saxlamış, həmin vaxtı “Vaz 2105” markalı avtomobilin Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə hərəkət edərək idarə etməni iitirib ona məxsus “Volksvagen Passat” markalı **- HL-*** dövlət qeydiyyat nişanlı avtomilin arxa hissəsinə dəydiyini görmüşdür. Həmin vaxtı “Vaz 2105” markalı avtomobil də və onun avtomobili də çox əzilmişdi. Bundan başqa həmin vaxtı 05 in sürücüsü və onun yanında əyləşən şəxs də xəsarət almışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə zamanı ona təxminən 2300(iki min üç yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Şahid ifadəsində göstərmişdir ki, 17.01.2021-ci il tarixdə saat 22:30 radələrində o, xidmətdə olarkən Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Zəngəzur» avtoservisin qarşısında yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə yollanmışdır. Hadisə yerinə gəlib görmüşdür ki, bir az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2105” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, “Çerkassi” küçəsi ilə “Ü.Hacıbəyov” küçəsindən üzü “Sülh” küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək Sumqayıt şəhəri Çerkassi küçəsi «Zəngəzur» avtoservisin qarşısında yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Passat” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində sərnişin Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs də bədən xəsarəti almışdır. Hər iki avtomobilə ziyan vurulmaqla, hər ikisi hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na aparılmışlar. Bundan sonra hadisə yeri hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Hər iki avtomobillərin sürücülərinin hadisə yerindən qaçmaları halları baş verməmiş, hadisəni törətmiş Təqsirləndirilən şəxs sonra Sumqayıt şəhər Narkoloji Dispanserə dəvət edilərək sərxoşluq müayinəsindən də keçirilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.01.2021-ci il tarixli 106 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ mil sümüyünün distal ucunun qapalı sınığı, sağ diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin yaralarından ibarət xəsarətlər vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir az əvvəl olmaqla 17.01.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisələri eskpertizasının 17.02.2021-ci il tarixli, 8/291 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə VAZ-2105 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəni yaşayış məntəqəsində 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 25.01.2021-ci il tarixli, 016-302-359-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.06.2017-ci il tarixdə AE030827 saylı «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Sumqayıt şəhər məhkəməsinin 3 (060)-1534/2019 saylı qərarına əsasən 12.04.2019-cu il tarixdən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 17.01.2021-ci il tarixli, 327 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarına əlavə edilmiş «Mərcan» firmasının 30 fevral 2021-ci il tarixli məktubundan görünür ki, “Volksvagen Passat markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2230 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş «Mərcan» firmasının 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, «Vaz-2105» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1115 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il tarixli, 240 saylı ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarından görünür ki, 14.04.2021-ci il tarixdə Sotanzadə Ağalar Əjdər oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Sotanzadə Ağalar Əjdər oğlunun cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Sotanzadə Ağalar Əjdər oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sotanzadə Ağalar Əjdər oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 12 saat vaxt sərf etmişdir. Ona görə də, 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 9 saat vaxt sərf etmişdir. Ona görə də, 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğlunun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Məhkəmə, təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, ekspertiza xərcinin ondan tutulub dövlət büdcəsinə ödənilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Sotanzadə Ağalar Əjdər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sotanzadə Ağalar Əjdər oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Sotanzadə Ağalar Əjdər oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırması izah edilsin. Sotanzadə Ağalar Əjdər oğlundan 100 (yüz) manat məbləğində ekspertiza xərci bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs Sotanzadə Ağalar Əjdər oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar