Məhkəmə qərarları › İş №1(060)-360/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Quba rayon, İspik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Quba rayon, İspik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evinin kilidi açıq olan giriş qapısından evin həyətinə qanunsuz daxil olaraq həyətdə qoyulmuş dəyəri 300 manat olan bir ədəd 26 ölçülü, qırmızı rəngli, “Gunsrose” markalı velosipedi gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs dayısı oğlu Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, Zərərçəkmiş şəxs məxsus evə bir neçə dəfə gəlmiş və həyətdə velosiped görmüşdür. Onun qardaşı X3 da ailə üzvləri ilə birlikdə Ravil ilə qonşuluqda yaşayır. Belə ki, qardaşının övladı Seyidrzanın təxminən 1-2 ay bundan əvvəl bir yaşı tamam olmuş, o, həmin məclisdə iştirak edə bilməmişdir. Buna görə də 30 noyabr 2023-cü il tarixdə axşam radələrində o, yaşadığı kənddən çıxıb taksi ilə Sumqayıt şəhərinə qardaşı Eminin evinə qonaq gəlmişdir. O, qardaşının evində oturub yemək yemiş və spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində o, Quba şəhərində fəhlə işi görməli olduğunu demiş, buna görə də yola çıxmalı olduğunu bildirmişdir. Qardaşı onun getməməsi üçün xahiş etsə də, lakin o, çıxıb getmişdir. O, həyətdən çıxmış, piyada magistral yola doğru getmək istəyən zaman yolda itlərin olduğunu görüb qorxduğu üçün Ravilin evinin həyətində olan velosipedi götürüb həmin velosiped ilə magistral yola getmək qərarına gəlmişdir. Buna görə də o, Ravilin evinin giriş qapısını əli ilə itələmiş və içəri yəni həyətə daxil olmuşdur. Ravil və ailə üzvləri həmin vaxt evdə yatdıqları üçün həyətdə olmamışdır. O, Ravilə heç nə demədən velosipedi götürüb həyətdən çıxmışdır. O, velosipedə əyləşmiş və magistral yola kimi həmin velosiped ilə gəlmiş, yola çatdıqda artıq velosipedi satmaq qərarına gəlmiş və buna görə yolun kənarında olan mağazanın içərisinə daxil olmuş və orada adını bilmədiyi satıcıya özünə məxsus olan velosipedi 50 manata satmaq istədiyini bildirmişdir. Həmin satıcı isə velosipedi almaq istəmədiyini bildirmiş, bundan sonra o, marketdən çıxmış və velosipedi yolun digər tərəfində olan işlək vəziyyətdə olmayan köşkün yanında qoymuş, bundan sonra yoldan keçən taksi ilə Sumqayıt dairəsinə, oradan isə tanımadığı yol maşını ilə Xaçmaza, Xaçmazdan isə Quba rayonuna, yəni yaşadığı ünvana gəlmişdir. O, oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. O, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Quba rayon, İspik kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 147 saylı peşə məktəbinin yaxınlığında nömrəsiz fərdi evdə yaşayır. Onun “Gunsrose” markalı, qırmızı rəngli, 26-hq velosipedi olmuşdur. Velosiped yaşadığı evinin həyətində olmuş və onu 700 manata almışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında velosipedi evinin həyətində saxlamış, xx.xx.2023-cü il tarixdə səhər vaxtı həyətə çıxan zaman həyətdə saxladığı velosipedin yerində olmadığını görmüş və velosipedin oğurlandığı ona məlum olmuşdur. Bundan sonra o, hadisə barədə polisə rəsmi müraciət etmiş, sonradan hadisəni törədən şəxsin bibisi oğlu Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Belə ki, Səfanın bu kimi hərəkətləri daha öncə də olduğu üçün ondan şübhələnmişdir. Səfanın qardaşı ona zəng vurduqda Səfa velosipedi onun oğurladığını ilk öncə etiraf etməsə də sonradan etiraf etmişdir. Hazırda ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilmədiyini və istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Saray qəsəbəsi, H.Haqverdiyev küçəsi, ev 15-də yaşayır. Artıq iki ildir ki, Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yolun kənarında yerləşən köşkdə satıcı işləyir. Təqsirləndirilən şəxs tanımır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində köşkdə olan zaman bir nəfər kişi cinsinə məxsus təxminən 30 yaşlarında qara rəngli gödəkçə və üzərinə “adidas” sözləri yazılmış boz rəngli köynək geymiş bir nəfər şəxs köşkə yaxınlaşmış, bir ədəd “go” spirtli içki almış, həmin şəxs ona pula ehtiyacı olduğu üçün özünə məxsus velosipedi satdığını demişdir. O da köşkdən çıxıb həmin velosipedə baxmış, velosiped qırmızı rəngli, “Gunsrose” markalı, 26-lıq ölçüdə olmuşdur. O, velosipedin oğurluq mal ola biləcəyindən ehtiyat edərək almaqdan imtina etmişdir. Bundan sonra həmin şəxs velosipedə əyləşib oradan uzaqlaşmışdır. O, sonradan Polis İdarəsində həmin şəxsin adının Səfa olduğunu bilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 141-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/236 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd 26 ölçülü, qırmızı rəngli, “Gunsrose” markalı velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300.00 manat müəyyən olunur. Cinayət işinin 91-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqslirli bilinərək qazancından 20% tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir; 2) Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017ci il tarixli qanun” tətbiq edilərək xx.xx.2016-cı il tarixli hökmlə təyin olunmuş 06 (altı) ay islah işləri cəzasından və xx.xx.2016-cı il tarixli hökmlə təyin olunmuş 03 (üç) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasının 02 (iki) ay hissəsindən azad edilmiş, xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qedyin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmu. azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Quba rayonu İspik kəndində olan fərdi evi tərk etməmək, Quba rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Quba rayonu İspik kəndində olan fərdi evi tərk etməmək, Quba rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar