Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-361/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X6, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Elbrus qızının iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Elbrus qızının Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə saat 16 radələrində B kateqoriyalı BD001140 nömrəli sürücülük vəsiqəsi ilə 501615 nömrəli etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsi ilə «Azpetrol» yanacaq doldurma məntəqəsi istiqamətində saatda 70 km surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, avtomibili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli halda bunlara riayət etməyərək, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək öz hərəkəti istiqamətində yolu sağdan sola keçən piyada 1936-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sağ yan güzgüsü ilə vurub ehtiyyatsızlıqdan sonuncuya başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, sol təpə-giçgah nahiyyəsinin dərialtı hematoması, sol qalca tini nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Elbrus qızı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhəri, məhəllə 6, Nizami küçəsi 19C-də qeydiyyatda olmaqla ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir, daimi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Onun özünə məxsus “Chevrolet Cruze” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin avtomobili faktiki olaraq qeydiyyat şəhadətnaməsi ilə X1 mülkiyyətindədir, bu səbəbdən həmin avtomobili etibarnamə əsasında idarə edir, avtomobil idarə etmək üçün isə B kateqoriyalı sürücülük vəsiqəsi vardır. 19.02.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində o, şəxsi işləri ilə bağlı rəfiqəsi İlahə (şəxsiyyət vəsiqəsində Şahid1dır) ilə birlikdə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olmuşdur. Hərəkətdə olduğu yol 4 zolaqlı olmuş, o, həmin yolun soldan birinci zolağı ilə təxminən saatda 70 km surətlə hərəkətdə olarkən təxminən 15 metr məsafədən bir nəfər yaşlı kişinin onun hərəkət istiqamətində yolu sağdan sola keçdiyini görmüş, o, həmin yaşlı kişiyə siqnal vermiş, kişi yavaş templə irəlilədiyi üçün o, həmin şəxsin dayandığını düşünmüş, lakin həmin kişi dayanmamış, o da avtomobilin əyləcini bassa da idarə etdiyi avtomobilin sağ yan güzgüsü həmin yaşlı kişiyə dəymiş, nəticədə kişi idarə etdiyi avtomobilin alın şüşəsinin sağ hissəsinə dəyib avtomobilin qarşısına düşmüşdür. O da tez avtomobili saxlayıb rəfiqəsi ilə birlikdə yerə düşmüş, o, rəfiqəsi İlahəyə təcili yardıma zəng etməsini demiş, İlahə də təcili yardıma zəng etmiş, təxminən 5 dəqiqə sonra təcili yardım maşını polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmişlər. Təcili yardım işçiləri onun avtomobil ilə vurduğu kişini təcili yardım avtomobilinə qoyub Sumqayıt Şəhər Travmatologiya xəstəxanasına aparmışlar. O da polis əməkdaşları ilə birlikdə təcili yardımın arxasınca xəstəxanaya getmiş, onlar həmin kişini xəstəxanaya apararkən həmin kişi hələ sağ olmuşdur. Sonra o, polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçmək üçün Sumqayıt Şəhər Narkoloji Dispanserinə getmişlər, o, sərxoşluq müayinəsindən keçmiş və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Bundan sonra o, polis əməkdaşları ilə hadisə yerinə getmiş, polis əməkdaşları onun iştirakı ilə hadisə yerini müayinə etmişlər, o, polis əməkdaşlarına piyadanı harada vurduğunu göstərmiş, piyadanı vurduğu yer polis əməkdaşları tərəfindən metrlə ölçülmüş və həmin yerin yolun sol kənarından 2,6 metr məsafədə olduğu müəyyən olunmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb yolu keçən piyadanın yavaş hərəkət edərək onu çaşdırması olmuşdur. Chevrolet Cruze” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmçinin yol nəqliyyat hadisəsi baş verən vaxt idarə etdiyi “Chevrolet Cruze” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobildə o və rəfiqəsi İlahədən başqa heç kəs olmamış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nə o, nə də ki, rəfiqəsi İlahə xəsarət almamışlar . Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığı, ona dəymiş maddi və mənəvi ziyanı ödədiyi üçün barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atasıdır, atası 1936-cı il təvəllüdlü, təqaüdçü olmuşdur. Atası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 50-də balaca qardaşının ailəsi ilə birlikdə yaşamış, hər gün 7-8 km gündəlik piyada gəzmişdir. Hər gün olduğu kimi, 19.02.2021-ci il tarixdə atası İsrafil yenə, təxminən saat 14 radələrində evdən çıxıb gəzməyə getmiş, təxminən saat 21 radələrində o, evdə olan vaxt balaca qardaşının yoldaşı ona zəng edib demişdir ki, atası evə gəlib çıxmamışdır. Atası mobil telefon işlətmədiyi üçün o, narahat olmuş, atasını axtarmağa başlamışdır. Atası yaşlı olduğu üçün atasının başına nəsə gəldiyini düşünüb Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına getmişdir. O, xəstəxanada bilmişdir ki, atası Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində piyada yolu keçərkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı atasını maşın vurub xəsarət yetirmiş, atası xəstəxanaya gətirilmiş və xəstəxanada olarkən yol nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölmüşdür. Meyit müayinə olunduqdan sonra onlar atası Zərərçəkmiş şəxs meyitini götürüb evə gətirmişlər. O, sonra öyrənmişdir ki, 19 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olarkən öz hərəkət istiqamətində yolu sağdan sola keçən atası Zərərçəkmiş şəxs avtomobilin sağ güzgüsü ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə atası İsrafil yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən Sumqayıt Şəhər Travmatoloqiya Xəstəxanasında ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs Elbrus qızı ilə barışmış, hadisə zamanı ona dəymiş bütün maddi və mənəvi zərər ödənilmişdir, hər hansı bir şikayət və ya tələbi yoxdur, cəza təyini zamanı bu xüsusatların nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş, 17.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı tərəfindən ona dəymiş bütün maddi və mənəvi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs Elbrus qızı ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də şikayət və tələbi olmayacaqdır, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, o, Sumqayıt ŞPİ-nin DYPŞ-nın YPX-nın inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi onun xidmət apardığı marşrut xəttidir. 19 fevral 2021-ci il tarixdə, saat 16 radələrində o, xidmətdə olarkən Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə yollanmış, hadisə yerinə gəlib görmüşdür ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. O gələndə bilmişdir ki, sürücü yol nəqliyyat hadisəsi törətdikdən sonra Təcili tibbi yardım çağırmış, təcili tibbi yardımı da gəlmişdir. Təcili tibbi yardımın işçiləri piyadanı avtomobilə qoyub Sumqayıt Şəhəri Travmatoloqiya Xəstəxanasına aparmış, sürücü də onunla birlikdə yanında olan sərnişin də xəstəxanaya gəlmiş, piyadanı xəstəxanaya yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparıb müayinədən keçirmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Sonra onlar yenidən hadisə yerinə getmiş, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl hadisə yerinə hal şahidləri dəvət olunmuş, onlara hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra yolda ölçülər aparılaraq yolun hərəkət hissəsinin, piyadanın vurulma yerlərinin ölçüləri götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və sxem çəkilmişdir. O da digər iştirakçılar kimi tərtib olunmuş protokol və sxemi imzalamışdır. O sonradan bilmişdir ki, piyada Zərərçəkmiş şəxs xəstəxanda olarkən yol nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 884 saylı 19.02.2021-ci il tarixli aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Elbrus qızı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır.(i.v 12) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs XX.XX.1936-cı ildə anadan olmuşdur.(i.v 13) İş materiallarında olan “zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmaq haqqında” 22.02.2021-ci il tarixli qərardan görünür ki, X9 atası Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır.(i.v 34) İş materiallarında olan 1 saylı MKS-ın təqdim etdiyi 28.04.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızının 2 yetkinlik yaşına çatmayan övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 67-68) İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızının 01.10.2008-ci il və 13.12.2013-cü il təvəllüdlü iki uşağı var.(i.v 69-70) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 21.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı əvvəllər məhkum olunmamışdır.(i.v 71) İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin 26.04.2021-ci il tarixli məktubundan, sürücülük vəsiqəsinin surətindən, etibarnamənin surətindən və komputer çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı 11.12.2020-ci ildə BD 001140 saylı sürücülük vəsiqəsi almış, sürücülük hüququndan məhrum edilməmişdir. “Chevrolet Cruze” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur, həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs Elbrus qızına 11.12.2030-cu ulədək etibarnamə verilmişdir.(i.v 18-21, 79-80) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7”-nin 29 saylı 19.02.2021ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, sol təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, sol qalça tini nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin sıyrıqlardan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 19.02.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş başın küt travması nəticəsində sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, baş-beyinə və beyin kötüyünə qansızma olmuşdur. Zərərçəkmiş şəxs ölümü 19.02.2021-ci il tarixdə saat 17:15-də Sumqayıt şəhər TTYX-da baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v 72-76) İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8/491 saylı, 19.03.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v 62-65) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi” haqqında 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir.(i.v 115-116) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Elbrus qızının ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Elbrus qızının əməli Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə, həmçinin məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Elbrus qızının hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Elbrus qızının əməlində Azərbaycan Respublikası CM-nın 61ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Elbrus qızının törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs Elbrus qızının cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs Elbrus qızına təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Elbrus qızı təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Elbrus qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs Elbrus qızının cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Elbrus qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə və məhkum cəzaçəkmə müəssisəsinə çatdırılana qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Elbrus qızından məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-361/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-361/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver