Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-363/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Gürcüstan Respublikası, Marneuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0.229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 mart 2025-ci il tarixdə, saat 16:48-də Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Vegas” restoranının yaxınlığında saxlanılıb orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, məhəlləyə gedən zaman “Vegas” restoranının yaxınlığında polis əməkdaşları yaxınlaşmış və üzərinə baxış keçrimişlər, baxış zamanı üzərindən “patı” adlanan narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata almışdır. 3-4 ay olar ki, narkotik vasitə istifadə edir, digər narkotik vasitələrdən də istifadə etmişdir. Himayəsində bir azyaşlı övladır vardır, anası, atası xəstədir. Məhkəmədən nəzərə alaraq köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 16:48 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Vegas” restoranının yaxınlığında olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirtmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli kağız bükümdə saxlamış olduğu psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkildikdən sonra çəkisinin 0.28 qram olduğu müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürlənmişdir. Daha sonra 3-cü PB-nə gətirildikdən sonra ona şübhəli qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X4 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada qablaşdırıldığını, metamfetaminin çəkisinin 0.28 qram müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı həmin zərfin içərisinə qablaşdırılaraq götürülmüş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin maddəni saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin kiçik əməliyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında Müşfiqin narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsi barəsində məlumat daxil olmuşdur. Daha sonra rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və Müşfiqi 45-ci məhəllə ərazisində yerləşən “Vegas” restoranının yaxınlığında görüb yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsinə şübhəli olduğu bildirilib üzərinə şəxsi axtarış keçirmişlər və narkotik vasitə aşkarlanmışdır. Şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. 45-ci məhəllə, restoranın yaxınlığında şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, çəkilişlə üzərinə baxış keçirmişlər. Şalvarın sağ yan cibindən qızılı rəngdə bir büküm aşkar olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ŞSrnsi oğlunun mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 13 mart 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyat müvəkkilləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs ŞSmsi oğlunun cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16:40 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onun Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Vegas” restoranın yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli kağız bükümdəki psixotrop maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs Şəmsi oğlunun təqdim etdiyi bükülü elektron tərəzi vasitəsilə çəkilərək çəkisinin 0.28 qram olması müəyyən edildikdən sonra həmin bükülü zərfə qoyularaq xüsusi qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şəmsi oğluna müvafiq sənədləşmə işləri aparılmasından ötrü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 3-cü PB gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs Şəmsi oğlu təhqiqatçı Araz Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olumnuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Şəmsi oğlunun üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin 01 ədəd zərfdə 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilərək yenidən 01 ədəd zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs Şəmsi oğlundan həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin “metamfetamin” olduğunu, saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisndən tanımadığı şəxsdən 10 manata əldə etdiyini və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasını həyata keçirilən şəxs Təqsirləndirilən şəxs Şəmsi oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 13 mart 2025-ci il tarixdə, saat: 16:48 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən Vegas restoranın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs Şəmsi oğluna hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs Şəmsi oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Şəmsi oğlunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən saxladığı 01 ədəd qızılı rəngli kağız bükümü təqdim edib, həmin bükümün daxilindəki kütlənin psixotrop maddə metanfetamin olduğunu, özünün istifadəsi üçün xx.xx.2025- ci il tarixdə səhər saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağız büküm açıldı. Bükümün daxilində psixotrop maddəyə bənzər ağ kristallik metanfetaminə bənzər kütlə aşkar edildi. Qeyd olunan büküm 01 ədəd elektron tərəzi vasitəsilə çəkildikdə, çəksinin 0,28 qram olması müəyyən edildi. Bundan sonra həmin büküm zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qabalaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs Şəmsi oğluna verilən suallara cavab olaraq, o, özünün istifadəsi üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi. Üstünü yoxlama Sumqayıt şəhəri 45-məhəllə ərazisində yerləşən Vegas restoranının yaxdığında keçirildi. Üstünü yoxlama zamanı «İphone 16 Pro» markalı telefon vasitəsi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, “Vegas” restoranının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 16:48-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin, 3-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs Şəmsi oğlunun narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində istifadəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 13 mart 2025-ci il tarixdə, saat 16:48 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllə, Vegas restoranının yaxınlığında olan zaman saxlanılaraq üstü yoxlanılmış, əynindəki cins şalvarın sağ yan yan cibindən 1 ədəd qızılı rənglikağız bükümdə Metanfetaminə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs Şəmsi oğlundan götürülməsi raportda qeyd olunmuş, eləcə də bu barədə tərtib olunmuş zərf və 01 ədəd DVD disk aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd zərfə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs Şəmsi oğlundan və polis əməkdaşlarının imzası olan 1 (bir) ədəd zərfdən, Metanfetaminə bənzər kütlə aşkar olunaraq həmin maddə yenidən qablaşdırılıb möhürləndi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20/74 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “AR DİN “Zərflər üçün No 127” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; Cəfərova Günay /imza/; Araz Əliyev /imza/ əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.229 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,179 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmsi oğlunun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat - axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Vegas” restoranının yaxınlığında saxlanılır. Təqsirləndirilən şəxs Şəmsi oğlu saxlanıldıqdan sonra şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildi və o da üzərində saxlamış olduğu 01 bükümdəki psixotrop maddə metamfetamini çıxarıb təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.28 qram olması müəyyən edilir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs Şəmsi oğluna müvafiq sənədləşmə işlərinin aparılmsı üçün PB-nə dəvət olunur. Diskə baxış keçirilməsi ilə əlaqədar tərəfinidən tərtib olunmuş protokolla Təqsirləndirilən şəxs Şəmsi oğlu və onun müdafiəçisi X4 tanış oldular, heç bir şikayət və ya qeyd olmadı. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Həmin 01 CD formatlı disk protokola əlavə edildi. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında, xidməti otaqların birində 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X8 Müşfiq Şəmsi oğluna əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı X8 Müşfiq Şəmsi oğluna qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün PB-nə gətirildiyini bildirir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt regional Vəkil Bürosunun vəkili X4 təqdim edilir. PB-nin əməliyyat müvəkkili təhqiqatçıya 01 ədəd zərf təqdim edir. Həmin zərfə təhqiqatçı tərəfindən baxış keçirilən zaman zərfin içərisində 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir və həmin kütlə yenidən 01 ədəd zərfə qoyulmaqla xüsusi qaydada qablaşdırılır və möhürlənir. Təqsirləndirilən şəxs Şəmsi oğlundan həmin bükümü nə zaman, haradan və kimdən əldə etdiyi soruşulduqda o, həmin kütləni saxlanıldığı gün, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Diskə baxış keçirilməsi ilə əlaqədar tərəfimdən tərtib olunmuş protokolla Təqsirləndirilən şəxs Şəmsi oğlu və onun müdafiəçisi X4 tanış oldular, heç bir şikayət və ya qeyd olmadı. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Həmin 01 CD formatlı disk protokola əlavə edildi. - məhkəmə-narkoloji ekspertizasının 1705 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 69.3-cü maddəsi tətbiq edilməklə 03 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Sumqayıt ŞPİ-də barəsində CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 40.3-cü (CM 73.2) maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-494/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Şəmsi oğlunun üzərində aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs Şəmsi oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0.229 qram olan metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,179 qram metamfetamin iş üzrə saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə marixuana xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdırna hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, habelə sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,179 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-363/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 672 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,179 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-363/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-363/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver