Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-364/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 A, mənzil 47-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,430 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə, saat 11:08-də, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 15 nömrəli yataqxananın yanında Sumqayıt şəhər Pİnin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmış və həmin yerdə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,430 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə olan heroindən iynə ilə damarına vurma yolu ilə istifadə edir. xx xxx 2020-ci il tarixdə, saat 20:00 radələrində, o, öz işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, Bakı şəhərində olarkən yolu «20 Yanvar» metro stansiyasının yaxınlığından düşmüş və orada təsadüfən üzdən tanıdığı, lakin, soyadını, atasının adını və ünvanını bilmədiyi bir nəfər orta yaşlı kişi ilə rastlaşmışdır. O, həmin kişinin xarici görkəmindən onu narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsə oxşatmış, onunla söhbət əsnasında özü istifadə etmək üçün narkotik vasitə olan heroin soruşmuş və yalnız 10 (on) manat pulu olduğunu bildirmişdir. Həmin kişi onda bir büküm narkotik vasitə olan heroin olduğunu demiş və 10 (on) manat pula həmin kişidən bir ədəd siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin almışdır. Siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin heroini o, əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibinə qoymuş və bir az Bakı şəhərində gəzəndən sonra, yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Həmin günün səhərisi, saat 11:00 radələrində, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 15 nömrəli yataqxananın yanında, quşxanada saxlanılan göyərçinlərə yem verib, yataqxananın yanından keçib gedən zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib, özlərini təqdim edərək, onu saxlamışlar və özünü təqdim etməsini istəmişlər. O, polis əməkdaşlarına, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 A, mənzil 47-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra, ona bir nəfərdə polis formasında olan polis əməkdaşı yaxınlaşaraq, narkotik vasitələrin əldə edilməsində, istifadə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün, saxlanıldığını və videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişdir. Polis əməkdaşları ona hüquq və vəzifələrini izah edəndən sonra, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyinə etirazı olubolmadığını soruşmuş, o da buna etiraz etmədiyini bildirmişdir. Hüquq və vəzifələri izah ediləndən sonra ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşyalar varsa, özü təqdim etsin. O da məcbur olub əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibindən dünən, yəni, xx xxx 2020-ci il tarixdə, saat 20:00 radələrində, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yanında üzdən tanıdığı bir kişidən aldığı, içərisində narkotik vasitə heroin olan gümüşü rəngli siqaret kağız bükümünü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb içərisində açıq qəhvəyi rəngli toz şəkilində maddə aşkar etmişlər və ondan həmin kütlənin nə olduğunu, haradan, kimdən, neçəyə və hansı məqsədlə aldığını soruşmuşlar. O, polis əməkdaşlarına, siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli toz şəkilində olan kütlənin narkotik vasitə olan «kokos», yəni, heroin olduğunu, bir gün əvvəl Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yanında, üzdən tanıdığı, lakin, adını, soyadını, atasının adını və ünvanını bilmədiyi bir nəfər orta yaşlı kişidən öz istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər, üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək məqsədi ilə həmin heroini siqaret kağızı ilə birlikdə elektron tərəzinin üzərinə qoyaraq, çəkmişlər. Onun üzərindən aşkar olunmuş heroinlə əlaqədar lazımı sənədləşdirmə aparılması üçün, polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər, o da, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində sənədlər tərtib o0lunaraq imzalanmış, narkotik vasitə qablaşdırdırıb möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar da imzalamışlar. İndi əməlindən peşmandır, narkomaniyadan müalicə alır, ailədə yeganə qazanc gətirən şəxsdir. Bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 15 nömrəli yataqxananın yanında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Saat 11:08-də keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 15 nömrəli yataqxananın yanından gedən görmüşlər, Sumqayıt şəhər Pİ-nin KTB-nin ekspert- kriminalisti Qocayev Elnur Əlövsət oğlu özü ilə gətirdiyi «Panasonik» markalı videokameranı işə salmış və çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, çünki mülki geyimdə olmuşlar. Həmin vaxt bölmənin təhqiqatçısı, polis mayoru X2 da onlara yaxınlaşıb özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 A, mənzil 47-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə hüquq və vəziyələri izah edilərək, həmin şəxsə narkotik vasitələrin qəbulunda, əldə etməsində və üzərində saxlamasında şübhəli olduğu üçün videoçəkilişlə üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər, o da, etiraz etməyərək razılığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə isə varsa özünün təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim edərək həmin bükümün içində narkotik vasitə olan «kokos» (heroin) olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü açıb içərisində açıq qəhvəyi rəngli toz şəkilində, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini nə vaxt, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını soruşmuşlar, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx xxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yanında üzdən tanıdığı, lakin adını, soyadını, atasının adını və ünvanını bilmədiyi bir nəfər orta yaşlı kişidən öz istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin içəri sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlənin çəkisini müəyyən etmək məqsədi ilə həmin kütləni siqaretin kağız bükümü ilə birlikdə elektron tərəzinin üzərinə qoyaraq, çəkmişlər və siqaretin kağız bükümü ilə birlikdə həmin kütlənin çəkisinin 0,56 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar maddə ilə əlaqədar lazımı sənədləşdirmə aparılması üçün, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar həm kağız zərfin üzərinə, həmdə protokola imza etmişlər. Məhkəmə iclasında şahidlər Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis kapitanı Şahid3 və Sumqayıt şəhər Pİ-nin KTBııin ekspert-kriminalisti, polis mayoru Qocayev Elnur Əlövsət oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı bir bükümdə ümumi çəkisi 0,56 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlənin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 25-26) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.V.43) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/690 saylı, xx xxx 2020ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükülü...» və s. qeydlər olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,430 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v. 33-37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Nəhmətov X1 şəhər Narkoloji Dispanserində 01.2017-ci ildən “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 80) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 234 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 81) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, məhkumluğu olmayan şəxsdir.(i.v 82) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. (i.v. 104) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 933 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 123-124) İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin çəkisinin 0,430 qram olduğu əsas götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,380 qram narkotik vasitəheroin və Təqsirləndirilən şəxs saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən, «Panasonik» markalı videokamera ilə çəkilmiş və DVD diskə yazılmış videoçəkiliş cinayət işi üzrə maddi sübut kimi tanınmış, 0,380 qram narkotik vastə-heroinin saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, DVD diskin isə cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v 131-138) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində tutulmuşdur. (i.v. 16) İş materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Nəhmətov X1 şəhər Pİ-nin MSY-dən azad edilmiş və barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs elan olunmuşdur. (i.v. 59-60) İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində tutulmuşdur. (i.v. 98) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-126/2020 saylı, xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (i.v. 115-118) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Qətimkan tədbiri seçilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.(119-121) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-364/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,430 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olması həm də onun əməlinin ictimai təhlükəlilik dərəcəsini azaldan haldır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,380 qram olan heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərarı ilə həmin tarixdə Sumqayıt şəhər Pİ-nin MSY-dən azad edilmiş və barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-126/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutularaq saxlandığı həmin 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək və xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 03 (1+2) gün, həmçinin xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 25 gün, cəmi 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,380 qram olan heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-364/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-364/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver