Məhkəmə qərarları › İş №1(060)-365/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-365/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-365/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Köhnəkənd massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 08 mart 2021-ci il tarixdə saat 21 radələrində “xxxx” MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kontakt-Home” məişət əşyaları satışı mağazasına müştəri qismində gəlib sonradan mağazanın 1-ci mərtəbəsində vitrində olan 2031 (iki min otuz bir) manat dəyərində “İphone 12 mini 256 GB” markalı mobil telefonu gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, yataqxana 2 ünvanında qeydiyyatda olsa da, hazırda Abşeron rayonu, Saray qəsəbəsi, Köhnəkənd massivində fərdi evdə valideynləri və qardaşı Ramillə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər plastik qapı-pəncərə ustası işləmişdir. Hazırda isə iş olmadığından işləmir. İşlətdiyi mobil telefon sadə olduğundan özünə çox funksiyalı, android tipli telefon almaq qərarına gəlmişdir. Bu məqsədlə 08 mart 2021-ci il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kontakt-Home” məişət əşyaları satışı mağazasına gəlmişdir. Telefonlara baxdıqdan sonra “Pocco” markalı mobil telefonu bəyənib onu almaq qərarına gəlmişdir. Həmin mobil telefonun pulunu kreditlə ödəməyin mümkün olubolmadığını öyrənmək üçün mağazada ikinci mərtəbəyə qalxmışdır. Bir müddət sonra ona bildirmişlər ki, “Kontakt-Home”dan aldığı əvvəlki mobil telefonun kredit ödənişində gecikmələri olduğu üçün ona kredit düşmür. Həmin vaxt artıq saat 21 radələri idi və mağazada satıcılardan və bir-iki müştəridən başqa heç kim olmamışdır. O, mağazadan çıxmaq istəyərkən gözü mağazanın birinci mərtəbəsində giriş qapısına yaxın quraşdırılmış vitrindəki “İphone 12 mini 256 GB” markalı mobil telefona sataşmışdır. Qərara gəlmişdir ki, həmin mobil telefonu oğurlasın. Ona görə də mağazadan çıxanda sakitcə satıcıların görmədiyi şəraitdə açıq, ümumi vitrindən “İphone 12 mini 256 GB” markalı mobil telefonu götürmüş və həmin vaxt əlində olan dəri pul qabının arxa tərəfinə qoymuşdur ki, guya telefon özünə məxsusdur. Telefonu götürdükdən sonra mağazadan çıxanda satıcılardan biri burada nə etdiyini soruşmuş, artıq həmin vaxt mağazanın giriş qapısı bağlanmışdır. O, satıcıya kredit şöbəsindən gəldiyini deyib sonra onlarla birlikdə mağazadan çıxmışdır. Telefonu götürən kimi onu heç kim görməmiş, ona telefonu götürməsi barədə irad bildirməmiş və təqib etməmişdir. Bir gün sonra, yəni 10 mart 2021ci il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və ilkin soğru zamanı ondan “Kontakt-Home” məişət əşyaları satışı mağazasından “İphone 12 mini 256 GB” markalı mobil telefonu oğurlayıboğurlamadığını soruşanda o, törətdiyi cinayəti etiraf etmişdir. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və polis bölməsində üzərində olan “Kontakt-Home” məişət əşyaları satışı mağazasından oğurladığı “İphone12 mini 256GB” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq törədərkən onu görən olmamışdır. Oğurluğu tək törətmiş, heç kim ona kömək etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı nəzərə alınaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdi ki, “xxxx” MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Kontakt-Home” məişət əşyaları satışı mağazasının müdiri vəzifəsində işləyir. 09 mart 2021-ci il tarixdə səhər saat 10 radələrində işdə olduğu zaman satıcılardan biri yaxınlaşıb ona mağazanın birinci mərtəbəsində yerləşən vitrindəki “İphone 12 mini 256 GB” markalı mobil telefonun yerində olmadığını demişdir. Onlar həmin telefonun satılmadığını aşkar edəndən sonra mağazada quraşdırılmış videokamera görüntülərinə baxmış və videokamera görüntülərinə baxan zaman aşkar etmişdir ki, bir nəfər cavan yaşlarında kişi cinsindən olan şəxs, 08 mart 2021-ci il tarixdə saat 21 radələrində, mağazadan çıxana yaxın mağazanın birinci mərtəbəsində yerləşən vitrindəki “İphone 12 mini 256 GB” markalı mobil telefonu oğurlamışdır. Həmin faktı 09.03.2021-ci ildə saat 10 radələrində aşkar edən kimi dərhal Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları mağazaya gəlib hadisə yerini müayinə etmişlər. Bundan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edib izahat yazmışdır. Daha sonra, müəyyən olunmuşdur ki, mağazadan telefonu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi tanımasa da, mağazanın müştərisi olmuşdur. Oğurluq hadisəsini baş verən anda heç kim görməmiş və buna görə müdaxilə etməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi şirkətə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmədə Şahid göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 09 mart 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Azərbaycan Respublikası DİN-in “102” xidmətindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kontakt-Home” məişət əşyaları satışı mağazasından “İphone 12 mini 256 GB” markalı mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin əraziyə təhkim olunmuş əməliyyat müvəkkili olduğundan daxil olmuş məlumat əsasında dərhal mağazaya yollanmış, mağazada quraşdırılmış videokameraya baxandan sonra aşkar etmişdir ki, bir nəfər cavan yaşlarında kişi cinsindən olan şəxs, 08 mart 2021-ci il tarixdə saat 21 radələrində, mağazadan çıxana yaxın mağazanın birinci mərtəbəsində yerləşən vitrindəki “İphone 12 mini 256 GB” markalı mobil telefonu götürür. Bundan sonra həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və həmin şəxs Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs “Kontakt-Home” məişət əşyaları satışı mağazasından “İphone 12 mini 256 GB” markalı mobil telefonu oğurladığını etiraf edib, həmin telefonun üzərində olduğunu bildirmiş, daha sonra isə telefonu onlara təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərdə Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə saat 21 radələrində, mağazadan çıxana yaxın mağazanın birinci mərtəbəsində yerləşən vitrindəki “İphone 12 mini 256 GB” markalı mobil telefonu oğurlaması bir daha təsdiq olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 06.04.2021-ci il tarixli 9/1475 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd “Apple” markalı, “İphone 12 mini 256 GB” modelli təzə mobil telefon aparatının, 2021-ci ilin mart ayına, təzə olduğunu, təyinatı üzrə istifadəyə yararlığını, üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 2031,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür Təqsirləndirilən şəxs Moskva şəhəri, Çeremuşkin rayon Məhkəməsinin 30.11.2017-ci il hökmü ilə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini və barışıq əldə etməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13.03.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “İphone 12 mini 256 GB” markalı mobil telefon zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlaılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri cəmi 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 may 2021-ci il tarixli (iş № 1(060)-365/2021) qərarını icra edərək, 19 may 2021-ci il tarixli 443 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Köhnəkənd massivi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Nümayəndə təhvil verilmiş iş üzrə maddi sübut olan “İphone 12 mini 256 GB” markalı mobil telefon zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə iqtisad ekspertizasının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar