Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-368/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, ev 141-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, PÇ-14-də inzibati binada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Yalama dəmir yol xəttinin Baş Sumqayıt stansiyası ərazisində 2620-ci kilometrinin 4-cü piketindəki, həmin dəmir yol xətlərinə aid olan ümumilikdə 250 manat dəyərində, 10 metr uzunluqda MKBAB 4X4 tipli rabitə kabelini bel ilə yerdən qazıyıb çıxardaraq, oğurlamağa cəhd edərkən, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin xidmətdə olan polis əməkdaşı Şahid1 tərəfindən müşahidə edildiyini görüb, yaxalanmamaq məqsədilə kabeli yerə atıb hadisə yerindən qaçaraq, iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dəmir yol xətlərinə münasibətdə oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki,Bakı şəhəri Yasamal rayonu Əhməd Cavad küçəsi ev 141-də qeydiyyatda olsa da Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi PÇ-14 inzibati binada yaşayır. Daimi iş yeri olmasa da fərdi əməklə məşğul olur, tikinti sahəsində ustalıq edir. 2020-ci ilin yanvar ayının ortalarında Stansiya Sumqayıt qəsəbəsində yaşayan Elşad Məmmədrzayevlə müəyyən zəhmət haqqı müqabilində, ona məxsus həyətyanı sahənin ətrafını setka hasara almaq barədə razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində həmin həyətyanı sahədə işinə başlamış, saat 12.30 radələrində istirahət edərkən dəmir yol xətlərinin yanında torpağın altından kabelin çölə çıxmış vəziyyətdə olduğunu müşahidə etmiş, həmin kabeli çıxarıb metal qəbulu məntəqəsinə təhvil verərək bir qədər pul əldə etmək qərarına gəlmişdir. Tikintidə istifadə etdiyi bel ilə 10 metrə qədər kabelin üstünü torpaqdan təmizləyib, bel ilə hər iki tərəfdən kabelin torpağa girən hissəsini kəsərək ümumi xətdən ayırmış, kabeli kəsdiyi yerdə dairəvi formada bükərkən, kənardan onu polis əməkdaşının müşahidə etdiyini və onu yaxalamaq üçün yaxınlaşdığını görüb, kabeli yerə ataraq, hadisə yerindən qaçmışdır. Lakin çox keçmədən polis əməkdaşları qapıya gəlib onu polis bölməsinə dəvət etmiş, o da etiraz etməyərək, polis bölməsinə getmişdir. Sonradan tanıdığı polis əməkdaşı Elməddinin təklifi ilə hadisə yerinə getmiş və hadisə yerinin müayinəsində iştirak edərək, kabeli oğurlamaq istədiyini etiraf etmişdir. Oğurluq edərkən tək olmuş, kabelin içindəki əlvan metaldan olan naqili metal qəbulu məntəqəsinə təhvil verib 150-200 manat arası gəlir əldə etmək istəmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsindən üzr istəmiş, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz vermişdir. Bütün bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı, şahidlərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin İnfrastruktur Departamenti 1 saylı H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin baş mühəndisi vəzifəsində işləyir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin verdiyi etibarnaməyə əsasən QSC-nin nümayəndəsi kimi işdə iştirak etmək hüququ verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Bakı-Yalama Dəmir yol xəttinin Baş Sumqayıt stansiyası ərazisində, 2620-ci kilometrin 4-cü piketindəki, ümumilikdə 250 manat dəyərində, 10 metr uzunluqda MKBAB 4x4 tipli rabitə kabelini bel ilə yerdən qazıyıb çıxardaraq oğurlayarkən polis əməkdaşı tərəfindən yaxalanmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş ziyan 250 manatdır və hər hansı mülki iddiaları və tələbləri yoxdur. Təqsirləndirilən şəxs tərəfindən hər iki tərəfi kəsilmiş 10 metr MKBAB 4X4 tipli kabel təmir işləri nəticəsində yerinə birləşdirilmiş və rabitə elə həmin gün bərpa olunmuşdur. Təqsirləndirilən şəxs üzr istəmiş, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz vermişdir, onlara dəymiş zərər ödənildiyi üçün onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlara dəymiş zərər ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Şahid1 bildirmişdir ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 09.00-da Baş Sumqayıt st. XPB-nin iş qrafikinə əsasən Baş Sumqayıt stansiyasına xidmətə çıxmış və stansiya ərazisində mühafizə tədbirlərini həyata keçirməyə başlamışdır. Xidmət vaxtı marşrut üzrə stansiya ərazisində Bakı-Quba şosse yolunun altından keçən dəmir yol xəttinə yaxınlaşıb müşahidə apararkən bir nəfər vətəndaşın dəmir yol xətti ilə yanaşı keçən rabitə kabelini kəsib aparmaq istədiyini görmüş və dərhal həmin şəxsi yaxalamaq üçün həmin istiqamətə yaxınlaşmağa başlamışdır. Lakin həmin şəxs onun gəldiyini görüb, dairəvi formada qatlamaq istədiyi kabeli yerə ataraq hadisə yerindən qaçmış, o, mobil rabitə ilə Baş Sumqayıt st. XPB-nə məlumat verib, kömək istəmişdir. Dərhal polis manqa komandiri Şahid2 onun köməyinə gəlmiş və onlar birgə həmin şəxsin getdiyi istiqamətə yollanıb, oğurluq etmək istəyən şəxsin qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək, onu həyətindən çölə çağırıb, polis bölməsinə dəvət etmişlər. Hüseynbala etiraz etməyərək onlarla birgə polis bölməsinə gəlmiş və oğurluq etmək istədiyini etiraf etmişdir. O, raportla baş vermiş hadisə barədə rəhbərliyə məruzə etmişdir. Materialın icrası təhqiqatçı Elməddin Həsənova həvalə olunmuş və onlar Hüseynbala ilə birlikdə hadisə yerinin müayinəsinə getmişlər. Müayinə zamanı Hüseynbala törətdiyi əməli etiraf etmiş, təhqiqatçı tərəfindən hadisə yeri müayinə olunaraq, protokol tərtib olunmuş, o da iştirakçı kimi həmin protokolla tanış olub imzalamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Şahid3 məhkəmə iclasında bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 1 saylı işarə vermə sahəsində elektromexanik işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində xidmətdə olduğu vaxt Stansiya Sumqayıt ərazisində yerləşən müəssisəyə aid rabitə kabelində əlaqə olmadığı müəyyən olunmuş, o, dərhal xidməti avtomobillə rabitə kabelinin dəmir yol xətti boyu keçdiyi ərazini müayinə etməyə başlamış və Baş Sumqayıt stansiyası ərazisində rabitə kabelinin qazılaraq yerdən çıxarıldığını və kabelin 10 metr uzunluqda olan yerdən çıxarılan hissəsinin hər iki tərəfdən kəsildiyini, lakin kabelin kəsilmiş hissəsinin yerində olduğunu müşahidə etmişdir. Həmin kabel Bakı Yalama dəmir yolunun rabitə kabeli olduğu üçün o, xidmət yerinə xəbər verib kömək çağıraraq, kabelin bərpası işlərinə başlamışdır. O, kabeli birləşdirərkən polis əməkdaşları əvvəllər tanımadığı Hüseynbala adlı şəxslə birgə hadisə yerinə gəlib baxış keçirmiş, orada olan söhbətlərdən bilmişdir ki, Hüseynbala həmin kabeli kəsib apararkən polis əməkdaşları tərəfindən müşahidə edilərək, yaxalanmışdır. İş materiallarında olan "Hadisə yerinə baxış keçirilməsi haqqında" xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Xaçmaz avtomobil yolunun stansiya Sumqayıt qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən avtomobil körpüsünün sağ tərəfində və Baş Sumqayıt-H.Z.Tağıyev dəmir yolu xəttinin stansiya Sumqayıt ərazisində hərəkətin sağ tərəfində dəmir yolu xəttinin 30 metrliyində yerləşir. Qeyd olunan yerə baxış keçirilərkən torpaq örtüyünün 10 metr uzunluğunda, təxminən 30-40 sm dərinliyində qazıldığını və orada olan rabitə kabelinin 10 metr uzunluğunda hər iki tərəfdən kəsildiyi müəyyən edilmişdir. Orada bir nömrəli işarəvermə və rabitə sahəsi əməkdaşı Şahid3 təxirə salınmadan qeyd olunan rabitə kabelinin öz yerini bərpa etdiklərini, sorğu zamanı həmin kabelin dəmir yoluna məxsus 4X4 MKBAB tipli rabitə kabeli olduğunu bildirərək, həmin rabitə kabelinin nümunəsindən təxminən 30-40 sm ekspertizaya təqdim etmək üçün verilmişdir.(i.v 6-7) İş materiallarında olan 5-ci polis bölməsinin rəisi Aqşin Əhmədovun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son bir il ərzində inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə Sumqayıt ŞPİ-də heç bir məlumat qeydə alınmamışdır.(i.v 18) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 404 nömrəli məktubundan görünür ki, Cəfərov X1 şəhər Narkoloji Dispanserində qeydiyyatda olmamışdır.(i.v 31) İş materiallarında olan 2 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 70 nömrəli məktubundan görünür ki, Cəfərov X1 şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməmiş və ambulator kartası yoxdur.(i.v 32) İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2272/2273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd, təxmini uzunluğu 50 sm, istifadədə omuş, üzəri mazota salınmış ağ rəngli iplə, alt hissəsindən dəmir qoruyucu ekran, polimer və alüminium izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, ümumi diametri 24,8 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır, çəkisi 0,15 kq-dır. Ekspert tədqiqatına təqdim olunmuş kabelin x xxxxxxxx 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 25,0 manat, 10 metri-250,0 manat müəyyən edilir.(i.v 35-36) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır.(i.v 58) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi haqqında" xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v 83) İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 90) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq məqsədi ilə kəsdiyi 10 metr uzunluqda MKBAB 4X4 tipli rabitə kabeli və kabelin ekspertiza üçün götürülmüş hissəsi maddi sübut kimi tanınmış, kabelin rabitənin bərpa edilməsi məqsədi ilə yerinə qaynaq edildiyinin nəzərə alınması, ekspertiza üçün götürülmüş hissəsinin isə saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilməsi qərara alınmışdır. (i.v.91-94) Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs oğurluq məqsədi ilə kəsdiyi 10 metr uzunluqda MKBAB 4X4 tipli rabitə kabeli və kabelin ekspertiza üçün götürülmüş hissəsi maddi sübut kimi tanınmışdır. Həmin kabelin rabitənin bərpa edilməsi məqsədi ilə yerinə qaynaq edildiyi nəzərə alınaraq sahibinə qautarılmış hesab edilməlidir, kabelin saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş ekspertiza üçün götürülmüş hissəsi isə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, PÇ-14 inzibati binada yerləşən mənzilini tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) AZN Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut kimi tanınmış 10 metr uzunluqda MKBAB 4X4 tipli rabitə kabelinin rabitənin bərpa edilməsi məqsədi ilə yerinə qaynaq edildiyi nəzərə alınaraq sahibinə qautarılmış hesab edilsin, həmin kabelin saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş ekspertiza üçün götürülmüş hissəsi isə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-368/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-368/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver