Məhkəmə qərarları › İş №1(060)-368/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-368/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-368/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, üzərində məhkumluğu olmayan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 35-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini və patronları əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,058 qram olmaqla xeyli miqdarda psixotrop maddə metamfetamini və 06 ədəd patronu əldə edib, üzərində qanunsuz daşıyaraq saxlamış, 17 yanvar 2025-ci il tarixdə, saat 21:30da Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəbiristanlığının yaxınlığında saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 1,058 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan gödəkçəsinin sol iç cibindən 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı hesab edilən Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçi olmamışdır, narkotik vasitəni yerdən tapdığı üçün cibinə qoymuşdur. 2013-cü ildə əsgərlikdə olarkən bir dəfə marixuana istifadə etmiş, lakin daha sonra narkotik vasitədən istifadə etməmişdir. Saxlanmazdan təxminən 1 həftə əvvəl 5-ci mikrorayonda yerləşən yataqxananın həyətindən 01 ədəd sellofan büküm tapmış, həmin büküm diqqətini cəlb etdiyindən götürüb içərisinə baxmış, sellofan bükümü açıb baxan zaman içərisində metamfetamin və 06 ədəd patron olduğunu görmüş, metamfetamini istifadə etmək üçün, patronları isə maraq üçün üzərində saxlamış, bu barədə heç kimə heçnə deməmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 21:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib polis idarəsinə dəvət etmişlər, idarədə olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman o, əynində olan cins şalvarın cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, həmçinin əynində olan gödəkçəsinin cibində olan 06 ədəd patronu, daha sonra əynində olan cins şalvarın cibində olan 01 ədəd “Winston” markalı siqaret qutusunu, içərisində mobil nömrəsi olmayan 01 ədəd “Techno” markalı mobil telefonu, 01 ədəd mənzilin açarını təqdim etmişdir. Daha sonra həmin 01 ədəd bükümün içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilmişdir. O, bükümün içərisində olan maddənin “patı” olduğunu, həmin büküm və 06 ədəd patronu saxlanmazdan bir həftə əvvəl Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yataqxananın həyətindən tapdığını, bükümün içərisində olan maddəni istifadə etmək üçün saxladığını, patronların isə yadından çıxaraq cibində qaldığını bildirmişdir. Həmçinin o, saxlanılan zaman yanında olan şəxslərdən Cavad, Orxan və Murad adlı şəxslə birlikdə olduğunu, onların da PB-yə gəldiyini, daha sonra həmin şəxslərin buraxıldığını, həmin şəxslərin onun üzərində narkotik vasitə və ya patron olmasından məlumatsız olduqlarını, həmin şəxslərin isə özlərinin narkotik vasitə asılılığı və ya qəbul etməsi ilə bağlı məlumatı olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq, narkotik vasitə istifadəçisi olmadığı və onu sadəcə yerdən tapdığı üçün özünü qismən təqsirli bildiyini qeyd etmişdir. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir tətbiq edilməmişdir. Son söz olaraq təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, cinayət əməlinin açılmasında fəal iştirak etməsini, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və silah-sursat daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra bu barədə rəhbərliyə məlumat verilmiş və X4 və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs və X4 Sumqayıt şəhəri, Corat qəbirstanlığının yaxınlığında X6 idarə etdiyi “Opel Astra” markalı avtomobili ilə hərəkətdə olması müəyyən edilmiş və saxlanılmışdır. Həmin vaxt qeyd edilən şəxslərdən başqa avtomobildə X8 da olması müəyyən edilmiş, həmin şəxslərə nəyə görə saxlanıldıqları izah ediləndən sonra araşdıma aparılması üçün Sumqayıt şəhər Polis İdarəsinə gətirilmiş, o və Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid2 Təqsirləndirilən şəxs üzərinə axtarışda iştirak etmişlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə metamfetaminə bənzər maddə, əynində olan gödəkçəsinin sol iç cibindən 06 ədəd patron aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş patronları və 01 ədəd bükümdə olan metamfetaminə bənzər maddəni 1 həftə əvvəl Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yataqxananın həyətindən tapdığını, metamfetaminə bənzər maddəni istifadə etmək üçün, patronların isə yadından çıxdığı üçün üzərində saxladığını bildirmiş, bundan sonra aşkar edilmiş patronlar və metamfetaminə bənzər maddə müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin, ifadəsində saxlanılarkən təqsirləndirilən şəxs tərəfindən heç bir müqavimət göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞnin kiçik inspektoru Şahid2 məhkəmə iclasında ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1 və 228.1-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:30 dəqiqədə Sumqayıt şəhəri, Sahil küçəsi, Corat qəbiristanlığının yaxınlığında tutulmuşdur. (i.v.25) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 28) “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 22:32-dən 22:41-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim edilmiş, daha sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, həmçinin əynində olan qış gödəkçəsinin sol iç cibində saxlamış olduğu 06 ədəd patronu, əynində olan cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd “Winston” markalı siqaret qutusunu, arxa sağ cibində saxlamış olduğu içərisində mobil nömrəsi olmayan 01 ədəd “Tecno” markalı mobil telefonu, əynində olan gödəkçənin sol yan cibində saxlamış olduğu 01 mənzilin açarını təqdim etmişdir. Daha sonra həmin 01 ədəd bükümün içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, bükümün içərisində olan maddənin “patı” olduğunu, həmin büküm və 06 ədəd patronu təxminən 1 həftə əvvəl Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yataqxananın həyətindən tapdığını, bükümün içərisində olan maddəni istifadə etmək üçün saxladığını, patronların isə yadından çıxaraq cibində qaldığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1,15 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm və patronlar Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin o saxlanılan zaman yanında olan şəxslərdən Cavad və Orxanla dost olduqlarını, Murad adlı şəxslə isə çox da ünsiyyətdə olmadığını, həmin şəxslərin onun üzərində narkotik vasitə və ya patron olmasından məlumatsız olduqlarını, həmin şəxslərin isə özlərinin narkotik vasitə asılılığı və ya qəbul etməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Tecno” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, 01 ədəd “Winston” markalı siqaret qutusu və 01 ədəd mənzilin açarı isə özünə qaytarılmışdır. (i.v.30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci ill tarixli 6/245 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, Saxlanılan şəxs: Təqsirləndirilən şəxs “ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,058 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata qəbul edildi 1,058 qram maddə; 0,05 qram maddə nümunə götürüldü, 1,008 qram maddə geri qaytarılmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (i.v.43-47) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 25/55 nömrəli ballistik ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş 06 ədəd patronlardan 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 6 ədəd 9x18 mm kalibrli patronlardan 02 ədəd eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Ekspert rəyinə ekspertiza tədqiqatı zamanı çəkilmiş fotocədvəl əlavə edilmişdir. (i.v.48-52) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 13:40-da ona ittiham elan edilmişdir. (i.v.64-65) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.74-75) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-21/2025 nömrəli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. (i.v.81-83) Telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefonun parametrlərinə daxil olan zaman, telefon markasının “Techno” model olması müəyyən edilmişdir. Həmin telefonun “Mesajlar”, “Kontaktlar”, “Vatsapp” və “Qalereya” qovluqlarına daxil olunmuşdur. Həmin qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sübut aşkar edilməmişdir. (i.v.93A) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin olunmuş, xx.xx.2014-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 06 ay sınaq müddəti təyin edilmişdir.(i.v.106-107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 69 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i.v.113-115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1173 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.116-117) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş xx.xx.2025-ci il tarixli ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixldə aşkar olunmuş ümumi təmiz çəkisi 1,058 qram olan metamfetamin, 06 ədəd patron və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 1,008 qram metamfetamin, 04 ədəd patron, eksperimental qaydada atılmış patronlardan 02 ədəd güllə və 02 ədəd giliz təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis otağının saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərdə tutulmuşdur. (i.v.131-138) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntü, həmçinin digər iş materialları ilə onun törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməlini törətdikdə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsi və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, üzərində aşkar edilmiş psixotrop maddənin və döyüş sursatı olan patronların sayını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1173 nömrəli rəyində göstərilmişdir ki, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınaraq, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1173 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,008 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd patron və eksperimental qaydada atılmış patronlardan 02 ədəd güllə və 02 ədəd giliz dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,008 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd patron və eksperimental qaydada atılmış patronlardan 02 ədəd güllə və 02 ədəd giliz patron dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə (30 saat göstərilmiş hüquqi yardım 11 manatdan hesablanmaqla) 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar