Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-370/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 07.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sirvan dəmiryol stansiyasındakı fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 480.0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 27.02.2021-ci il tarixdə saat 15:29 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən su anbarının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsin sol qoltuğunda gizlətdiyi 01 ədəd qırmızı rəngli üzərində ağ zolaqları olan və “Bahar”, “NEW EXCLUSİVEBRANDS” sözləri yazılmış torbada təmiz çəkisi 480.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun illərdir ki, narkotik vasitədən istifadə edir, əvvəllər də Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə bir neçə dəfə məhkumluğu olub və sonuncu məhkumluğu ödənilməyib. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. 27.02.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhərində işlərini görüb qurtardıqdan sonra yaşadığı H.Zeynalabdin qəsəbəsinə getmək üçün Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişdir ki, oradan avtobusla ya da taksi ilə yaşadığı evə gəlsin. Səhər saat 11:15 radələrində Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında köpünün yanında adını bilmədiyi sifətdən tanıdığı şəxslə təsadüfən görüşmüşdür. Söhbət əsnasında həmin şəxs ona qurudulmuş marixuana olduğunu və 50 manata satdığını demişdir. O, narkotik vasitələri qəbul etdiyi üçün həmin şəxslə razılaşıb 50 manat pul vermişdir. Sonra həmin şəxs ona gözləməyini bildirmişdir. O da həmin şəxsi gözləmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs onun yanına gələrək qırmızı rəngli üzərində ağ zolaqları olan sellafon torbanı ona verib getmişdir. O, həmin sellofan torbanı əynində olan qara rəngli gödəkcəsinin altında sol qoltuğunda gizlətmişdir. Oradan Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinə gələn maşınların biri ilə gəlib qəsəbə ərazisində düşmüşdür. O həmin narkotik vasitəni yaşadığı evə aparıb gizlədib hərdən qəbul etmək üçün qəsəbə ərazisi ilə yaşadığı evə gedərkən saat təxminən 15:20 radələrində qəsəbə ərazisində su anbarının yanından keçən zaman mülki geyimli və polis geyimində olan şəxslər tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra ondan özünü təqdim etməyi bildirmişlər. O, özünu təqdim etdikdən sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah edərək, üzərində narkotik vasitələrin qanunsuz saxlamaq, daşımaqda, şübhəli olduğu üçün saxlanmağını ona demişlər. Sonra əlverişli şərait olmadığı üçün şəxsi axtarış aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Polis əməkdaşları razılığı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməyini demişlər. O da əynində olan qara rəngli gödəkcənin altında sol qoltuğunda gizlətdiyi üzərində ağ zolaqları olan qırmızı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərindən tanımadığı şəxsdən 50 manata almışdır. Onun iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o, da protokolu, eyni zamanda zərfi imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. 27.02.2021-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol vağzalı yaxınlığında qeydiyyatda olan və yaşayan əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, kiçik inspektor polis baş serjantı Şahid3, Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədovdan, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmçinin Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı da təmin edilmişdir. Saat 15:25 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynlabdin qəsəbəsi ərazisində yerləşən su anbarının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən su anbarının ərazisinə gəlmişlər və orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlayıb və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkcəsinin altından, sol tərəfdən, 01 ədəd qırmızı rəngli üzərində ağ zolaqları olan və “Bahar”, “New Exclusivebrands” sözləri yazılmış, içərisində qurudulmuş ot kütləsi olan sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisində nə olduğu soruşulmuş, o, həmin 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə olan «qurudulmuş marixuana» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni 27.02.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar küçəsi, körpünün yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 50 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə onlar tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin sellofan torba ilə birlikdə 492,2 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektor Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 27 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27.02.2021-ci il tarixli, 7/227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız bağlamadakı qırmızı rəngli bağlamanın içərisibndə 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-480,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (marixuananın təmiz çəkisi-480,0 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq-479,8 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22.04.2021-ci il tarixli, 1201 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 27.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 26.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 27 fevral 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 479,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli (iş № 1(060)-370/2021) qərarını icra edərək, 19 may 2021-ci il tarixli 505/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 479,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 6 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-370/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-370/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver