Məhkəmə qərarları › İş №1(060)-371/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-371/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-371/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonu, Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, məhkum olunmamış, Kəlbəcər rayonu, Lev ərazi dairəsi, Lev kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bir müddət əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğu X1 kimi apararkən avtomobilində qalmış sonuncunun evinin giriş qapısının açarını götürüb nüsxəsini çıxartdıqdan sonra Ramina Nəzərovanın yaşadığı Sumqayıt şəhəri, Sumqayıt City, Park Bulvar yaşayış kompleksi, bina 1B, 36 saylı mənzilinə daxil olub oradan oğurluq etmək məqsədilə uyğun vaxt və əlverişli şərait yaranmasını gözləyib, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Ramina Nəzərovanın evdə olmadığından istifadə edərək özündə saxladığı nüsxəsini çıxartdığı açardan istifadə etməklə mənzilin giriş qapısını açaraq Ramina Nəzərovanın yaşadığı mənzilə qanunsuz daxil olub evdə yataq otağından sonuncunun içərisində pul və qızıl-zinyət əşyaları olan 80 manat qiymətində 1 ədəd 31x35x20 sm ölçülərdə, qapı hissəsində kilid yeri və rəqəmli düymələr olan seyfi götürüb mənzili tərk etdikdən sonra Abşeron rayonu Görədil kəndi istiqamətinə gedib oradan da həmin rayonun Fatmeyi kəndi istiqamətinə dönüb yolun kənarında seyfin qapısını qıraraq içərisindən Ramina Nəzərovaya məxsus 15000 manat, həmin günün məzənnəsinə uyğun olaraq 8500 manat ekvivalentində 5000 ABŞ dolları, 198 manat qiymətində 2,33 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 204 manat qiymətində 2,40 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, 332 manat qiymətində 3,91 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs Ramina Nəzərovaya ümumilikdə 24314 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o "Toyota Prius" markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobili ilə "Bolt" taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ramina Nəzərovanı təxminən tutulmamışdan 1 il əvvəl tanımışdır. Ramina taksidə onun müştərisi olmuşdur. Münasibətləri normal olmuş, Raminaya taksi lazım olanda onu çağırmışdır. Dəqiq yadında qalmayan günlərin birində Raminanı Qaraçuxır qəsəbəsinə aparmışdır, həmin vaxt Raminanın avtomobilinin açarı onun avtomobilində qalmışdır. O, həmin gün Raminanın avtomobilindən onun evinin giriş qapısının açarını götürüb Keşlə bazarı yaxınlığında həmin açarın öz evinin açarı olduğunu deyərək nüsxəsini çıxartdırıb özündə saxlamışdır, Raminanın bundan xəbəri olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Raminanı öz avtomobili ilə Sumqayıta gətirən gətirən zaman onun "Tik-tok"da "təkər şou" canlı yarışmada iştirak etdiyini bilmişdir. Ramina çox vaxtı gecələr həmin şouda iştirak etmək üçün Bakı şəhərinə gedirdi və evə gec qayıdırdı. Ramina evdə olmadığı vaxt evdən oğurluq etmək barədə düşünmüşdür. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Raminaya zəng edib hal əhval tutmuş, Ramina demişdir ki, şou proqramda iştirak etməyə gedir, yoldadır. Bir qədər sonra Raminanın "Tik-tok"da "təkər şou" canlı yarışmada iştirak etdiyini görəndə bilmişdir ki, o Bakı şəhərindədir və həmin vaxtı qərara gəlmişdir ki, Raminanın evinə girsin. Saat 21 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə Raminanın yaşadığı Sumqayıt Sity yaşayış binasının yanına gəlmiş, avtomobili binanın yaxınlığında saxlamış və piyada düşüb binanın həyətinə girmişdir. Əvvəllər Ramina ilə birlikdə evə paltar apardığından mənzilini tanımışdır, mənzil 7-ci mərtəbədə idi. O özündə olan Raminanın evinin giriş qapısının nüsxəsini çıxartdığı açarı ilə qapını açıb mənzilə daxil olmuşdur. Evdə şkafın üstündə ağ rəngli kiçik seyfin olduğunu görəndə bilmişdir ki, pullar seyfdədir. Seyfi aça bilmədiyindən aparıb başqa yerdə qırıb açmaq üçün evdən götürdüyü qara rəngli idman çantasına qoyub mənzildən çıxmışdır. Tap.az satış saytına seyf elanlarına baxıb Raminanın seyfinə oxşar seyf tapmış, həmin seyfi 140 manata danışıb Qara Qarayev ərazisində görüşmək barədə danışmışlar. Bakı şəhərinə gedəndə Goradil kəndi istiqamətindən Fatmeyi kəndinə dönüb yolun kənarında saxlayıb, avtomobildə olan çəkiclə seyfin qapısını qırıb açmış və seyfdə olan 6300 manat, 1700 ABŞ dollar pul, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü götürmüş, həmin seyfi və çəkici yolun kənarına tullamış və sonra da Qara Qarayevə sürmüşdür. Orada seyf satan şəxslə zəngləşib görüşərək 140 manat pul verib Raminanın seyfinə oxşar seyfi alıb geri Sumqayıt şəhərinə Raminanın evinə gətirmişdir. Raminanın evində yeni aldığı seyfi açıb içərisinə şkafdan götürdüyü corabı qoydmuşdur ki, götürəndə ağır olsun. Sonra Raminanın mənzilindən çıxıb giriş qapısını kilidləyib həmin yerdən uzaqlaşmışdır. Raminanın evindən oğurladığı pulların çox hissəsini bir neçə gün ərzində öz ehtiyaclarına, borclarına və "Top.az" da xərcləmiş, qızılları isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Gənclik ərazisində qızıl alışı məntəqəsində ümumilikdə 520 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində olan zaman polis əməkdaşları onu saxlamış və sorğu-sual zamanı Raminanın evindən pul və qızılları götürdüyünü etiraf etmiş və həmin pullardan qalan 1200 ABŞ dolları və 200 manat pulu, Raminanın evinin giriş qapısının nüsxəsini çıxartdığı açarı da polislərə təqdim etmişdir. Raminanın mənzilindən seyfdən pulu və qızıl zinyət əşyaları tək oğurlamış, həmin vaxtı yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Raminanın evindən oğurladığı 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü maddi vəziyyətinə görə satdığını deyib satmıdırş, qızılları ondan alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Raminanın mənzilindən seyfdən 6300 manat, 1700 ABŞ dolları, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük oğurlamışdır. Raminanın dediyi miqdarda pul oğurlamamışdır. Raminanın mənzilindən seyfdən oğurladığı 6300 manat və 1700 ABŞ dolları puldan, 200 manatı alimentə görə keçmiş həyat yoldaşı Atlas İsgəndərovaya vermiş, avtomobilinə akumlyator almış, 140 manata Raminanın mənzilinə qoyduğu seyfi almış, qalan pulları isə borclarına və Topazda xərcləyib uduzmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o bloger fəaliyyəti ilə məşğul olur və xeyli vaxtdır ki, ünvan 2 ünvanda 1 otaqlı mənzildə kirayə yaşayır. Bloger fəaliyyəti ilə əlaqədar müxtəlif yarışmalarda iştirak edir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımışdır. Ona taksi lazım olanda Talıbı çağırıb hara gedibsə də artıqlaması ilə pulunu veribdir. Talıb şəraitdən istifadə edib onun mənzilinin açarının nüsxəsini çıxardıb o evdə olmayanda evdəki seyfi oğurlayıb yerinə eyni seyf qoymuşdur. Təqsirləndirilən şəxs oğurladığı pulun məbləğini yalan deyir, onun seyfində 15000 azn, 5000 ABŞ dolları pul və qızılları olmuşdur. O ev almaq üçün zəhmətlə uzun müddət idi ki, pul yığırdı, Talıb da onun pullarını oğurlayıb aparıb qumarda uduzub. xx.xx.2022-ci il tarixdə yataq otağında içərisində 15000 azn, 5000 ABŞ dolları pul və qızıllarını saxladığı kiçik seyfin dəstəyinin qapağını olmadığını görmüşdü, lakin verilişə tələsdiyi üçün buna vaxt ayırıb yoxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə günortaya yaxın evdə olan zaman seyfin qapağını axtarmağa başlamış, tapmadıqdan sonra yataq otağında paltar dolabında kiçik əl çantasında gizlətdiyi seyfin açarını götürüb açarı seyfə taxsa da aça bilmədiyindən bu hal ona şübhəli gəlmiş və həmin vaxtı yaşayış kompleksin komendantı Fuada zəng edərək evinə gəlməyini demişdir. Fuad gəldikdə seyfi açmağa ona köməklik etməyini, lazımdırsa laqonda ilə kəsməyini demiş, Fuad laqonda gətirib və onun iştirakı ilə mənzilin balkonunda seyfi laqonda ilə kəsmiş, lakin seyfin içərisində pulları və qızıllarının götürülüb yerinə 1 cüt corab qoyulduğunu görmüşdür. Ona görə də baş vermiş oğurluqla bağlı DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mənzilində baş vermiş oğurluqda taksi sürücüsü Bakı şəhər sakini Talibdən şübhələnmiş, Talib bir dəfə onun paltarlarını daşımaqda köməklik edərək mənzilinə gəlmiş, həmçinin Talib Bakı şəhərində ona nəsə lazım olanda Talibin kartına pul atıb taksi kimi lazım olan yerlərə, lazım olan əşyaları gətirməyə göndərirmişdir. Özünə ev almaq istədiyi barədə də Talibə danışaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində olan binalarda mənzillərin kvadratı və ilkin ödənişi barədə maraqlanmağını xahiş etmiş, söhbət əsnasında Talib ondan ilkin ödəniş üçün nə qədər pulu olduğunu soruşanda Talibə təxminən 30-40000 manat pul düzəldə biləcəyini söyləmişdir. İlk gündən Talibdən başqa şübhələndiyi şəxs olmamışdır. Talib onun seyfindən 15000 manat, 5000 ABŞ dolları, 600 ABŞ dolları məbləğində 1 cüt "Versage" markalı təxminən 5 qram çəkidə romb formalı qaşsız qızıl sırğa, 400 azn məbləğində "Louis Vuitton" markalı təxminən 4 qram çəkidə 1 cüt qaşsız qızıl sırğa və 1 ədəd bant formalı təxminən 4 qram çəkidə 250 azn məbləğində qızıl üzük oğurlamışdır. Ona ümumilikdə təxminən 24920 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X4 məhkəmədəki çıxışında ona vurulan ziyanın ödənilməyəcəyi taqdirdə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulan sərt cəzanın verilməsini xahiş etmişdir. Müdafiəçinin çıxışa hazırlaşmaq üçün məhkəmə iclasının təxirə salındığı müddət ərzində zərərçəkmiş şəxs X4 teleqram və notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir iddasının, tələbinin və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri, Bulvar ərazisi, Sumqayıt Sity, Park Bulvar yaşayış kompleksində komendant işəyir. Sakinlərə nəsə lazım olanda köməklik göstərir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində kompleksdə bina 1B, mənzil 36-da kirayədə yaşayan Ramina ona zəng edərək evindən oğurluq olduğunu deyərək onun evinə gəlməyini xahiş etmişdir. O, Raminanın mənzilinə getmiş, Ramina demişdir ki, evində otağında olan kiçik seyfdən pulu və qızılların oğurlandığından şübhələnir, bir neçə gün ərzində evdə olmamışdır. Seyf otaqda olmuş və Ramina həmin seyfi açarla aça bilmədiyindən ondan xahiş etmişdir ki, seyfi kəsib içərisində pulun və qızılın olub-olmadığını bilsin. O, da laqonda gətirib Raminanın iştirakı ilə seyfi balkona aparıb kəsmiş, seyfi açanda orada heç bir pul və qızılın olmadığını, seyfin içərisində 1 cüt corab olduğunu aşkar etmişlər. Ramina demişdir ki, corablar özünə məxsusdur. Sonra Ramina baş vermiş oğurluqla bağlı DİN-nin 102 məlumat vermiş, polis işçiləri gəlib hadisə yerini müayinə etmişlər. Sonradan oğurluğu törədən şəxs polis tərəfindən müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ildən etibarən, Bakı şəhəri Nərimanov rayonu "Gənclik" metrosunun yaxınlığında, Atatürk prospekti 2A ünvanında yerləşən keçmiş "Cənclik" univermağında qızıl-zinyət əşyaların alışı məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında işlədiyi məntəqəyə bir cavan oğlan gəlib özü ilə gətirdiyi qızıl əşyalarını satmaq istədiyini söyləmişdir. O, həmin şəxsdən gətirdiyi 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü götürüb yoxlamış, 585 əyyarlı olmuş həmin qızıl əşyalarını elektron tərəzidə çəkmiş, "Versage" modelli 1 cüt sırğanın çəkisi 3,92 qram, 1 cüt halqalı sırğanın çəkisi 2,39 qram və 1 ədəd bant modelli üzüyün çəkisi 2,33 qram-ümumilikdə 8,64 qram olmuş, qızılın həmin günə olan alış qiymətinə əsasən qramını 60 manatdan hesablamaqla həmin şəxsə gətirdiyi qızıl əşyalarına görə ümumilikdə 520 manat verə biləcəyini demiş, həmin şəxs etiraz etməmiş, o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmiş, həmin şəxs öz BB212138 nömrəli sürücülük vəsiqəsini təqdim etmiş, bundan sonra həmin şəxsə yəni, Təqsirləndirilən şəxs 520 manat verərək gətirdiyi qızıl-zinyət əşyalarını qəbul edərək təqdim etdiyi sənədin surətini çıxartmış və özünə qeyd etdirərək imzalatdırmışdır. Həmçinin gətirdiyi qızıl əşyalarının da fotoşəklini öz mobil telefonuna çəkmişdir. Qızıl əşyalarını qəbul edən zaman tərtib etdiyi qeyd vərəqini, mobil telefonunda olan fotoşəkli və Təqsirləndirilən şəxs qəbul etdiyi qızıl-zinyət əşyalarını istintaq zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs gətirdiyi qızıl əşyalarının özünə məxsus olduğunu və maddi vəziyyətinə görə satdığını bildirmiş, həmin qızıl əşyaların oğurluq olması barədə onun məlumatı olmamışdır, Təqsirləndirilən şəxs ona bu barədə heç bir söz deməmişdir, Talibin danışığı və hərəkətləri onda şübhə yaratmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, zərərçəkmiş Ramina Nəzərova onun qızıdır. Qızı işi ilə bağlı Sumqayıt şəhəri, Sumqayıt City, Park Bulvar yaşayış kompleksində 1 otaqlı evdə kirayədə yaşayır. O, da, vaxtaşırı Raminanın evinə gedib baş çəkir. Raminan bir neçə ildir ki, özünə Bakı şəhərində ev almaq üçün pul toplayırdı. Valideyn kimi o da imkanı qədər Raminaya köməklik edirdi. Raminanın evindən oğurluq olmamışdan bir neçə gün əvvəl Ramina otağında saxladığı seyfi açıb ora pul qoyanda nə qədər pul topladığını soruşmuşdur. Ramina onun yanında pulunu sayıb 15000 manat və 5000 ABŞ dolları olduğunu deyərək pullarını, özünün 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü ilə birlikdə həmin seyfə qoyaraq seyfi bağlamışdır. Evlə bağlı Raminadan soruşduqda, evi Bakı şəhəri Nərimanov rayonu ərazisində almaq istədiyini, oralarda evlərin yaxşı və kvadratının baha olduğunu, təxminən 30-40000 manat ilkin ödəniş edib yaxın zamanda ev alacağını söyləmişdir. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə Ramina ona zəng edərək onun seyfindən 15000 manat və 5000 ABŞ dolları pulunu və qızılların oğurlandığını bildirmişdir. Sonradan oğurluğun taksi sürücüsü Talib tərəfindən törədildiyi məlum olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 6/175-9/198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1) 2,33 qram kütləli, tor şəkilli, sarı rəngli metaldan hazırlanmış 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. 2) 2,40 qram kütləli, üzərində "V L" hərfləri formasında elementlər olan, halqa formalı, sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. 3) 3,91 qram kütləli, üzərində "versage" naxışları olan, sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilmiş məmulatların 2022-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 2,33 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük-198,00 manat; 2) 2,40 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa-204,00 manat; 3) 3,91 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa-332,00 manat. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/797 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 1 ədəd 31x35x20 sm ölçülərdə, qapı hissəsində kilid yeri və rəqəmli düymələr olan seyfin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 80,0 manat müəyyən olunmuşdur. İstintaq materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Sumqayıt Sity, Park Bulvar yaşayış kompleksində quraşdırılmış binanın həyət və çöl görüntüsünü əks etdirən müşahidə kamerasında qeyd olunmuş videogörüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 21:16-da tünd rəngli "Toyota Prius" markalı avtomobilin Sumqayıt şəhəri, Sumqayıt City, Park Bulvar yaşayış kompleksinin qarşısındakı parklanma yerində saxlaması, avtomobildən bir nəfər şəxsin düşüb binanın həyəti ilə Zərərçəkmiş şəxs yaşadığı binanın blokuna daxil olması, saat 21:54-də blokdan çıxıb əlində qara rəngli çanta ilə binanın həyəti ilə geriyə avtomobilinə yaxınlaşıb qara rəngli çantanı avtomobilin yük yerinə qoyması və avtomobilə əyləşib həmin yerdən uzaqlaşması, xx.xx.2022-ci il tarixdə saat 00:31-də həmin şəxsin əlində qara rəngli çanta ilə yenidən binanın həyəti ilə Zərərçəkmiş şəxs yaşadığı bloka daxil olması müşahidə olundu. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ramina Nəzərovanın yaşadığı ünvan 2 ünvanına hansı şəraitdə daxil olduğunu və həmin mənzildə yataq otağında içərisində pul və qızıl-zinyət əşyaları olan seyfi haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam şəkildə ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 1 ədəd seyf, 1 ədəd metal qaşıq, Təqsirləndirilən şəxs götürülmüş Ramina Nəzərovanın evinin giriş qapısının nüsxəsini çıxartdığı açar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 17 (on yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkikiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya idarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 1 ədəd seyf, 1 ədəd metal qaşıq, Təqsirləndirilən şəxs götürülmüş Ramina Nəzərovanın evinin giriş qapısının nüsxəsini çıxartdığı açar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 14 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar