Məhkəmə qərarları › İş №1(060)-371/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-371/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-371/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Füzuli rayonu, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ticarətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qarakollu Ərazi Dairəsi, Qarakollu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, Surxay Məmmədov küçəsi, 229 nömrəli bağ evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvanda tanışı Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs əllərinə və yumruqla sifət nahiyyəsinə qəsdən vurmaqla Zərərçəkmiş şəxs - “sağ əlin İV barmağının medial (orta) falanqasının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı, sol əlin arxa səthinin İV-V əl-daraq sümüyü proyeksiyasının, sol-mil bilək oynağının arxa səthinin, sağ əlin İİ əl-daraq sümüyü proyeksiyasının qançırları, sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi”ndən ibarət, küt əşyanın (əşyaların) təsirindən törənmiş, zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilən və dərəcəsinə görə “sağ əlin İV barmağının medial (orta) falanqasının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı” - sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni, sol əlin arxa səthinin İV-V əl-daraq sümüyü proyeksiyasının qançırları, sol-mil bilək oynağının arxa səthinin, sağ əlin İİ əl-daraq sümüyünün proyeksiyasının qançırları, sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi” isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Fərqanə təxminən 10 ildir qeyri-rəsmi münasibətdə olduğu Məltəm Abbasovanın bacısıdır. O, mütəmadi olaraq Məltəmin yaşadığı evə gedib gəlir. Fərqanə 4-5 il olar ki, ailəsindən boşanıb, valideyinlərinin evində, anası və bacısı Məltəm ilə birlikdə yaşayır. O, neçə vaxtdır ki, Fərqanənin özünü normal şəkildə aparmadığını görüb ona özünü düzəltməsini, qəsəbədə barəsində xoşagəlməz sözlər danışıldığını yaşadıqları evdə anasının, bacısının yanında dəfələrlə ona bildirmişdir. xx.xx.2025-ci il tarixdə yenə bu barədə eşitdiyi üçün saat 23 radələrində qeyri-rəsmi münasibətdə olduğu Məltəm Abbasovanın yaşadığı ünvana getmiş, əsəbi halda Fərqanənin otağına daxil olmuş, ona nə üçün özünə nəzarət etmədiyini bildirmişdir. Fərqanə ona onun işlərinə qarışmamağını, öz həyatını yaşadığını, bunun heç kimə aidiyyətinin olmadığını deyib ünvanına nalayiq sözlər dediyi üçün əsəbləşmişdir. Fərqanə onun ünvanına nalayiq sözlər dediyi üçün ağız nahiyyəsinə bir-iki dəfə qapaz vurmuşdur. Lakin, ona təpik vurmamışdır. Əksinə Fərqanə onu təpikləmişdir, o da çıxıb getmişdir. Təhqiqat zamanı ifadəsini özü verdiyini, oxumadan imzaladığını, polis əməkdaşlarına arxayın olduğu üçün oxumadığını bildirmişdir. O, Fərqanənin uşağının otaqda olmasına həmin anda fikir vermədiyini, cəzasını çəkməyə hazır olduğunu bildirmiş, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, o təhqiqat zamanı özünü tam təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək ittiham üzrə özünü təqsirli bilmədiyini, eyni zamanda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üz və ağız nahiyəsinə bir-iki dəfə qapaz vurduğunu, cəzasını çəkməyə hazır olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs təqsirli olması onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, təhqiqat zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Fərqanə onun təxminən 10 ildir qeyri-rəsmi münasibətdə olduğu Məltəm Abbasovanın bacısıdır. O, mütəmadi olaraq Məltəmin yaşadığı evə gedib gəldiyini, Fərqanənin 4-5 il olar ki ailəsindən boşanıb valideyinlərinin evində, anası və bacısı Məltəm ilə birlikdə yaşadığını bildirmişdir. Fərqanənin neçə vaxtdır özünü normal şəkildə aparmadığını görüb ona özünü düzəltməsini, qəsəbədə barəsində xoşagəlməz sözlər danışıldığını yaşadıqları evdə anasının, bacısının yanında dəfələrlə ona bildirmişdir. xx.xx.2025-ci il tarixdə yenə Fərqanə barədə eşitdiyi üçün saat 23 radələrində qeyri-rəsmi münasibətdə olduğu Məltəm Abbasovanın yaşadığı ünvana getmiş, əsəbi halda Fərqanənin otağına daxil olmuş, ona nə üçün özünə nəzarət etmədiyini bildirmiş, Fərqanə ona onun işlərinə qarışmamağını, öz həyatını yaşadığını, bunun heç kimə aidiyyətinin olmadığını deyib ünvanına nalayiq sözlər söylədiyi üçün əsəbləşərək təpiklə onun əllərinə vurmuş, Fərqanə onun ünvanına nalayiq sözlər dediyi üçün ağız nahiyyəsini tutub onu geri itələmiş və əli ilə sifətinin sağ yan tərəfinə vurub evdən çıxıb getmişdir. Sonradan Fərqanənin onun barəsində polisə şikayət etdiyini və Sumqayıt ŞPİ-nin 2-ci PB-yə ərizə ünvanladığını eşitmişdir. Hadisənin xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində qeyri-rəsmi münasibətdə olduğu Məltəm Abbasovanın anası ilə birgə yaşadığı evdə baş verdiyini, Fərqanəyə əsəbləşərək onların yaşadığı evə gedib Fərqanənin otağına daxil olaraq onu döydüyünü, hadisənin otaqda baş verdiyini, həmin vaxt orada Məltəm, bacısı Fərqanə, anası Zeynəb və Fərqanənin azyaşlı oğlu Davudun olduğunu, kənar heç kimin hadisənin şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3, bacısı Məltəm Abbasova və xx.xx.2013-cü il təvəllüdlü oğlu Şahid2 ilə birlikdə anasına məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki ünvanda yaşayır. Barəsində şikayət etdiyi şəxs bacısı Məltəm Abbasovanın qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxsdur. Məltəmlə Saləddin 10 ilə yaxındır ki, münasibətdədir. Son vaxtlar Saləddin onun da işlərinə, şəxsi həyatına müdaxilə etdiyi üçün o, Saləddinə onun həyatına qarışmamasını demişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, təxminən saat 21 radələrində Saləddin ona şəxsi həyatı ilə bağlı irad bildirən zaman o, Saləddinə öz işinə qarışmasını, öz bacısının qeyrətini çəkməsini demişdir. Daha sonra Saləddin getmişdir. Həmin gün axşam saat 23 radələrində yaşadıqları evdə azyaşlı oğlu Davudla öz otaqlarında yatan zaman qəflətən Saləddin xəbərsiz halda otağa daxil olaraq onun üzərinə gəlmiş, əsəbi halda onun başına, sifətinin sağ yan tərəfinə, qulağının üzərinə yumruqla vurub onu döymüşdür. Həmin vaxt bacısı Məltəm və anası Zeynəb otağa daxil olmuş, onlar onu Saləddinin əlindən almağa çalışmışlar. Azyaşlı oğlu Davud qorxusundan qışqırıb ağlamış, Saləddin isə əsəbi halda ayağından çəkib onu yatağından dartmış və otaqdan çıxıb getmişdir. Saləddin onun əllərinə təpiklə vurmamış, o, əlləri ilə özünü müdafiə edərkən Saləddin onun əllərinə xəsarət yetirmişdir. O, zərbədən sonra qulağının zəif eşitdiyini, ona neçə zərbə dəydiyini xatırlamadığını bildirmişdir. Daha sonra o, özünə gəlib Saləddinin onu döyməsi barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis idarəsində verdiyi ifadəsində Saləddinin onun əllərinə təpiklə vurmasına dair cümlə işlətmədiyini, ifadəsini polis idarəsində özü verdiyini, Salədinin onun əllərinə təpiklə vurmadığını, o, əlləri ilə özünü müdafiə edərkən əllərinə zərbələr dəydiyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, hazırda oğlu və özü qorxu içində olduğundan məcburən kirayə ev tutub anasına məxsus evdən çıxmışdır. O, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir və özünə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Fərqanə ailəsindən boşanıb, azyaşlı oğlu ilə birlikdə onunla yaşayır. Təqsirləndirilən şəxs onun qızı Məltəm ilə qeyri-rəsmi münasibətdədir. Hadisə günü xx.xx.2025-ci il tarixində, saat 23 radələrində o, həyət qapısının döyülməsini eşidib qapını açanda gələn şəxsin Saləddin olduğunu görmüşdür. Saləddinin Məltəmə sözünün olduğunu düşünmüş və Saləddin həyətə daxil olub evə tərəf getmişdir. O da qapını bağlayıb onun arxasınca evə gəlmişdir. Evə çatanda Fərqanənin və azyaşlı oğlu Davudun qışqırıq səsini eşidib tez onların otağına keçmişdir. O, otağa daxil olanda Saləddinin Fəqanənin otağında sonuncuya şapalaq vurduğunu və ayağından tutub yatağından döşəməyə saldığını, azyaşlı nəvəsi Davudun isə ağladığını görmüşdür. O, qızı Məltəmlə birlikdə Saləddini otaqdan çıxarmışlar. Məhkəmə iclasında mütəxəssis-psixoloq X4 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saləddin əvvəlcə anasını qapının ağzında təhqir edib getmiş, daha sonra isə o, anası ilə öz otaqlarında yatan zaman qəflətən Saləddin otağa daxil olaraq anasının üzərinə gəlmiş, anasını döymüş və sürüyərək yataqdan yerə salmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2025ci il tarixli, 420 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin İV barmağının medial (orta) falanqasının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı, sol əlin arxa səthinin İV-V əl-daraq sümüyü proyeksiyasının, sol milbilək oynağının arxa səthinin, sağ əlin İİ əl-daraq sümüyü proyeksiyasının qançırları, sağ almacıq nahiyəsinin yumşaq toxumlarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 1-2 gün əvvəl olmaqla 01.04.25-ci il tarixdə əmələ gələ bilərdi və dərcəsinə görə - sağ əlin İV barmağının medial (orta) falanqasının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər, yəni sol əlin arxa səthinin İV-V əl-daraq sümüyü proyeksiyasının, sol mil-bilək oynağının arxa səthinin, sağ əlin İİ əl-daraq sümüyü proyeksiyasının qançırları, sağ almacıq nahiyyəsinin yumşaq toxumlarının şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1603 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində Respublika Narkoloji Mərkəzdə 12.2024-cü ildən “Alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “4 nömrəli xəstəxananın poliklinika şöbəsi”nin xx.xx.2025-ci il tarixli 107 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Bağçılıq Cəmiyyətinin ərazisinə daxil olan Surxay Məmmədov küçəsi, 229 nömrəli bağ evində yaşayır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ildən “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisində yaşadığı müddətdə onun barəsində “Xəzər” Bağçılıq Cəmiyyətinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə əməli törətmiş şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər Bağları, Surxay Məmmədov küçəsi, 229 nömrəli bağ evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər Bağları, Surxay Məmmədov küçəsi, 229 nömrəli bağ evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmıış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar