Məhkəmə qərarları › İş №1(060)-373/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-373/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-373/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.02.2013cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Republikası Prezidentinin 16.03.2017ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26.12.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən VİP gözəllik salonunun pərcərəsinin dəmir barmaqlığını qıraraq daxil olmaqla oradan bir ədəd 180 manat dəyərində 82 ekran “LG” markalı televizoru, 2 ədəd 10 manat dəyərində kompyuter səsgücləndiricisini, 1 ədəd 650 manat dəyərində keratin fenini, 1 ədəd 200 manat dəyərində “Ukladka” fenini, 1 ədəd 120 manat dəyərində tatuaj aparatını, 3 dəst ümumi dəyəri 6 manat olan kiprik, 1 ədəd 20 manat dəyərində “vafli” fenini, 1 ədəd 25 manat dəyərində “lipuçka” aparatını, 1 ədəd 15 manat dəyərində saç buran fenini, 1 ədəd 10 manat dəyərində qulaqda deşik açan aparatını, 1 ədəd 10 manat dəyərində buruqlu şüşə fen asılqanını, 1 ədəd 20 manat dəyərində fırçalı saç buran fenini, 1 ədəd 30 manat dəyərində krosno antena aparatını, 1 ədəd 2 manat dəyərində slikon kley tapançasını, 2 ədəd ümimi dəyəri 2 manat olan daraqlarını, 1 ədəd 10 manat dəyərində mum aparatını, 2 ədəd ümumi dəyəri 2 manat olan sar və qara süni saçları gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1310 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yaşayıb. İşsiz olduğundan 2020-ci ilin dekabr ayının 26-sı saat 04-də dayanacaqdan öz yaşadığı evə getdiyi zaman baxçanın yanında “VİP” yazılmış qadın gözəllik salonu görmüş və qərara gəlmişdir ki, həmin gözəllik salonundan alətləri oğurlasın. Gözəllik salonunun yan tərəfində olan pəncərəsinin qarşısına keçib dəmir barmaqlıqları əli ilə dartaraq aralayıb vintaçanla açıb içəri daxil olmuşdur. Oradan bir ədəd Samsung markalı televizor, bir dənə antena aparatını, 1 ədəd markasını xatırlamadığı keratin fenini, 1 ədəd “Ukladka” fenini, 1 ədəd tatuaj aparatını, 1 dəst kiprik materialını, 1 ədəd “vafli” fenini, 1 ədəd “lipuçka” aparatını, 1 ədəd saç buran feni, 1 ədəd qulaqdan deşik açan aparatı, 1 ədəd buruqlu şüşə fen asılqanı, 1 ədəd fırçalı saç buran feni götürmüşdür. Həmin avadanlıqları özü ilə apardığı sellofan torbaya yığmış, televizoru da özü ilə götürüb oradan uzaqlaşıb öz yaşadığı ünvana aparmışdır. Sonradan televizor və bir ədəd antena aparatını Sumqayıt şəhər ərazisində tanımadığı şəxsə 100 manata satmışdır. Bir müdət sonra polis əməkdaşları onu müəyyən etmiş, o, törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Həmin vaxt tək olmuş, yanında başqa heç kim olmamış, bundan başqa heç yerdən oğurluq etməmiş, ilk dəfə olaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığının nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, Sumqayıt şəhəri, 8-ci ki mikrorayon, 46 saylı baxçanın yanında qardaşı Ruslan Zeynalovun adına olan, ona məxsus “VİP” qadın salonu vardır. Həmin qadın salonu pandemiya ilə əlaqədar olaraq fəaliyyət göstərmir. Salon yaşadığı evin yaxınlığında olduğundan mütəmadi nəzarət edirdi. Sonuncu dəfə 25.12.2020-ci il tarixdə saat 16 radələrində obyektə nəzərət üçün getmiş və hər şey qaydasında olmuşdur. Bir gün sonra yəni 26.12.2020-ci il tarixdə yenidən nəzarət üçün obyektə getmiş, obyektin ətrafına fırlandığı zaman yan tərəfin pəncərəsində olan dəmir barmaqlığın aralandığını görüb yaxınlaşdıqda pəncərə açılmışdır. Buna görə də tez DİN-nin 102 xidmətinə zəng edib, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə salona daxil olduqda, içərinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, polis əməkdaşları ilə birlikdə içəri baxmış və ona aydın olmuşdur ki, dəmir barmaqlıqları əyərək, pəncərəni itələyib içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan divara vurduğu bir ədəd 82 ekran “LG” markalı, televizorun, 2 ədəd kompyuter səs gücləndiricisi, 1 ədəd markasını xatırlamadığı keratin feni, 1 ədəd markasını bilmədiyi “Ukladka” feni, 1 ədəd tatuaj aparatı, 1 kiprik materialı dəsti, 1 ədəd “vafli” feni, 1 ədəd “lipuçka” aparatı, 1 ədəd saç buran fen, 1 ədəd qulaqda deşik açan aparat, 1 ədəd buruqlu şüşə fen qabı, 1 ədəd fırçalı saç buran fen, 1 ədəd krosno antena aparatı oğurlanmış, dəri kreslonun kürək söykənən hissəsi qırılmış, dəmir barmaqlıqlar da sındırılmışdır. Polis əməkdaşları hadisə yerini müayinə etmiş və o, ərizə ilə bu barədə müraciət etmişdir. Televizoru 2017-2018-ci illərdə 500 manata, keratin fenini 2020-ci ilin noyabr ayında sifarişlə 650 manata, 2 ədəd kompyuter səs gücləndiricisini 2017-ci ildə 100 manata, 1 ədəd markasını bilmədiyi “Ukladka” fenini 2020-ci ilin əvvəllərində 200 manata, 1 ədəd tatuaj aparatını 2020-ci ilin əvvəlləri 120 manata, 1 ədəd kiprik materialı dəstini 2020-ci ilin oktyabr ayında 100 manata, 1 ədəd “vafli” fenini 2020-ci ilin əvvəlləri 70 manata, 1 ədəd “lipuçka” aparatını 2020-ci ilin əvvəlləri 65 manata, 1 ədəd saç buran fenini 2020-ci ilin əvvəlləri 40 manata, 1 ədəd qulaqda deşik açan aparatı 2020-ci ilin əvvəlləri 30 manata, 1 ədəd buruqlu şüşə fen qabını 2020-ci ilin əvvəllərində 35 manata, 1 ədəd fırçalı saç buran fenini 2020-ci ilin əvvəllərində 50 manata, 1 ədəd krosno antena aparatını 2020-ci ilin əvvəllərində 50 manata, 1 ədəd dəri kreslonu 350 manata almış, yuxarıda adların qeyd etdiyi əşyaların dəqiq marka madelini xatırlamır, sosial şəbəkələrdə online sifariş verərək almış, ona ümumilikdə 2800 ( iki min səkkiz yüz) manat maddi ziyan dəymiş, baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər olmamış, əvvəllər belə bir hadisə baş verməmişdir. Zərərçəkmiş şəxs hadisədən sonra ona məxsus əşyaların bir qisminin, yəni 1 cüt merkuri markalı səs gücləndiricilər, 1 ədəd saç buran, 1 ədəd sinbo saç buran, 1 ədəd Promezer markalı saç düzəldən, 1 ədəd saç qurudan fen, 1 ədəd Elidor saç balzamı, 2 ədəd saç lakı, iki ədəd parikini, 1 ədəd PROVAX 100 markalı lepuçka aparatı, 1 ədəd qırmızı spiralşəkilli fen qabı, 2 ədəd fen başlığı, 2 ədəd darq, 16 ədəd pamada, 3 ədəd kiprik düzəldən, 1 ədəd qulaq deşən və 1 ədəd slikon yapışdırıcısının polis əməkdaşları tərəfindən ona qaytarıldığını, lakin qalıq əşyaların və ya onların dəyərinin ona qaytarılmadığını bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifgadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifgadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır və 5 ildir ki, yaşadıqları evin yaxınlığında Elmin gözəllik salonu açmış və o, işlədir. Hər gün axşam saatlarında bağlayaraq səhər saatlarında gəlib açırlar. 26.12.2020ci il tarixdə Elmin zəng edərək, gözəllik salonundan oğurluq olduğunu bildirmiş, o, dərhal salona yaxınlaşmış və həqiqətən də salonun yan hissəsində olan dəmir barmaqlığın sındırılaraq orada olan pəncərəni sıxıb açan naməlum şəxs və ya şəxslərin salonda olan salon ləvazimatlarını və televizor ilə krosno aparatını oğurladığını görmüşdür. Oğurlanmış əmlak bir ədəd 82 ekran “LG” markalı, televizor, 2 ədəd kompyuter səsgücləndiricisi, 1 ədəd markasını xatırlamadığı keratin feni, 1 ədəd markasını bilmədiyi “Ukladka” feni, 1 ədəd tatuaj aparatı, 1 kiprik materialı dəsti, 1 ədəd “vafli” feni, 1 ədəd “lipuçka” aparatı, 1 ədəd saç buran fen, 1 ədəd qulaqda deşik açan aparat, 1 ədəd buruqlu şüşə fen qabı, 1 ədəd fırçalı saç buran fen, 1 ədəd krosno antena aparatından ibarətdir, həmin əmlaklar Elminə məxsusdur və hamısını o aldığından qiymətlərini bilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 16.04.2021-ci il tarixli 9/2018 nömrəli saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda malların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin dekabr aylna olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 112,0 manat müəyyən edilir. Təqdim edilən 18 ədəd pomadalar, 1 ədəd “Redist” markalı saç spreyi, 1 ədəd “prosalon İntensis” markalı saç üçün mus və 1 ədəd “Elidor” markalı saç baxım kremi istifadəyə yararsız olduğu üçün və gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfdən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir. Qiymətləndirilən malların dəəyəri isə üzərində “Mercury” yazılmış səsgücləndiricilərin qiymətinin 10 manat, Çin istehsalı olan “Babyliss” markalı “2021CSDE” model istifadə olunmuş saç buran fenin qiymətinin 20 manat, “Sinbo” markalı saç buran fenin qiymətinin 15 manat, “Promozer” markalı 3 hissədən ibarət fenin qiymətinin 10 manat, “RF-503” model, 2000-2400 V-luq fenin qiymətinin 15 manat, sarı və qara rəngli istifadə olunmuş süni saçların qiymətinin 2 manat, Çin istehsalı olan “Pro-Vax100” markalı “RH008” model mum aparatının qiymətinin 10 manat, qırmızı rəngli spiralşəkilli fen qabının qiymətinin 10 manat, qulaq deşən aparatın qiymətinin 10 manat, daraqların qiymətinin 2 manat, üzərində “Premium eyelashes” yazılmış süni kipriklərin qiymətinin 6 manat, üzərində "hot melt glue gun” yazıları olan slikon kley üçün tapançanın qiymətinin 2 manat olmaqla təqdim olunmuş əmlakların ümumi dəyərinin 112 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 1 cüt merkuri markalı səs gücləndiricilərini, 1 ədəd saç buranı, 1 ədəd sinbo saç buranı, 1 ədəd Promezer markalı saç düzəldəni, 1 ədəd saç qurudan fenini, 1 ədəd Elidor saç balzamını, 2 ədəd saç lakını, iki ədəd parikini, 1 ədəd PROVAX 100 markalı lepuçka aparatını, 1 ədəd qırmızı spiralşəkilli fen qabını, 2 ədəd fen başlığını, 2 ədəd darağı, 16 ədəd pamadanı, 3 ədəd kiprik düzəldəni, 1 ədəd qulaq deşən və 1 ədəd slikon yapışdırıcısı Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Republikası Prezidentinin 16.03.2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs bu vaxta qədər, o cümlədən hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasından yayındığı üçün sonuncu barəsində axtarış elan olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 21.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 24.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02.05.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və ibtidai istintaq orqanının 03 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 cüt merkuri markalı səs gücləndiricilərini, 1 ədəd saç buranı, 1 ədəd sinbo saç buranı, 1 ədəd Promezer markalı saç düzəldəni, 1 ədəd saç qurudan fenini, 1 ədəd Elidor saç balzamını, 2 ədəd saç lakını, iki ədəd parikini, 1 ədəd PROVAX 100 markalı lepuçka aparatını, 1 ədəd qırmızı spiralşəkilli fen qabını, 2 ədəd fen başlığını, 2 ədəd darağı, 16 ədəd pamadanı, 3 ədəd kiprik düzəldəni, 1 ədəd qulaq deşən və 1 ədəd slikon yapışdırıcısı Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli (iş № 1(060)-373/2021) qərarını icra edərək, 20 may 2021-ci il tarixli 509 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.06.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 1 cüt merkuri markalı səs gücləndirici, 1 ədəd saç buran, 1 ədəd sinbo saç buran, 1 ədəd Promezer markalı saç düzəldən, 1 ədəd saç qurudan fenin, 1 ədəd Elidor saç balzamın, 2 ədəd saç lakının, iki ədəd parikin, 1 ədəd PROVAX 100 markalı aparatın, 1 ədəd qırmızı spiralşəkilli fen qabın, 2 ədəd fen başlığının, 2 ədəd darağın, 16 ədəd pamadanın, 3 ədəd kiprik düzəldənin, 1 ədəd qulaq deşənin və 1 ədəd slikon yapışdırıcısının Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdikləri 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar