Məhkəmə qərarları › İş №1(060)-374/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-374/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-374/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkumluğu olan, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19C-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 2-ci mkr, yataqxana 13, otaq 77-də yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 22.01.2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “M studio” kişi salonunun dəmir qapısını itələyib açmaqla qanunsuz içəri daxil olaraq salonun divarından asılmış 1 ədəd 150(yüz əlli) manat dəyərində 81 diaqonallı, qara rəngli, istifadə edilmiş “LG” markalı, 32LN541U modelli televizoru, dolabın üzərindən 1 ədəd 70(yetmiş) manat dəyərində “Braun” markalı feni və dolabın siyirməsindən hər birinin qiyməti 50(əlli) manat olan 100(yüz) manat dəyərində iki ədəd “Yaguar” markalı qayçını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mkr, yataqxana 13, otaq 77-də ailəsi ilə birlikdə yaşayıb, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkumluğu olub. Maddi vəziyyəti pis olduğundan, iş yeri də tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmiş, 21.01.2021-ci il tarixdə təxminən axşam saatlarında Sumqayıt şəhəri ərazisində piyada gəzərək hardan oğurluq edə biləcəyinə baxmış, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində piyada gəzəndə yolun kənarında adını xatırlamadığı, lakin sonradan “M-studio” olduğunu bildiyi kişi salonunu görmüşdür. Həmin vaxtı “Covid 19” virusu ilə bağlı kişi salonlarının işləməsinə icazə verilmədiyindən, oradan oğurluq etməyin daha ağla batan olduğunu fikirləşmişdir. Çünki həm kişi salonları işləmədiyindən buranı işlədən adam oğurluq olduğunu gec biləcəkdi, həm də ki ətrafda müşahidə kameraları yox idi. O, oradan dəqiq oğurluq edəcəyinə qərar vermiş, daha sonra yaşadığı evə gəlmişdir. 22.01.2021-ci il tarixdə səhər saat 06.radələrində yaşadığı evdən çıxaraq 45-ci məhəlləyə yaxın yerdə yaşadığından piyada heçkəsə görünmədən kişi salonunun yanına gəlmiş, salonun qapısı qara rəngli aliminum qapıdan olmuş və həmin qapıların kilidinin çox da bərk olmadığını bildiyindən əliylə qapını möhkəm itələyib açmışdır. Salonun qarşısı şüşə olduğundan içəriyə bayırın işıqlandırılması düşmüş, içəriyə girdikdə divardan “LG” markalı televizorun asıldığını görmüş, həmin televizoru şunulları ilə birlikdə divardan çıxartmış, daha sonra başqa nə oğurlaya biləcəyi üçün dolablara baxmışdır. Dolabın üzərində 1 ədəd markasını xatırlamadığı fen görərək onu da götürmüş, sonra dolabın siyirmələrinə baxdıqda siyirmədə 2 ədəd markasını xatırlamadığı qayçı görərək onları da götürmüş, daha sonra orada önəmli bir şey olmadığından oğurladığı televizoru, qayçıları və feni götürərək oradan çıxmışdır. Televizor görünməməsi üçün orada olan qırmızı rəngli parçaya bükmüşdür. Həmin vaxtı artıq səhər saatları olmuş və hava açılmışdır. O, tanışı Əfqana zəng edərək pula ehtiyacı olduğunu, evində olan televizoru satmaq istədiyini söyləmiş, Əfqan da onunla görüşmüş və ona televizoru neçiyə satdığını soruşduqda o, ona televizoru 70 manata satdığını demişdir. Onlar sonra Əfqanın yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, fərdi evə getmişlər, orda o, Əfqangilin həyətində gözləmiş, Əfqan ona anasına deyəcəyini, əgər anası alsa televizoru götürəcəyini söyləmiş, bir neçə dəqiqədən sonra Əfqan onun yanına gələrək 70 manat verərək televizoru götürmüşdür. O, oradan yaşadığı evə qayıtdıqda fen və qayçıları sata bilməyəciyini, evə apardıqda da evdəkilərin şübhələnəcəyini düşünmüş, ona görə də həmin fen və qayçıları betonzavod ərazisində tullamışdır. Oğurluğu edərkən kiminləsə əlbir olmamışdır.Televizoru satdığı Əfqan adlı şəxs və anası televizorun oğurluq olduğunu bilməmişdir. Əfqana televizorun özünün olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Oğurladığı televizor zərərçəkmiş şəxsə qaytarılmışdır. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmənin ona cəza təyin edərkən peşman olmasını, cavan olmasını nəzərə almasını xahiş edir. Məhkəmədə zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hazırda Sumqayıt şəhəri, 4-cü mkr, ev 7/8, mənzil 11-də ailəsi ilə birlikdə yaşayır, təxminən 3 ilə yaxındır ki, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “M studio” kişi salonunu icarəyə götürərək orada bərbər işləyir, ora bir otaqlı kişi salonudur, oranı hər gün səhər saat 10-da açır axşam saat 23.radələrində isə bağlayır. O, yanvar ayında “Covid 19” virusu ilə bağlı icazə olmadığından oranı işlətməmiş, lakin hərdən bir gəlib oraya baxıb getmiş, 21.01.2021-ci il tarixdə axşam saat 23 radələrindədə obyektə gələrək 5-10 dəqiqə oraya baxıb hər şeyin qaydasında olduğunu görüb getmiş, instrumentlərinin hamısı orada qalmışdır. Ona 22.01.2021-ci il tarixdə təxminən 15 radələrində qonşuluqda olan obyektlərdən birini işlədən Nurlan adlı şəxs zəng edərək obyektinin qapısının açıq olduğunu, deyəsən oğurluq olduğunu demiş, o da dərhal oraya getmişdir. O, obyektə yaxınlaşdıqda dəmirdən olan qapının açıq olduğunu və kilidinin də sındırılmış vəziyyətdə olduğunu, bütün kilidin əyildiyini görmüş, həmin vaxt oğurluq olduğunu anladığı üçün içəriyə daxil olmamış və ”102” xidmətinə məlumat vermiş, oraya 3cü Polis Bölməsinin əməkdaşları gələrək baxış keçirdərək əl-barmaq izləri götürmüşlər. O da onlarla birlikdə salona baxdıqda orada özünə məxsus divardan asılmış 1 ədəd ”LG” markalı televizorun, 1 ədəd dolabın üzərində olan “Braun” markalı fenin və 2 ədəd dolabın siyirməsində olan “Yaguar” markalı qayçının olmadığını oğurlandığını görmüşdür. Oğurluq nəticəsində maqazindən 1 ədəd 3 il bundan qabaq təxminən 300 manata aldığı hazırda saz və işlək vəziyyətdə olan 82 diaqonallı “LG” markalı televizor, 1 ədəd 3 il bundan qabaq 70 manata aldığı “Braun” markalı fen və 2 ədəd 2 il bundan qabaq birini 50 manata aldığı, lakin işlətmədiyi “Yaguar” markalı qayçının oğurlandığını, baş vermiş hadisə nəticəsində ona təxminən 470(dörd yüz yetmiş) manata yaxın maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tam ödənilməmişdir. Yalnız televizor ona qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkumluğu olmayıb və hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs tanımır və ümumiyyətlə də görməyib. Beləki oğlu X1 təxminən 1 ay bundan qabaq yaşadıqları evə gələrək ona adını demədiyi tanışının öz evinin televizorunu pula ehtiyacı olduğu üçün satdığını, onların almaqlarını demiş, o da televizorları köhnə olduğundan almağı fikirləşərək oğlundan həmin televizoru tanışının neçiyə satdığını soruşmuş, Əfqan ona tanışının televizoru 70 manata satdığını, televizoru da gətirdiyini, hazırda həyətdə olduğunu demişdir. O da oğluna televizoru götürməyini, lakin pulunu bir neçə günə verə biləcəyini demiş, oğlu isə tanışının evində çörəyinin olmadığını, ona pulu indi verməklərini demiş, o da məcbur olaraq 70 manat Əfqana vermiş, Əfqan isə 70 manatı aparıb tanışına verərək televizoru evə gətirmişdir. Onun evinə 07.03.2021-ci il tarixdə 3-cü Polis Bölməsinin əməkdaşları gəlmiş, onun oğurluq olan “LG” markalı televizoru aldığını demişlər. O da polis əməkdaşlarına həmin televizoru göstərərək oğurluq olduğunu bilmədiyini, bu televizoru oğlu Əfqanın tanışından aldığını, özünün də 70 manat pul verdiyini demiş, sonradan oğlunun tanışının Cavid Musatafayev olduğunu fikirləşmiş, lakin oğlu tufeyli həyat sürdüyündən evə gah gəlib, gah gəlmədiyindən ondan dəqiq olanları soruşa bilməmiş və televizoru polislərə təqdim etmişdir. Ona verilmiş əlavə suallar cavab olaraq televizorun oğurluq olduğunu, hətda oğlunun həmin televizoru aldığı tanışının adının da Cavid olub-olmadığını bilmədiyini, Əfqanın televizorun tanışının olduğunu, hazırda həyətdə gözlədiyini, pula ehtiyacı olduğundan, ona görə məcbur satdığını dediyini, oğlunun tanışını ümumiyyətlə görmədiyini, həmin vaxtı Əfqanın ona tanışının həyətdə gözlədiyini, sonra ondan 70 manat alıb həyətə gedərək televizoru tanışından gətirdikdə də özünün bayıra çıxmadığını və evinin pəncərəsi həyətə baxsa da hava qaranlıq olduğundan onun sifətini görə bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 07.04.2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, zamanı Təqsirləndirilən şəxs ifadəsində dediklərini bir daha təsdiq edərək oğurluğu necə etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan iş üzrə 22.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və hadisə yerinə baxış protokolu tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 07.03.2021-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, Şahid Zərərçəkmiş şəxs məxsus 01 ədəd «LG» markalı televizoru Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq eskpertizasının 06.04.2021-ci il tarixli, 9/1509 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, qərarda göstərilən əlamətlərinə görə, tədqiq edilən bir ədəd “LG” markalı, 32LN541U modelli, gövdəsi qara rəngli, ekran diaqonalı 81 sm, xarici görünüşünə görə istismar edilmiş vəziyyətdə televizor qəbuledicinin hazırki vəziyyətdə, 22 yanvar 2021-ci il tarixə, Respublika daxili orta bazar qiyməti təxminən 150,00 manat müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, qərarın təsviri hissəsində göstərilən bir ədəd “Braun” markalı fen və iki ədəd “Yaguar” markalı qayçının maddi sübut qismində Mərkəzə təqdim edilmədiyinə görə, ekspert baxışı keçirilmədən faktiki olaraq onların markası, modeli, yararlığı, hansı vəziyyətdə olması, digər texniki göstəriciləri və istismar müddəti barədə məlumat olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin KTİ-dən daxil olmuş 28.01.2021-ci il tarixli 011-797-1221 saylı məktubdan görünür ki, 22.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində vət. Zərərçəkmiş şəxs məxsus bərbərxanada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 27.01.2021-ci il tarixdə KTİ-nə daxil olmuş, tədqiqata təqdim edilmiş əl-izləri KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 07.03.2021-ci il tarixdə məhkəmə daktiloskopik ekspertizası təyin edilmiş və məhkəmə-daktiloskopik eskpertizasının 15.03.2021-ci il tarixli, 3/404 saylı rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2-5 saylı daktilolentin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22.01.2021-cu il tarixdə Zərərçəkmiş şəxs icarəyə işlətdiyi “M-studio” kişi salonundan oğurladığı “LG” markalı televizor maddi sübut kimi tanaraq Zərərçəkmiş şəxs qaytarılmış və hadisə yerinin baxışı zamanı götürülmüş 05 ədəd daktilolent, 01 ədəd daktiloxəritə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 31 mart 2021-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin 23.10.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 23.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab edilir və Azərbaycan Respublikası CM-in 18-ci maddəsinin tələbinə əsasən, onun əməlində cinayətlərin residivinin olması müəyyən edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 23.10.2018-ci il tarixli hökmü cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 08 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi "M" studio kişi salonundan oğurluq edilməsi faktı üzrə toplanmış material əsasında CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. 07 mart 2021-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzürsüz səbəbdən gəlmədiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqanda iltizam qətimkan tədbiri Sumqayıt şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinə 3-cü Polis Bölməsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan 23 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. 26 aprel 2021-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni ittiham elan edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal iş üzrə dəymiş maddi ziyanı qismən ödənilməsidir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni, 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “LG” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, hadisə yerinin baxışı zamanı götürülmüş 05 ədəd daktilolent, 01 ədəd daktiloxəritənin cinayət işinin mateyriallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 136,29 (yüz otuz altı manat iyirmi doqquz qəpikəlli) manat Mustafyayev Cavid Cabir oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli (iş № 1(060)-374/2021) qərarını icra edərək, 20.05.2021-ci il tarixli 513/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “LG” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hadisə yerinin baxışı zamanı götürülmüş 05 ədəd daktilolent, 01 ədəd daktiloxəritənin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 136,29 (yüz otuz altı manat iyirmi doqquz qəpikəlli) manat Mustafyayev Cavid Cabir oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar