Məhkəmə qərarları › İş №1(060)-374/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-374/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-374/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Moskva şəhər Doroqomilovs rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyasının 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Saratovsk vilayəti Puqaçevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tənzimlənərək 11 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 09 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 ədəd sellofan bağlamada təmiz çəkisi -445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 10 fevral 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 20/25 nömrəli binanın yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın kəmərinin arxa tərəfinə yerləşdirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 fevral 2024-cü il tarixdə, saat 17 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxsdən istifadəsi üçün 200 manata 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana alaraq yaşadığı ünvana aparmaqdan ötrü əynindəki gödəkçənin arxa kəmər hissəsinə bərkitmişdir. Saat 18 radələrində yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 20/25 nömrəli binanın yaxınlığında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşdılar və polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğu üçün Sumqayıt ŞPİ-nə aparmışlar. Polis idarəsində ona vəkil təyin olunmuş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynindəki şalvarın arxa kəmər hissəsində bərkidərək saxladığı 01 ədəd sellofan bağlamanı çıxardıb təqdim etmiş və içində marixuana olduğunu demişdir. Bağlama elektron tərəzidə çəkilmiş və çəkisinin 460 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Ona polis əməkdaşları tərəfindən hər hansı təsir göstərilməmişdir. Əməlindən peşmandır. 22 yaşında məhkum edilmiş, 32 yaşında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Himayəsində anası vardır. Məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 20/25 nömrəli binanın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan Sumqayıt ŞPİ-nə dəvət etmişdirlər. Polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o da üzərindən digər əşyalarla birlikdə, əynindəki şalvarın kəmərinin arxa tərəfinə yerləşdirmiş olduğu 01 ədəd sellofan bağlamanı çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd sellofan bağlamanın içində nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin bağlamanın içində marixuana olduğunu demişdir. Təhqiqatçı tərəfindən kütlə bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 460 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20/25-in yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 18:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibindən bir ədəd LD markalı siqaret və alışqanı, gödəkçənin sol iç cibindən 25 manat pul əskinazını, sağ iç cibindən bir ədəd pul kisəsi içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Bolkart və Unibank bankomat kartlarını, boz rəngli cins şalvarın sol yan cibindən Katel markalı, üzərində 055- 611-31-30, ***-***-**-** mobil nömrələri olan telefonunu və şalvarının arxa bel nahiyyəsində saxladığı şəffav sellofanı təqdim etdi. Təqdim etdiyi şəffav sellofanın içərisində yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ot kütləsinin narkotik vasitə olan “Marixuana” olduğunu bildirdi. Həmin ot kütləsini xx.xx.2024-cü il tarixdə saxlanılmamışdan təxminən yarım saat qabaq Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində tanımadığı şəxsdən 200 manat pul verməklə aldığını və şəxsi öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Çəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş siqaret, alışqan və 25 manat pulu əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffav sellofanda olan içərisində yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi narkotik vasitə olan “Marixuanaya” bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin ot kütləsinin çəkisinin 460 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin ot kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16-2-7/216 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” yazı və imzalar olan 01 ədəd sellofan bağlamada təmiz çəkisi -445,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra 444,8 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «00005» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 09 dəqiqə 30 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüdə 10 fevral 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 20/25 nömrəli binanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə Sumqayıt ŞPİ-nin inzibati binasındakı xidməti otaqların birində baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ- nin NMB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, gödəkçənin sol iç cibindən 25 manat pul əskinasları, gödəkçənin sağ iç cibindən 01 ədəd portmanat, əynindəki şalvarın sol van cibindən 01 ədəd mobil telefon, əynindəki şalvarın kəmərinin arxa tərəfinə yerləşdirdiyi hissədən 01 ədəd sellofan bağlama çıxardaraq təqdim etdiyi, bağlamanın içinə təhqiqatçı tərəfindən baxıldıqda içində narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldüyü, kütlənin bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 460 qram qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalandığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş bağlamanın içində marixuana olduğunu, özünə məxsus olduğunu, "bu gün”, yəni 10 fevral 2024-cü il tarixdə, saxlanılmazdan yarım saat əvvəl tanımadığı şəxsdən 200 manata Sumqayıt şəhəri. 36-cı məhəllə ərazisində istifadəsi üçün əldə etdiyini, mobil telefonun işlək olduğunu, daxilində 055-611-31- 30 və ***-***-**-** saylı mobil nömrələrin olduğunu, polis əməkdaşları tərəfindən döyülmədiyini bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, üzərindən aşkar olunmuş və içində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd bağlamanın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 10 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində tanımadığı şəxsdən 200 manata əldə etdiyini, narkotik vasitələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığım, ütəqdim etdiyi mobil telefonun şəxsi olaraq deyil, ev telefonu kimi istifadə olunduğunu, daxilindəki mobil nömrələrin tərəfindən istifadə edilmədiyini, sadəcə olaraq şəxsi telefonu nasaz olduğu üçün həmin mobil telefonu götürməli olduğunu, şəxsi axtarış zamanı təqdim etdiyi, siqaret qutusunun, alışqanın, 25 manat pul əskinasının, daxilindəki kartlarla birlikdə portmanatın ona geri qaytarıldığım, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığı və döyülmədiyini bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bağlamada təmiz çəkiləri -445,0 qram (qalıq - 444,8 qram) narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 570 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşamır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək sınaq müddəti təyin edilmişdir. Bundan başqa Moskva şəhər Doroqomilovs rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyasının 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Saratovsk vilayəti Puqaçevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tənzimlənərək 11 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (ümumi rejim), cəzasının əvvəli xx.xx.2010-cu ildən hesablanmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 09 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-706/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1171 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd telefon qara rəngli, ağıllı telefon kateqoriyalı olmayan, “Katel” markalıdır. Daxilində sim kart vardır. Telefon işlək vəziyyətdər. Mobil telefonun, kontaktlar, mesajlar, zənglər hissəsində iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -445,0 qram (qalıq -444.8 qram) narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -444,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Doroqomilovs rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyasının 105ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Saratovsk vilayəti Puqaçevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tənzimlənərək 11 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 09 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 444,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 78,00 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-374/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 440 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 444,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 78,00 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar