Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-375/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində Yetkinlik yaşma çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədilə 19 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində yerləşən “1N° Shaurma” restoranının qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində 01 ədəd qara rəngli, Çin istehsalı, “Redmi” markalı “M2010J19SG” model mobil telefonu istifadə etmək adı ilə götürüb həmin yerdən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi zərər vuraraq özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə, yəni avtomobil təmiri sexində usta köməkçisi işləyir. Zərərçəkmiş şəxs isə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazində yerləşən “Muğan dönər evi”dən tanımış, belə ki, Azər ilə həmin dönər evində birlikdə işləmişdir. Azər həmin ünvanda dönərçi, o isə kuryer işləmişdir. Əvvələr münasibətləri normal olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixində tanışı Sadiqlə saat təxminən saat 13:00 radələrində iş axtarmaq üçün görüşmüş, onunla bir neçə iaşə obyektinə daxil olub onlara işçi lazım olub-olmadığını soruşmuş, iş tapmadıqları üçün axşam saatları olduğundan Sadiqi dostunun yaşadığı ünvana yola salıb oradan öz yaşadığı ünvana getməkmişdir. Sumqayıt şəhəri 3-cü mikrorayon ərasində olarkən tanışı Azəri görüb onunla salamlaşıb hal-əhval tutmuş, bir neçə dəqiqə söhbət edəndən sonra Azərin əlində mobil telefon görüb Azərə zəng etmək istədiyini deyib telefonu ondan almışdır. Telefona baxandan sonra həmin telefonu satıb gəlir əldə edə biləcəyini düşünərək həmin mobil telefonu əynindəki qara rəngli cins şalvarın arxa cibinə qoymuş, Azər ondan mobil telefonu qaytarmağı tələb etsə də, Azərə məhəl qoymayıb Sumqayıt şəhəri 2-ci mikrorayon istiqamətində qaçmağa başlamışdır. Azər də onun arxasınca qaçmağa başlasa da çata bilməmişdir. Sumqayıt şəhəri 2-ci mkr ərazisinə həyətin içinə daxil olmuşdur. Təxminən 50- 60 mert həyətin içinə daxil olduqdan sonra həyətdə olan oturacaqda Azərin mobil telefonuna baxmış, taksiyə əyləşib yaşadığı mənzilə getmişdir. xx.xx.2023-ci il tarixində saat təxminən 17:00 radələrinə kimi Azərin mobil telefonunu işlətmiş, sonra həmin telefonu Sumqayıt şəhəri 34cü məhəllədə yerləşən “mobil telefonların alışı və satışı” dükanına öz şəxsiyyət vəsiqəsi ilə 100 manata tanımadığı şəxsə satmış, pulu isə özünün şəxsi istifadəsi üçün istifadə etmişdir. xx.xx.2023-ci il tarixində Sumqayıt şəhəri Çıraq restoranın qarşısında iki nəfər polis işçisinin ona yaxınlaşaraq özlərini təqdim etməklə onu adiyyəti üzrə 3-cü PB-və gətirmişlər. Hazırda zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Etdiyi əmələ görə peşmandır, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, əşya bazarı yaxınlıqında yerləşən avtotəmir salonunda işləyir, hadisə baş verən günü, yəni xx.xx.2023cü il tarixində axşam saatlarında təxminən 19:40 radələrində işdən çıxaraq yaşadığı ünvana getdiyi zaman Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində olan zaman əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Muğan” dönər evində onunla birgə işləyən Şahmar adlı şəxsi görüb onunla görüşüb hal-əhval tutmuş, söhbət əsnasında Şahmar ondan mobil telefonu istəyib tanışına zəng vuracağını bildirmiş, o da Şahmara etiraz etmədən özünə məxsus “Remdi 9T” markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu ona vermişdir. Şahmar telefonu götürərək əynindəki qara rəngli cins şalvarın arxa cibinə qoymuşdur. Şahmardan telefonu geri istəyərkən telefonu qaytarmayacağını ona bildirib və ordan qaçmağa başlamışdır. Şahmar qaçaraq yolu keçmiş, həyətin içərisinə daxil olmuşdur. O da, onun arxasınca həmin həyətə girsə də Şahmarı orada tapmamışdır. Şahmarı bir neçə müddət bundan öncə birgə işlədikləri “Muğan dönər” evinə gedərək axtarsa da tapmamış, orada işləyən tanışından telefon əldə edərək DİN-102 xidmətinə zəng vurub məlumat vermişdir, ona məxsus Redmi 8 markalı mobil telefonun 2021-ci ildən istifadə etdiyini, saz vəziyyətdə olduğunu, həmin mobil telefonu 260 manata aldığını, ona da həmin məbləğdə maddi ziyan dəydiyini bildirmişdir. Mobil telefonunu talayan Şahmar ona qarşı hər hansı bir formada hədə qorxu və ya heç bir fiziki zor tətbiq etməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “Remdi 9T” markalı mobil telefon qaytarılmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən mobil telefonların alqı-satqısı dükanını icarə əsasında işlədir. Şahmar bir neçə dəfə onun işlədiyi telefon dükanına gəlmişdir. xx.xx.2023-cü il tarixində təxminən günorta saatlarında Şahmar işlədiyi dükana gələrək özünə məxsus mobil telefonu satmaq istədiyini bildirmiş, o da Şahmardan telefonun oğurluq olduğunu soruşanda Şahmar ona narahat olmamağımı bildirmiş, telefonu ona vermişdir. Həmin mobil telefona baxaraq telefonun 100 manat qiyməti olduğunu Şahmara bildirmiş və razılaşmışlar. Şahmardan özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini götürmüş, Şahmardan aldığı telefonu işlədiyi dükanda satmaq məqsədi ilə rəfə qoymuşdur. Həmin mobil telefonu 140 manata satmaq fikiri olmuşdur. xx.xx.2023-cü il tarixində işlədiyi telefon alqı-satqısı dükanına polis işçiləri gələrək həmin telefonun Şahmar tərəfindən cinayət yolu ilə əldə edildiyini və ona satdığını bildirmişlər. O da vitrindən həmin telefonu götürərək polis işçilərinə təqdim etmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin qanuni nümayədəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 38) 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, Sumqayıt ŞPİ MSY-dən azad edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 58-59, 69- 70) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Anar Axundovun tərtib etdiyi “əşya və ya sənədin təqdim edilməsi” barədə protokoldan görünür ki, “Redmi 9T” markalı mobil telefon vət. Şahid tərəfindən polis əməkdaşlarına təqdim edilmişdir. (i.v 16). 23 yanvar 2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, “Redmi 9T” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9\734 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, eksprtiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Çin istehsalı, “Redmi markalı” “M2010J19SG” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 200.00 manat müəyyən olunur.(i.v 85-87). 13 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, “Redmi 9T” markalı mobil telefon zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 80) sübutların qiymətləndirilməsi haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 200 (iki yüz) manat kimi qiymətləndirilmiş, baxış və götürülmə keçirilməsi haqqında protokol, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, təqsirləndirilən şəxsin və şahid ifadələri, eləcə də digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmiş, istintaq zamanı maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Redmi markalı” “M2010J19SG” model mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs sərəncamına verilməsi qərara alınmışdır (i.v. 90-93); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunması və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs hüquqlarının qorunmasına, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda islah yolunda olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. AR CM-nin 85.4-1.-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 5 ünvanında çəkməli, ibtidai istintaq zamanı 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Məmmədov X3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşma çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən götürülmüş “Redmi 9T” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 8 (altı) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək,Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən götürülmüş “Redmi” markalı “M2010J19SG” model mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-375/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-375/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver