Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-376/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 02.03.2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs ilə kürəkəni Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Şahid onun həyat yoldaşıdır, onlar 2012-ci il tarixdə ailə həyatı qurmuş və bu nigahdan 2 övladları anadan olmuşdur. Onunla əvvəllər münasibəti yaxşı olmuş, lakin son zamanlar evdə yaranmış mübahislər səbəbindən münasibətləri pisləşmişdir. Belə olduqda o son vaxtlar valideyinlərinin yanında qalmağa başlamışdır. Lalə və uşaqları isə kirayə yaşadığı mənzildə qalmağa başlamışlar. 02.03.2022- ci il dostu ilə birlikdə yeyib içən zaman telefonla Laləyə zəng edərək uşaqlarını görmək istədiyini demiş, Lalə isə ondan gəlməməsini istəmişdir. Bundan sonra o buna baxmayaraq uşaqlarını görmək üçün həmin evə getmiş və bu zaman Lalənin atası Mirfaiqində orda olmasını görmüş, bu zaman Mirfaiq onun spirtli içki qəbul etməyini görmüş, sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Mitrfaiq onun üzərinə gəlmiş və yaxasından tutaraq onu təhqir etməyə başlamış, həmin vaxt onun yaxasından tutmuş, sonra mübahisə zamanı onu aralaşması üçün 1 dəfə yumruqla sifətinə zərbə endirmiş, sonra zərbənin təsirindən Mirfaiq yerə yıxılmışdır. Qayınatası Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə ünvan 3 ünvanında baş vermişdir. Qayınatası Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə yaşadığı ünvanda baş vermiş, evə hər hansı kənar şəxslər gəlməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Şəki şəhərində ailəsi ilə birlikdə yaşayır. Lalə onun qızıdır, o Elşənlə 2012-ci ildə ailə həyatı qurmuş və Sumqayıt şəhərində yaşamağa başlamışlar. Əvvəllər qızı Lalə Elşənin valideynləri ilə birlikdə yaşamış, sonra ayrıca kirayədə qalmağa başlamışdır. Təxminən 1 həfdə əvvəl o həyat yoldaşının əməliyyat olunmasından ötrü Sumqayıt şəhərinə gəlmiş, qızı ilə birlikdə qalmağa başlamışdır. Elşənin qızı Lalə ilə münasibətləri pisləşdiyi üçün o, öz valideyinləri ilə qalmağa başlamışdır. 02.03.2022-ci il tarixdə saat 21 radələrində evdə olan zaman Elşən evə gəlmiş, sonra az yaşlı uşaqlarını görmək istəməsini bildirmiş, sonra Elşən uşaqlarla birlikdə binanın qarşısına getmişdir. Daha sonra Lalə Elşənə uşaqları evə gətirməsini demişdir. O, həmin vaxt Elşənin spirtli içki qəbul etməsini hiss etmişdir. Elşən uşaqları da götürərək evə qalxmış və evdə Elşənlə Lalə arasında mübahisə yaranmış o, mübahisənin səbəbini bilmək üçün Elşənlə danışmağa başlamış, bu zaman aralarında mübahisə yaranmış mübahisə zamanı Elşən Laləni vurmaq istədikdə onu tutaraq saxlamış, bu zaman Elşən onun yaxasında tutmuş, sonra isə 1 dəfə yumruqla sifətinə zərbə endirmiş, həmin zərbə onun burnuna dəymiş, zərbənin təsirindən o yerə yıxılmış, sonra qızı Lalə bu barədə polisə məlumat vermişdir. Kürəkəni Təqsirləndirilən şəxs onu qızı Şahid yaşadığı ünvan 3 ünvanında döyərək xəsarət yetirmişdir. Kürəkəni Təqsirləndirilən şəxs onu döyən zaman evdə qızı Şahid olmuşdur. Kürəkəni Təqsirləndirilən şəxs onun burun nahiyəsinə yumruqla xəsarət yetirmişdir. Kürəkəni Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə evdə baş vermiş, hadisə zamanı səs-küy yaranmamış, evə kənar şəxslər gəlməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona vurulmuş maddi zərəri tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildidərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 03.03.2022-ci il tarixli, 311 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun belinin, sol gözaltı nahiyyəsinin qançırları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hemotoması. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 02.03.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını və souncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 789 saylı, 05.03.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcar Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 14.03.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcar Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-2013-cü il təvəllüdlü X2 oğlu və 2016-cı il təvəllüdlü X1 oğlu vardır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16.03.2022-ci il tarixli (iş № 1(060)-376/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-376/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-376/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver