Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-376/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təkər təmiri ustası işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:57 radələrində Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Betonzavod ərazisi, Metallurq küçəsində yerləşən Naxış Qəbələ restoranının yaxınlığında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsinin təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitədən, psixotrop maddədən çəkməklə istifadə edir. Narkotikə, psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 15:57 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Metallurq küçəsində yerləşən Naxış Qəbələ restoranının yaxınlığında küçədə tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,35 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürlənmişdir. Məhkəmənin sualına cavab olaraq ona qarşı heç bir təzyiq və təsir olmadığını, üzərində metamfetamin aşkar olunduğunu, həmin bükümü 10 manata Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmiş, son söz olaraq onun azyaşlı qızına görə bağışlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsin üstünün yoxlanılması və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025ci il tarixdə saat 15:57 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Metallurq küçəsində yerləşən Naxış Qəbələ restoranının yaxınlığında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini bildirmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğu söyləmiş, Təqsirləndirilən şəxs onu saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında elektron tərəzidə çəkilmiş, çəkisinin 0,35 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİnin 3-cü PB-yə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında təqdim olunmuş, həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Həmçinin şəxsə qarşı müqavimət olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 ifadələri ilə oxşarlıq təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə məqsədilə əldə edib daşıması, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 15:57 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Naxış restoranının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edib, həmin bükümün daxilindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünün istifadəsi üçün xx.xx.2025-ci il tarixdə axşam saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri Betonzavod ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız büküm açılmışdır. Bükümün daxilində psixotrop maddəyə bənzər ağ kristallik metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Qeyd olunan büküm 01 ədəd elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisinin 0,35 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qablaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, özünün istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul qarşılığında alıb, istifadə etməsi üçün Sumqayıt şəhəri Betonzavod ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. (i.v.9-10) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20255-ci il tarixdə, saat 15:57 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Metallurq küçəsində yerləşən Naxış Qəbələ restoranının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21-22) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən əməliyyat müvəkkili Malik Rəsulzadənin təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır.(i.v. 29) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:57 dəqiqədə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən, Naxış Qəbələ restoranının yaxınlığında olan zaman saxlanılaraq üstü yoxlanılmış, əynindəki açıq rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş, eləcə də bu barədə tərtib olunmuş zərf və 01 ədəd DVD disk aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd zərfə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 01 (bir) ədəd zərfdən, metamfetaminə bənzər kütlə aşkar olunaraq həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. (i.v.30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci ill tarixli 20/21 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs.. " sözlər və imzalar olan zərfdəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edildi 0,261 qram, nümunə götürüldü 0,05 qram, 0,211 qram kütlə geri qaytarıldı. Ekspertiza Tədqiqatının dəyəri 63 (altmıç üç) manat məbləğində müəyyən edilmişdir.(i.v.38-42) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.53-54) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.62) Təqsirləndirilən şəxsin X5 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.63-64) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,261 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,211 qram qalığı cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v.70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumatlar aşkar edilməmişdir.(i.v.77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1379 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.78-79) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,261 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,211 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, iş üzrə 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.82-86) Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X7 adlı azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1379 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1379 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,211 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirakı və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,211 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-376/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-376/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver