Məhkəmə qərarları › İş №1(060)-377/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-377/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-377/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 26.12.2020-ci il tarixdə, saat 11:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “Məmməd” marketin arxa tərəfi ilə yaşadığı ünvan 1 ünvanına piyada hərəkət edən Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən sonuncuya məxsus 314,50 manat pul, “Kapital bank”a məxsus əmək haqqı kartı, “Araz” və “Ucuz” marketlərə məxsus bonus kartları və özünə məxsus qarajın açarı olan göy rəngli pul qabını gizlin şəkildə talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Xəqani oğlunun yaşadığı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 52/13, 11 saylı fərdi evin həyətindəki saxlanc anbarı kimi istifadə olunan tikiliyə qapısının ipini açmaq yolu ilə qanunsuz daxil olaraq 10 kiloqram kartof, “Kston” və “Glory” markalı 2 ədəd velosiped, 1 ədəd kiçik uşaq skuteri, “Nikai HH-778” və “Saturn ST FP1098” markalı 2 ədəd ətçəkən maşını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 249 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə özünü təqsirli bilərək göstərdi ki, Təxminən 2 ildən çoxdur ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yaşayan Reyhan adlı şəxsi tanıyır, 26.12.2020-ci il tarixdə, saat təxminən 11:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində futbol meydançasının arxa tərəfindən keçərkən ayaqqabı dükanının yanında Reyhanı görüb ona yaxınlaşmış, onunla bir qədər söhbət etmiş, ondan çörək yemək üçün 40 qəpik pul istəmiş, Reyhan pulunun olmadığını ona demiş, əlində olan 2 ədəd içərisi dolu paketləri yerə qoymuş, sonra Reyhan aşağı əyilib həmin paketlərdən birində olan çörəkdən bir tikə kəsərək ona vermiş, həmin vaxt o da Reyhanla birlikdə aşağı əyilmiş, Reyhanın göy rəngli pul qabını görmüş, çünki həmin pul qabının yarı hissəsi tam çöldə qalmışdır. Reyhanın sağ cibində olan göy rəngli pul kisəsini sağ əliylə götürmüş, Reyhan onun cibindən götürdüyü pul qabını götürərkən hiss etməmişdir. Reyhanla bir qədər danışdıqdan sonra həmin yeri tərk edərək getmişdir. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən İşıq İdarəsinin yanında həmin pul qabını açıb içərisinə baxdıqda 2 ədəd 100 manat, 4 ədəd 20 manat, 4 ədəd 5 manat, 1 ədəd “Ucuz”, digəri “Araz” marketə məxsus alış-veriş bankomat kartı və 1ədəd açarın olduğunu görmüş, bir anlıq həmin pul qabını qaytarmağı fikirləşmiş, lakin qorxduğu üçün pul qabında olan pulları götürmüş, pul qabını içərisindəkilərlə birlikdə “Əşya” bazarı deyilən yerin yaxınlığındakı “Tovuz” kafesinin yanındakı zibil qutusuna atmışdır. Bundan 1 saat sonra İnşaatçılar qəsəbəsinin ərazisində yerləşən hərbi hissənin yaxınlığında Reyhanla rastlaşmış, Reyhan onu sorğu suala tutaraq onun pul qabını cibindən onun oğurladığını desə də, ona bundan xəbəri olmadığını və əlindəki çörəyi göstərərək ona verdiyini demişdir. Bundan təxminən 1 saat sonra Sumqayıt avtovağzalından “1 manatlıq” taksiyə oturaraq Bakı şəhərinə “20 Yanvar” metrosunun yaxınlığına getmiş, həmin pulun bir qisminə özü üçün yeyib içmək almış, təxminən 40 manat pul xərcləmiş, həmin günün səhəri və növbəti 3 gün Reyhan Aslanovun cibindən oğurladığı 300 manatdan çox pulu öz tələbatı üçün xərcləmişdir. Bundan başqa 09.02.2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində hell və bizon enerji içkilərinin qablarını yığarkən taxta qapısı olan həyətin qapısını açaraq içəri daxil olmuş və bu zaman həyətin içərisində olan kiçik tikilini görmüş, onun qapısının üzərində olan bağlı ipi açmış, içəridə iki ədəd göy və qara rəngli velosiped, bir ədəd qırmızı rəngli uşaq skuteri, təxminən 10 kiloqrama yaxın kartof, iki ədəd ət çəkən maşın olduğunu görmüş və onları götürərək həmin həyətdən çıxmışdır. Həmin əşyaları yaşadığı evə aparmaq üçün yaxınlıqda taksi saxlatmış, oğurladığı əşyaların nəvəsinə aid olduğunu bildirərək onları yaşadığı ünvana aparmışdır. Həmin əşyaların oğurluq olması barədə taksi sürücüsünə heç bir söz deməmiş, sonradan polis əməkdaşları onun yaşadığı mənzilə gələrək oğurluq etməsini bildirmiş, o da evdə saxladığı oğurluq əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, dəymiş ziyanı zərərçəkmişlərə ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 26.12.2020-ci il tarixdə, saat 11:00 radələrində əmək haqqını almaq üçün yaşadığı evdən çıxaraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən “Kapital bank”-a məxsus bankomatdan əmək haqqı kartını salaraq 267 manat aylıq əmək haqqını çıxarmış və əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində olan göy rəngli pul qabının içərisinə qoymuşdur. Pul qabında 267 manatdan əlavə 53 manat və 50 qəpik pul da olmuş, bundan başqa pul qabında özünə məxsus şəxsiyyət vəsiqəsi, “Kapital bank”-a məxsus əmək haqqı kartı, “Araz” və “Ucuz” marketlərə məxsus bonus kartları və qarajın açarı olmuşdur. Daha sonra o, bankomatın yanında olan “Qubadlı” marketdən 6 manatlıq 2 ədəd çörək, mayonez, qarox və makaron məhsullarını almış, həmin ərzaqlar 2 sellofan paketə qoyulmuş, paketlərin hərəsini bir əlində saxlayaraq evə getməyə başlamışdır. Həmin vaxt yaşadığı evə çatmağına 15 metr qalmış “Məmməd” marketin yaxınlığında arxadan bir nəfər qadının “az dayan” deyərək onu səslədiyini eşitmiş, həmin şəxsin özünü tanımasa da adının Mehparə olduğunu, onlara yaxın yerdə yaşadığını bilmişdir. O dayanmış, Mehparədən nə istədiyini soruşmuş, Mehparə ona ac olduğunu və çörək istədiyini demişdir. O, bu zaman əlində olan sellofan paketləri yerə qoyub əyilərək paketdə olan çörəyi əliylə kəsərək ona vermiş, Mehparə də onunla bərabər əyilərək çörəyi götürmüş, Mehparə daha sonra ondan pul istəmiş, pulunun olmadığını demiş, bu zaman Mehparə çıxıb getmişdir. Həmin vaxt anidən gipnoz olmuş və 2-3 dəqiqə keçəndən sonra əlini sol cibinə ataraq pul qabına baxmaq istəyərkən cibində olmadığını görərək oğurlandığını dərk etmiş, yəni Mehparəyə çörək vermək üçün aşağı əyilən zaman spitrli içki qoxusu gəldiyini, Mehparənin aşağı əyilməyini və pul qabının tutacaq hissəsinin cibin çöl hissəsində qaldığı anı xatırladıqda, ona həmin vaxt Mehparənin onun pul qabısını oğurlaması məlum olmuşdur. O, Mehparənin arxasınca qaçıb onu saxlamaq istəsə də onun olmadığını görmüşdür. O, daha sonra evə gəlib baş vermiş hadisəni oğlu Vüqara danışmış, Vüqarla birlikdə Mehparənin yaşadığı evin yerini öyrənmiş və ora getmişlər. Mehparənin evinin qapısını döyən zaman qapını onun Aidə adlı qızı açaraq anasının evdə olmadığını demiş, qıza Mehparənin onun cibindən içərisində 314, 50 manat olan pul qabını oğurladığını demiş, Aidə buna inanmamış, ona görə də Sumqayıt ŞPİ-nin 4-cü PBya getmişdir. Bu zaman Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən hərbi hisənin yanından keçərkən Mehparənin əlində 1 ədəd ağ rəngli sellofan paketin, o biri əlində bütöv və ona verdiyi bir tikə çörəyi saxlayaraq gəldiyini görmüş, ona yaxınlaşaraq oğurladığı pulunu qaytarmasını bildirmiş, ancaq Mehparə ona pul qabını götürmədiyini və əlində olan çörəyə and içərək pul qabından məlumatın olmadığını demişdir. Mehparəyə heç bir söz demədən polisə şikayət edəcəyini deyərək Sumqayıt ŞPİ-nin 4-cü PB-ya gəlmişdir. DİN-in “102” xidmətinə zəng edərək pul qabının oğurlanması barədə məlumat vermiş və polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş zərər tam həcmdə ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan ödəmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 09.02.2021-ci il tarixdə, saat 16:00 radələrində işdə olduğu zaman evdən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, yaşadığı fərdi həyət evinin həyətində saxlanc yeri kimi istifadə etdikləri tikilinin qapısının üzərində bağlı olan ipin açıq olduğu bildirilmişdir.Təxminən 30 dəqiqədən sonra evə gəldikdə həmin saxlanc yerinin qapısının açıldığını, üzərinə bağlamaq üçün doladığı ipin olmadığını görmüş və içəri daxil olduqda orada olan 2 ədəd velosipedin, 1 ədəd uşaq skuterinin, təxminən 10 kiloqrama yaxın kartofun, 2 ədəd ətçəkən maşının yerində olmadığını görmüşdür. Bu zaman həyət evinə naməlum şəxsin girərək saxlanc yerindən oğurluq etdiyini başa düşmüşdür. Ona görə də, bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermiş, təxminən 20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nın polis əməkdaşları evə gələrək ondan ərizə almış, hadisə yerinə baxış keçirmişlər. Təxminən 2-3 gün sonra ona 4-cü PB-dan zəng edərək həyətindən əşyaları oğurlayan şəxsin tapıldığını bildirmişlər. O, 4-cü PB-ya getdikdə özünə məxsus 350 manata aldığı“Glory” və 150 manata aldığı “Kston” markalı velosipedlərin, 50 manata aldığı qırmızı rəngli uşaq skuterinin, 50 manata aldığı “Nikai” və 50 manata aldığı “Saturn” markalı ətçəkən maşınların və 8 manata aldığı 10 kiloqrama yaxın kartof dolu torbanın bölmədə olduğunu görmüşdür. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün heç bir tələbi və şikayəti yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan ödəmişdir, şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 09.02.2021-ci ili tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Elmar” marketin qarşısındakı yolda o, etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində oturan zaman bir nəfər orta yaşlı, sarı saçlı, alçaq boylu, əynində hərbi şalvar olan və adını sonradan bildiyi Mehparə adlı qadın ona yaxınlaşaraq Qubadlı Rayon İcra Hakimiyyətinin yaxınlığında yaşadığı ünvana getmək istədiyini bildirmiş, həmin vaxt onun əlində içərisi dolu olan iki ədəd sellofan torba olmuşdur. O, Mehparəylə gediş haqqını 2 manata razılaşmış, sonuncu avtomobilə əyləşmiş və o, avtomobili sürmək istəyərkən Mehparə dayandığı yerdən sağa yəni, 21-ci məhəllə ərazisinə dönməyini, nəvəsigildə ona aid əşyaların olduğunu və həmin əşyaları götürəcəyini demişdir. Təxminən dayandığı yerdən 50 metr məsafə qət etdikdən sonra tanımadığı, lakin ünvanını sonradan bildiyi Mehparənin həmin əşyaları oğurladığı Elvin adlı şəxsin yaşadığı həyət evinin yaxınlığında olan avtomobil yolunun sol tərəfində, yerdə qoyulmuş 2 ədəd velosipedi avtomobilinin baqajına, 1 ədəd qırmızı rəngli uşaq skuterini və içərisi kartof olan ağ sellofan torbanı götürərək avtomobilinin arxa oturacağa qoymuşdur. Mehparəni Qubadlı Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən 2 mərtəbəli binanın qarşısında düşürtmüş, həyətdə olan uşaqlar 2 ədəd velosipedi, uşaq skuterini, və 3 ədəd içərisi dolu sellofan torbanı götürmüş və Mehparə onun 2 manat pulunu verdikdən sonra oradan əvvəl dayandığı yerə getmişdir. Təxminən 2 gün sonra 4-cü PB-nın əməliyyat müvəkkili Emin adlı polis əməkdaşı dayandığı “Elmar” marketin yaxınlığında ona yaxınlaşaraq 2 gün əvvəl avtomobilində bir nəfər orta yaşlı, alçaq boylu, sarı saçları olan, əynində hərbi şalvar olan qadının 2 ədəd velosiped və digər əşyalar apardığını demiş, o da Eminə 09 fevral 2021-ci il tarixdə, axşam saatlarında belə bir qadını Qubadlı Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən binanın qarşısında düşürtdüyünü və həmin qadının özü ilə 2 ədəd velosiped, uşaq skuteri və 3 ədəd içərisi dolu sellofan torbanın olduğunu bildirmişdir. Həmin gün polis əməkdaşları ilə birlikdə Mehparəni düşürtdüyü binanın qarşısına getmiş, polis əməkdaşları Mehparə adlı qadını yaşadığı evdən götürmüş və avtomobilində gətirdiyi 2 ədəd velosipedi, 1 ədəd uşaq skuterini yaşadığı evdən götürərək 4-cü PB-ya gəlmişlər. Qalan sellofan torbaları isə polis əməkdaşları öz avtomobilinə qoyaraq gətirmişlər. 4-cü PB-da sellofan torbanın içərisində 2 ədəd ətçəkən maşının və kartofun olduğunu görmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli 9/1025 saylı rəyindən görünür ki, 10 kiloqram kartofun qiyməti 9 manat, istifadə olunmuş “Glory” markalı 26-lıq ölçüdə velosipedin qiyməti 100 manat, istifadə olunmuş “Kston” markalı 20-lik ölçüdə velosipedin qiyməti 60 manat, istifadə olunmuş, elektriksiz, kiçik uşaq skuterinin qiyməti 10 manat, istifadə olunmuş “Nikai HH-778” markalı ətçəkən maşının qiyməti 40 manat, istifadə olunmuş “Saturn ST-FP1098” markalı ətçəkən maşının qiyməti 30 manat müəyyən edilmişdir. (i.v. 78-83) İş materiallarından görünür ki,Sumqayıt ŞPİ-nin 4-cü PB-nın 28.04.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 aprel 2021-ci il tarixdə tutulmuşdur. (i.v.129) İş materiallarından görünür ki,Sumqayıt ŞPİ-nin İŞ-ın 30.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. (i.v. 164-166) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-377/2021 saylı, 03.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nın 4-cü PB-nın 14.06.2021-ci il tarixli “axtarışda olanın tutulması" protokoluna əsasən Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 14.06.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 12.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 39-41) İş materiallarında olan 1 saylı MKS-ın 29.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmir. (i.v.160-161) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 30.04.2021-ci il tarixli qərara əsasən 10 kq kartof, 2 ədəd “Glory” markalı 26-lıq ölçüdə velosiped, “Kston” markalı, 20-lik ölçüdə velosiped, elektriksiz kiçik uşaq skuteri, “Nikai HH-778” markalı ətçəkən maşın, “Saturn ST-FP1098” markalı ətçəkən maşın iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v.176-183) İş materiallarında olan qəbzlərdən görünür ki, 10 kq kartof, 2 ədəd “Glory” markalı, 26-lıq ölçüdə velosiped, “Kston” markalı, 20-lik ölçüdə velosiped, elektriksiz kiçik uşaq skuteri, “Nikai HH-778” markalı ətçəkən maşın, “Saturn ST-FP1098” markalı ətçəkən maşın saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər 2 nömrəli poliklinikanın 11.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixatrik kabinetə müraciət etməyib və ambulator kartaları yoxdur. (i.v. 38) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə, həmçinin məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və digər qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulmuş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri əsasında 14.06.2021-ci il tarixdən həbs edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı iki gün və həbsdə olduğu 02 (iki) ay 12 (on iki) gün, cəmi 02 (iki) ay 14 (on dörd) gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - 10 kq kartof, 2 ədəd “Glory” markalı, 26-lıq ölçüdə velosiped, “Kston” markalı, 20-lik ölçüdə velosiped, elektriksiz kiçik uşaq skuteri, “Nikai HH-778” markalı ətçəkən maşın, “Saturn ST-FP1098” markalı ətçəkən maşın saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verildiyindən sahibinə qaytarılmış hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün və 14 iyun 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 12 (on iki) gün, cəmi 02 (iki) ay 14 (on dörd) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) İş üzrə maddi sübutlar - 10 kq kartof, 2 ədəd “Glory” markalı, 26-lıq ölçüdə velosiped, “Kston” markalı, 20-lik ölçüdə velosiped, elektriksiz kiçik uşaq skuteri, “Nikai HH-778” markalı ətçəkən maşın, “Saturn ST-FP1098” markalı ətçəkən maşın saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verildiyindən sahibinə qaytarılmış hesab olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar