Məhkəmə qərarları › İş №1(060)-377/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-377/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-377/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, 04 yanvar 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01.03.2022-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, mənzil 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol sarğının bayır kvadratının cərrahi tikişə ehtiyacı olandeşilmiş kəsilmiş yarası, alının sağ hissəsinin iki ədəd, burun belinin sağ yan səthinin sıyrıqları, sol gözaltı nahiyyənin qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 28.02.1995-ci il təvəllüdlü Şahid onun rəsmi nigahda olduğu həyat yoldaşıdır. O Aygünlə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2015-ci ildə Məryəm Əhmədova adında qızları, 2018-ci ildə Xədicə Əhmədova adında ikinci qız övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuş, arasıra aralarında kiçik münaqişlərə baş versə də, heç vaxt dərinliyinə getməmişlər. Təxminən 2-3 gün bundan əvvəl qızı Məryəm ona anası Aygünün bir nəfər oğlanla mütəmadi olaraq görüşdüyünü bildirmişdir. O bunu eşidən kimi dərhal özü araşdırma aparmışdır. Həyat yoldaşı Aygünün mobil telefonunda olan nömrələri bir-bir yoxlamışdır. Həmin nömrələrdən birinə kişinin cavab verdiyini eşitmişdir. Bundan sonra həyat yoldaşını izləməyə başlamışdır. 01.03.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində Qala restoranının qarşısında Aygünün bir nəfər oğlanla birlikdə olduğunu görmüşdür. Onlar onu görən kimi oradan qaçıb uzaqlaşmaq istəmişlər. Lakin o həmin oğlanı saxlaya bilmiş, Aygün isə hadisə yerindən qaçıb uzaqlaşmışdır. O həmin oğlanı saxlaya bildiyi üçün ani bir vəziyyətdə əvvəlcədən cibində saxlamış olduğu cib bıçağı ilə həmin oğlanın sol bel nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o oradan uzaqlaşıb getmişdir. Hdisə vaxtı istiffadə etdiyi cib bıçağını özündə saxlamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid ilə 4 ilə yaxın müddətdir ki, qeyri rəsmi olaraq münasibətdədir. Aygün ona həyat yoldaşını öldüyünü demişdir. 01.03.2022-ci il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, Cavid ticarət mərkəzinin qarşısından Aygünü özünə məxsus olan VAZ 2107 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə götürüb onun doğum gününü qeyd etmək üçün Sumqayıt şəhəri, Göyərçin parkı ərazisində yerləşən Qala restoranının qarşısına gəlmişlər. Avtomaşından düçün Aygünün əyləşdiyi qapını açmaq üçün gəlmişdir. Aygün də avtomaşından düşən zaman bir nəfər şəxsin onlra tərəf qaçmasını görmüşlər. Aygün ona həmin şəxsin onun həyat yoldaşı Anarın olmasını bildirib ona qaç deyərək qaçmağa başlamışdır. Nə baş verdiyini anlamadan Anar artıq onun yanına çatmışdır. Həmin vaxt restoranın qarşısında Anar onunla mübahisə etməyə başlamışdır. Mübahisə əsanasında əlində olan bıçaqla onun sol bel nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Daha sonra isə Anar hadisə yerindən uzaqlaşmışdır. O həmin vaxt polisə şikayət ərizəsi yazmamış, lakin sonradan Anarın ona qarşı olan qanunsuz hərəkətlərinə görə şikayət etmək qərarına gəlmişdir. Hadisə vaxtı xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsnın məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan təqdimetmə və götürmə haqqında 02.03.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd cib bıçağını təqdim etmişdir. Həmin bıçaq əhəmiyyət kəsb etdiyindən fotoşəkli çəkilmişdir, xüsusi qaydada qablaşdırılaraq MEM-nə gndərilmişdir.(i.v 19-20) İş materiallarında olan 313 saylı, 03.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol sağrının bayır kvadratının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası, alını sağ hissəsinin 2 ədəd, burun belinin sağ yan səthinin sıyrıqları, sol gözaltı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlərdən-sol sağrının bayır kvadratının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, digər xəsarətlər yənialının sağ hissəsinin 2 ədəd, burun belinin sağ yan səthinin sıyrıqları, sol gözaltı nahiyyənin qançırı isə küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla 01.03.2022-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir.(i.v 34-36) İş materiallarında olan 3/291 saylı, 04.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilməmişdir.(i.v 41-43) İş materiallarında olan 04.03.2022-ci il tarixli qəbzdən görünür ki, bir ədəd qatlanan bıçaq Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v.44) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 792 saylı, 05.03.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 47) İş materiallarında olan Sumqayıt şəhər 2 saylı xəstəxananın 86 saylı, 05.03.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur(i.v 48) İş materiallarında olan DİN-nin 350-30157-3222 saylı, 05.03.2022-ci il tarixli araışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 49) İş materiallarında olan 16 saylı MKS-nin 338 saylı, 05.03.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 50) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əçəlin tövsif edilməsi haqqında” 06.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 53-59) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar