Məhkəmə qərarları › İş №1(060)-377/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-377/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-377/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Dəvəçi rayonu, Dəvəçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı X1 yumruq vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 4-5 aydır tanıyır. O da Kimyaçılar qəsəbəsində yaşayır və balıqçıdır. Sənani ilə yaxşı münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə istirahət edən zaman Sənani onun yaşadığı ünvana gəlmiş, o, sərxoş vəziyyətdə olmuş, əlində kiçik sellofan paket olmuşdur. Sənani təxminən 15-20 dəqiqə onun yanında oturduqdan sonra getmişdir. Sənan gedəndən sonra o, telefonunun yükləyicisinin yerində olmadığını görmüş və Sənaninin götürməsindən şübhələnmişdir. Həmin axşam Sənaninin iş yerinə getmiş, uşaqlara Sənaninın yükləyicinin götürməsini bildirmişdir. Uşaqlar Sənaninın yatdığını dediyi üçün onu narahat etməmişdir. Səhəri gün Sənani ilə dənizdə görüşən zaman ona nə üçün yükləyicini icazəsiz götürməsini bildirmiş, Sənani yükləyicinin iş yerində olduğunu və götürməyini demişdir. O isə ona bildirmişdir ki, necə götürmüsən elə də qaytar. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində siqaret almaq üçün dükana gedən zaman Sənaninin Arif adlı şəxsin kafesində olduğunu görüb o da kafeyə daxil olmuşdur. Sənani ona əyləşməyini bildirsə də onun yanında əyləşməmiş və başqa masada tək əyləşmişdir. Sonra Sənaniyə nə üçün yükləyicini icazəsiz götürməsini bildirmişdir. O, masadan qalxıb onun yanına gələrək masanın yanında durmuşdur. Kafenin sahibi Arif dayı bunu görüb onlara oradan çıxmaqlarını bildirmişdir. O, Sənani ilə kafedən çıxıb dəniz tərəfə düşmüşdür. Birlikdə gedən zaman yolda Sənani ilə mübahisə edərək hərəkətinə əsəbləşib sifətinə yumruqla vurmuşdur. Sənani özünü saxlaya bilmədiyi üçün yıxılmışdır və yerdə onun ayaqlarına təpik vurmuşdur. Münaqişə təxminən 1-2 dəqiqə olmaqla davam etmişdir, hadisə vaxtı aralarında səs-küy olmadığı üçün və həmin vaxt gecə olduğundan orada heç kim olmamışdır. Sənani onu söydüyü üçün yumruqla onun sifətinə və təpiklə ayaqlarına vurmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı ödədiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kimyaçılar qəsəbəsində qardaşının evində qalır və balıq işi məşğul olur, barəsində şikayət etdiyi Hüseyn adlı şəxsi isə 4-5 aydır tanıyır. Hadisədən təxmnən 2-3 gün əvvəl mağazadan çörək almağa gedən zaman Hüseynlə söhbət etmək üçün onun yaşadığı evə getmişmişdir. Evdə olan zaman telefon yükləyicisini götürüb özü ilə aparmışdır. Səhəri gün Hüseynlə görüşən zaman ondan yükləyicini soruşanda ona bildirmişdir ki, yükləyici otaqdadır, verəcəkdir. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Kimyaçılar qəsəbəsində Arif adlı şəxsin kafesində pivə içən zaman Hüseyn də kafeyə gəlmişdir. Ona əyləşməsini bildirsə də ,Hüseyn başqa masada tək əyləşmiş və onu yanına çağırmışdır. O, Hüseynin yanına gedəndə Hüseyn ona bildirmişdir ki, yükləyicini niyə deməmiş götürmüsən. O da ona demişdir ki, səhv etmişəm, otaqdadır, bu söhbəti bağla, sənin yükləyicini qaytaracam. Hüseyn isə ona bildirmişdir ki, heçnə qurtarmayıb, bu söhbəti davam edəcəyik və Hüseyn üzərinə gəldiyi üçün kafeni işlədən Arif adlı şəxs onları kafedən çıxarmışdır və həmin vaxt aralarında heç bir münaqişə baş verməmişdir və onlar birlikdə söhbət etmək üçün kafedən çıxıb getmişlər. Kafedən təxminən 50-60 metr aralıda yolla gedən zaman Hüseyn onu sinəsindən geri itələmişdir. O, özünü saxlaya bilməyib yıxılmışdır. Sonra isə ayağa qalxdıqda Hüseyn onun sifətinə yumruqla vurub onu yerə yıxmış və təpiklə ayaqlarına vurub oradan getmişdir. O da Hüseyn barəsində polisə şikayət etmişdir. Hadisə vaxtı orada heç kim olmamışdır. Hal-hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbi olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində kafedə olan zaman təxminən 4-5 nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri Sənani adlı balıqçı olmuşdur. Sonradan Kimyaçılar qəsəbəsində yaşayan Hüseyn adlı balıqçı da kafeyə gəlmiş, masalardan birində əyləşmişdir. Bir qədər sonra Hüseyn Sənani adlı şəxsi yanına çağırmışdır. O görmüşdür ki, onlar ucadan danışırlar, mübahisə edirlər. Onlardan tələb etmişdir ki, kafeni tərk etsinlər, Hüseyn və Sənanini kafedən çıxarmışdır. Sonradan eşitmişdir ki, kafedən gedəndən sonra Hüseyn Sənani ilə dalaşaraq onu döyüb və Sənani bu barədə polisə şikayət etmişdir. Hadisənin bilavasitə şahidi olmamış, eşitdiyinə görə onlar dəniz kənarına düşən yolda dalaşmışlar və Hüseyn Sənanini döymüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan A/259 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan A/261 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlaməti yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 20 fevral 2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 206 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində «burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişməyən sınığı, sağ almacıq sümüyünün sınığı, burun belinin 2 (iki) ədəd, alının sağ hisəsinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı, burun belinin və sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi» xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 18.02.23-cü il tarixdə təkrari yumruq- təpik zərbələri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişməyən sınığı, sağ almacıq sümüyünün sınığ sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya, digər xəsarətlər yəni - burun belinin 2 (iki) ədəd, alnın sağ hisəsinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı, burun belinin və sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 672 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 181 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqonduda qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” X6 4 nömrəli xəstəxananın poliklinikasının şöbəsi tərəfindən verilmiş 83 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 4 nömrəli xəsatəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Dağıstan Respublikasının İzberbaş şəhər Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır, tərəfindən bütün ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Braəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur.Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-377/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 357 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar